Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbriki - 31 dekabr 2002-ci il

Əziz həmvətənlər, Azərbaycan Respublikasının vətəndaşları!

Sizi qarşıdan gələn 2003-cü il münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz 2002-ci ilin son dəqiqələrini yaşayırıq. İftixar hissi ilə deyə bilərik ki, 2002-ci il Azərbaycan xalqı üçün, ölkəmiz üçün uğurlu olmuşdur. Bu ildə Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənmiş, qurduğumuz, yaratdığımız hüquqi, demokratik, dünyəvi dövlət inkişaf etmiş, Azərbaycanda vətəndaş cəmiyyəti bərqərar olmuş, mətbuat azadlığı, insan haqlarının qorunması Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

Azərbaycanda iqtisadiyyat ardıcıl surətdə inkişaf edir. İqtisadi islahatlar həyata keçirilir və bunların nəticəsində Azərbaycanda bazar iqtisadiyyatı artıq geniş yer almışdır. Sahibkarlıq fəaliyyəti bütün imkanları əldə etmişdir. Azərbaycan iqtisadiyyatının inkişafını sübut edən göstəricilər çoxdur. Mən bir neçəsini qeyd etmək istəyirəm.

Ümumi daxili məhsul 10,5 faiz artmış, kənd təsərrüfatı istehsalı 6 faiz artmışdır. Sənaye istehsalı 3,5 faiz artmışdır. Ən sevindirici göstərici odur ki, bir il müddətində Azərbaycana 2 milyard dollar həcmində investisiya qoyulmuşdur. Onun 1 milyard 700 milyon dolları xarici investisiya, 300 milyon dolları isə daxili investisiyadır. Bu, gələcəkdə iqtisadiyyatın inkişafı üçün böyük bir amildir. Bütün bunların nəticəsində xalqımızın rifah halı yaxşılaşmışdır. Orta hesabla, işləyənlərin əmək haqqı 20 faiz, pensiyalar 20 faiz artmışdır.

Azərbaycanın ordusu daha da güclənmiş, Azərbaycan dövlətçiliyinin və xalqın, vətəndaşların hüquqlarının müdafiəsini təmin edən hüquq-mühafizə orqanlarının işi təkmilləşmişdir.

Beləliklə, ölkəmiz ötən ildə böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanda çox xoş əhval-ruhiyyə yaranmış və belə əhval-ruhiyyə ilə biz 2003-cü ili qarşılayırıq. 2003-cü il Azərbaycan üçün daha uğurlu olacaqdır. Çünki həm 2002-ci ildə, həm də əvvəlki illərdə görülən işlər, həyata keçirdiyimiz daxili və xarici siyasət Azərbaycanı ilbəil inkişaf etdirir.

Xarici siyasət sahəsində bizim nailiyyətlərimiz Azərbaycanın mövqelərini daha da möhkəmləndirməkdən ibarət olubdur. Azərbaycan bütün beynəlxalq təşkilatlarda təmsil olunub, beynəlxalq təşkilatların keçirdikləri müxtəlif toplantılarda Azərbaycan öz mövqelərini bəyan edib, onları müdafiə edib və onların tanınmasına nail olubdur.

2003-cü ildə Azərbaycanın sürətli inkişafını təmin edəcək qəbul etdiyimiz dövlət büdcəsidir. Dövlət büdcəsi artıq elan olunub, onun icrası üçün lazımi Fərmanlar imzalanıb və 2003-cü ilin əvvəlindən onun icrası təmin edilməlidir. İnanıram ki, dövlət büdcəsinin ardıcıl surətdə həyata keçirilməsi Azərbaycanda iqtisadiyyatı daha da inkişaf etdirəcək və əhalinin rifah halını daha da yaxşılaşdıracaqdır.

Azərbaycanın 2003-cü il üçün dövlət büdcəsi 1 milyard 200 milyon dollar həcmindədir. Müqayisə üçün demək istəyirəm ki, 1994-cü ildən bəri Azərbaycanın dövlət büdcəsi 17 dəfə artmışdır. 1996-cı ildə Azərbaycanın büdcəsi 640 milyon dollar həcmində olmuşdur. İndi isə gördüyünüz kimi, 1 milyard 200 milyon dollardır. Bu onu göstərir ki, ilbəil Azərbaycanda iqtisadiyyat inkişaf edir və ölkənin gəlirləri artır. Bu da bizə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas yaradır.

Bizim problemlərimiz də çoxdur. Hər sahədə problemlər var, bu, təbii bir haldır. Bu gün həll olunan məsələ artıq sabah günün tələblərinə cavab vermir. Ona görə də daim hərəkətdəyik, daim inkişafdayıq. Ancaq bir problem, Azərbaycanın demək olar ki, yarasıdır, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir və onun indiyə qədər həll olunmamasıdır. 2002-ci ildə bu sahədə çox işlər görülübdür. Birincisi, Minsk qrupunun həmsədrlərinin fəaliyyətini mən müsbət qiymətləndirirəm. Bundan başqa, Ermənistan və Azərbaycan prezidentləri arasında bilavasitə görüşlər keçirilir. Onu demək istəyirəm ki, Azərbaycan Prezidenti hansı beynəlxalq təşkilatda olursa, hansı ölkəni ziyarət edirsə, ya Azərbaycanda, yaxud da digər ölkələrdə hansı dövlət başçısı ilə görüşürsə, danışıqların əsas hissəsini Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi təşkil edir. Deyə bilərəm ki, bu yaxınlarda Praqada NATO-nun toplantısında hər bir natiqə beş dəqiqə söz demək hüququ verilmişdi. Mən bu beş dəqiqədən bir az da artıq danışdım, ancaq bütün danışığımın hamısını məhz bu problemə, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə, ərazi bütövlüyünün bərpa olunmasına, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın yerinə qayıtmasına həsr etdim.

Güman edirəm ki, 2003-cü ildə bu sahədə işlərimiz davam edəcək və biz bu məsələ ilə daha sürətlə, daha böyük səylə məşğul olacağıq və əminəm ki, məsələni sülh yolu ilə həll edəcəyik. Buna heç kəsin şübhəsi olmasın. Bəzən bizim cəmiyyətdə bu məsələni müharibə yolu ilə həll etmək fikirləri meydana çıxır. Bu yol heç vaxt inkar olunmur. Ancaq biz hələ çalışmalıyıq ki, sülh yolunun imkanlarından sona qədər istifadə edək. Güman edirəm ki, biz bu yolla gedərək, istədiyimizə nail ola biləcəyik.

Biz 2003-cü ilə böyük nikbinliklə baxırıq. Ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik davam edir. Biz insanlara rahat yaşamaq imkanı yaratmışıq və insanların həyat tərzinin ilbəil, aybaay yaxşılaşması üçün çalışırıq və bundan sonra da çalışacağıq. Ümidvaram ki, bizim hamımızın birlikdə göstərdiyimiz səylər 2003-cü ildə öz gözəl nəticələrini verəcəkdir.

Bu gün Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Mən bu münasibətlə Azərbaycan xalqını, vətəndaşlarımızı və bütün dünyada yaşayan azərbaycanlıları təbrik edirəm və onları bir daha, bir daha birliyə, həmrəyliyə dəvət edirəm.

Əziz dostlar, Yeni iliniz mübarək olsun!

Sağ olun

\"Azərbaycan\" qəzeti, 5 yanvar 2003-cü il