Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqda nitqi - Şəhriyar adına Mədəniyyət Mərkəzi, 30 yanvar 1997-ci il

Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar!

Gömrük xidmətinin işçiləri!

Müstəqil Azərbaycan Respublikasının gömrük xidmətinin, gömrük təşkilatının yaranmasının beşinci ildönümü münasibətilə sizi ürəkdən təbrik edirəm, ölkəmiz üçün əhəmiyyətli, çox vacib olan işinizdə sizə uğurlar arzulayıram.

Gömrük xidməti ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda yaranmış yeni dövlət strukturlarından biridir. Doğrudur, Azərbaycanın gömrük işi sahəsində müəyyən tarixi var, o barədə burada deyildi. Ancaq Azərbaycan müstəqil dövlət olmadığı dövrdə - XIX əsrdə də, XX əsrdə də bir sərhəd məntəqəsi kimi müəyyən gömrük idarələri bu ərazidə yerləşibsə də, Azərbaycanın özünün gömrük xidməti olmayıbdır. Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində olduğu zaman buradakı sərhəd məntəqələrində Sovetlər İttifaqına mənsub olan gömrük xidməti orqanları var idi. Çünki idxal-ixrac bizim bu məntəqədə çox az miqdarda olurdu və bunlar hamısı da Azərbaycan Respublikasının bilavasitə fəaliyyəti ilə bağlı deyildi. Ona görə də Azərbaycanda həqiqi gömrük xidmətinin, gömrük işinin, gömrük təşkilatının yaranması Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsi ilə əlaqədardır. Bu da təbiidir, çünki hər bir müstəqil dövlətin özünəməxsus, onun müstəqilliyini təmin edən və təşkil edən orqanları, strukturları olub, onlardan biri də gömrük xidmətidir. Buna görə də gömrük xidmətinin Azərbaycanda bizim başqa sahələrə nisbətən yaşı həqiqətən beş ildir. Çox gənc bir təşkilatdır, xidmət orqanıdır. Ancaq eyni zamanda Azərbaycanın həm iqtisadi, həm siyasi cəhətdən dövlət müstəqilliyini təmin etmək, qorumaq, inkişaf etdirmək üçün gömrük xidməti çox əhəmiyyətli, çox lazımlı təşkilatdır.

Gömrük xidmətinin üzərinə düşən vəzifələr haqqında burada danışıldı. Mən məmnunam ki, gömrük təşkilatının nümayəndələri - Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və digər şəxslər burada çıxış edərkən gömrük xidmətinin əhəmiyyəti və vəzifələri haqqında doğru-düzgün anlayışları olduğunu nümayiş etdirdilər. Bu, onu göstərir ki, siz, Gömrük Komitəsində çalışan Azərbaycan vətəndaşları öz vəzifələrinizin nə qədər əhəmiyyətli, nə qədər məsuliyyətli olduğunu dərk edirsiniz. Bu, eyni zamanda əsas verir ki, siz bu vəzifələri layiqincə yerinə yetirə bilərsiniz.

Həqiqətən, gömrük xidməti Azərbaycanın iqtisadi müstəqilliyinin qorunub saxlanması üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan sərbəst iqtisadiyyat yolu ilə gedir, Azərbaycan dünya iqtisadiyyatı ilə gündən-günə sıx inteqrasiya olmağa cəhdlər göstərir və bu sahədə artıq bizim nailiyyətlərimiz var. Azərbaycanda qəbul olunmuş qanunlar, fərmanlar və sərəncamlar əsasında, onların nəticəsində idxal-ixrac, xarici ticarət sərbəstləşdirilibdir. Azərbaycanda xarici investisiyaların artmasını biz bütün vasitələrlə həvəsləndiririk və bunun üçün geniş şərait yaradırıq. Azərbaycan iqtisadiyyatının xarici ticarət vasitəsilə dünya iqtisadiyyatı ilə daha da sıx bağlanması üçün lazımi tədbirlər həyata keçiririk. Bu tədbirlərin həyata keçirilməsində gömrük xidmətinin xüsusi rolu var. Gömrük xidməti xüsusi yer tutur. Azərbaycanda sərbəst iqtisadiyyatın inkişaf etməsi üçün son illər görülən tədbirlər artıq öz nəticəsini verir. Sahibkarlıq, təşəbbüskarlıq və hər bir sahibkarın iqtisadi fəaliyyət göstərməsi üçün bütün ölkələrlə əlaqə saxlamasına şərait yaratmaq - bunlar hamısı Azərbaycanın bugünkü iqtisadi həyatının mənzərəsidir. Bu iqtisadi mənzərənin yaranması və gündən-günə inkişaf etməsi üçün, şübhəsiz ki, bizim başqa dövlət orqanları ilə yanaşı, onlarla birlikdə gömrük xidməti də çox iş görür və çox iş görməlidir. Bir də deyirəm, onun üzərinə çox böyük, mühüm vəzifələr düşür.

Bu beş il müddətində Azərbaycanda gömrük xidməti təşkil edilibdir. Ancaq bu beş illik yol da həmişə uğurlu olmayıbdır. Mən bu gün artıq əldə olunan iqtisadi göstəricilər əsasında deyə bilərəm ki, həm Azərbaycanın dövlət mənafelərini qorumaq üçün, daxili bazarı qorumaq üçün, həm də Azərbaycanın iqtisadiyyatına gömrük xidmətinin verdiyi fayda üçün gömrük xidmətinin fəaliyyəti, demək olar ki, son iki ildə qənaətbəxş hesab edilə bilər. Gömrük xidmətinin beş yaşı olmasına baxmayaraq, bu beş il müddətində keçilən yol çox mürəkkəb və çətin olubdur. Bu, şübhəsiz ki, Azərbaycan Respublikasında, onun həyatında cürbəcür dəyişikliklərlə, gedən proseslərlə əlaqədar olubdur. Amma eyni zamanda gömrük təşkilatının özü təşkil olunduğu gündən işinin yaxşı qurulmaması səbəbindən ilk illərdə gömrük xidmətinin Azərbaycana həm iqtisadi, həm dövlətçilik nöqteyi-nəzərindən faydası çox az olubdur. 1995-ci ilin yanvar ayında gömrük xidmətində ciddi nöqsanlar mövcud olduğuna görə və onlar dözülməz olduğuna görə mən gömrük xidmətinin işini ciddi müzakirə etdim, çox qəti qərarlar çıxartdım. Gömrük Komitəsinin rəhbərliyi dəyişdirildi və bu ciddi tədbirlərin və tələblərin nəticəsində 1995-ci ildə, 1996-cı ildə Gömrük Komitəsi tərəfindən görülən işlər artıq gömrük təşkilatının Azərbaycanda özünəməxsus yer tutmasını nümayiş etdirir.

Burada rəqəmlər gətirildi. Həqiqətən, bu rəqəmlər çox maraqlıdır. Çünki əgər 1994-cü ildə Azərbaycanda idxal-ixrac 1 milyard 140 milyon Amerika dolları həcmində olubsa və gömrük xidmətindən gələn rüsum cəmisi 16, ya 17 milyard manat olubsa, 1995-ci ildə idxal-ixrac təxminən o qədər, bəlkə bir az da ondan az olub, ancaq gömrük xidmətindən dövlət büdcəsinə gələn vergi 65 milyard manat olubsa, 1996-cı ildə idxal-ixrac artıb, - bunun özü də müsbət göstəricidir, - 1 milyard 600 milyon, yaxud 1 milyard 700 milyon dollar səviyyəsinə gəlib çatıbdır. Ancaq bu idxal-ixrac əməliyyatlarından gömrük rüsumu, gömrük vergisi 272, yaxud 273 milyard manata gəlib çatıbdır, 1995-ci ilə nisbətən 4 dəfə artıbdır. Əgər 1995-ci ilə nisbətən 1996-cı ildə idxal-ixrac bir dəfə yarım artıbsa, gömrük xidmətindən büdcəyə gələn gəlir 4 dəfə artıbdır. Şübhəsiz ki, bu, təqdirəlayiq haldır. Bu, bir tərəfdən respublikamızın gömrük xidmətinin nə qədər böyük imkanlara malik olduğunu göstərir, ikinci tərəfdən də bu imkanlardan səmərəli istifadə olunmasını göstərir. Ancaq bunlar da hələ son hədd deyil.

Mən 1995-ci və 1996-cı illərdə əldə olunan nailiyyətlərə müsbət qiymət verərək, eyni zamanda bildirmək istəyirəm ki, bu heç də hələ Azərbaycan Respublikasının iqtisadi potensialının, idxal-ixrac əməliyyatlarının və bütün bunların hamısından gömrük xidmətinin səmərəli istifadə etməsinin son həddi deyil. Hesab edirəm ki, bu göstəricilər sizi, respublikamızın gömrük təşkilatını, gömrük işçilərini 1997-ci ildə daha da yaxşı işləməyə sövq etməlidir. Qarşınızda duran vəzifələri artıqlaması ilə yerinə yetirməlisiniz. Dövlət büdcəsində 1997-ci ildə gömrük vergisindən büdcəyə gələn gəlir 403 milyard manat həcmində nəzərdə tutulubdur. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, 1995-1996-cı illərdə, xüsusən 1996-cı ildə olduğu kimi bu rəqəm də artıqlaması ilə yerinə yetiriləcəkdir.

Bunun üçün Azərbaycanın gömrük təşkilatının imkanları var. Bu imkanlar da, şübhəsiz ki, bizim iqtisadi siyasətdə apardığımız işlərlə bağlıdır. Yəni gömrük rüsumu, gömrük vergisi göydən düşmür. Gömrük birbaşa Azərbaycan Respublikasının xarici ticarəti ilə, idxal-ixrac əməliyyatları ilə sıx bağlıdır. Bizim planlarımız, nəzərdə tutduğumuz işlər onu göstərir ki, 1997-ci ildə Azərbaycan Respublikasının iqtisadiyyatı sürətlə inkişaf edəcəkdir. Azərbaycan Respublikasının bütün ölkələrlə ticarət əlaqələri genişlənəcəkdir, idxal-ixrac əməliyyatları artacaqdır. Buna görə də gömrük xidmətinin fəaliyyətindən gələn gəlirlər də planda nəzərdə tutulmuş rəqəmlərdən artıq olmalıdır.

Beləliklə, beş il müddətində sizin keçdiyiniz yol bir tərəfdən ilk illərdə çox qüsurlu olubdur, ancaq son iki ildə müsbət nəticələr veribdir. Ümumən götürsək, bu müsbət nəticələri mən gömrük xidmətinin fəaliyyətində yalnız və yalnız ilk addımlar hesab edirəm. Hesab edirəm ki, sizin qarşınızda, Azərbaycan gömrük təşkilatının, Gömrük Komitəsinin qarşısında duran vəzifələr çox böyükdür və siz bu vəzifələri yerinə yetirməyə özünüzü səfərbər etməlisiniz. Gömrük xidmətinin vəzifəsi təkcə iqtisadi xarakter daşımır, yəni gömrük xidməti Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün lazım olan bir təşkilat kimi eyni zamanda başqa funksiyalar da daşıyır. Bu funksiyaların hamısını siz layiqincə yerinə yetirməlisiniz. Respublikamızın daxili bazarını qorumaq üçün - bu isə birbaşa idxal-ixrac əməliyyatları ilə bağlıdır, - və respublikamızdan çıxan malların Azərbaycan iqtisadiyyatına zərər vurmaması üçün gömrük xidməti öz nəzarətini daha da gücləndirməlidir, öz fəaliyyətini artırmalıdır.

Bu sahədə sizin çox böyük imkanlarınız var və bu baxımdan, mən bir də qeyd edirəm, sizin əldə etdiyiniz nailiyyətləri qiymətləndirərək hesab edirəm ki, işinizdə çox qüsurlar da var. Qüsurlar da ondan ibarətdir ki, gömrük rüsumundan yayınma halları az deyil. Siz burada valyutanın qeyri-qanuni keçirilməsinin tutulması, yaxud narkotik maddələrin və ya başqa malların tutulması haqqında bir neçə rəqəm gətirdiniz. Mən hesab edirəm ki, respublikamızın sərhədlərindən xaricə və xaricdən Azərbaycana qeyri-qanuni keçirilən əməliyyatlar sizin bu rəqəmlərinizdən xeyli çoxdur.

Bizə bu barədə çox siqnallar gəlir, ictimaiyyət arasında bu barədə çox danışıqlar gedir və onlar da əsassız deyil. Ona görə də gömrük işçilərinin qanun-qaydaya riayət etməsi, Azərbaycanın qanunlarının sözsüz həyata keçirilməsini təmin etməsi, öz peşəsinə, öz dövlətinə sadiq olması sizin işinizin əsas şərtləridir. Təəssüflər olsun ki, sizin gömrük işçilərinin öz vəzifələrindən sui-istifadə etməsi halları, dövlət mənafeyini qorumayaraq öz mənafeyinə, şübhəsiz ki, qeyri-qanuni yolla sərvət əldə etməyə çalışması halları da var və bunlar sizə məlumdur. Bunlarla kəskin mübarizə aparmaq lazımdır. Mən hesab edirəm ki, əgər bütün gömrük məntəqələrində, gömrük orqanlarında işlərin hamısı qanunun yüksək tələblərinə uyğun olsaydı, birinci növbədə gömrük xidmətindən gələn gəlir 1996-cı ildə əldə etdiyiniz yüksək göstəricilərdən də xeyli artıq olardı, eyni zamanda respublikamızın iqtisadiyyatına zərər vuran hallar olmazdı, yaxud da az olardı. İndi, bu bayram günü konkret faktlar gətirib sizin əhval-ruhiyyənizi pozmaq istəmirəm. Ancaq güman edirəm ki, mənim ümumi şəkildə dediyim fikirlərdən siz özünüz üçün nəticə çıxaracaqsınız.

Biz Gömrük Komitəsinin, gömrük xidmətinin, gömrük təşkilatlarının son iki ildə gördüyü işlərə müsbət qiymət veririk. Amma eyni zamanda sizin işinizdə ciddi nöqsanların, qüsurların olmasını da qeyd edirik və mən sizdən tələb edirəm ki, bu nöqsanları, qüsurları aradan qaldırmaq üçün 1997-ci ildə səmərəli tədbirlər həyata keçirəsiniz, lazımi nəticələr əldə edəsiniz. Bir daha qeyd edirəm, nöqsanlarınız da var, qüsurlarınız da var və gömrük xidmətini daha da yüksək göstəricilər səviyyəsinə qaldırmaq üçün böyük imkanlarınız da var. Bunları siz bilirsiniz. Amma siz indi bilməlisiniz ki, biz də bilirik, şəxsən mən də bilirəm. Ona görə də mən bu tələbləri sizin qarşınızda qoyuram.

Respublikamıza xarici ölkələrdən gizli yolla, yəni sərhədlərdən, gömrük məntəqələrindən keçən qaçaqmalçılıqla, ümumiyyətlə, qaçaqmalçılıqla mübarizə aparmaq lazımdır. Qaçaqmalçılıqla mübarizə gömrük təşkilatının əsas vəzifəsidir. Sizin gətirdiyiniz o rəqəmlər onu göstərmir ki, Azərbaycanın sərhədlərində qaçaqmalçılıq ancaq o dərəcədədir. Xeyr, ondan çox-çox yüksək dərəcədədir. Siz onların az bir hissəsinin qarşısını ala bilmisiniz, çox hissəsinin qarşısını ala bilməmisiniz. Buna görə də qaçaqmalçılıqla mübarizə sizin qarşınızda duran əsas vəzifələrdən biridir. Qaçaqmalçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi cəhətdən zərbə vuran hallardan biridir. Ancaq qaçaqmalçılığın da bir neçə növü var. Bir var ki, qaçaqmalçılıq yolu ilə gömrük rüsumundan gizlətmək üçün mal keçirir, yaxud valyuta keçirirlər, amma bir də var ki, qaçaqmalçılıq yolu ilə narkotik maddələr keçirir, silahlar keçirir və cinayət məqsədi ilə istifadə olunması üçün başqa ləvazimatlar keçirirlər. Siz bu sahədə çox cavabdehsiniz.

Şübhəsiz ki, bizim Sərhəd Qoşunları ilə birlikdə, başqa hüquq-mühafizə orqanları ilə birlikdə. Ancaq bütün malların keçirilməsinə birbaşa nəzarət edən orqan, bütün başqa orqanlardan fərqli olaraq, gömrük orqanlarıdır, gömrük xidmətidir. Ona görə bunu birinci növbədə biz sizdən tələb edirik.

Qeyri-qanuni, yəni qaçaqmalçılıq yolu ilə baş vermiş hər bir hadisə birinci növbədə Azərbaycanın iqtisadiyyatına zərbə vurur. Qaçaqmalçılıq yolu ilə o dediyim cinayət üçün istifadə olunan silahlar, narkotiklər və başqa ləvazimatlar isə təkcə iqtisadi zərbə deyil, Azərbaycanın daxilində cinayətkarlığı artırmaq, narkomaniya xəstəliyini artırmaq, narkotik maddələrin gizli surətdə, cinayətkarcasına satılmasına şərait yaratmaqdır. Bir də ki, bizim ölkəmiz Cənubla Şimal, Şərqlə Qərb arasında olan bir ölkədir. Ona görə də bizim sərhədlərimizdən, ölkəmizin ərazisindən gedən yollar təkcə Azərbaycanın idxal-ixracı deyil. Ölkəmizin ərazisindən Şərqdən Qərbə, Cənubdan Şimala və əks istiqamətdə də mallar keçirilir. Biz burada da qaçaqmalçılığın bütün növlərinin qarşısını almalıyıq. Xüsusən, narkotik maddələrin, silah-sursatın və cinayət törətmək üçün istifadə olunan başqa - malların, ləvazimatların tranzit vasitəsilə Azərbaycandan keçirilməsinin qarşısını almalıyıq. Bu da gömrük təşkilatının qarşısında duran vəzifədir, onun üzərinə düşən məsuliyyətdir.

Bunların hamısını həyata keçirmək üçün siz öz peşənizi daha yaxşı mənimsəməlisiniz. Beş il müddətində sizin əldə etdiyiniz nailiyyətlər şübhəsizdir, təqdirəlayiqdir. Ancaq gömrük xidmətinin inkişaf etmiş dünya dövlətlərinin gömrük xidməti səviyyəsinə çatması üçün çox iş görmək lazımdır. Sadəcə beş ildə buna nail olmaq mümkün deyil. Çünki müddət azdır, vaxt azdır. Amma eyni zamanda bu beş il müddətində də bizim daxilimizdə o qədər qarmaqarışıqlıq olubdur, o qədər cürbəcür cinayətkar hərəkətlər olubdur ki, bunlar imkan verməyibdir. Ona görə də dünya təcrübəsini mənimsəmək, inkişaf etmiş ölkələrin gömrük xidmətləri ilə sıx əlaqə qurmaq, onların təcrübəsindən istifadə etmək və gömrük peşəsindən istifadə etmək və gömrük peşəsini Azərbaycanda köklü surətdə yaratmaq və inkişaf etdirmək - bu sizin qarşınızda duran ən böyük vəzifələrdən biridir.

Azərbaycan müstəqil bir dövlət kimi daim yaşayacaq. Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirmək bütün istiqamətlərdə aparılan tədbirlər nəticəsində ola bilər. Bu istiqamətlərdən biri də yüksək səviyyəli gömrük xidmətinin yaranmasıdır. Onun üçün, bir daha qeyd edirəm, siz dünya təcrübəsindən istifadə etməlisiniz. Yəni elə hesab etməyin ki, siz artıq hər şeyə nail olmusunuz. Bizim Azərbaycanda nə gömrük məktəbi olubdur, nə gömrük universiteti olubdur, nə də gömrük akademiyası olubdur.

Gömrük işçilərinin əksəriyyəti, şübhəsiz cürbəcür ixtisaslar alıbdır. Amma sırf gömrük ixtisası üzrə təhsil alan adamlar, ola bilər ki, çox azdır. Ona görə də siz bu təhsili də işləyə-işləyə almalısınız. Yəni işləyə-işləyə gərək gömrük elminin və gömrük biliklərinin mənimsənilməsi sahəsində özünüzü təhsilləndirəsiniz, təkmilləşdirmək, onlara xüsusi gömrük təhsili vermək, onların təcrübəsini artırmaq üçün gərək bir illik, iki illik, üç illik planı olsun və onun əsasında siz təhsil işi aparmalısınız. Bu, sizin sahəyə başqa sahələrə nisbətən ən çox lazımdır. Çünki keçmişdə, Sovetlər İttifaqı dövründə bizim bütün sahələrdə xüsusi təhsil məktəblərimiz olubdur. Amma gömrük sahəsində xüsusi təhsil məktəblərimiz olmayıbdır. Ona görə də siz bunu etməlisiniz.

Siz dünyanın gömrük təşkilatına daxil olmusunuz. Bu, çox yaxşıdır. Bundan səmərəli istifadə etmək lazımdır. Ancaq orada üzvlüklə, yaxud da ki, onların ayrı-ayrı toplantılarında iştirak etməklə kifayətlənmək olmaz. Siz gərək çalışasınız ki, dünya gömrük təşkilatının bütün imkanlarından istifadə edib Azərbaycan gömrük işçilərinin bilik səviyyəsini artırasınız.

Şübhəsiz ki, gömrük xidmətinin maddi-texniki bazası da inkişaf etməlidir. Son illərdə biz bu sahədə sizə müəyyən imkanlar yaratmışıq. Bilirsiniz ki, müəyyən sərəncamla gömrük xidmətindən alınan vəsaitin 60 faizini biz sizin özünüzdə istifadə edib gömrük işinin maddi-texniki bazasını inkişaf etdirməyə yönəltmək üçün sizə imkanlar vermişik. Bundan səmərəli istifadə etmək lazımdır. Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, Vətəninə, ölkəsinə sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir. Hesab edirəm ki, 1997-ci ildə gömrük məntəqələrinin, bütün gömrük xidmətlərinin, gömrük təşkilatlarının maddi-texniki bazasının yaranması, bütün gömrük məntəqələrinin dünya standartlarına uyğun texnika ilə, ləvazimatla, cihazlarla təchiz olunması işini siz ya başa çatdırmalısınız, yaxud da bu sahədə yüksək bir səviyyəyə çatmalısınız.

Ancaq bunların hamısı ilə birlikdə gömrük işçiləri bilməlidirlər ki, onlar müstəqil Azərbaycan dövlətinin çox mühüm, vacib bir sahəsində işləyirlər. Özünü bu peşəyə həsr edən insanlar maddi maraq, yaxud da ki, qeyri-qanuni yolla gəlir əldə etmək məqsədi daşımamalıdırlar. Təəssüf ki, Azərbaycanda gömrük təşkilatı yaranan kimi belə qeyri-sağlam meyllər çox meydana çıxdı. Mənim xatirimdədir, 1992-ci ildə gömrük təşkilatı yaranan kimi insanların, gənclərin və başqalarının çoxu bu təşkilatda işləməyə çalışırdı. Mənim xatirimə gəlir, 70-ci illərdə gənclərin çoxu çalışırdı ki, hüquq-mühafizə orqanlarına getsinlər. Ona görə yox ki, bəziləri onu çox sevirdilər. Hesab edirdilər ki, orada daha çox gəlir əldə edə bilərlər. Şübhəsiz ki, qeyri-qanuni yolla. Belə bir meyl, belə hərəkətlər, əhval-ruhiyyə bu gömrük təşkilatı yaranan kimi də meydana çıxdı. Bunların hamısı ilə mübarizə aparmaq lazımdır.

Hər peşəyə gələn insan gərək birinci, peşəni sevsin, özünü peşəyə həsr etsin və o peşənin öz daxili mənəviyyatına uyğun olduğunu dərk edərək işləsin. Hər peşəyə, o cümlədən gömrük xidməti peşəsinə başqa məqsədlərlə gələn adamlar bu orqanın daimi işçisi ola bilməzlər və onlar, şübhəsiz ki, bu orqana və dövlətə mənfəət gətirə bilməzlər. Ona görə bütün dövlət orqanlarından tələb olunan prinsiplər - mənəvi təmizlik, mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqət - bunlar hamısı gömrük xidmətində çalışan işçilər üçün də olan tələblərdir, onların müvəffəqiyyətlə işləməsi üçün əsas prinsiplərdir və siz bu prinsiplərin gömrük təşkilatının, Gömrük Komitəsinin hər bir özəyində bərqərar olunmasını təmin etməlisiniz.

Bizim arzumuz, istəyimiz odur ki, müstəqil Azərbaycan Respublikasının bütün dövlət orqanları Azərbaycanın dövlətçiliyini möhkəmləndirmək üçün öz vəzifələrini layiqincə yerinə yetirsinlər və Azərbaycan demokratik, hüquqi bir dövlət kimi, mənəvi dəyərlərə sadiq olan bir ölkə kimi Dnüya Birliyində öz layiqli yerini tutsun. Hamı bu iş üçün çalışmalıdır. Amma gömrük xidmətində olan adamlar ön cərgədədir, ön sıradadır. Çünki bizim ölkəmizə daxil olan hər bir şəxs, hansı məqsədlə gəlirsə-gəlsin, ilk növbədə gömrüklə rastlaşır. Gömrük işçiləri qanun-qayda ilə hərəkət edərlərsə, onlar ölkəmizə gələn xarici vətəndaşlarda ilk müsbət təəssürat yaradarlar. Əksinə olduğu halda isə, şübhəsiz ki, mənfi təəssürat yaranır. Bunların, hamısını siz öz işinizdə nəzərə almalısınız.

Mən bir daha qeyd edirəm ki, 1995-96-cı illərdə əldə etdiyiniz nailiyyətlər 1997-ci ildə və gələcək illərdə sizin daha da yaxşı işləməyiniz üçün əsas yaradıbdır. Bundan səmərəli istifadə etmək lazımdır. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın gömrük işçiləri, Dövlət Gömrük Komitəsi Azərbaycan dövlətçiliyinin müstəqil Azərbaycan dövlətinin inkişaf etməsinə öz xidmətlərini bundan sonra da göstərəcəkdir. Bu şərəfli vəzifələrin yerinə yetirilməsində sizə uğurlar arzulayıram. Sağ olun!

\"Azərbaycan\" qəzeti, 1 fevral 1997-ci il.