Əziz həmvətənlər!
Azərbaycanda yaşayan gürcülərin milli-mədəni təşkilatını yaratmaq məqsədi ilə Bakıda keçirilən toplantınızı ürəkdən salamlayır, təsis etməkdə olduğunuz gürcü icması təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıram.
Qafqazın ən qədim xalqlarından olan azərbaycanlıları və gürcüləri bir-birinə həmişə səmimi dostluq və mehriban qonşuluq münasibətləri bağlamışdır. Xalqlarımız min illər boyu eyni coğrafi məkanda yaşayaraq bu diyarın acılı - şirinli bütün taleyini bölüşmüşlər. Cənubi Qafqazın çox əsrik tarixində xalqlarımızın sarsılmaz dostluğuna və əməkdaşlığına şahidlik edən şərəfli səhifələr çoxdur. Uzaqgörən ulu əcdadlarımızdan bizə miras qalmış bu şanlı ənənələri inkişaf etdirmək və onu gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs vəzifəsidir.
Qlobal siyasi hadisələrlə zəngin olmuş iyirminci yüzilliyin sonlarında Azərbaycan və Gürcüstan yenidən dövlət müstəqilliyi əldə etmiş, xalqlarımızın tarixi haqqı olan azad və suveren respublika müstəqil daxili və xarici siyasət yeridir, beynəlxalq aləmdə xalqlarımızın mənafe və maraqlarını layiqincə təmsil edir. Yaşadığımız son dərəcə məsuliyyətli tarixi mərhələdə Gürcüstanın azərbaycanlı əhalisi və Azərbaycanda yaşayan gürcülər vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində мətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.
Bu gün hüquqi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən milli azlıqların hüquq və azadlıqları beynəlxalq normalara uyğun şəkildə təmin edilmişdir. Respublikada yaşayan gürcülər də ölkə Konstitusiyasında təsbit edilmiş insan haqlarına sahib olmaqla Azərbaycanın tam və bərabər hüquqlu vətəndaşlarıdır.
Hazırda müstəqil Azərbaycan və Gürcüstan dövlətləri ictimai-siyasi, iqtisadi, elmi-mədəni sahələrdə hərtərəfli əməkdaşlıq edərək ölkələrimizin xoşbəxt gələcəyi naminə strateji tərəfdaşlıq nümayiş etdirdilər. Bu işdə, şübhəsiz ki, xalq diplomatiyasının, insanlar və xalqlar arasında mehriban dostluq və qonşuluq münasibətlərinin də rolu danılmazdır. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın gürcü icması və əsasını qoyduğunuz milli-mədəni təşkilat xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşmasına, zəngin tarixi köklərə malik əlaqələrimizin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir.
Əziz həmvətənlər!
Hamınıza xoşbəxtlik, əmin-amanlıq arzularımı yetirir, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Azərbaycan və gürcü xalqlarının sarsılmaz dostluğu naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.