Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki - 7 yanvar 2000-ci il

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Əziz bacı və qardaşlar!

Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

On dörd əsrə yaxındır ki, ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin insanlara nazil edildiyi ramazan ayında bu əvəzsiz nemətə görə minnətdarlıq islam aləminin ayrılmaz hissəsi olan Azərbaycanda da oruc tutmaq, namaz qılmaq, dualar etməklə bildirilir. Ramazan ayı günlərində müsəlmanlarımız müqəddəs amallar uğrunda fədakarlıq göstərməyə, öz borc və vəzifələrini yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirirlər. İslamın bu mübarək ayı həm də cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən gözəl bir fürsətdir.

Ramazan ayının başa çatması ilə onun sınağından ləyaqətlə çıxmış hər bir müsəlmanın bu gün bayram etməyə, öz müqəddəs borcunu yerinə yetirməkdən doğan sevinc və fərəh hisslərini bildirməyə tam haqqı vardır. Respublikamızın müsəlmanları bu bayram günlərində Allaha iman, vətənə və xalqa sədaqətlərini bir daha nümayiş etdirir, cəmiyyətdə mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi üçün daha böyük əzmkarlıq göstərirlər.

Həyatdan getmiş yaxınlardan, xalqımızın qəhrəman oğul və qızlarının - Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda öz canlarını vermiş şəhidlərin xatirələrini bu əziz bayram günlərində yad etmək gözəl bir ənənəyə çevrilmişdir. Öz adlarını xalqımızın qəhrəmanlıq salnaməsinə həmişəlik yazmış şəhidlərimizin hamısına rəhmət, onların ailələrinə və qohum-əqrəbalarına səbr diləyirəm. Əminəm ki, şəhidlərimizin həyatı bahasına əldə edilmiş müstəqilliyimiz daha da möhkəmlənəcək və dönməz olacaq, respublikamız hüquqi demokratik dövlət quruculuğu, sosial-iqtisadi inkişaf yollarında yeni böyük uğurlar qazanacaq, xalqımız xoşbəxt, firavan həyata qovuşacaqdır.

İnanıram ki, ölkəmizdə sülhün və əmin-amanlığın tam bərqərar olacağı, işğal edilmiş torpaqlarımızın azad ediləcəyi, qaçqın və köçkün düşmüş soydaşlarımızın öz ev-eşiklərinə qayıdacaqları gün uzaqda deyildir.

Xalqımızın bu amallarının gerçəkləşməsi naminə hamınızı daha böyük əzmkarlıq, qətiyyət və həmrəylik nümayiş etdirməyə çağırıram.

Ulu Tanrıdan sizə möhkəm cansağlığı, xoş bayram əhval-ruhiyyəsi, doğma Azərbaycanımızın tərəqqisi yolundakı işlərinizdə böyük uğurlar arzulayıram.

Qoy bu əziz günlərdə etdiyiniz bütün pak niyyətlər gerçəkləşsin!

Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 8 yanvar 2000-ci il