Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri (29-30 iyun 1995-ci il)

Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti yalnız 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra vurğulanıb və Azərbaycanın xarici siyasət kursuna bir istiqamət kimi daxil edilib.

Azərbaycanla Bolqarıstan arasında qarşılıqlı münasibətlərinin əsası Prezident Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana rəsmi səfəri zamanı qoyulub. Səfərdən öncə jurnalistlərə müsahibəsində Heydər Əliyev bu səfərin əhəmiyyətini belə səciyyələndirib: «Bolqarıstan və Rumıniya Şərqi Avropa, Balkan ölkələridir və dünyada gedən proseslərdə onların özünəməxsus yeri var. Həmin dövlətlərdə ictimai-siyasi proseslər, dəyişikliklər gedir. Keçmiş Varşava Müqaviləsinin üzvü olmuş bu ölkələrdə də indi sosialist quruluşundan və iqtisadi modelindən yeni formalara keçid dövrüdür. Ona görə də bu ölkələrdə gedən dəyişikliklər və onların təcrübəsi bizim üçün əhəmiyyətlidir».

Səfərin ilk günündə Bolqarıstan və Azərbaycan prezidentlərinin görüşü keçirilib. Görüşdə ikitərəfli münasibətlərin inkişaf istiqamətləri və bir sıra regional məsələlər müzakirə mövzusu olub. Sonra prezidentlər Bolarıstan-Azərbaycan sənədlərinin imzalanması mərasimində iştirak ediblər. İki ölkə arasında dostluq və əməkdaşlıq, iqtisadi və mədəni əlaqələr haqqında müqavilə və sazişlər imzalanıb. 

Sənədlərin imzalanma mərasimindən sonra baş tutan mətbuat konfransında prezidentlər bu sənədlərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduqlarını bildiriblər. 

İyunun 29-da Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib. Prezident Heydər Əliyev rəsmi qəbuldakı çıxışında Bolqarıstan və Azərbaycanın tutduğu demokratikləşmə yolundan bəhs edib, iki dövlət rasında münasibətlərin perspektivlərindən danışıb. 

Iyunun 29-da Azərbaycan Prezidenti Heydər Əliyev Bolqarıstan Xalq Məclisində çıxış edib. Yeni müstəqillik qazanmış dövlət kimi Azərbaycanın üzləşdiyi çətinliklər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə, ölkədə keçirilən islahatlar barədə bolqar parlamentarilərinə məlumat verən Heydər Əliyev, iki ölkə arasında əlaqələrin tarixinə də toxunub: «Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Söhbət iqtisadi, elmi, texniki və mədəni əlaqələrdən gedir. Biz bu əlaqələrə böyük əhəmiyyət veririk, onları əziz tuturuq. İndi də - Azərbaycanın müstəqil dövlət olduğu, Bolqarıstanda çox mühüm ictimai-siyasi proseslərin getdiyi yeni şəraitdə biz hesab edirik ki, əlaqələrimiz keyfiyyətcə yeni səviyyədə ola bilər. Mənim buraya, Bolqarıstana səfərim məhz bununla bağlıdır ki, bu münasibətləri daha yüksək keyfiyyət səviyyəsinə qaldıraq.»

Səfər çərçivəsində Azərbaycan Prezidenti Bolqarıstanın Baş naziri və digər dövlət adamları ilə də görüşüb, danışıqlar aparıb. 

Prezident Heydər Əliyevin Bolqarıstana səfərindən sonra bu ölkə ilə münasibətlər yüksələn xətt üzrə davam edib. 1999-cu ildə bu ölkə Azərbaycanda öz səfirliyini açıb, prezidentlər, baş nazirlər, spikerlər səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib.