\"Görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovla vidalaşma mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi\" (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 23 fevral 1997-ci il) sənədinə tarixi arayış

Görkəmli alim, ictimai xadim, akademik Ziya Musa oğlu Bünyadov 1921-ci il dekabrın 21-də Astarada anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsil alıb. İkinci Dünya müharibəsi cəbhələrində taqım, bölük və tabur komandiri kimi şərəfli döyüş yolu keçib. 1945-ci il yanvarın 14-də Ziya Bünyadov əsgərləri ilə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində strateji əhəmiyyətli körpünü tutub. Həmin döyüşdə onun bölüyü 100 nəfər hitlerçini məhv edib, 45 nəfər əsir götürüb və düşmənin döyüş texnikasını ələ keçirib. Bu qəhrəmanlığına görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Müharibə qələbə ilə bitəndən sonra 1946-cı ilədək o, Berlinin Pankov rayonunda hərbi komendant yardımçısı kimi çalışıb.

Ziya Bünyadov ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub. Sonra o, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. Ziya Bünyadov Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biridir. Alban tarixçisi Mxitar Qoşun \"Alban xronikası\" əsərini 1960-cı ildə ingilis dilindən, Ə. Bakuvinin \"Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri\" əsərini isə ərəb dilindən rus dilinə tərcümə edib.

1964-cü ildə Ziya Bünyadov Yaxın və Orta Şərq Xalqları İnstitutunda \"Orta əsrlər tarixi\" şöbəsinin rəhbəri olub. Elə həmin ildə o, tarix elmləri doktoru elmi dərəcəsi, 1965-ci ildə isə professor adına layiq görülüb. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, daha sonra isə həqiqi üzvü seçilib. 1981-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildən isə EA-nın vitse-prezidenti seçilib.

Akademik Ziya Bünyadov şovinist erməni tarixçilərinin çoxsaylı saxtakarlıqlarını təkzibedilməz elmi faktlarla ifşa edib, onların Azərbaycan torpaqlarına sahib olmaq iddialarının əsassızlığını, Ermənistanın hazırkı ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığını elmi əsərlərində sübut edib. Azərbaycanda tarix elminin totalitarizm buxovundan azad edilməsi, ADR tarixinin (1918-20) öyrənilməsi, siyasi repressiya qurbanlarına bəraət verilməsi üçün lazımi sənədlərin axtarılıb tapılması sahəsində onun elmi axtarışları vətəndaşlıq mövqeyinin göstəricisidir.

Akademik Ziya Bünyadov Vasim Məmmədəliyevlə birlikdə müqəddəs Qurani-Kərimi Azərbaycan dilinə tərcümə edib və ömrünün son aylarında \"Dinlər, təriqətlər, məzhəblər\" kitabını yazıb.

Ziya Bünyadov ictimai xadim kimi fəaliyyət göstərib. 90-cı illərdə Azərbaycan xalqını düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsində onun böyük rolu olub. O, Heydər Əliyevin ətrafında siyasi həmfikirlərinin birləşdiyi Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub.

Görkəmli alim, Azərbaycan xalqının tarixində mühüm yer tutan Ziya Bünyadov 1997-ci il fevralın 21-də vəhşicəsinə qətlə yetirilib.

1997-ci il fevralın 23-də Ziya Bünyadovla vidalaşma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib. Çıxışında o, Ziya Bünyadovla bağlı xoş xatirələrini bölüşüb. Onun istər hərbçi kimi, istərsə də elm adamı kimi xalqımızın qəlbində daim yaşayacağını bildirib: \"Ziya Bünyadov öz yaradıcılığı ilə, öz böyük yolu ilə özünə böyük heykəl yaratmışdır .Biz Ziya Bünyadovun əməllərini heç vaxt unutmayacağıq. Hesab edirəm ki, Ziya Bünyadovun Azərbaycan xalqı qarşısındakı xidmətləri günü gündən daha geniş, daha parlaq açılacaq, görünəcəkdir. Ziya Bünyadovun gördüyü iş, xalqımıza qoyduğu irs, onun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.\"

Tarixi arayış 20 dekabr 2007-ci ildə tərtib edilib.