\"Azərbaycanda insan inkişafı haqqında hesabat\" kitabının təqdimat mərasimindən sonra Azərbaycan Prezidenti Heydər Əliyevin və BMT-nin rezident-əlaqələndiricisi Paolo Lembonun birgə mətbuat konfransı - 2 iyun 1996-cı il

Suаl: Sumqayıt layihəsi Azərbaycanda və bütövlükdə regionda vəziyyətə nə kimi təsir göstərəcəkdir?

Heуdər Əliуеv:  Hesab edirəm ki, Sumqayıtda xüsusi iqtisadi zona yaradılması Azərbaycanın həyatına, iqtisadiyyatına təsir göstərəcəkdir. Azərbaycanda da, keçmiş Sovet İttifaqının indi müstəqil dövlətlər olan ayrı-ayrı regionlarında da çox danışıqlar, çox söhbətlər gedibdir. Ancaq hələ indiyədək Azərbaycanda heç bir yerdə azad iqtisadi zona yaradılmayıbdır. Artıq dərk olunubdur ki, azad iqtisadi zona elan etməklə onun yaradılması arasında çox böyük məsafə var. Bunu elan etmək asandır, amma yaratmaq çox çətindir.

Buna görə də biz Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə azad iqtisadi zona yaratmaq üçün çox vaxt sərf etmişik, çox iş görmüşük. Hesab edirəm ki, hazırlanmış olan proqram əsaslıdır. Təsəvvürə gətirmək çətin deyil ki, əgər Sumqayıtda azad iqtisadi zona həqiqətən mövcud olsa, yəni fəaliyyətə başlasa, bu, Azərbaycan iqtisadiyyatının bütün sahələrinə təsir göstərəcək və ölkəmizdə sərbəst iqtisadi sistem, bazar iqtisadiyyatı yaratmağa çox kömək edəcəkdir. Bu, eyni zamanda, bizim qonşu dövlətlərə də təsir göstərəcəkdir. Məsələn, bilirsiniz ki, biz may ayının əvvəlində Sərəxsdə - Türkmənistanla İran arasındakı yaşayış məntəqəsində olarkən Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan mühüm bir müqavilə imzalamışlar ki, Özbəkistandan və Türkmənistandan Avropaya gedən yüklər Azərbaycan və Gürcüstan ərazisindən keçib Qara dənizə çıxarılsın və eyni zamanda əks istiqamətdə də yüklər daşınsın. Bu, Transqafqaz magistralının yaradılması deməkdir və hesab edirəm ki, çox səmərəli nəticələr verəcəkdir. Belə bir magistral yarandıqdan sonra Sumqayıtda azad iqtisadi zonanın olması, təsəvvür edin, nə qədər əhəmiyyətli olacaqdır. Sumqayıt azad iqtisadi zonası həm də Şərq ilə Qərb arasında çox mühüm bir vasitə olacaq və ticarət əlaqələrinin yaranmasına, inkişafına çox kömək edəcəkdir. Bütün bunlar onu göstərir ki, bu, təkcə Azərbaycan üçün yox, Azərbaycanı əhatə edən ölkələr üçün və onlarla həmsərhəd dövlətlər üçün də çox əhəmiyyətli olacaqdır.

Paolo Lembo:  Başlıca vəzifə şəhərin sənaye kompleksinin səviyyəsini dünya standartlarınadək yüksəltməkdir. Xatırladım ki, bu iş ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox qaçqını olan və demokratik dəyişikliklər aparılan, bazar münasibətlərinə keçilən bir ölkədə görülür. Bununla yanaşı, burada bütün sahələrdə islahatlar aparılması üçün yaxşı zəmin yaradılıb. Elə Sumqayıt layihəsinin həyata keçirilməsi də buna kömək edəcəkdir. Layihənin yaradılmasının başlanğıc mərhələsindəki çətinliklərə baxmayaraq, prezident Heydər Əliyev və BMTİP hesab edirlər ki, bu layihənin bütün region üçün əhəmiyyəti olacaqdır. O, Zaqafqaziya ölkələri arasında hərtərəfii əlaqələrin, əməkdaşlığın inkişafına, regionda sülh yaranmasına kömək edəcəkdir. Layihəyə Azərbaycanla həmsərhəd dövlətlər, xüsusən Gürcüstanda maraq göstərmişlər. Biz Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən bu layihənin dəstəklənməsini xüsusi qiymətləndiririk.

Suаl: Cənab Lembo, bu cür layihələr müharibə gedən başqa dövlətlərdə də həyata keçirilirmi?

Paolo Lembo:  Azərbaycanın müharibə şəraitində olması faktını nəzərə alaraq, biz prezident Heydər Əliyevin şəxsən özü ilə dəfələrlə görüşdük və layihənin reallaşdırılması perspektivlərini, müddətlərini müzakirə etdik. Biz bir dilemma qarşısında qalmışdıq - layihənin həyata keçirilməsinə ya indi, yа da müharibə qurtardıqdan sonra başlamalı. Biz layihəni hazırlamağa başladıqda çox şəkk-şübhə gətirənlər var idi, elə Azərbaycanın özündə də. Onlar layihənin həyata keçirilməsinin mümkünlüyünü şübhə altına alırdılar. Buna baxmayaraq, ilkin danışıqlar aparmaq üçün 1994-cü ildə BMT ekspertlərin böyük bir nümayəndə heyəti Azərbaycana gəldi.

Prezident Heydər Əliyev onlarla görüşərək, Sumqayıt layihəsinin yaradılmasının zəruriliyi barədə öz qəti fikrini söylədi. Bu layihə regionda sülh və sabitlik yaranmasına da kömək edəcəkdir. İndi biz şadıq ki, layihə həyata keçirilir. Bildirmək istəyirəm ki, bu layihə artıq bütün dünyada məlumdur, onu bir çox ölkələrdə bəyənirlər. Layihə Azərbaycan parlamenti tərəfindən müzakirə olunmaq və ona hüquqi status verilmək üçün Milli Məclisin sədri Rəsul Quliyevə təqdim edilibdir.

Demək istəyirəm ki, layihədə şəhərin infrastrukturunu tamamilə təkmilləşdirmək, müəssisələri modernləşdirmək, biznes, tibb, maarif mərkəzləri yaratmaq nəzərdə tutulur. Başlıcası, tələsmək lazım deyil, axı iş yenicə başlanır və biz doğru yoldayıq.

Suаl: İndi Azərbaycana nisbətən digər MDB ölkələrinə daha соx xarici sərmayələr qoyulur. Sumqayıt layihəsi bu sərmayələrin ölkəmizə axınını artıracaqmı?

Paolo Lembo:  Heç bir MDB dövlətində ərazinin 20 faizi işğal edilməyib, bir milyon qaçqın yoxdur. Buna görə də sizi digər MDB ölkələri ilə müqayisə etməyə lüzum yoxdur. Lakin hər halda mənim məlumatıma görə, Azərbaycana digər MDB ölkələrinə olduğundan heç də az sərmayə gəlmir. Təkcə son dörd ayda 75 iri xarici korporasiya və şirkətin nümayəndələri Sumqayıtda olmuşlar. Onlar bu layihəyə sərmayə qoymaq istədiklərini bildirmişlər. Zənnimcə, bu məsələyə nikbin yanaşmaq lazımdır. Biz Sumqayıt üçün xüsusi özəlləşdirmə proqramı hazırlamaqdan ötrü şura yaradılması, habelə şəhərin bir sıra müəssisələrinin özəlləşdirilməsi və onların xarici şirkətlərin idarəsinə verilməsi haqqında qərarları yüksək qiymətləndiririk. Başa düşürük ki, Azərbaycanda müəyyən çətinliklər var, lakin layihənin həyata keçirilməsi üçün var qüvvə ilə səy göstərmək lazımdır.

Suаl: Sualım prezident Heydər Əliyevədir, Sumqayıt layihəsini Azərbaycanın başqa bölgələrində də həyata keçirmək mümkündürmü?

Heydər Əliyev: Mümkündür. Amma, gəlin ilk növbədə bu böyük proqramın həyata keçirilməsinə başlayaraq, onun nəticələrini görək, təcrübəsini mənimsəyək. Bundan sonra onu Azərbaycanın başqa bölgələrinə keçirək. Məsələn, bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir və eyni zamanda İran və Türkiyə ilə həmsərhəddir. Onun bu ölkələrlə giriş-çıxışı var. Orada azad iqtisadi zona yaradılması fikri məndə hələ Naxçıvanda olarkən - 90-cı və 91-ci illərdə var idi. Mən о vaxtlar müəyyən addımlar atırdım, amma о zaman bizim həm təcrübəmiz yox idi, həm də sizə məlum olan bəzi səbəblərə görə, biz bunu həyata keçirə bilmədik. Güman edirəm ki, bizim orada gördüyümüz iş, əldə etdiyimiz təcrübə və nəticələr bu təcrübəmizi Azərbaycanın başqa regionlarına yaymağa imkan verəcəkdir.

Suаl: Cənab Spet, dünən Azərbaycan prezidenti ilə görüş zamanı siz bildirdiniz ki, BMTİP-nin Azərbaycan üçün yeni layihələrini müzakirə etməyə hazırsinız. Söhbət hansı layihələrdən gedir?

Ceyms Spet: Hesab edirəm ki, indiki vaxtda Azərbaycanda BMTİP layihələrinin həyata keçirilməsi üçün başqa sahələr də var. BMTİP özünün əsas vəzifəsini çox böyük sayda qaçqın və köçkünlərin yerləşdirilməsi, onların problemlərinin həlli işində, bu işin görülməsi üçün geniş proqram hazırlanmasında Azərbaycan rəhbərliyi və hökuməti ilə səyləri birləşdirməkdə görür. 1996-cı ildə Azərbaycanda insan inkişafına dair hesabatın 7-ci bölməsində BMT-nin və BMTİP-nin sizin ölkədə həyata keçirməyi planlaşdırdığı səkkiz layihədən danışılır. Bu layihələrin maliyyələşdirilməsi məsələsi həll edilən kimi, biz işə başlayacağıq. Hesabatda səkkiz layihənin olması onu göstərir ki, biz Azərbaycan hökuməti ilə danışıqlara başlayırıq. Layihələrdə yoxsulluğun aradan qaldırılması, qaçqın və köçkünlərin yerləşdirilməsi, həyat səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur. BMTİP Xəzəryanı ölkələr üçün qlobal layihələr yaradılmasını planlaşdırır ki, bundan da məqsəd regionda ekoloji vəziyyəti yaxşılaşdırmaq, ətraf mühiti mühafizə etməkdir.