Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Zəroş xanım Həmzəyevaya təbriki - 27 mart 2000-ci il

Hörmətli Zəroş xanım!

Sizi - Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Ömrünün yarıməsrlik bir dövrünü teatra həsr etmiş sənətkar kimi sizin Azərbaycan aktyorluq məktəbinin təşəkkül tapıb inkişaf etməsində xidmətləriniz vardır. Dünya klassiklərinin və Azərbaycan dramaturqlarının səhnə əsərlərində yaratdığınız rəngarəng obrazlarla siz teatr pərəstişkarlarının dərin hörmətini və rəğbətini qazanmısınız. Cəfər Cabbarlı dramaturgiyası sizin yaradıcılığınızda xüsusi yer tutur. Görkəmli dramaturqun əsərlərində böyük məhəbbətlə yaratdığınız qadın surətləri yüksək sənətkarlıq səviyyəsinə görə teatr tariximizdə özünəməxsus iz qoymuşdur. Həmin pyeslərdə aparıcı xətlərdən olan qadın azadlığı, qadınların maarifləndirilməsi, hüquqlarının müdafiəsi ideyaları sizin qəhrəmanlarınızın simasında böyük təsir gücünə malik olmuş, cəmiyyətdə qadınların layiqli yer tutması işinə təkan vermişdir.

Fitri istedad, ifa üslubunuza xas olan təbiilik, yüksək mədəniyyət sizə həmişə öz həyatiliyi ilə seçilən müxtəlif taleli saysız-hesabsız surətlər yaratmağa imkan vermişdir. Respublikanın tanınmış teatr xadimi, mərhum həyat yoldaşınız İbrahim Həmzəyevlə birlikdə Naxçıvan Dövlət Dram Teatrının səhnəsində keçən sənət yolunuz 40-50-ci illərdə bu qədim diyarın mədəni həyatının canlanmasında mühüm rol oynamışdır. Həmin dövrü haqlı olaraq Naxçıvan teatrının \"Həmzəyevlər dövrü\" adlandırmaq olar. Milli teatr sənətimizin Kazım Ziya, Sidqi Ruhulla, Rza Əfqanlı, Mustafa Mərdanov, Ələsgər Ələkbərov kimi sönməz ulduzları ilə birlikdə oynadığınız hər bir tamaşa Naxçıvanın teatr tarixinə qızıl hərflərlə yazılmışdır.

Yüksək peşəkarlıq, seçdiyiniz sənətə vurğunluq və sədaqət, milli teatrımızın inkişafı yolunda göstərdiyiniz fədakarlıq gənc aktyorlar üçün əsl həyat məktəbidir. İnanıram ki, sənətkarların hələ neçə-neçə nəsli bundan sonra da həmin məktəbdən faydalanacaq, vətənə, xalqa, sənətə sevgi dərsi alacaqdır.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.