Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyədəki rəsmi səfərdən qayıtdıqdan sonra Binə hava limanında jurnalistlərə müsahibəsi - Bakı, 17 mart 2001-ci il

Heydər Əliyev:  Axşamınız xeyir olsun. Hər halda mənim səfərim barəsində sizin xəbəriniz var. Çünki Türkiyənin bütün televiziya kanalları mənim oradakı görüşlərimi, söhbətlərimi, çıxışlarımı verirdi. Həm də deyəsən, bizim televiziya da bunları oradan alaraq veribdir. Ona görə bu barədə mənim bir bəyanat verməyimə ehtiyac yoxdur.

Ancaq, sadəcə, onu demək istəyirəm ki, bu, çox uğurlu bir səfərdir. Çox lazımlı idi, çox vacib idi. Bu səfər bir neçə ay idi ki, düşünülürdü və vaxtı gəlib çatanda da bunu mən həyata keçirdim. Həm Türkiyə üçün, həm də Azərbaycan üçün vacib bir səfər idi. Hesab edirəm ki, bu, Türkiyə-Azərbaycan əlaqələrinin, dostluq-qardaşlıq əlaqələrinin bundan sonra inkişaf etməsi üçün yeni bir mərhələ oldu. Ona görə mən bu səfərimdən çox məmnunam. hesab edirəm ki, Türkiyənin prezidenti, baş naziri və başqaları da mənim səfərimdən razıdır. Ümumiyyətlə, mənim Türkiyədə olmağım, nitqlərim, görüşlərim böyük maraq doğurmuşdu və orada hamı Azərbaycana çox böyük məhəbbət hissi ilə danışırdı. Mənə məlumat verirdilər.

Sual: Cənab prezident, Siz Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdünüz. Yaxın vaxtlarda Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq, hərbi müttəfiqlik barədə saziş və ya hər hansı bir pakt imzalana bilərmi?

Heydər Əliyev: Bilirsinizmi, mən orada görüşlərin çoxunu təkbətək, məxfi keçirmişəm. Ona görə də siz anlamalısınız ki, mən bu barədə sizə heç bir şey deyə bilmərəm.

Sual: Türkiyədə olarkən \"Nərgiz TV\" kanalına müsahibənizdə Siz dediniz ki, yaxşı olardı, Türkiyənin hərbi bazaları Azərbaycanda yerləşdirilsin. Sizcə, bu nə zaman reallaşdırıla bilər?

Heydər Əliyev: Mən demişəm bunu?

Sual: Sizə sual verildi, dediniz ki, əlbəttə, yaxşı olar.

Heydər Əliyev: Yaxşı olar da...

Sual: Cənab prezident, aprelin 3-də Amerika Birləşmiş Ştatlarında Ermənistan prezidenti ilə görüşünüz gözlənilir. Sizin Türkiyəyə səfərinizdən sonra Ermənistanda böyük narahatlıq var ki, Azərbaycanda hərbi əhval-ruhiyyə yüksəlib, Azərbaycan prezidenti Türkiyədə sərt çıxış edibdir. Bütün bunlardan sonra Amerika Birləşmiş Ştatlarında Ermənistan prezidenti ilə danışıqlardan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş gözləyirsinizmi?

Heydər Əliyev: Mən dəfələrlə sizə demişəm ki, bu məsələnin həll olunması üçün hər bir görüşdən nəsə gözləyirəm. Bizim bu yaramız hər halda bağlanmalıdır, belə vəziyyətdə qala bilməz. Kimsə daxildə maraqlıdır ki, bu, daim belə qalsın, bundan öz məqsədləri üçün istifadə etsinlər, yaxud da bəzi dövlətlər var, hansılar ki, elə istəyirlər burda nə sülh olsun, nə də müharibə, bundan öz məqsədləri üçün istifadə etsinlər. Ona görə də belə görüşlərdən mən heç vaxt qaçmıram və belə görüşləri həmişə, lap kiçik bir irəliləyiş də olsa, lap irəliləyiş olmasa da, əhəmiyyətli hesab edirəm. Bu barədə sizin məlumatınız var. Hər halda ABŞ-ın Dövlət Departamenti bəyanat veribdir, sonra Kolin Pauell mənə məktub göndəribdir. Orada ilk dəfə olaraq, bütün bu dövrdə ilk dəfə olaraq, Minsk qrupu həmsədrlərinin üçü bir yerdə iki prezidentlə danışacaq. Çünki indiyə qədər, adətən, daim həmsədrlərin nümayəndələri gəlirdilər Ermənistana, ondan sonra Azərbaycana, yaxud Azərbaycana, sonra Ermənistana.

Orada nə danışırdılar, biz bilmirdik, burada nə danışırdılar, onlar bilmirdi. Yaxud nə isə deyirdilər, nə isə demirdilər... Amma indi bütün üç ölkənin, yəni ABŞ, Rusiya, Fransanın yüksək səviyyəli nümayəndələri orada olacaqlar. Bilirsiniz ki, görüşü Kolin Pauell açacaqdır. Ona görə hesab edirəm ki, bu, çox böyük bir hadisədir. Hər halda, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması dövründə indiyə qədər belə hadisə olmayıbdır.

Sual: Cənab prezident, bildirilir ki, Robert Koçaryan Paris danışıqlarında hansısa güzəştlərə meylli olub və son anda mövqelərini bir az qətiləşdiribdir. ABŞ-dakı görüşlər Paris görüşlərinin davamımı olacaqdır? Yəni həmin variantların müzakirəsi olacaq, yoxsa hansısa yeni təkliflər müzakirə edilə bilər?

Heydər Əliyev: İndi hər şey olacaqdır. Məsələ təkcə onda deyil ki, görüşlərin quyruğundan tutub getmək lazımdır.

Sual: Cənab prezident, bu müddətdə Türkiyə mətbuatı yeni variantın olduğu barədə məlumatlar yayırdı. Bu cür məlumatlar doğrudurmu?

Heydər Əliyev: Bilmirəm, mən oxumamışam.

Sual: Cənab prezident, belə fikirlər də yayılır ki, həmsədr ölkələrin birində, Fransada danışıqlar oldu Amerika Birləşmiş Ştatlarından sonra bu, Rusiyaya qayıdacaqdır. Yəni problemin əsas həlli Rusiyadakı danışıqlardan gözlənilə bilər, Rusiyanın vasitəçiliyi böyük rol oynayacaqdır. Sizin fikriniz?

Heydər Əliyev: Bilirsiniz, vallah, bizim bu qəzetçilər, müxbirlər, - mən demişəm də, bir şeylə məşğul olmalıdırlar, təbiidir, - biri bir şey uydurur, o birisi başqa şey uydurur. Bu uydurma şeylərə mən cavab verim? Siz hamınız bilməlisiniz, - bir halda ki, burada bizim televiziyamız var, siz varsınız, hər yerə yayacaqsınız, - mən yeddi ildən artıqdır ki, gecə-gündüz bu məsələ ilə məşğul oluram.

Mən məsələni həll etmək istəyirəm. Harada həll olunacaq, nə təhər həll olunacaqdır? Əgər Amerikada həll olunacaqsa - yaxşı, Fransada həll olunacaqsa -yaxşı, Rusiyada həll olunacaqsa - yaxşı, fərq onda deyil ki, harada həll olunacaqdır. Əsas odur ki, həll olunsun. İndiki mərhələnin əhəmiyyətli cəhəti ondan ibarətdir ki, belə düşünürəm, artıq üç ölkənin prezidenti bu barədə özləri bir-biri ilə danışıblar. Yəni əvvəllər, məsələn, Minsk qrupunun həmsədrlərini təmsil edənlər gəlirdilər, ən yuxarıda dururdu, məsələn, xarici işlər nazirləri. Amma indi bilirəm - Şirak, Buş, Putin bir-biri ilə danışıblar və qarşıdakı görüş onların üçünün danışıqlarının, məsləhətləşmələrinin nəticəsində meydana gəlibdir.

Sual: Cənab prezident, İran prezidenti Xatəmi Rusiyaya səfər etdi və orada iki ölkə arasında Xəzərin statusu məsələsi müzakirə olundu, müəyyən razılıq da əldə edildi. Bir çox müşahidəçilər yazırlar ki, bu razılaşmadakı məqamlar Rusiya ilə Azərbaycan arasındakı razılaşmaya nisbətən başqa-başqadır. Siz buna necə baxırsınız?

Heydər Əliyev: Onu mən oxumamışam, eşitməmişəm. Ancaq burada narahatedici bir şey yoxdur. İran prezidenti ilk dəfə Rusiyaya səfər etdi. Zaman keçdikcə görürəm ki, biz 1994-cü ildə nə qədər cəsarətli, uzaqgörən və dövlətimizin mənafeyinə xidmət edən addım atmışıq. Deyə bilərəm ki, özümüzü odun içinə atmışdıq. Onda heç kəs bunları qəbul etmirdi. Əksinə, bizə dalbadal bəyanatlar verirdilər ki, işi dayandırmaq lazımdır və sair. Amma biz iş gördük, sübut etdik ki, bundan başqa yol yoxdur. Bu baxımdan da Rusiya prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olduğu zaman bizim ikimizin - prezident Putinin və mənim imzaladığımız sənəd çox böyük əhəmiyyət kəsb edir.

Sual: Cənab prezident, İran prezidentinin Moskvaya səfəri zamanı belə bir fikir də səslənib ki, Xəzərin dibi ilə hər hansı bir kəmərin keçirilməsi mümkün deyildir. Ekspertlər də belə bir fikir söyləyirlər ki, bütün bunlar Qazaxıstanın Bakı-Ceyhan kəmərinə qoşulmasının qarşısını almaq üçündür. Belə bir qərar Bakı-Ceyhan kəmərinin rentabelliyinə təsir göstərə bilərmi?

Heydər Əliyev: Bilirsinizmi, mən bunu əvvəllər də demişəm, Türkiyədə də demişəm - Bakı-Ceyhan kəmərinin rentabelliyinə heç bir şey təsir göstərə bilməz. Nə üçün? Çünki biz 1994-cü ildə \"Əsrin müqaviləsi\"ni imzalayanda bilirdik ki, Xəzərdəki sektorumuzun başqa yerlərində neft, qaz yataqları var. Amma heç bilmirdik ki, məsələn, ehtiyatlar əldə edəcəyik. Amma buna baxmayaraq, biz məhz \"Azəri\", \"Çıraq\", \"Günəşli\" yataqlarından hasil olunacaq neft üçün Bakı-Ceyhan neft kəmərini həmin o müqaviləyə salmışıq. Başa düşürsünüzmü? Ona görə də həmin bizim bu üç yataq ki var, ilk müqavilədə əksini tapıbdır, Bakı-Ceyhan kəməri üçün tamamilə yetərlidir. Oradan 50-60 milyon ton neft çıxarılacaq və bu, Bakı-Ceyhan kəmərini tam rentabelli edir.

İndi, məsələn, \"Şevron\" şirkəti özü gəldi, müraciət etdi və kəmərin tikintisinə qoşuldu. Orada on faiz pay götürdü. Nə üçün? Çünki \"Şevron\" bizim \"Abşeron\" yatağından çox böyük hasilat gözləyir. Həm neft, həm də qaz hasilatı. Bunu biz də gözləyirik.

Məsələn, \"Abşeron\" yatağı... Mən hər dəfə deyirəm, bizim alimlər, geoloqlar indiyə qədər 50 ildə ki Xəzəri tədqiq ediblər, onlara hamımız minnətdar olmalıyıq. Çünki çox böyük işləri o vaxtlar həyata keçirmək mümkün olmayıbdır və buna o vaxt, sovetlər vaxtında ehtiyac olmayıbdır. İndi, Azərbaycanın müstəqilliyi zamanı bu yataqlar ölkəmizin ən böyük sərvətidir. Məsələn, biz bilirdik ki, \"Abşeron\" yatağında həqiqətən çox neft ehtiyatı var. \"Şahdəniz\"i bilirdik. Bizim adamlar proqnoz vermişdilər ki, orada 400 milyard kubmetr qaz olacaqdır.

1996-cı ildə biz müqaviləni hazırladıq, o vaxt burada neft sərgisi keçirilirdi. Mən bunu bir dəfə demişəm, bəlkə bir dəfə də deməyə ehtiyac var. Bəziləriniz portretini qəzetlərdə sevə-sevə verirsiniz, yaxud da telefon bağlantısı edirsiniz ki, Rəsul müəllim, bu məsələ necədir, onun da şəklini vurursunuz ekrana, əgər o, doğrudan da neftçidirsə, nefti biləndirsə, - sonra getdi kitab yazdı, - və Azərbaycanın mənafeyini yüksək tutursa, nə üçün hər şey hazır olanda gəlib dedi ki, mən bu müqavilənin imzalanmasının əleyhinəyəm. Nə üçün? Sən mənə de. Sübut edə bilmədi. Yox, qardaş, burada geoloqlar, mühəndislər, alimlər var... Biz bunu bir neçə dəfə müzakirə etmişik, o özü də bu müzakirədə iştirak edibdir. Demək, bu nə idi? Təxribat idi. Sadəcə, Azərbaycanda bu işi ləngitmək idi.

Mən bir dəfə demişəm. Dövlət Neft Şirkətinin bütün rəhbərlərini topladım, bəziləri də onun keçmiş dostları idi. Hamısı durdular onun üzünə, dedilər ki, sən bir şey bilmirsən. Xoşbəxt Yusifzadə açıq-aydın dedi ki, sən bilmədiyin sözü niyə danışırsan. Burada 400 milyard kubmetr qaz var. Bizim \"Bi-Pi\" şirkəti ilə, başqaları ilə də gördüyümüz iş həmin 400 milyard kubmetr üçün idi. 400 milyard kubmetr bizim üçün böyük rəqəm idi. Amma indi qazılan quyulardan alınan nəticələr göstərir ki, həmin yataqda bir trilyon kubmetrdən artıq qaz ehtiyatı vardır. O da hələ son hədd deyildir. Başa düşürsünüzmü?

Ona görə də Bakı-Ceyhan kəməri barəsində heç bir narahatlıq yoxdur. Doğrudur, siz bilirsiniz ki, axır zamanlar bunu bir balaca əngəlləmək istəyirdilər. Mən də bir neçə dəfə bu barədə bəyanatlar verdim. Sizin kimi müxbirlər orada məndən soruşdular ki, nə üçün belə bəyanatlar verdiniz, dedim ki, mən bəyanatlar verməsəydim, bu gün bu məsələləri həll etməyəcəydik. Orada da hər şeyi həll etdik. Bakı-Ceyhanı da həll etdik, Azərbaycan qazının Türkiyəyə satılmasını da. Bunu da orada, Türkiyədə bürokratlar, təbiidir ki, aşağı səviyyədə əngəlləmişdilər, bir neçə ay ləngitmişdilər. Ancaq mən getməmişdən qabaq danışdım, adamları oraya göndərdik. İndi biz sənəd imzaladıq - oraya 6 milyard kubmetr ilkin qaz verəcəyik. Ondan sonra, - mən orada dedim, - 15 milyard, 20 milyard kubmetr da qaz verə bilərik. Bunlar böyük işlərdir. Bu, təkcə iqtisadi məsələ deyildir. Bu, təhlükəsizlik məsələsidir, strateji məsələdir. Ona görə də Qazaxıstan neftinin o boru xətti ilə gəlməsi yaxşı olar. Amma gəlməməsi barədə qoy Qazaxıstan düşünsün. Yəni Xatəmi ilə Putin arasındakı anlaşma bizi narahat etmir. Qoy Qazaxıstan fikirləşsin, görsün nə edəcək.

Sual: Cənab prezident, GUÖAM dövlətləri arasında müstəqilliyi ən möhkəm olan ölkə Azərbaycan hesab olunur. Çünki Moldovada sovet hakimiyyətini istəyən kommunistlər hakimiyyətə gəliblər, Ukraynada Kuçmanın istefası tələb edilir, eyni zamanda şüarlar sovet hakimiyyətinin bərpa olunması ilə bağlıdır. Gürcüstanda vəziyyət gərginləşdirilir. Bundan sonra Siz bu qurumun perspektivini necə görürsünüz?

Heydər Əliyev: Bilirsinizmi, qurum bu gün biri olar, sabah digəri. Biz bu qurumu yaratmışıq və hesab edirəm ki, bu qurum da yaşayacaqdır. Ancaq indi siz görürsünüz, Moldovada kommunistlər hakimiyyətə gəldilər. Ukraynada vəziyyət ağırdır. Gürcüstan, gürcü xalqı bizim çox gözəl dostumuzdur. Gürcüstan prezidenti mənim şəxsi dostumdur. Mən orada olan vəziyyəti ürək ağrısı ilə izləyirəm və lazım olan köməyi edirəm - orada vəziyyət belədir. Amma Azərbaycan müstəqilliyini gözləyir, qoruyur.

Bunu anlayın. Başa düşürsünüz... Mən sənə demirəm, sənin televiziyaya gətirib çıxartdığın adamları deyirəm. Bunu anlayın. Mən bunu Türkiyənin Böyük Millət Məclisində də dedim. Dedim ki, Sovetlər İttifaqı dağılan zaman müstəqilliyi əldə etmək, bu, heç bir problem deyildi. Çünki Sovetlər İttifaqı dağılırdı, 1922-ci ildə Sovetlər İttifaqını biz yaratmışıq, onun yaradıcılarından biri də Azərbaycan olubdur. Düzdür, onda 15 respublika deyildi, cəmisi 6 respublika idi. Ondan sonra o birilər də gəlib, 15 respublika olmuşdu. Sovetlər İttifaqı dağılırdı, ondan sonra deyəcəksən ki, yox, mən müstəqil olmuram, nə edəcəksən?

Mən bunu dəfələrlə demişəm, çünki bəziləri döşünə döyür ki, biz müstəqillik uğrunda mübarizə aparmışıq, nə bilim, xalq azadlıq hərəkatı aparmışıq, müstəqillik əldə etmişik. Bu cür yalan danışmaq olmaz. Azərbaycanda xalq hərəkatı olubdur. Azərbaycan xalqı qalxıbdır, Dağlıq Qarabağ məsələsində o vaxt SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsizliyinə görə. Ancaq deyirlər ki, nə bilim, biz buranın müstəqilliyini əldə etdik. Bunların hamısı yalan şeylərdir. Tamamilə yalan şeylərdir. Ona görə də mən bunu Türkiyə də Böyük Millət Məclisində dedim, o vaxt, məsələn, Qazaxıstanda bir hərəkat olmuşdu, müstəqillik əldə etdi? Özbəkistanda, yaxud da Türkmənistanda, hamısında. Yaxud, elə həmin kommunistləri seçən Moldovada?

O vaxt SSRİ dağıldı, hamı müstəqilliyini elan etdi. Amma müstəqilliyi qoruyub saxlamaq bu müstəqilliyi əldə etməkdən min qat çətindir. Çünki onu, sadəcə, tarixi vəziyyət ortaya çıxarmışdı. Amma sonra bizim başımıza nə işlər gəldi? 1991-ci ildə, 1992-ci ildə, 1995-ci ilin həmin mart hadisələri, - 17-si martda idi də, onlar hücum etmişdilər, - ondan qabaq, 1994-cü ildə oktyabr hadisələri. Ondan da qabaq, 1993-cü ildə vətəndaş müharibəsi, o vaxt da məni buraya gətirdilər. Bizim müstəqilliyimiz möhkəmdir.

Bir qurum ola bilər, o birisi ola bilməz - bunun o qədər əhəmiyyəti yoxdur. Biz öz ölkəmizin müstəqilliyi, öz xalqımızın mənafeyi üçün düşünürük. Bunun üçün hansı ölkə ilə bizim əlaqələrimiz faydalıdırsa, biz o ölkələrlə əlaqə saxlayırıq. Hansı qurumda olmaq bizim üçün faydalıdırsa, biz onlarla əlaqə saxlayırıq.

Sual: Cənab prezident, Xatəmi Moskvada olarkən Putinlə razılığa gəlibdir ki, Moskva İrana silah ixracına başlayacaqdır. Sizcə, bu, regionda hərbi balans üçün nə qədər təhlükəlidir?

Heydər Əliyev: Bilirsən, bu, nə səndən asılıdır, nə məndən. Bu, onların özlərinin işidir.

Sual: Cənab prezident, Türkiyə prezidenti Əhməd Necdət Sezər bildirdi ki, Sizinlə danışıqlarda Naxçıvanla bağlı məsələlər də müzakirə olunacaqdır. Nə məsələlərdir, yəni Naxçıvanla bağlı belə bir ciddi problem varmı?

Heydər Əliyev: Bilirsiniz, Naxçıvanla bağlı problemin biri odur ki, - təəssüflər olsun, hamınız Naxçıvanı unutmusunuz, - 1991-ci ildən Naxçıvan blokada şəraitindədir. Düşünməyin ki, mən naxçıvanlı olduğuma görə bunu deyirəm. Nə qədər mərd insanlardır ki, orada ağır şəraitdə yaşayırlar. Mən üç il orada yaşadım, gördüm. Burada, Şəkidə bir gün elektrik enerjisi olmadı, hamınız tökülüb getdiniz oraya. Sən də deyirsən telefon bağlantısında danışan Xatirədir, de görüm... Xaçmazda nə olubsa... Nə bilim, onun adı yadımdan çıxıbdır.

Bilirsiniz, biz Naxçıvanda elektrik enerjisi olmadan yaşadıq. O xalq yaşadı, səsini də çıxarmadı. Doğrudur, mən o vaxtlar Naxçıvanı vəziyyətdən müəyyən qədər çıxardım. Çünki mənim Türkiyə ilə əlaqələrim var idi. Türkiyədən elektrik xətti çəkdik. Ondan sonra mən bir neçə dəfə Tehrana getdim. Onlarla da mənim keçmiş əlaqələrim vardı. Onlar da Naxçıvana hörmət etdilər və indiyə qədər də edirlər. Düzdür, axır zamanlar bizim borcumuza görə Naxçıvanın elektrik enerjisini kəsmişdilər. O barədə danışıqlar apardıq, hər şeyi yerinə qoyduq.

Bilirsiniz, Naxçıvan Azərbaycanın böyük bir hissəsidir. Orada 400 min nəfərə qədər adam yaşayır. Özü də vaxtilə həmin Mehri rayonu ilə Naxçıvanı Azərbaycanın əsas hissəsindən ayıranlar bunu məqsədlə ediblər. İndi Naxçıvanla Azərbaycan arasında təyyarə əlaqəsindən savayı başqa bir şey yoxdur. Bir də İran ərazisindən bir az avtomobillər işləyir. Təbiidir ki, məsələn, əgər o vaxt, 1992-ci ildə, o ağır vəziyyətdə Naxçıvanda körpünü tikməsəydik, - əlbəttə ki, Türkiyə tikirdi, amma bizimlə bir yerdə, - insanlara oradan çıxış verməsəydik, onlar orada boğulardı. Amma biz bu işləri gördük.

Buna baxmayaraq, Naxçıvanın yenə də çox problemləri vardır. Məsələn, Naxçıvanın başçısı Vasif Talıbov da orada idi, onun bir neçə təklifi, xahişi vardı. Mən yazılı şəkildə Bülənd Ecevitə verirdim, sonra başqalarına çatdırdım. Türkiyə də Naxçıvanın bu vəziyyətdə olmasını bilir və Türkiyə ən ağır vəziyyətdə olan Naxçıvanın problemləri ilə, təbiidir ki, məşğul olur və bundan sonra da məşğul olacaqdır.

Sual: Türkiyənin Naxçıvana verəcəyi elektrik enerjisinin həcminin artırılması barədə razılıq əldə olundumu?

Heydər Əliyev: Bu barədə biz danışmamışıq. Bu, elə bir şey deyildir. \"Azərenerji\" və başqaları danışırlar. Prinsip etibarilə əvvəldən, 1992-ci ildən mən buna nail oldum. İndi onların özlərinin də o bölgədə bəzən elektrik enerjisi az olur. Naxçıvana verilən elektrik enerjisini bəzən artırırlar, bəzən azaldırlar. Bu problem deyildir. Naxçıvanlılar elektrik enerjisi cəhətdən yenə də ağır şəraitdə yaşayırlar. Enerjini fasilələrlə alırlar. Amma biri də səsini çıxarmır. Çünki bilir ki, bundan artıq bir şey yoxdur.

Sual: Cənab prezident, qarşıdakı ABŞ görüşləri neçə gün davam edəcək? Xarici mətbuatda Kemp Devid danışıqlarmı paralel gətirərək proqnozlaşdırdılar ki, Robert Koçaryanla Sizin görüşünüz çox uzun çəkəcəkdir, yəni uzunmüddətli danışıqlar olacaqdır.

Heydər Əliyev: İndi bunu demək olarmı? O xaricilər də, sizin kimi, gərək bir şey yazsınlar. Yazırlar, deyirlər. Oraya gedib baxacağıq. Bir gün lazım olacaqsa, bir gün, iki gün lazım olacaqsa, iki gün.

Sual: Cənab prezident, Siz Türkiyə Böyük Millət Məclisindəki nitqinizdə ermənilər haqqında çox sərt ifadələr işlədirdiniz. Hətta belə bir ifadə də işlətdiniz ki, ermənilər qudurubdur. Bütün bunlar Sizin qarşıdakı danışıqlarınıza müəyyən təsir göstərə bilərmi?

Heydər Əliyev: Siz bilirsiniz də, ermənilər buna möhkəm reaksiya veriblər. Düz demişəm də. Siz onu bilməlisiniz ki, bu sözləri demək üçün insanda cəsarət, hünər lazımdır. Onu bilməlisiniz. Mən havadan demirəm, bu sözü deyəndə bilirəm ki, onun arxasında nə var. Bilirəm, nə reaksiya olacaqdır. Amma mən o sözü ki deyirəm, onu deməliyəm. Özü də bir var ki, məsələn, heç bir vəzifə tutmayan adam, yaxud qəzet işçisi, müxbir, yaxud da müxalifətdən gündə bir bəyanat verən adamlar desinlər. Onlar heç bir məsuliyyət daşımır axı. Amma mən dövlət başçısıyam, prezidentəm. Mən məsuliyyət daşıyıram. Amma bu məsuliyyətimi daşıyaraq və bilərək ki, belə ifadənin işlədilməsi bəlkə o qədər də yaxşı deyil, amma mən bunu etdim. Çünki bilirsiniz də, onlar hansı yollara gediblər. Ona görə.

Sual: Cənab prezident, Ter-Petrosyana yaxın qüvvələr deyirlər ki, Dağlıq Qarabağ barəsində ermənilər o şərtlə razılaşa bilər ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın öz himni, gerbi, bayrağı olmalıdır və ona yüksək özünüidarəetmə statusu verilməlidir. Bu, indiki halda problemin həllinə təsir göstərə bilər. Sizin fikrinizcə, Robert Koçaryan bu güzəştə razılıq verə bilərmi, bunu gözləmək olarmı?

Heydər Əliyev: Bilirsiniz, mən indi bir şey deyə bilmərəm. Elə münaqişənin mərhələli həlli barədə ikinci təklifdə, - hansını ki, Ter-Petrosyan qəbul etmişdi, -bunların hamısı vardı.

Sual: Cənab prezident, müharibə olacağı təqdirdə Türkiyə Azərbaycana yardım edəcəkmi?

Heydər Əliyev: Baxarıq.

Heydər Əliyev: Sualınız, sözünüz yoxdur ki?

Bəs niyə soruşmursunuz ki, \"Gülhanə\"yə getdiniz, yoxsa yox?

Sual: Cənab prezident, sağlamlığınız indi necədir? Türkiyə televiziyasında dediniz ki, özünüzü çox yaxşı hiss edirsiniz. Müayinədən keçdinizmi?

Heydər Əliyev: Bilirsiniz, normal şəraitdə yaşayan hər bir insan gərək ildə iki dəfə özünü yoxlatsın ki, birdən, qəflətən bir xəstəlik çıxmasın.

Mən 1990-cı ildə Moskvadan gəlib Naxçıvana gedəndən 1999-cu ilə qədər nə bir həkimə müraciət etdim, nə də özümü yoxlatdım. Bilirsiniz ki, 1999-cu ilin yanvar ayında məndə əvvəlcə bronxit əmələ gəldi və gecə böyük çətinlik yaratdı. Getdim \"Gülhanə\"yə, orada iki həftə məni müalicə etdilər. Ondan sonra başa düşdüm ki, yox, mən səhv edirəm. Mən əvvəllər Moskvada işləyəndə, - baş nazirin birinci müavini kimi, Səhiyyə nazirliyi mənə bağlı idi. Mən onlardan tələb edirdim, o vaxt bütün əhalini hər il dispanserizasiyadan keçirmək barədə proqram var idi, onu biz ortaya atmışdıq və həyata keçirmək istəyirdik. Çünki bu, insanların sağlamlığını qoruyur. Düzdür, bunu axıra çatdıra bilmədik, mümkün olmadı.

Mən bu işlərlə məşğul olmuşam, amma öz səhhətimə fikir verməmişəm. O da 1999-cu ildəki hadisəyə gətirib çıxardı. Orada məni müalicə etdilər. Onlar xahiş etdilər ki, Türkiyədə olan vaxtlarda gəlin. Çünki biz Sizi müalicə etmişik, burada hər şey var, nə bilim, rentgendir, filandır. Gəlin? baxaq. Mən də getdim. Yoxladılar və mənə dedilər ki, Azərbaycanda Sizi qarşılayan bütün müxbirlərə deyin ki, hər şey yaxşıdır. Amma mənim dişlərimin bir az müalicəyə ehtiyacı vardı, onları da müalicə etdirdim. İndi hər şey yaxşıdır.

Sual: Cənab prezident, bir sual da vermək istəyirik. Siz Dünya Bankının nümayəndəsi ilə görüşünüzdə...

Heydər Əliyev: Bunu keçən dəfə məndən soruşdun. Bu, bilirsən, nəyə oxşayır? \"Məşədi İbad\"da hambalın bir abbasını istəməyinə oxşayır. Buradan gedəndə sən bu sualı mənə vermisən. İndi beş gündən sonra gəlmişəm, o hambal kimi deyirsən... Aldın cavabımı.

Sual: Cənab prezident, bugünkü \"Exo\" qəzetində Maqsud İbrahimbəyov belə bir məqalə ilə çıxış edibdir ki, əgər Azərbaycan hərb yolu ilə öz torpaqlarmı azad etməyə cəhd göstərsə, ermənilər əks-hücumla Bakıya girə bilər. Bu barədə nə düşünürsünüz?

Heydər Əliyev: A kişi, hər adam nə istəyir deyə bilər. İndi mən o barədə nə düşünüm? Sağ olun.