Adam Smit İnstitutunun təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - London, 29 noyabr 1995-ci il

Hörmətli xanımlar və cənablar!

Bu gün biz burada, Böyük Britaniyada, Londonda Adam Smit İnstitutunun təşəbbüsü sayəsində böyük bir əlamətdar hadisənin, böyük bir mərasimin iştirakçısıyıq. Azərbaycan Respublikasının, müstəqil Azərbaycan iqtisadiyyatına, ölkəmizdə biznesin inkişafına və Azərbaycana yatırım, investisiya gətirilməsi problemlərinə həsr olunmuş çox mötəbər konfrans keçirilir. Çox sevindirici hal budur ki, bu konfransa dünyanın bir çox ölkələrindən nümayəndələr, qonaqlar gəliblər, konfransın işində iştirak etməyə cəhd göstəriblər. Bu, bizi çox sevindirir və bir tərəfdən, Adam Smit İnstitutunun nə qədər hörmətli iqtisadi mərkəz olduğunu göstərir, ikinci tərəfdən, dünyada müstəqil Azərbaycan Respublikasına, onun iqtisadiyyatına nə qədər böyük maraq olduğunu sübut edir.

Bugünkü konfrans haqqında çox danışmaq olar. Ancaq mən belə başa düşdüm ki, burada Böyük Britaniyanın adətinə görə sağlığı çox qısa demək lazımdır! Cənablar, siz nəyi alqışlayırsınız! İstəyirsiniz qısa danışım, yoxsa... Qafqazda hər sağlığın vaxtı bir saatdır. Amma Böyük Britaniyada kraliçanın sağlığına üç kəlmə söz dedilər. Siz hansı qaydanı istəyirsiniz - Qafqazdakı kimi, yoxsa Böyük Britaniyadakı kimi? Mən sizin vaxtınızı çox almayacağam. Ancaq yalnız bir fakt haqqında demək istəyirəm. Bu gün axşam bu ziyafətə gələndə bir çox adamlarla görüşdüm. Cənubi Afrika Respublikasının Ankaradakı səfiri də, o həm də bu ölkənin Azərbaycanda səfiridir, - mənə yaxınlaşdı, yəqin ki, indi buradadır. O, mənə dedi ki, böyük bir məsafə qət edib, məhz ona görə buraya gəlmişəm ki, Azərbaycanın iqtisadiyyatı ilə daha yaxından tanış olum və Cənubi Afrika Respublikasının Azərbaycana investisiya qoyması problemləri ilə məşğul olum, öz dövlətimə, hökumətimə lazımi məlumatlar verim.

Görün dünya nə qədər dəyişibdir! Dörd il bundan öncə Azərbaycanda tək-tək adam tapılardı ki, Cənubi Afrika Respublikasının harada olduğunu bilsin. İndi isə dünyada gedən dəyişikliklər bir tərəfdən Azərbaycanı müstəqil dövlət edib, respublikamız müstəqil dövlət kimi bütün ölkələrlə əlaqə yaradır, ikinci tərəfdən də baş vermiş dəyişikliklər ölkələri bir-birinə o qədər yaxınlaşdırıbdır ki, məsafə anlayışı burada heç də əhəmiyyət kəsb etmir.

Bir cəhət də maraqlıdır. Bu gün konfrans keçirdiyimiz salon da elə bu böyüklükdə idi. İndi ziyafət masasının arxasında əyləşmiş adamların hamısı səhər başlanmış konfrans zamanı salonda oturan adamlardır, bəlkə də çoxdur. Burada hərənin öz marağı var. Amma hamının marağı birdir, hamı istəyir ki, iqtisadi əlaqələr daha da güclənsin, daha da inkişaf etsin. Azərbaycan isə istəyir ki, ölkəmizə investisiya qoyuluşu artsın. Azərbaycanın açıq qapılarına bütün ölkələrdən investorlar, yatırım qoyanlar gəlsinlər.

Bugünkü konfransa maraq o qədər böyükdür ki, hətta Azərbaycanın ən yüksək səviyyəli incəsənət ustaları - çox məşhur pianoçu Fərhad Bədəlbəyli və Azərbaycanın ulduzları - Fidan və Xuraman Qasımova kimi müğənnilərimiz də məhz bu konfransda iştirak etməyə gəliblər və bu gün öz mahnıları ilə bizi çox sevindirdilər. Siz Azərbaycan incəsənətinin, mədəniyyətinin kiçik bir nümunəsini hiss etdiniz. Azərbaycana gəldikdə isə həm çox böyük iqtisadi imkanları müşahidə edəcəksiniz, həm də ölkəmizin zəngin mədəniyyəti, incəsənəti ilə tanış olmaq imkanı əldə edəcəksiniz.

Bir daha sizin hamınızı Azərbaycana dəvət edirəm.

Azərbaycana həm qonaq gələ bilərsiniz, həm də ölkəmizdə bizneslə məşğul olmağa gələ bilərsiniz.

Bu gözəl ziyafəti təşkil edib bizi bu axşam gözəl salona toplayanlara - Adam Smit İnstitutuna və onun rəhbərlərinə, \"Mak-Dermott\" şirkətinə və tədbirin hazırlanmasında iştirak edən bütün başqa şirkətlərə və şəxslərə təşəkkürümü bildirirəm. Böyük Britaniya torpağına, onun gözəl xalqına hörmət və ehtiramımı bildirirəm. Böyük Britaniyanın qədim, zəngin tarixi var. Bütün bəşəriyyətin inkişafında Böyük Britaniyanın və onun xalqının əvəzsiz xidmətləri var. Ona görə də Böyük Britaniyanın adı gələndə hər bir kəs şlyapasını çıxarır və bəşəriyyət qarşısındakı xidmətlərinə görə ona baş əyir.

Hörmətli ev sahibləri, sizin ölkənizin adət-ənənələri, böyük tarixi hamımız üçün böyük örnək, nümunədir. Bu gün də siz yeni müstəqillik əldə etmiş ölkələrə, o cümlədən Azərbaycana ayağa qalxmaqda, iqtisadiyyatda doğru yolla getməkdə kömək edirsiniz.

Bəşəriyyətdə sülhün və əmin-amanlığın şərəfinə, insanlar arasında sağlam münasibətlərin və yüksək mənəviyyatın şərəfinə; qanlı müharibələrə, münaqişələrə son qoyulmasının şərəfinə; qanlı müharibələrə, münaqişələrə son qoyulmasının şərəfinə, ölkələrin bir-biri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığının şərəfinə; biznesin, biznes mədəniyyətinin şərəfinə və dostluq, qardaşlıq şərəfinə; Adam Smit İnstitutunun himayəsi altında iqtisadiyyatın bundan sonra da inkişafının şərəfinə; Böyük Britaniyanın, onun xalqının şərəfinə; hörmətli dostlar, xanımlar və cənablar, sizin hamınızın şərəfinə.

\"Azərbaycan\" qəzeti, 2 dekabr 1995-ci il.