\"Dünya şöhrətli dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi\" (8 dekabr 2002-ci il) sənədinə tarixi arayış

Azərbaycanın musiqi mədəniyyətinin görkəmli simalarından olan Niyazi Tağızadə-Hacıbəyov 1912-ci ildə Tiflisdə anadan olub. Hacıbəyovlar nəslinin layiqli davamçısı olan Niyazinin atası Zülfüqar Hacıbəyov (1884-1950) Azərbaycanda musiqili teatrın banilərindən biri, əmisi Üzeyir Hacıbəyov (1885-1948) isə Azərbaycanda professional musiqi məktəbinin yaradıcısıdır.

Çoxlarının yalnız dirijor kimi tanıdığı Niyazi həm də istedadlı bəstəkar idi. Niyazi hind motivləri əsasında yaratdığı \"Çitra\" baletinə görə 1974-cü ildə Nehru (Hindistanın ilk baş naziri olub) mükafatına layiq görülüb. \"Rast\" simfonik muğamının, \"Xosrov və Şirin\" operasının müəllifidir.

Niyazi 25 filmə, o cümlədən Azərbaycanın ilk səsli filmi olan \"Almas\" filminə musiqi bəstələyib.

Dünyanın bir sıra məşhur orkestrlərinə dirijorluq edən maestronun repertuarına Azərbaycan bəstəkarlarının (Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və s.) və dünya klassiklərinin (Pyotr Çaykovski, Cüzeppe Verdi, Jorj Bize və s.) əsərləri daxil idi.

Niyazi Svyatoslav Rixter (rus pianoçusu, 1915-1997), Henrix Neyqauz (rus pianoçusu, 1888-1964), David Oystrax (rus skripkaçısı, 1908-1974) və Mstislav Rastropovıç (məşhur violençel çalan, 1927-ci ildə Bakıda anadan olub) kimi məşhur musiqiçilərin orkestrlə birgə ifasına dirijorluq edib.

Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsində maestronun Azərbaycan xalqı qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Heydər Əliyev qeyd edib ki, Niyazi olmasaydı, Azərbaycanın simfonik orkestri bu səviyyəyə çatmazdı. 

Tarixi arayış 4 iyun 2008-ci ildə tərtib edilib.