Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın \"Först\" jurnalının beynəlxalq prezidenti Patrik Kormakın suallarına cavabları - London, Azərbaycan prezidentinin iqamətgahı, 21 iyul 1998-ci il

Patrik Kormak: Cənab prezident, səfər proqramınızın gərginliyinə baxmayaraq, vaxt tapıb məni qəbul etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Hörmətli cənab Patrik Kormak, mən sizinlə görüşməyimə çox şadam. İndi isə sizi maraqlandıran suallara cavab verməyə hazıram, buyurun.

Sual: Cənab prezident, ümidvaram ki, ölkəmizə safəriniz uğurlu keçir.

Cavab: Bəli, dünən çox görüşlər olubdur və mən ümumiyyətlə, səfərin gedişindən çox razıyam.

Patrik Kormak: Cənab prezident, zati-aliləri, bizim jurnalımız Azərbaycan barədə və Sizin Böyük Britaniyaya rəsmi səfərinizlə əlaqədar böyük bir hesabat dərc edəcəkdir. Ümidvarıq ki, bu hesabat Sizin ölkənizlə Qərb dövlətləri arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

Heydər Əliyev: Mən çox məmnunam, jurnalınızın Azərbaycana göstərdiyi diqqətə görə sizə təşəkkür edirəm.

Sual: İcazə versəydiniz, bir neçə sualla Sizə müraciət edərdim. Cənab prezident, Siz öz ölkənizə böyük sabitlik gətirmisiniz. Ölkənizdə bərqərar etdiyiniz sabitliyə necə nail oldunuz? Siz bunu necə izah edərsiniz?

Cavab: Ölkəmizdə sabitliyi cəmiyyətdə apardığımız ardıcıl tədbirlərin nəticəsində əldə etmişik. Bu, bizim apardığımız siyasətin nəticəsidir. Biz Azərbaycanda demokratik, hüquqi dövlət qururuq. Bu, dövlət quruculuğu prosesində bizim həyata keçirdiyimiz tədbirlərin, qəbul olunan qanunların və cəmiyyətdə insanların bu qanunlara riayət etməsi ilə əlaqədar apardığımız tədbirlərin nəticəsidir.

Keçmiş illərdə Azərbaycanda ictimai-siyasi sabitliyin olmamasının bir neçə səbəbi var idi. Birincisi, Sovet İttifaqı dağılandan sonra keçid dövründə yaşayan ölkələrin hamısında sabitlik bu və ya digər miqyasda pozulmuşdur. Yəni, bu, keçid dövrü üçün xarakterikdir. Azərbaycanda isə buna əlavə olunan amillər var idi. Bu amillərdən biri Ermənistan-Azərbaycan münaqişəsidir, Ermənistanın Azərbaycana 1988-ci ildə etdiyi təcavüz nəticəsində yaranmış müharibə və münaqişədir.

İkincisi, müharibə, münaqişə nəticəsində və eyni zamanda Azərbaycanın daxilində ayrı-ayrı siyasi qüvvələrin, silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəyə qoşulması ilə əlaqədardır. Hakimiyyət uğrunda mübarizə hər bir demokratik ölkədə təbii bir şeydir. Sizdə də bu mübarizə gedir və biz də sizdən çox şeylər öyrənirik.

Patrik Kormak: Əvvəlki prezidentlik uğrunda mübarizə boks əlcəklərindən keçib.

Heydər Əliyev: Ancaq bizdə təkcə boks əlcəkləri deyil, avtomat da, tapanca da, hətta top, tank da var idi. Bizdə ancaq əlcək olsaydı, dərd yarı idi.

Patrik Kormak: Biz çox şadıq ki, Siz Azərbaycanda nəhayət, dincliyi bərqərar etdiniz.

Heydər Əliyev: Bəli, biz 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında münaqişəni dayandırdıq, atəşkəs yaratdıq. İkincisi, daxildə olan silahlı qrupları, silahlı dəstələri, cinayətkar dəstələri zərərsizləşdirməyə başladıq. İnsanları öyrətməyə çalışdıq ki, əgər mübarizə aparırsansa, hüquqi yolla, qanuni yolla, mədəni yolla mübarizə apar.

Patrik Kormak: Tamamilə doğru buyurursunuz. Respublikada əmin-amanlıq olmasa, neftin gətirəcəyi gəlirdən onlar da faydalana bilməyəcəklər.

Cənab prezident, Azərbaycanın zəngin enerji ehtiyatlarının Qərb şirkətləri ilə birgə istismar olunması barədə Sizin fikirlərinizi bilmək istərdik. Azərbaycandan çəkiləcək boru kəmərləri barədə nə deyərdiniz? Sizcə, Azərbaycan öz neftini hansı marşrut ilə ixrac edəcəkdir?

Heydər Əliyev: Bilirsiniz, Azərbaycanın zəngin neft yataqlarından indi və gələcəkdə istifadə edilməsi üçün dünyanın böyük neft şirkətlərinin, yəni, müasir texnologiyaya, texnikaya, maliyyə imkanlarına malik olan neft şirkətlərinin Azərbaycana cəlb olunması tamamilə məqsədəuyğundur və bu günün tələblərinə uyğundur. Biz bunu etmişik və bundan sonra da edəcəyik. Bu gün də burada bir neçə saziş imzalanacaqdır.

İkinci məsələ - ixrac olunan neftin dünya bazarına çıxarılmasıdır. Bu, asan məsələ deyildir. Biz hesab edirik ki, bundan əlavə bir neçə neft kəməri marşrutu olmalıdır. Tək biri ola bilməz. Çünki gərək bizim manevr imkanımız olsun. Azərbaycanda işləyən Qərb şirkətləri, dünya şirkətləri də bizim bu fikrimizlə şərikdirlər. Buna görə də biz ilkin neftin ixracı üçün Bakıdan Rusiya ərazisi ilə Qara dənizdəki Novorossiysk limanına bir boru kəməri tikmişik. Biz artıq bu boru kəməri ilə nefti ixrac edirik. Eyni üsulla bir boru kəmərini də Gürcüstan ərazisidən Qara dənizin Supsa limanına çəkirik. Bunların hər biri ildə 5-6 milyon ton neft ixrac edən kəmərlərdir. Amma biz yaxın zamanlarda Azərbaycanda böyük neft gözləyirik. Buna görə də əsas, böyük neft kəməri lazımdır.

1994-cü ilin sentyabrayında ilk neft müqaviləsini imzalayan da biz həmin müqavilədə bunu nəzərə almışıq. Biz bu neft kəmərini Bakıdan, Azərbaycandan, Gürcüstandan Türkiyə ərazisi ilə Aralıq dənizinə, Türkiyənin Ceyhan limanına çəkmək istəyirik. Ancaq bizim neftimizdən başqa, Xəzər dənizinin Qazaxıstan sektorunda da çox zəngin neft yataqları vardır. Qazaxıstanın öz ərazisində, Türkmənistanda da neft vardır, onların da bir qisminin ixrac edilməsi, şübhəsiz ki, Qərb istiqamətində olmalıdır. Məsələn, Qazaxıstan Bakı-Ceyhan neft boru kəmərindən istifadə etmək istəyir.

Sual: Siz bundan məmnunsunuzmu?

Cavab: Bəli, biz Qazaxıstanla müqavilə imzalamışıq. Qazaxıstanın Aktau limanından, Xəzər dənizinin dibindən Bakıya qədər neft kəməri, boru çəkmək planlaşdırılır. Qazaxıstan nefti bu neft kəməri ilə Bakıya gələcək, buradan Azərbaycan nefti ilə birlikdə, Bakı-Ceyhan neft kəməri ilə Aralıq dənizinə gedəcəkdir. Ola bilər, bu neft bizim başqa neft boruları ilə də nəql edilsin.

Patrik Kormak: Biz hesab edirik ki, çoxsaylı boru kəmərlərinin olması bütün regionda sabitliyin bərqərar edilməsinə və region dövlətləri, qonşu ölkələr arasında əməkdaşlığın inkişafına da öz töhfəsini verəcəkdir.

Heydər Əliyev: Doğrudur.

Patrik Kormak: Biz, yəni Böyük Britaniya şirkətləri Sizin regionda öz texnologiyamızdan, bizdə olan texniki vasitələrdən, imkanlarımızdan Sizinlə birgə istifafə edib bu prosesləri qurmaqda, yaratmaqda Sizə yardımçı olmaq fikrindəyik.

Heydər Əliyev: Biz bu barədə eyni fikirdəyik. Ona görə də dörd ildir ki, çox müvəffəqiyyətlə əməkdaşlıq edirik.

Patrik Kormak: Biz öz jurnalımızda da diqqəti buna cəlb edəcəyik.

Heydər Əliyev: Bəli, mən hesab edirəm, bu lazımdır. Mən burada böyük görüşlər keçirirəm.

Böyük Britaniyanın 100-dən artıq şirkəti indi Azərbaycanda işləyir. Neft yataqlarının işlənilməsi üçün son illərdə - son iki il müddətində \"Bi-Pi\" şirkəti 260 milyon dollar, \"Ramko\" şirkəti isə 29 milyon dollar sərmayə qoyubdur. Böyük Britaniyanın, Birləşmiş Krallığın şirkətləri konsorsiumun proqramını həyata keçirmək üçün 350 milyon dollarlıq sifariş alıblar, iş görürlər.

Patrik Kormak: Bu, çox yaxşı xəbərdir. Bunları eşitməkdən çox məmnunam.

Cənab prezident, bir məsələyə qısaca olsa da, toxunmaq istəyirəm. Bu şirkətlərin Sizin ölkənizə cəlb olunması nəinki lazımdır, - mən xüsusilə, Böyük Britaniya şirkətlərini nəzərdə tuturam, - həm də hesab edirik ki, onların investisiya qoyması üçün şəraitin daha da yaxşılaşdırılmasına - məsələn, lisenziyaların alınmasında və yaxud razılıqların verilməsində - ehtiyac vardır. Bu investorlar ruhlandırılmalıdır ki, daha çox pul qoysunlar.

Heydər Əliyev: Doğrudur, biz bu sahədə çox iş görmüşük. Ancaq nöqsanlar da vardır. Onlar bizim üçün yeni şeylərdir. Bunların hamısını bir ilə, iki ilə istənilən səviyyəyə qaldırmaq mümkün deyil. Ancaq biz bu yolla gedirik, biz bunu edirik. Bu sahədə günbəgün şərait yaradılır. Yəni, bizdə lazım olan qanunlar, qaydalar var, müəyyən olunubdur. Sadəcə, onların icra olunmasında qüsurlar vardır.

Patrik Kormak: Daim belə olubdur. Yenicə demokratiya yolunu seçəndə mütləq çətinliklərlə qarşılaşırsan. Biz öz jurnalımızda ən azı bir məqalə dərc edib yazacağıq ki, xarici şirkətlər üçün necə şərait yaradılıbdır və onların daha da intensiv işləməsi üçün daha hansı işlər görülə bilər.

Zati-aliləri, Sizə uğurlu səfər arzulayıram. Ümidvaram ki, bizim ölkəmizdən xoş təəssüratla ayrılacaqsınız. Əminəm ki, Sizin bu səfəriniz azad, çiçəklənən Azərbaycanda xalqın rifah halının yüksəlməsində, əmin-amanlıq şəraitində yaşayan və inkişaf edən ölkənizdəki uğurlu quruculuq işində Sizə yardımçı olacaqdır.

Heydər Əliyev: Çox sağ olun. Mən elə bu ümidlərlə, bu arzularla rəsmi səfərə gəlmişəm və dünəndən səfərin gedişi göstərir ki, həqiqətən, ümidlərim özünü doğruldacaq və bizim ölkələrimiz arasındakı əlaqələr daha da inkişaf edəcəkdir.

Patrik Kormak: Mən buna tamamilə əminəm. Amma yadınızda saxlayın ki, nə siyasətçilər, nə də jurnalistlər bankirləri gözlətmirlər. Bilirəm ki, Sizin məndən sonra bankirlə görüşünüz var. Ümidvaram ki, onunla da danışıqlarınız uğurlu olacaqdır.

Heydər Əliyev: Mən sizi Azərbaycana dvət edirəm. Gəlib Azərbaycanı öz gözlərinizlə görsəniz, sizdə daha da geniş təəssürat yaranacaqdır. Azərbaycana mənim qonağım kimi gəlin. Orada biz geniş danışıqlar apara bilərik və siz Azərbaycanda təkcə mənimlə yox, çox adamlarla görüşə bilərsiniz.

Patrik Kormak: Dəvətinizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, bundan istifadə edəcəyəm. Bu payız Sizə seçkilərdə uğurlar arzulayıram.

Heydər Əliyev: Çox sağ olun.

\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2005, 16-cı cild, səh. 323