Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının ilk Konstitusiyasına uyğun olaraq icra və idarəetmə işlərinin təkmilləşdirilməsi ilə bağlı Respublika Nazirlər Kabinetinin ilk iclasında giriş sözü - 8 yanvar 1996-cı il

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq prezidentin sədrliyi altında respublika Nazirlər Kabinetinin ilk iclası keçirilir. İclasda əsas məsələ müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin işinin təşkil olunması və idarəetmə işinin təkmilləşdirilməsidir. Bu, birinci, əsas məsələdir. Eyni zamanda nəzərdə tutulur ki, özəlləşdirmə sahəsində aparılan işlər və onun bugünkü vəziyyəti haqqında məlumat dinlənilsin.

Müzakirəyə başlamazdan əvvəl qeyd etmək istəyirəm ki, Azərbaycanda mövcud Nazirlər Kabineti, onun strukturu və təkcə Nazirlər Kabinetinin yox, onunla bərabər idarəetmə orqanlarının strukturu, say tərkibi demək olar ki, 1990-cı ildən yaranmış Nazirlər Kabinetinin strukturu və say tərkibi kimi indiyədək davam edir.

Son illərdə respublikanın müstəqilliyi ilə və həyata keçirilən bir sıra tədbirlərlə əlaqədar olaraq təəssüf ki, Nazirlər Kabinetinin strukturunda, idarəetmə və mərkəzi icra orqanlarının strukturunda demək olar ki, heç bir dəyişiklik olmayıbdır. Ələlxüsus biz son vaxtlar bazar iqtisadiyyatı prinsiplərini artıq əməli surətdə həyata keçirdiyimiz zamanda da təəssüf ki, nazirliklər, komitələr, şirkətlər, ümumiyyətlə mərkəzi icra orqanları, idarəetmə orqanları elə köhnə qaydada, köhnə strukturla, say tərkibi ilə işləyirlər. Şübhəsiz ki, bütün bunlar kafi hesab edilə bilməz. Xüsusən son vaxtlarda bir neçə dəfə verilmiş göstərişlərin həyata keçirilməməsi də şəxsən məni çox narahat edir.

Noyabrın 12-də biz yeni konstitusiya, yəni müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etdik. Konstitusiyada həm Nazirlər Kabinetinin statusu, onun vəzifələri, səlahiyyətləri, həm də mərkəzi idarəetmə orqanlarının vəzifələri, səlahiyyətləri konkret göstərilibdir. Mən bu gün təəssüflə qeyd etmək istəyirəm ki, konstitusiya qəbul olunandan sonra Nazirlər Kabineti və nazirliklər, komitələr tərəfindən konstitusiyanın həyata keçirilməsi üçün konkret təkliflər irəli sürülməyib, gözəçarpacaq bir iş görülməyibdir. Hər halda şəxsən məndə belə bir təsəvvür yaranır ki, bizim Nazirlər Kabinetində, nazirliklərdə, komitələrdə köhnə struktura, qanun-qaydaya, adət-ənənələrə o qədər öyrəniblər ki, hesab edirlər, yəqin, konstitusiya formal bir şey kimi qəbul olunub, amma biz elə necə yaşayırdıq, o cür də yaşayacağıq; necə işləyirdik, o cür də işləyəcəyik; hansı formada, hansı struktur var, o cür də olacaq. Bu, şəxsən məni çox narahat edir. Çünki bütün işlər tək elə yuxarıdan göstərişlə yox, hər bir vəzifəli şəxsin, hər bir orqanın fəaliyyəti və təşəbbüskarlığı ilə həyata keçirilməlidir. Yuxarıdan göstərişə gələndə isə yuxarıdan konstitusiyadan artıq göstəriş ola bilməz.

Konstitusiya qəbul olunubdur. Konstitusiyanın layihəsi üzərində biz bir neçə ay çox intensiv işləmişik. Onun layihəsi ümumxalq müzakirəsinə verilibdir. Ümumxalq müzakirəsindən sonra müəyyən düzəlişlər, dəyişikliklər, əlavələr edilibdir və nəhayət, 1995-ci il noyabrın 12-də referendum vasitəsilə konstitusiya qəbul olunubdur. Hər bir dövlət orqanının vəzifəsi konstitusiyadan irəli gələn vəzifələri yerinə yetirməkdən ibarətdir. Hər bir dövlət orqanı, hakimiyyət orqanı konstitusiyada özünəməxsus müddəalar görməlidir, - çünki bunlar orada var, - dərhal oturub düşünməlidir və tədbir görməlidir: bu konstitusiyanın filan maddəsinə, fəslinə, müddəasına uyğun olaraq mən nə iş görməliyəm, nə etməliyəm. Ancaq təəssüf ki, mən bizim mərkəzi icra orqanlarından nazirliklərdən, - Nazirlər Kabinetindən bu barədə heç bir təşəbbüs hiss etmirəm. Yenə də deyirəm, məndə belə bir təsəvvür yaranır: çoxları belə hesab edir ki, konstitusiya elə konstitusiya üçün yazılıbdır, biz keçmişdə necə yaşamışıq, necə işləmişik - o cür də yaşayıb, işləməliyik.

Bax, bunların hamısına görə də mən bu gün Nazirlər Kabinetinin iclasını konstitusiyaya uyğun olaraq öz sədrliyim altında keçirməyi zəruri hesab etmişəm. Şübhəsiz ki, gərək Nazirlər Kabineti belə bir iclası konstitusiya qəbul olunandan dərhal sonra keçirəydi, lazımi tədbirlər görəydi və prezidentə bu barədə məlumatlar verəydi. Bunlar olmayıbdır. Vaxtı itirmişik. Ancaq bundan sonra vaxt itirmək olmaz. Ona görə də müzakirəyə verilən birinci məsələ bundan ibarətdir. Bu barədə biz iqtisadiyyat naziri Sadıqovun və maliyyə naziri Yusifovun məruzələrini dinləməliyik. Digər məsələ barədə Tofiq Əzizovun məlumatmı dinləməliyik.

Biz keçid dövründə yaşayırıq. Artıq dörd ildir ki, müstəqil dövlətik. Beşinci ildir ki, müstəqillik şəraitində yaşayırıq. Mən bunu dəfələrlə demişəm: biz danışanda, müzakirə aparanda şübhəsiz ki, Azərbaycan dilindən savayı rus dilindən də istifadə etmək olar. Ancaq bunun da bir müddəti olmalıdır. Ona görə də mən indi də və bundan sonra da etiraz etməyəcəyəm ki, bizim ana dilimizi bilməyən adamlar hələ ki, məruzələrini rus dilində etsinlər. Ancaq xəbərdarlıq edirəm, - artıq vaxt, illər keçir, dili öyrənmək lazımdır. Bir adam gedib bir xarici ölkədə üç il, dörd il oxuyub başqa bir dil öyrənib gəlir. Ölkəmizdə, içərimizdə yaşayan burada doğulmuş, yaşamış adamlar da dilimizi bilməlidirlər. İndi mən heç kimi günahlandırmıram. Keçmişdə ümumi işimiz belə olubdur ki, vəzifəli şəxslərin çoxu rus dilində təhsil alıb, işlərini rus dilində aparıblar. Mən bunların heç birisini günah hesab etmirəm. Keçid dövründə də insanlar müəyyən qədər bu keçid prosesində yaşayırlar, bu da təbiidir, ancaq nə qədər, neçə il lazımdır ki, vəzifəli şəxslərimiz dövlət dilimizi öyrənsinlər və biz müzakirələri də bu dildə aparaq?

Birini rus dilində dinləyib ona Azərbaycan dilində cavab vermək və yaxud onunla müzakirə aparmaq mənim üçün çətin deyil. Amma bu hər adam üçün də asan deyil. Yenə də deyirəm, əgər keçmişdə bəziləri buna ehtiyac duymayıblarsa, amma indi bu ehtiyac var axı! Oturun, müəllim tutun, bu dili öyrənin. Axı nə qədər olar, məgər elə dünyadan bu dili bilməyə-bilməyə çıxıb gedəcəksiniz? Axı belə şey olmaz. Mən yenə də deyirəm, keçmişdə, Xalq Cəbhəsinin vaxtında bəzi insanları günahlandırırdılar ki, nə bilim, rus dilində danışmaq olmaz, düş aşağıya - mən bu şeylərin əleyhinəyəm.

Mən buraya gələndən - iki il yarımdır ki, bir yerdə işləyirik hesab edirəm, -insanlara sərbəstlik vermək lazımdır. Mən də bu şəraiti yaradıram ki, kim öz fikrini hansı dildə izah edə bilirsə, etsin. Ancaq heç kəs bunu daimi bir proses kimi qəbul etməsin. Bu keçid dövrümüzün müəyyən bir elementidir. Ancaq keçid dövrünü əgər iqtisadiyyatda qısaltmaq istəyiriksə, dili mənimsəməkdə daha da qısaltmaq lazımdır.

Ona görə də, mən indiyədək bunu deməmişəm, ancaq bu gün mütləq deməliyəm: dövlət dilini yaxşı bilməyən adamlar məşğul olsunlar, müəllim tutsunlar, kitab oxusunlar, başqa yollarla dövlət dilini öyrənsinlər. Mən demirəm bu gün, sabah, bir aya, iki aya, amma qısa bir müddətdə bizim hamımız bütün müzakirələri dövlət dilində aparmalıyıq.

Məsələn, ordumuzda da vəziyyət belədir. Çünki keçmişdə Sovet Ordusunda olan terminlərin və s. əksəriyyəti dilimizə o qədər də çevrilməyib. Amma mən müdafiə nazirinə də göstəriş vermişəm ki, artıq vaxt keçib, təhsili də, ordunun idarəsini də, başqa şeyləri də tədricən dövlət dilimizə, Azərbaycan dilinə çevirmək lazımdır. Ona görə də mən bunu bir Səməd Sadıqov üçün demirəm, bütün başqaları üçün də deyirəm və xahiş edirəm, bunu nəzərə alasınız. İndi sən rus dilində danışa bilərsən, buyur...

Yekun sözü

Bu məsələ çox böyük məsələdir. Bu barədə şübhəsiz ki, buraya dəvət olunanların əksəriyyəti fikir söyləyə bilər, təklif verə bilər. Ola bilər ki, bəziləri, hətta, düşünürəm, əksəriyyəti müdafiə etməyə çalışacaq ki, bu və ya digər nazirlik, komitə, şirkət, konsern lazımdır, bundan sonra onun işçilərinin sayını artırmaq lazımdır. Ola bilər, əksinə, bəziləri bu məsələyə iqtisadi nöqteyi-nəzərdən düzgün

yanaşsınlar. Ancaq bu barədə müzakirə geniş ola bilər. Hesab edirəm ki, belə bir müzakirəyə indi ehtiyac yoxdur. Çünki indi biz hər bir naziri, komitə sədrini, şirkət, konsern rəhbərini dinləsək, onlar öz problemləri haqqında danışacaqlar. Bu problemlərin bəziləri məlumdur. Mən hesab edirəm ki, bu gün buna ehtiyac yoxdur. Bugünkü iclasımızın məqsədi bu barədə geniş fikir mübadiləsi aparmaqdan ibarət deyil. Çünki bu məsələ ümumiyyətlə aydındır. Ona görə də belə hesab edirəm ki, bir neçə fikirlə bu məsələnin müzakirəsini yekunlaşdıra bilərik.

Nə üçün mən hesab edirəm ki, müzakirəyə ehtiyac yoxdur? Çünki indi bizim əlimizdə heç bir layihə yoxdur. Bugünkü iclasın əvvəlində qeyd etdim ki, təkliflərin irəli sürülməsi, layihələrin hazırlanması barədə göstərişlər verilmişdi. Lakin belə bir layihə yoxdur. Amma eyni zamanda vəzifə aydındır. Mən bir də qeyd etmək istəyirəm ki, əsas vəzifə Azərbaycan Respublikasının ilk konstitusiyasına uyğun olaraq ölkəmizdə mərkəzi icra orqanlarının işinin təşkil olunmasıdır. Yəni bu gün söhbət sadəcə 3-4 ay bundan əvvəlki çərçivədə getmir.

Çünki o vaxt bizim yeni konstitusiyamız yox idi. Biz Sovetlər İttifaqından qalmış konstitusiya ilə yaşayırdıq. O vaxt biz sadəcə olaraq, ümumiyyətlə idarəetməni təkmilləşdirmək məsələlərini irəli sürürdük.

İndi bizim konstitusiyamız var - müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası. Bu konstitusiyada, xüsusən 114-cü maddədən başlayaraq Nazirlər Kabinetinin statusu, onun vəzifələri, səlahiyyətləri müvafiq maddələrdə göstərilib. İndi, bir də deyirəm, məqsəd konstitusiyanın həyata keçirilməsi, onun əsasında konkret tədbirlər görməkdir. Ona görə də indi müzakirə etmək üçün gərək konstitusiyadan irəli gələn təkliflər hazırlansın, verilsin, ondan sonra müzakirə olunsun. Buna görə də mən hesab edirəm ki, müzakirəyə ehtiyac yoxdur.

Biz iqtisadiyyat naziri Səməd Sadıqovun, maliyyə naziri Fikrət Yusifovun məruzələrini dinlədik. Onların məruzələrində mərkəzi idarəetmə, icra orqanlarında olan nöqsanlardan danışıldı və bu cür idarəetmə sisteminin artıq bizim bugünkü tələblərə uyğun olmadığı qeyd edildi. Onların da məruzələri, deyə bilmərəm ki, bu məsələyə geniş təhlil verdi. Ancaq məsələ aydındır.

Nə etmək lazımdır? Birinci növbədə Nazirlər Kabinetinin özünün işinin təşkil olunması həyata keçirilməlidir. Nazirlər Kabineti nədən ibarətdir? Son dəfə, səhv etmirəmsə, 1993-cü ilin iyun ayının sonunda Nazirlər Kabinetinin tərkibi Milli Məclisdə qərarla qəbul olundu. Ondan sonra Nazirlər Kabinetinin tərkibi haqqında heç bir sənəd yoxdur və heç bir tədbir də görülmür. O, keçmişdə qaldı. Çünki o zaman Nazirlər Kabinetinin tərkibi o dövrdə mövcud olan konstitusiyaya uyğun olaraq müəyyən edilmişdi. İndi, bir daha qeyd edirəm ki, müstəqil dövlət kimi bizim ilk konstitusiyamızda Nazirlər Kabinetinin funksiyası, səlahiyyətləri, vəzifələri çox aydın göstərilmişdir. Ona görə də birinci növbədə gərək Nazirlər Kabineti özü Nazirlər Kabinetinin tərkibi haqqında təklif hazırlasın və prezidentin təsdiqinə versin.

Nazirlər Kabinetinin mərkəzi aparatının strukturu haqqında da təkliflər hazırlanmalıdır. Şübhəsiz ki, bu işlər konstitusiyamıza, eyni zamanda iqtisadiyyatda strateji xəttimizə uyğun olmalıdır. Strateji xəttimiz məlumdur, iqtisadi islahatların keçirilməsindən, bazar iqtisadiyyatının bütün sahələrdə tətbiq

olunmasından ibarətdir. Ona görə də Nazirlər Kabinetinin tərkibi buna uyğun olmalıdır. Bunlar da konstitusiyamızda öz əksini tapıbdır, - mən sadəcə olaraq bunu dəqiqləşdirirəm, buna uyğun olmalıdır. Ancaq bir şeyi nəzərə almalıyıq. Hesab edirəm ki, bu, mütləq lazımdır. Biz bazar iqtisadiyyatına keçid mərhələsindəyik. Tam bazar iqtisadiyyatı Azərbaycanda bərqərar olduğu zaman, iqtisadi islahatlar həyata keçirildikdən sonra, alınan nəticələrlə əlaqədar, şübhəsiz ki, həm Nazirlər Kabinetinin, həm də bütün mərkəzi idarəetmə, icra orqanlarının funksiyaları, vəzifələri daha da təkmilləşəcək və o, tələblərə tam uyğun olmalıdır. Ancaq indi biz keçid dövründəyik.

Keçid dövründə həm bu dövrün xüsusiyyətləri, həm də strateji xəttimizin tələbləri nəzərə alınmalıdır. Demək, bu təkliflər həmin iki prinsip əsasında yaranmalıdır. Güman edirəm, bu prinsiplər əsasında Nazirlər Kabinetinin tərkibi hazırlanmalıdır və prezidentin təsdiqinə verilməlidir. Ancaq Nazirlər Kabinetinin tərkibini son olaraq müəyyən etmək üçün gərək bizim bütün sosial-iqtisadi sahələrin idarəetmə, rəhbər icra orqanlarının həm strukturları, həm onların say tərkibi, həm də səlahiyyətləri, vəzifələri müəyyən olunsun.

Burada mən respublikamızın bir neçə nazirliklərini və orqanlarını kənara çıxarıram. Bu, güc nazirliklərimiz, hüquq mühafizə orqanlarımız, Xarici İşlər Nazirliyidir. Bunlar Nazirlər Kabinetinin tərkibinə daxil deyil. Onlar ali icra orqanı olan prezidentin birbaşa tabeliyindədir. Eyni zamanda bu orqanların da həm strukturları təkmilləşdirilməlidir, həm vəzifələri dəqiqləşdirilməlidir, həm də səlahiyyətləri tam dəqiqləşdirilməlidir. Ona görə də bu orqanlar müstəqil olaraq Nazirlər Kabinetindən ayrı bu vəzifələri özləri yerinə yetirib öz təkliflərini birbaşa prezidentə təqdim etməlidirlər. Ancaq bütün başqa mərkəzi icra, idarəetmə orqanları Nazirlər Kabinetinin tərkibindədirlər. Ona görə də həmin orqanların hamısının birincisi, taleyi müəyyən edilməlidir. Hansı orqanın bundan sonra hansı sayda, tərkibdə fəaliyyət göstərməsi və onların strukturu müəyyən edilməlidir.

Bu iş həm Nazirlər Kabinetinin rəhbərliyi tərəfindən, həm də həmin nazirliklərin, komitələrin, şirkətlərin, konsernlərin rəhbərliyi tərəfindən görülməlidir. Şübhəsiz ki, bunların hamısına Nazirlər Kabineti, xüsusən baş nazir bilavasitə rəhbərlik etməlidir. Burada bir neçə fakt göstərildi. Bundan çox da göstərmək olar. Məsələn, burada deyildi ki, respublikada inşaatla ondan artıq nazirlik, komitə məşğul olur. Bundan əlavə bir çox orqanlar öz tərkiblərində inşaat müəssisələri yaradıblar. Şübhəsiz ki, hər bir inşaat nazirliyi, komitəsi, şirkəti öz-özünü saxlamağa çalışacaq. Çalışacaq sübut eləsin ki, o lazımdır, o müstəqil olmalıdır, müstəqil fəaliyyət göstərməlidir. Ona görə də onların özü bu məsələni təkbaşına həll edə bilməzlər. Ancaq Nazirlər Kabineti, yəni onun rəhbərliyi bu məsələyə baxmalıdır.

Məsələn, inşaat kompleksinə baxmalıdır və müəyyən etməlidir ki, inşaat sahəsində hansı nazirlik, ya komitə, yaxud şirkət və başqa orqan fəaliyyət göstərməlidir. O nədən ibarət olmalıdır. Nazirlər Kabineti bu məsələni həmin orqanların başçıları ilə birlikdə həll etməlidir. Məsələn, Nazirlər Kabinetində inşaat işləri ilə konkret olaraq Abid Şərifov məşğul olur. Bu məsələləri o, həmin nazirliklərlə, komitələrlə,

şirkətlərlə bir yerdə həll edib öz təkliflərini verməlidir. Yaxud Səməd Sadıqov burada dedi ki, bizim sənaye sahəsində çoxlu cürbəcür birliklərimiz, konsernlərimiz var. Keçmişdə sənayemizin əksər hissəsi Ümumittifaq tabeili sənaye olub. Ona görə də Azərbaycanda müvafiq nazirliyimiz olmayıb. Hətta yadımdadır, vaxtilə bizim neftayırma və neft kimyası sənayesi nazirliyimiz var idi.

O vaxt Moskvadan dəfələrlə məsələ qoymuşdular ki, Azərbaycanda belə bir nazirliyin olmasına ehtiyac yoxdur. Çünki başqa respublikalarda belə nazirlik yoxdur. Bunu da ləğv etmək, o zavodları İttifaqın ayrı-ayrı nazirliklərində olan birliklərə bağlamaq lazımdır. Bizim maşınqayırma, elektrotexnika sahələri üzrə zavodlarımız o vaxt da var idi, indi də var. Amma, məsələn, Neft-Kimya Maşınqayırma Sənayesi Nazirliyi Moskvada olduğuna görə onun burada \"Azneftkimyamaş\" adlı birliyi vardı. Həmin zavodların hamısı bu birliyə daxil idi. O deyəsən, indi də var, mövcuddur. Elektrotexnika sahəsində bizim bir çox zavodlarımız var idi. Əvvəldən də var idi, sonralar, xüsusən 70-ci illərdə biz elektrotexnika sahəsində bir neçə zavod yaratdıq. Xatirimdədir, o vaxtlar mən bir neçə dəfə təşəbbüs etmişdim ki, bu zavodları birləşdirək, elektrotexnika birliyi yaradaq və onun Azərbaycanda ümumi bir rəhbərliyi olsun. Ancaq Elektrotexnika Sənayesi Nazirliyi buna razı olmurdu. Çünki elektrotexnikaya mənsub olan bir zavod orada bir idarəyə, o birisi isə başqa bir idarəyə daxil idi. Onlar sahələrarası rəhbərliyi pozmamaq üçün buna razılıq vermirdilər və biz də bununla razılaşmalı olurduq.

Yaxud xatirimdədir, 70-ci illərdə biz Elektrotexnika, Radiotexnika Nazirliyi ilə əlaqədar bir çox işlər gördük, burada zavodlar, müəssisələr yaratdıq. Biz onların da birliyini yarada bilmirdik. Çünki onlarda da hər zavod Moskvada olan nazirliyin bir idarəsinə bağlı idi. O idarələr arasında o qədər də yaxın əlaqələr olmadığına görə onlar buna imkan vermirdilər.

Bu, keçmişdə olan vəziyyət idi. Amma təəssüf ki, bu vəziyyət indi də Sovet İttifaqı dağılıb, biz dörd ildən artıqdır ki, müstəqil dövlət kimi yaşayırıq bu struktur indiyədək də davam edir. O vaxtdan yaranmış bəzi birliklər elə yenə də birlikdir. İndi onlara şirkət, yaxud da konsern deyirlər, cürbəcür adlar qoyublar. Amma bir çox zavodlar da elə təkbaşınadır. Məsələn, Bakı kondisionerlər zavodu bir zavod kimi təkbaşınadır. Heç bir birliyə daxil deyil. Doğrudur, sonralar orada iki-üç zavod bir birlik əmələ gətirdi, onların özlərinin birliyi var. Amma eyni zamanda elektrotexnika ilə əlaqədar onun yanında başqa zavodlar da var, onlar da müstəqildirlər.

Ona görə də sənaye sahəsində, xüsusən ağır sənaye, maşınqayırma sənayesi sahəsində bizdə indiki struktur Sovet İttifaqı vaxtından qalan strukturdur. Amma elə hamısı elədir. Mən bunu iclasın əvvəlində dedim, bir də təkrar edirəm. Gərək Nazirlər Kabinetinin rəhbərliyi müəyyən etsin: onların bu müəssisələri idarə etməsi üçün hansı idarəetmə orqanı yaranmalıdır, yaxud yaranmalı deyil. Eyni zamanda, yeni bir şey yaratsaq, burada dedilər, bizdə respublika tərkibində 90-a qədər nazirlik, komitə, şirkət var. Onlardan 64-ü büdcədən maliyyələşdirilir. Onların bu qədər saxlanılmasına ehtiyac varmı, yoxsa yoxdur? Şübhəsiz ki, yoxdur.

Bir də qeyd edirəm, ancaq bu təkmilləşdirmə işi bir şeyi nəzərə almalıdır ki, biz bazar iqtisadiyyatı yolu ilə gedirik, keçmiş sistemi saxlaya bilmərik. Yəni bu təkmilləşdirməni keçmiş sistemin əsasında apara bilmərik. Biz islahatlara, bazar iqtisadiyyatına uyğun struktur yaratmalıyıq. Ona görə də mən hesab edirəm ki, biz bu gün qərar qəbul etməliyik. Qərarımız da ondan ibarət olmalıdır ki, hər bir nazirlik, komitə, şirkət müzakirə olunan bu məsələlərlə əlaqədar öz təkliflərini bir həftə müddətində Nazirlər Kabinetinə verməlidir. Nazirlər Kabineti, onun rəhbərliyi Nazirlər Kabinetinə daxil olan orqanlarla birlikdə bu gündən başlayaraq bu işlə ciddi məşğul olmalıdır. Bir həftə gözləməməlidir ki, hansı məsələləri bilavasitə özü həll edəcək, bu işləri indi aparmalıdır. Bir həftə ərzində alınan təkliflər nəticəsində Nazirlər Kabinetinin tərkibinin təşkil olunması haqqında təklif verməlidir - yanvar ayının 25-nə qədər. Eyni zamanda bizim bütün sosial-iqtisadi, təkrar edirəm, sosial-iqtisadi sahənin müasir tələblərə, konstitusiyanın tələblərinə uyğun idarə edilməsinin təkmilləşdirilməsi haqqında təklif verməlidirlər. Bu təkliflər ayın 25-nə qədər tam hazır olmalı, prezidentə təqdim edilməlidir və mən əvvəlcədən deyirəm, bu təklifləri alıb onlarla tanış olandan sonra bir neçə günün içərisində biz bir də belə geniş iclasa toplaşacağıq və orada bu məsələ geniş müzakirə oluna bilər. Artıq orada hər kəs nə ilə razıdır, nə ilə razı deyilsə - onu deyə bilər, yaxud da ki, o layihələrdə nəzərdə tutulmamış təklifləri irəli sürə bilər və biz beləliklə, son qərarımızı qəbul edə bilərik.

Ona görə də mən yenə deyirəm, bu gün geniş müzakirəyə ehtiyac yoxdur. Eyni zamanda, bu təkliflərin hazırlanma prosesində nazirliklər, - bu bütün nazirliklərə aiddir, - komitələr, konsernlər hansılar ki, hesab edirlər ki, onlar yaşamalıdır və bundan sonra da həmin idarəetmənin bir subyekti kimi fəaliyyət göstərməlidir – onlar öz nazirliyinin, yaxud da ki, komitəsinin əsasnaməsini hazırlayıb verməlidirlər. Bu əsasnamələrdə həmin nazirliyin vəzifələri, səlahiyyəti, struktur və onun fəaliyyətinə aid olan bütün başqa əsas prinsiplər əks olunmalıdır. Bu əsasnamələr prezident tərəfindən təsdiq olunmalıdır və onun əsasında iş təşkil edilməlidir. Buna görə də mən bu gün tapşırıram ki, eyni zamanda bu vəzifənin də həyata keçirilməsi ilə paralel məşğul olasınız.

İdarəetmənin təkmilləşdirilməsi prosesində, struktur dəyişiklikləri prosesində şübhəsiz ki, bir çox ixtisarlar olacaqdır. Bununla əlaqədar olaraq mən hamını xəbərdar edirəm ki, heç kəs belə tədbirlərin həyata keçirilməsi ilə bağlı, öz sərəncamlarında olan əmlakın, binaların, maddi vəsaitlərin dağıdılmasına yol verməsin. Bunları qorumaq hər bir şəxsin borcudur. Bu xəbərdarlığı xüsusən ona görə edirəm ki, son illərdə respublikamızda, təəssüf ki, belə dağıdıcı proses gedibdir.

Ayrı-ayrı nazirliklərin, idarələrin, komitələrin rəhbərləri, onların sərənca mında olan məsələn, binanın, əmlakın bir hissəsini hansı şərtlərləsə kiməsə veriblər, başqa maddi vəsaitlərin bəzi hissəsini dağıdıblar. Bunlar da iqtisadiyyatımıza, respublikanın iqtisadi potensialına çox ağır zərbələr vurubdur.

Əgər bir kəs nazirdirsə, rəhbərlik etdiyi nazirlik onun şəxsi mülkiyyəti deyildir. Əgər bir kəs böyük müəssisənin rəhbəridirsə, o müəssisə onun şəxsi mülkiyyəti deyildir. Onun ixtiyarı yoxdur ki, müəssisənin bir hissəsini özbaşına götürüb hansısa bir kommersiya strukturuna və ya başqa birisinə versin. Biz indi özəlləşdirməyə gedirik. O müəssisələr ki, səhmdar cəmiyyəti tərəfindən idarə ediləcək, orada da heç kimin ixtiyarı olmayacaq ki, hətta özəlləşdiriləndən sonra da bu müəssisələrdən özbaşına istifadə etsin. Təəssüf ki, hələlik belə hallara çox rast gəlirik.

Keçmişdə respublikamızda ittifaq tabeliyində olan çoxlu layihə, elmi-tədqiqat institutları, ayrı-ayrı təşkilatlar olubdur. İndi onlar öz funksiyalarını itiriblər, binalarının bir hissəsində başlarını girləyirlər, bir hissəsini də götürüb ona-buna verirlər. Nə ixtiyarları var, kimin ixtiyarı var? Yoxdur! Ona görə belə olubdur ki, respublikanın rəhbərliyi tərəfindən bu işə nəzarət edilməyib, özbaşınalıq olubdur, kim nə istəsə edibdir. Buna yol vermək olmaz və buraxılan bütün səhvlər düzəldilməli və bundan sonra qarşısı çox qətiyyətlə alınmalıdır.

Bizdə Əmlak Komitəsi var, o nəyin sahibidir - təkcə fabriklərin, zavodların? Bəs Əmlak Komitəsi bunların sahibi deyilmi? Bunlar Əmlak Komitəsində uçotda var? Bəs nə cür olub ki, ayrı-ayrı nazirliklər, yaxud nazirlər, komitə sədrləri, institut direktorları, müəssisə rəhbərləri dövlət əmlakını özbaşına dağıdıblar? Biz bir ildir

çalışırıq ki, dövlət əmlakının özəlləşdirilməsi haqqında proqram hazırlayaq və onu həyata keçirək. Ancaq eyni zamanda son bir neçə ildə dövlət əmlakının bir hissəsi artıq dağıdılıbdır. Bunları bərpa etməliyik, hamısının qarşısı alınmalıdır. Mən bunu qətiyyətlə deyirəm və biz bu tədbirləri həyata keçirəcəyik. Bunu indi xüsusən ona görə deyirəm ki, təkmilləşdirmə prosesi gedəcək. Bu, müəyyən ixtisarlara gətirib çıxaracaqdır və bu prosesdə də belə hallara yol verilməsin. Beləliklə, mən bu məsələnin müzakirəsini yekunlaşdırıram. Qarşımızda çox ciddi məsələ durur. 1996-cı ildə sürətlə iqtisadi islahatlar aparmalıyıq, iqtisadiyyatın idarə olunmasını təkmilləşdirməliyik, konstitusiyadan irəli gələn bütün vəzifələri həyata keçirməliyik. Ona görə də bu işlərlə artıq ciddi məşğul olmalıyıq.

Nazirlər Kabinetinin indiyə qədərki işini mən kafi, qənaətbəxş hesab edə bilmərəm. Bu gün bunu sizə açıq deyirəm. Doğrudur, 1994-1995-ci illərdə Nazirlər Kabineti də bir neçə ağır proseslərdən keçibdir, yəni obyektiv səbəbləri var. Ancaq bununla yanaşı olaraq xeyli müddətdir ki, Nazirlər Kabineti sağlam bir tərkibdədir, lakin bu məsələlərin həll olunması üçün lazımi tədbirlər görmür. Nazirlər Kabinetinin işində çox süründürməçilik var. Mənə şikayətlər gəlir ki, məsələlərin çoxu uzun müddət həll olunmur. Nazirlər Kabinetinə gələn məktublar, kağızlar, təkliflər günlərlə, bəzən aylarla orada yatıb qalır. Bu isə ümumi işimizi nəinki irəli aparmır, əksinə, ləngidir, tormozlayır.

Ona görə də, təkmilləşdirmə prosesi öz yerində, Nazirlər Kabineti öz işini tamamilə kökündən dəyişdirməlidir. Bu cür işləməklə razı ola bilmərəm, - mən bunu hamınıza açıq deyirəm, - qətiyyən razı ola bilmərəm. Nazirlər Kabinetinin işi çox operativ olmalıdır, bu, operativ orqandır və bizim bütün məsələlərimizin, xüsusən iqtisadi məsələlərimizin, istehsalla əlaqədar olan məsələlərin həllindəki operativlikdən, çeviklikdən hər şey asılıdır. Amma belə operativlik, çeviklik yoxdur. Mən sizi bu barədə xəbərdar edirəm.

Keçən ilin mayında mən yeni baş naziri təqdim edərkən Nazirlər Kabineti qarşısında çıxış etdim. O vaxt mən Nazirlər Kabinetinin işinə aid ciddi iradlarımı bildirdim. Tapşırıqlar verdim ki, hər bir müəssisə, birlik, hər bir nazirlik mövcud şəraitdə öz işini daha da yaxşı aparmaq üçün Nazirlər Kabinetinə təkliflərini versin. Nazirlər Kabineti isə bu təkliflərə baxsın və lazımi tədbirlər görsün. Mən bu gün çox böyük təəssüf hissi ilə demək istəyirəm ki, tapşırıq elə oradaca qalıb, lazımi səviyyədə həyata keçirilməyib və bu, şübhəsiz, qənaətbəxş hesab edilə bilməz. Ona görə mən narazılığımı bildirirəm və sizə xəbərdarlıq edirəm. Belə işləmək olmaz.

Nazirlər Kabinetinin aparatı da çox ləng işləyir. Orada həddindən artıq bürokratizm mövcuddur. Xatirimdədir, keçmiş illərdə, 70-ci illərdə də mən Nazirlər Kabinetinin aparatında olan bürokratizmi duyurdum, hiss edirdim, müşahidə edirdim. Onların aparatda olan işlərini o vaxt da bir neçə dəfə tənqid etmişdim. Ancaq sizə düzünü deyim, o vaxtla indini müqayisə etsək, o vaxt toya getməli idi. İndi bürokratizm o qədər artıbdır ki, bunu təsəvvür etmək mümkün deyildir. Əgər o vaxt bürokratizmin bir qismi bəlkə də mövcud sistemlə əlaqədar idisə, - yəni o sistem elə idi ki, bəzən lazımsız məlumatlar, kağızlar tələb olunurdu, lüzumsuz müşavirələr, müzakirələr keçirmək lazım gəlirdi.

Çox vaxt Nazirlər Kabineti Rəyasət Heyətinin, yaxud kabinetin iclasını keçirirdi, sonra onun qərarını yazmağa bir ay vaxt sərf edirdi, bir ay sonra da qərar yerlərə göndərilirdi və heç əhəmiyyəti də olmurdu. Bunlar hamısı keçmişdə gördüyümüz şeylərdir. Yenə deyirəm, bəlkə də o vaxt bunların bəziləri ümumiyyətlə həmin sistemin, bürokratik sistemin özünün günahlarından meydana gələn hallar idi, amma indi biz o bürokratik sistemdən axı, guya xilas olmuşuq.

Deyirsiniz ki, sovet sosialist sistemi bürokratik sistemdir, işlərin getməsinə mane olurdu. Sovet sistemi, sosialist sistemi ləğv olundu. İndi bu bürokratiyanı yaratmağa hansı şərait var, nə səbəb var? Amma bürokratiya var, özü də təkcə Nazirlər Kabinetinin aparatında deyil, bütün nazirliklərdədir, idarələrdədir, bütün komitələrdədir. Bu bürokratiya bir tərəfdən, sadəcə olaraq dövlət hakimiyyəti orqanlarında işləyən adamların səhlənkarlığının, yaxud işə pis münasibətinin nəticəsidirsə, ikinci tərəfdən, bütün mərtəbələrdə bəzi məsələlərin həllinə əngəl yaradıb bundan şəxsi mənfəət götürməklə bağlıdır. Bu, əngəllər çox vaxt süni surətdə yaradılır. Çoxları şikayətlənirlər ki, məsələ həll etmək mümkün deyil, işi uzadırlar. Ya nə isə umurlar, onu vermək lazımdır, yaxud da sadəcə olaraq işə baxmaq istəmirlər. O da, xəyanətdir, bu da xəyanətdir. Bunlara son qoymaq lazımdır.

Mən qeyd edirəm, Nazirlər Kabinetinin aparatından başlamış ta aşağıya qədər, yerli icra orqanlarına qədər bütün mərtəbələrdə, səviyyələrdə belə vəziyyət mövcuddur. Bu, müstəqil Azərbaycanın adını ləkələyir, vətəndaşlarda narazılıq törədir, hakimiyyətə qarşı mənfi münasibət yaradır; amma ən dəhşətlisi odur ki, işimizin irəli getməsinə maneçilik törədir. Bunlar aradan qaldırılmalıdır.

Dövlət hakimiyyəti orqanlarında üzərinə sahələrdə vəzifədən sui-istifadə, rüşvətxorluq halları, - mən bunları qeyd etdim, - bütün orqanlarda var. Maliyyə naziri burada dedi ki, hüquq-mühafizə orqanları yoxlama aparırlar, bunlar iqtisadiyyatımıza zərər vurur, onlar bunu etməməlidirlər, bu yoxlamaların bəziləri də rüşvətxorluq məqsədi ilə aparılır. Doğrudur, mən bu fikirlə razıyam. Amma eyni zamanda bizim maliyyə orqanları da bu qüsurlardan, nöqsanlardan azad deyildir. Vergi orqanları, gömrük orqanları da bu qüsurlardan azad deyildir. Əgər biz polis orqanlarının günahlarından danışırıqsa, bu, həqiqətdir, prokurorluq orqanlarının günahlarından danışırıqsa, bu, həqiqətdir. Amma biz o biri orqanlarda olan günahlardan da danışmalıyıq. Bu, hamısında var. Mən bu gün bunu tam açıqlığı ilə deyirəm və tələb edirəm ki, belə hallara son qoyulsun.

Güman edirəm ki, idarəetmənin təkmilləşdirilməsi həm bu bürokratizmin, süründürməçiliyin, işlərin normal getməsinə mane olan amillərin aradan götürülməsinə şərait yaradacaq, eyni zamanda vəzifədən sui-istifadə etmək, rüşvətxorluq hallarından xilas olmağa şərait yaradacaqdır. Ancaq təkcə bunlara ümid bəsləmək olmaz. Hər bir vəzifəli şəxs bilməlidir ki, biz xalqımızı, millətimizi, ölkəmizi, vətənimizi bu mənfi hallardan xilas etməliyik və iqtisadiyyatın irəli getməsi üçün idarəetmə orqanlarının işini təkmilləşdirməli, gücləndirməliyik.

Bir neçə sahələr var, onların işinə xüsusi baxılmalıdır. Mən bunu Nazirlər Kabinetinə bir neçə dəfə tapşırmışam, ancaq səmərəli nəticə əldə olunmayıb. Məsələn, bizim Azərenerji, yəni elektrik enerjisi kompleksində vəziyyət çox ağırdır. Elektrik stansiyaları işləyir, ancaq onların fəaliyyəti gündən-günə aşağı düşür. Əgər təsirli tədbirlər görməsək elektrik enerjisi ilə təchizatımız get-gedə çox ağırlaşacaqdır. Mən bu barədə Nazirlər Kabinetinə bir neçə dəfə göstəriş vermişəm. Hesab edirəm ki, struktur məsələlərini həll edən kimi bizim elektrik enerjisi kompleksinin işi xüsusi müzakirə olunmalıdır, oradakı vəziyyət təhlil edilməli və bütün bu məsələlər çox ciddi araşdırılıb lazımi tədbirlər görülməlidir.

Neft-qaz kompleksini götürək, bizim neft şirkəti iri şirkətdir, böyük imkanları var, ancaq deyə bilmərəm ki, günümüzün tələblərinə uyğun işləyir. Mən heç bilmirəm onlar nə iş görürlər. Vaxtilə biz Azərbaycanda hər gün məlumat alırdıq ki, nə qədər neft çıxarıldı, qaz çıxarıldı, niyə dünənkindən, keçən həftəkindən az çıxarılıbdır, səbəbi nədir, nə etmək lazımdır. Amma indi gəlin açıq danışaq, Nazirlər Kabineti bu işlə məşğuldurmu? Yox! Nazirlər Kabinetində neft və kimya şöbəsi var, onun on nəfər ştatı var. Nə iş görür bu on nəfər adam, nə işlə məşğuldur? Yoxlayırmı ki, hansı buruq nə üçün dünən, yaxud keçən ay az neft verib, harada qaz az çıxarılıb? Yoxlayırmı, nəzarət edirmi, yaxud bir təsir göstərirmi? Bu şirkəti buraxmışıq özbaşına. Mən Natiq Əliyevə bir neçə dəfə demişəm və bu gün də deyirəm, neft müqaviləsi bağlanıb, başqa işlər görülüb, bunlar hamısı çox gözəldir, gələcəyimiz üçün lazımi işlərdir və bu sahədə şirkətin işini yüksək qiymətləndirirəm. Amma bu, təkcə şirkətin işi deyil, bununla biz hamımız məşğul oluruq. Bəs cari məsələlər? Oradan xəbər gəlir ki, neftçilərin məvacibini vermirlər, buradan xəbər gəlir ki, neftçilərin məvacibini vermirlər, neft şirkəti haraya isə sponsorluq edir, kömək edir. Əgər sən öz işçilərinə məvacib verə bilmirsənsə sponsorluq etməyə nə haqqın var?

Mən qəzetlərin birində oxudum ki, çıxarılan neftin uçotu aparılmadığına görə bir milyon ton neft zavodlara uçotsuz gedir və orada kimsə onu mənimsəyir. Yenə də deyirəm, mən bunu dünən qəzetdə oxumuşam. Bunun nə qədər həqiqət olduğunu deyə bilmərəm. Ancaq belə bir siqnal gələn kimi mən çox narahat oldum və göstəriş vermişəm ki, bunu yoxlasınlar. Amma eyni zamanda, bizim Nazirlər Kabineti bir baxırmı ki, neft nə qədər çıxdı, zavoda nə qədər gəldi və zavoddan nə qədər çıxdı? Buna bir nəzarət edən varmı, yoxsa yox?

Görürəm ki, yoxdur. Nazirlər Kabinetindən buna nəzarət edən yoxdur. Əvvəllər bir neçə dəfə gəldilər, məsələ qaldırdılar ki, biz Türkmənistandan qaz almalıyıq. Keçən illərdə almışıq, əgər indi qaz almasaq Azərbaycan batacaq, nə bilim, burada sosial partlayış olacaq və sair. Mən məsələni araşdırdım. Gördüm ki, burada bu məsələ ancaq ayrı-ayrı adamların mənafeyi üçün qaldırılır. Dedim ki, lap donsaq da bu il Türkmənistandan qaz almayacağıq. Yaşayırıq. Bilmirəm, Türkmənistandan qaz alanda bizim qaz təchizatımız bundan yaxşı idi, yaxud pis idi, deyə bilmərəm. Yaşayırıq. Hər halda biz ildə 6 milyard kubmetr qaz çıxarırıq. İldə 6 milyard kubmetr qaz çıxaran bir ölkə gedib başqa yerdən qaz alsın? Mən dünən idi, srağagün idi Gürcüstandan gələn nümayəndələrlə görüşürdüm. Onların xarici işlər naziri və orada parlamentə deputat seçilən azərbaycanlılar mənimlə görüşə gəlmişdilər. Onlarla söhbət edirdim. Gürcüstanda qaz yoxdur.

Türkmənistandan az miqdarda qaz alırlar, o da bir neçə müəssisəni təchiz etmək üçün. Yaşayırlar. Ağır yaşayırlar, ancaq yaşayırlar. İndi biz 6 milyard kubmetr qaz çıxardığımız halda, gəlin gedək Türkmənistandan da qaz gətirək. Bizim televiziya da bilmirəm niyə bu mənasız işlərlə məşğuldur. İki gündən bir məlumat verir: Türkmənistana 80 milyon dollar borcumuz var onun filan qədəri verildi, filan qədəri verilmədi. Mən bilmirəm, bura televiziyanın nə dəxli var? Televiziyanın işi-gücü yoxdur?

Həftədə bir dəfə məlumat verir. Mən Babəkə demişəm ki, ümumiyyətlə, bu məlumatlara nəzarət etsin. Bəzən yalan məlumatları götürüb verirlər. O gün televiziya ilə eşidirəm ki, yanvar ayının 24-də müstəqil dövlətlər başçılarının iclası olacaqdır. Gəlmişəm, telefon edirəm ki, bu müstəqil dövlətlər başçılarının iclası axı, ayın 19-dadır, bəlkə bir dəyişiklik var, mən bilmirəm, bir deyin görək. Ora-bura, bir yarım saat vaxt itirmişəm, yoxlayıram, heç bir dəyişiklik yoxdur. Yaxşı, televiziya bu məlumatı haradan götürüb verib? Hansısa bir məlumat agentliyi verib, bu da götürüb verir. Siz bilməlisiniz ki, dövlət işləri ilə əlaqədar olan xəbərlər dəqiq məlumatlar olmalıdır. Əgər siz müstəqil dövlətlər başçılarının görüşü haqqında məlumat vermək istəyirsinizsə, gərək onu bizdən, Prezident Aparatından soruşasınız. Çünki bu, dövlət başçısının görüşüdür. Burada sizə deyərlər və əgər lazımdırsa siz bunu verərsiniz. Ona görə də mən televiziya şirkətinin sədri Babəkə bu barədə bir neçə dəfə çox ciddi iradlarımı bildirmişəm. Fürsətdən istifadə edib, bu gün yenə də demək istəyirəm.

Amma yenə də qayıdıram həmin qaz məsələsinə. İndi bunu ona görə dedim ki, məsələn, son bir ayda mən televiziyadan üç dəfə eşitmişəm ki, Türkmənistana filan qədər borcumuz var, filan qədər verilib, filan qədəri də qalıb. Bunun əhəmiyyəti nədir, bilmirəm. Aydındır ki, borcumuz var, veririk və verəcəyik. İndi bizim bu qədər borcumuz olduğu halda ayrı-ayrı adamlar gəlib təklif edirlər ki, gəlin yenə də gedək Türkmənistandan qaz alaq. Amma onun pulunu sonra nə ilə verəcəyik, bilmirəm.

Mən həmin Gürcüstandan məlumatlar alıram. Belə məlumatlar vaxtilə də gəlirdi ki, buradan benzin guya Gürcüstana keçir. Mənə dəqiq sənədlər gətiriblər - oradan birbaşa Ermənistana keçirirlər. Bunu bizim adamlar edibdir. Mənə bu barədə artıq məlumat veriblər. Həmin bu qazın, benzinin satılması barədə təsdiq olunan məlumatlar var, bunları yoxlayacaqlar.

Biz nə qədər qaz, neft çıxarırıq, hara gedir, nə edirik, - bunlar bizim öz sərvətimizdir, - məlumatsızıq. Buna görə, hesab edirəm ki, bu yaxın vaxtlarda biz Dövlət Neft Şirkətinin məruzəsini dinləməliyik, ətraflı müzakirə etməliyik. Bir tərəfdən onların problemlərini həll etməliyik, - çünki o problemlər həll olunmalıdır ki, Dövlət Neft Şirkətində neft və qaz istehsalı azalmasın, artsın. Eyni zamanda bax, bu nöqsanlar niyə mövcuddur - bu barədə də biz öz münasibətimizi bildirməliyik.

Başqa bir neçə komplekslər də var. Məsələn, maşınqayırma kompleksi. Bizim bir çox istehsal fondlarımız, zavodlarımız var, orada çoxlu adamlar işləyirlər. Nə etmək lazımdır? Mən keçən dəfə də, yəni 1994-cü ilin may ayında da dedim ki, gəlin fikirləşək görək, axı nə edək? İndi artıq keçmiş vaxt deyil ki, biz Dövlət Plan Komitəsindən filan-filan şeyləri alaq. Hər bir zavod özü fikirləşməlidir - nə etməli, hansı yolla getməlidir ki, bir şey istehsal etsin. Nə istehsal etməlidir?

Əgər istehsal etdiyi mal bu gün bazarda qəbul olunmursa, demək, başqa şey istehsal etməlidir. Bu barədə təşəbbüskarlıq çox azdır. Bir sözlə, idarəetməni təkmilləşdirməklə əlaqədar bir neçə xüsusi komplekslərin işini biz yaxın vaxtlarda, güman edirəm, fevralın birinci yarısında müzakirə etməliyik və lazımi tədbirlər görməliyik. Bir sözlə, iqtisadiyyatla ciddi məşğul olmalıyıq. İndi biz özəlləşdirmə haqqında məruzəni dinləyəcəyik. Şübhəsiz ki, strateji yolumuz məlumdur. Ancaq strateji yolumuzu həyata keçirənə qədər mövcud imkanlardan hər gün, hər ay səmərəli istifadə etməliyik.

Burada qərar layihəsi var, ancaq təəssüf ki, bu qərar layihəsi mən dediyim fikirlərin hamısını əhatə etməyib. Ona görə mən Fuad Quliyevə, Vahid Axundova tapşırıram ki, bu müzakirə və mənim bu fikirlərimlə əlaqədar bu qərar layihəsini sabahadək hazırlasınlar və sabah mən bunu imzalayım, hər yerə göndərək. Əsas işin təşkil olunması məsələsidir. Mən vaxtdan, müddətləri dedim. Bu müddətlər dəyişilməzdir.

* * *

Qeyd etmək olar ki, Dövlət Əmlak Komitəsi müəyyən iş görüb və bu barədə Tofiq Əzizovun məruzəsini nəzərə almaq lazımdır. Ancaq eyni zamanda mən bu fikri xüsusi vurğulamaq istəyirəm ki, özəlləşdirmə bizim hər birimizin vəzifəsidir. Burada iki prinsip var: birincisi, dövlət əmlakının özəlləşdirilməsində ədaləti qorumaq lazımdır. İndiyədək dövlətin əmlakı dağılıb, bundan sonra buna yol verilməməlidir. Ona görə də özəlləşdirmənin həyata keçirilməsində hər bir vəzifəli şəxs öz səlahiyyətinə aid olan vəzifələrin yerinə yetirilməsində dövlət mənafeyini qorumalıdır və gözləməlidir. Eyni zamanda biz Özəlləşdirməni tezliklə, sürətlə aparmalıyıq. 1996-cı il iqtisadiyyatımızda özəlləşdirmənin geniş və sürətlə həyata keçirilməsi ili olmalıdır. Hesab edirəm, indiyədək bunun üçün görülən işlər bu proqramı 1996-cı ildə geniş surətdə və çox yüksək sürətlə həyata keçirməyə imkan verir. Ancaq lazımdır ki, hər kəs öz sahəsində bu işlə ciddi məşğul olsun.

Tofiq Əzizovun burada bir neçə fakt haqqında dediyi sözlər, yəni indiyədək dövlət əmlakının dağıdılması, ayrı-ayrı adamlar tərəfindən ucuz qiymətə satılması, - bu, dağıdılmaq deməkdir, - mənim bayaq dediyim fikirləri faktlarla bir daha təsdiq edir. Bunların haqqında ölçü götürülməlidir. Yəni, əgər belə qanunsuz hallara yol verilibsə - və verilibdir - bunların qarşısı alınmalıdır. Müvafiq qanun çərçivəsində

bunlar bərpa olunmalıdır və şübhəsiz ki, bizim özəlləşdirmə proqramı ilə onlar özəlləşdirilməlidir. Biz imkan verə bilmərik ki, kimsə, haradasa vaxtilə nəyisə dağıdıbsa, həmin dağıtma da təsdiq olunsun. Biz onu təsdiq edə bilmərik. Tofiq Əzizov deyir ki, bu adamların bəziləri yoxdur. Onlar indi Azərbaycandadırlar. Əgər vəzifələrində yoxdurlarsa da, Azərbaycandadırlar. Lap Azərbaycanda deyilsə, Azərbaycandan kənardadırlarsa da, onlar haqqında qanun çərçivəsində lazımi tədbirlər görmək olar.

Yəni bir sözlə, özəlləşdirmə qanun çərçivəsində, dövlət əmlakının, dövlətin varidatının qorunması yolu ilə getməlidir. Eyni zamanda insanlara şərait yaratmaq lazımdır ki, onlar özəlləşdirmədən səmərəli istifadə. edib, təşəbbüskarlığı artıra bilsinlər, istehsal artırıla bilsin. Ümumiyyətlə, bunlar hamısı, nəzərdə tutulduğu kimi, xalqın rifahının yaxşılaşdırılmasını təmin etməlidir və güman edirəm ki, təmin edəcəkdir.

Özəlləşdirmə ilə əlaqədar konkret təkliflərə, məsələlərə bu günlərdə baxılmalıdır və sonra biz ona bir yerdə baxmalıyıq. Sənədlər hamısı lazımi səviyyədə təsdiq olunmalıdır. Özəlləşdirmənin geniş miqyasda aparılması üçün yollar açılmalıdır.