Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdən sonra jurnalistlərin suallarına cavabı - Yalta, Azərbaycan prezidentinin iqamətgahı, 19 avqust 2000-ci il

Sual: Siz dünən aparılmış danışıqlar baxımından qeyri-formal görüşünüzü necə səciyyələndirirsiniz?

Heydər Əliyev: Bilirsiniz, dünənki qeyri-formal görüş çox faydalı oldu. Bunun xüsusiyyəti ondadır ki, ümumiyyətlə, nə gündəlik vardı, nə də qabaqcadan hazırlanmış məsələlər. Biz sadəcə olaraq görüşdük, danışdıq. Prinsipcə, dünən biz hamımız dağılışarkən belə bir yekdil fikrdə idik ki, görüşlər faydalı oldu. Ona görə ki, rəsmi görüşlər həmişə qabaqcadan hazırlanmış müəyyən bir reqlament qoyur və sair. Belə qeyri-formal görüş isə daha sərbəst fikir mübadiləsi aparmağa, öz fikirlərini daha sərbəst ifadə etməyə imkan verir. Zənnimcə, həmin nöqteyi-nəzərdən bu, faydalıdır. Dünən biz hamımız həm də ona tərəfdar olduğumuzu bildirdik ki, görünür, bu cür görüşləri vaxtaşırı keçirməliyik.

Eduard Şevardnadze: Mən də bu fikirdəyəm. Mən də belə düşünürəm. Yeganə olaraq əlavə edim ki, gördüyünüz kimi, bu gün prezidentlər səviyyəsində, ikitərəfli əsasda daimi görüşlər keçirilir və mənim Heydər Əliyeviçlə də, başqa prezidentlərlə də görüşlərim oldu. Dünənki tədbir bir daha ünsiyyətdə olmağa, bizi düşündürən və prezidentlər tərəfindən qərarlar qəbul olunmasını tələb edən bütün problemləri müzakirə etməyə imkan verdi.

Jurnalist: Dünənki bəyanat paylanıb, siz orada razılaşdırılmış mövqedən çıxış etmisiniz. Siz Nyu-Yorka, BMT tərəfindən təşkil olunan minilliyin zirvə görüşünə gedirsiniz, bəyan etmisiniz ki, beynəlxalq təşkilat kimi MDB adından vahid mövqedən çıxış edəcəksiniz.

Eduard Şevardnadze: Hesab edirəm ki, ayrı-ayrı ölkələr də, regional təşkilatlar da Birləşmiş Millətlər Təşkilatının 50 illiyinin keçirilməsini alqışlayırlar. Bu, Birləşmiş Millətlər Təşkilatını dəstəkləyən tamamilə zərərsiz bir bəyanatdır. Heydər Əliyeviç də belə hesab edir.

Heydər Əliyev: Siz bu bəyanatı daha düzgün başa düşməlisiniz. Bilirsinizmi, hər bir dövlət üçün başlıcası özünün siyasətini, öz suverenliyini və Birləşmiş Millətlər Təşkilatında üzvlük hüququnu qoruyub saxlamaqdır. Bu baxımdan biz tamamilə müstəqilik, tamamilə sərbəstik. O ki qaldı bu bəyanata, orada başlıca məna ondan ibarətdir ki, bəli biz, Baş Məclisin üçüncü minilliyin əvvəlində çağrılan bu sessiyasını çox mühüm hesab edirik. Qloballaşma məsələləri də olacaq və sair. Yəni bizlərdən hər biri Nyu-Yorkda öz fikrini söyləyə bilər, bəyanatda da elə bunlar ifadə edilmişdir. Suveren dövlətlər olaraq bizi orada narahat edən xüsusi elə bir şey yoxdur.

Sual: Cənab prezidentlər, dünən Siz prezident Putinlə görüşdünüz. Hansı məsələləri müzakirə etdiniz?

İkinci sual. Rusiya tərəfindən yenə də bəyan olunur ki, çeçen yaraqlıları Gürcüstan və Azərbaycan ərazisindən öz döyüş əməliyyatlarını hazırlayırlar, daha doğrusu, orada məşğul olurlar. Siz belə bəyanatı necə şərh edərdiniz və əgər ümumiyyətlə həmin mövzuda danışmısınızsa Putin bu barədə nə dedi?

Eduard Şevardnadze: Məsələn, mən onunla bu barədə danışmadım, bu məsələni qaldırmadım. Bu mənim onunla üçüncü görüşümdür. Lakin əvvəlki görüşlərdə bu barədə söhbət getmişdir. Hesab edirəm ki, bu, Gürcüstan və Azərbaycan üçün tamamilə əsassız ittihamdır, xüsusən də indi belə bəyanat üçün heç bir əsas yoxdur. Dünənki söhbətdə isə bu məsələyə o da toxunmadı və mən də, necə deyərlər, lazım bilmədim.

Jurnalist: Halbuki onun mətbuat katibi bu barədə danışmışdır.

Eduard Şevardnadze: Mən mətbuat katibimə tapşıracağam ki, bu suallara cavab versin.

Sual: Elə isə Siz Putinlə nə barədə danışdınız? Hər halda Rusiya bizim əsas şimal qonşumuzdur vəmaraqlıdır, siz onunla nə haqda, hansı mövzularda danışdınız, nəyi müzakirə etdiniz?

Eduard Şevardnadze: Yəqin ki, Heydər Əliyeviç bu barədə əlavə olaraq danışacaqdır. Biz başlıca olaraq ikitərəfli münasibətlərimizi müzakirə etdik. Bilirsiniz ki, indi biz mürəkkəb bir zəmanəni yaşayırıq. Çünki Gürcüstandan Rusiya silahlı qüvvələrinin çıxarılması prosesi gedir. Bunun necə çətin proses olduğunu bilirsiniz. Deməliyəm ki, proses normal gedir. Prezident Putinin özü bu prosesdən razıdır. Mən də çox məmnun olduğumu bildirmişəm. Mən ona dedim ki, biz bu prosesi başa çatdırdıqdan sonra iki ölkələrimiz arasında münasibətlər daha sistemli, daha dinamik şəkildə, dövlətlər arasında etimad əsasında inkişaf edəcəkdir.

Heydər Əliyev: İkitərəfli münasibətlər haqqında bizim də söhbətimiz oldu. Ancaq söhbətimizin əksər hissəsi Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına aid idi, belə ki, Rusiya ABŞ və Fransa ilə birlikdə Minsk qrupunun həmsədridir. Biz ən çox bu barədə və əlbəttə, dövlətlərarası münasibətlər haqqında danışdıq. Mən prezident Putini Azərbaycana dəvət etdim. O, bu səfəri cari ildə həyata keçirməyi vəd etdi.

Sual: Cənab Prezident, Bakı-Ceyhan layihəsi üzərində iş necə gedir?

Heydər Əliyev: Bakı-Ceyhan layihəsi üzərində iş, əslinə qalsa, başa çatmışdır. İndi söhbət onu gerçəkləşdirməkdən gedir. Biz ötən beş ildə olduqca böyük çətinlikləri aradan qaldıraraq, nə lazımdırsa etmişik: dünya miqyasında çox böyük olan belə bir müqavilənin imzalanması, - xatirinizdədir, bu, keçən ilin noyabrında İstanbulda olmuşdur, - bu sənədin, bu müqavilənin Türkiyə, Gürcüstan və Azərbaycan parlamentləri tərəfindən ratifikasiya edilməsi. İndi konkret əməli işdən söhbət gedir. Bu işi vaxtilə konsorsium əmələ gətirmiş 11 neft şirkətini özündə birləşdirən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti görürlər. Hesab edirəm ki, işlər normal gedir. Şübhəsiz, çətinliklər də var.

Eduard Şevardnadze: Əlavə edim ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin baş tutmasında Heydər Əliyeviç Əliyev həlledici rol oynamışdır. Odur ki, gürcü xalqı bu işə töhfəsinə görə ona hədsiz minnətdardır.