Elçibəy Əbülfəz (1938-2000)

Azərbaycanın siyasi və dövlət xadimi. Sovet İttifaqı dövründə dissident. 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub. Hakimiyyəti dövründə rus qoşunlarının Azərbaycandan çıxarılması və Xəzər hərbi donanmasının bir hissəsinin Azərbaycana verilməsinə nail olub. Dağlıq Qarabağ münaqişəsində əvvəlcə müəyyən hərbi uğurlar qazanılsa da sonradan baş verən məğlubiyyətlər, hərbi-siyasi böhran nəticəsində hakimiyyəti zəifləyib. 4 iyun 1993-cü ildə Azərbaycanın Gəncə şəhərində başlayan qiyamla Bakını tərk etməmişdən əvvəl 9 iyun 1993-cü ildə Azərbaycanın Naxçıvan regionunun rəhbəri, sovet dövründə Azərbaycana başçılıq etmiş və Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyevi hakimiyyətə dəvət edib. Hakimiyyətə gələn Heydər Əliyev ölkədə vəziyyəti sabitləşdirib. 1997-ci ildə yenidən Bakıya qayıdan Elçibəy Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri olaraq Azərbaycan prezidenti Heydər Əliyevə müxalif siyasi fəaliyyətini davam etdirib. 22 avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərindəki Gülhanə hərbi tibb qospitalında xəstəlikdən dünyasını dəyişib. Bakıdakı fəxri xiyabanda dəfn olunub. Dəfn mərasimi dövlət səviyyəsində təşkil olunub və Azərbaycan prezidenti Heydər Əliyev mərasimdə iştirak edib.