Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və sizə öz hörmət, ehtiramımı bildirirəm.
Azərbaycan Respublikasının, müstəqil dövlətimizin qarşısında çox böyük problemlər vardır. Biz yeni dövlət, yeni həyat qururuq, iqtisadiyyatda böyük dəyişikliklər edirik. Bir çox məsələlər, problemlər vardır, amma bunların içərisində ən mühüm, ən vacib problem respublikamızın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrini çıxarmaq, Azərbaycanın dövlət suverenliyini tamamilə təmin etmək və əziz bacılar, qardaşlar, sizi - doğma yurdundan didərgin düşmüş vətəndaşlarımızı öz yerinə-yurduna, elinə-obasına qaytarmaqdan ibarətdir.
Azərbaycanın başına gələn bu bəla böyük bəladır. Ermənistan 1988-ci ildə Azərbaycana hərbi təcavüzə başlayandan indiyədək biz böyük itkilər, şəhidlər vermişik. Bizim bugünkü qonağımız, hörmətli prezident Əsgər Akayevlə birlikdə Şəhidlər xiyabanında olduq, şəhidlərin məzarlarını ziyarət etdik, dualar oxuduq, onların xatirəsini yad etdik, məzarları qarşısında baş əydik. Biz milli azadlığımız, dövlət müstəqilliyimiz, torpaqlarımızın müdafiəsi yolunda şəhidlər, çox itkilər vermişik. Əziz bacılar və qardaşlar, ən çox itki verən, zərər çəkən sizsiniz. Siz yerinizdən-yurdunuzdan, elinizdən-obanızdan, evinizdən, yaşadığınız yerlərdən zorla çıxanlmısınız, varınızıyoxunuzu itirmisiniz. Neçə illərdir ki, doğma yerlərinizə həsrətsiniz. Bu, ağır dərddir, bəladır. Sizin, bizim birlikdə verdiyimiz itkilər də böyük itkilərdir.
Məlumdur ki, xalqımız əsrlər boyu böyük sınaqlardan keçibdir. Keçən əsrlərdə, dövrlərdə də xalqımızın başına bəlalar gətirən qüvvələr, xalqımıza zülm edənlər olubdur. Bizim xalqımızı sındırmaq, əzmək istəyənlər olubdur. Xalqımız itkilər də, qurbanlar da, şəhidlər də verib, ancaq heç vaxt sınmayıbdır, iradəsindən dönməyibdir, iradəsini itirməyibdir. Xalqımız məğrur xalqdır. Xalqımız ötən dövrlərdəki o sınaqlardan keçdiyi kimi, biz də bu sınaqlardan keçəcəyik, bu addımı atacağıq və müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edəcəyik, Ermənistan silahlı qüvvələrini işğal etdikləri torpaqlarımızdan çıxaracağıq, siz öz yerinizə yurdunuza qayıdacaqsınız.
Dəfələrlə keçirdiyimiz görüşlərdən, danışıqlardan sizin arzunuzu, istəyinizi bilirəm. Bilirsiniz ki, eviniz-eşiyiniz dağılıb, varınız, varidatınız viran olub, amma sizə doğma torpaq, eliniz-obanız lazımdır. Bu, bizə də lazımdır. Bizə Azərbaycanın ərazi bütövlüyünü, respublikamızın sərhədlərini bərpa etmək lazımdır. Bunlar hamımıza lazımdır. Biz bunlara nail olacağıq. Bilirsiniz, uzun müddətdir ki, biz bu barədə lazımi iş aparırıq, bu məsələnin sülh yolu ilə həllinə çalışırıq. Hörmətli qonağımız, prezident Əsgər Akayev burada dedi, ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsinin əsas prinsiplərini əks etdirən bəyanat qəbul olunubdur. Bu, tarixi sənəddir, nailiyyətdir. Ermənistanın Azərbaycana təcavüzü başlayandan biz Dünya Birliyinin, dünya, Avropa ölkələri başçılarının birgə həmrəyliyi ilə qəbul edilən belə beynəlxalq əhəmiyyətli sənəd kimi bir sənəd indiyədək əldə edə bilməmişdik. İndi isə biz bunu əldə etmişik. Bu sənədin mahiyyəti ondan ibarətdir ki, orada Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tanınması göstərilir, məsələnin sülh yolu ilə həll olunması üçün Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarəetmə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə zəmanət verilməsi nəzərdə tutulubdur. Ancaq bu üç prinsipin əsasını işğal olunmuş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxması və Sizin - yerindən-yurdundan didərgin düşmüş, köçkün, ağır vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının öz yerlərinə, yurdlarına, elinəobasına qayıtması təşkil edir. Biz bu sənədin həyata keçirilməsi ilə məşğuluq. Deyildiyi kimi, Minks qrupunun üç həmsədri təyin olunubdur: Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. Biz bütün vasitələrdən istifadə edirik ki, 1997-ci ildə məsələnin sülh yolu ilə həll edilməsinə nail olaq. Biz buna nail olacağıq. Mən buna inanıram. Ancaq o da məlumdur ki, bu, xalqımızın, Azərbaycan millətinin iradəsidir, biz torpaqlarımızı başqalarının tapdağı altında heç vaxt qoymayacağıq. Biz heç vaxt ərazimizin bir qarışının da belə heç kəsə verilməsinə razı olmayacağıq. İşğal olunmuş torpaqlarımız nəyin bahasına olursa-olsun azad ediləcək, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq və siz yerinizə-yurdunuza qayıdacaqsınız.
Bilirik ki, belə vəziyyətdə yaşamaq çətindir. Əlimizdən gələni edirik ki, sizin yaşayışınızı müəyyən qədər yüngülləşdirək, vəziyyətinizdə müəyyən müsbət halların əldə edilməsinə nail olaq. Bunun üçün bu gün də çalışırıq, sabah da çalışacağıq. Sizin yaşayışınız Azərbaycan dövlətinin, şəxsən mənim daim qayğım altındadır. Bilin ki, Azərbaycan prezidenti kimi, mənim üçün sizin həyatınıza olan qayğı kimi, başqa birinci dərəcəli məsələ yoxdur. Mənim üçün işğal olunmuş torpaqların azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması kimi, başqa bir ali vəzifə yoxdur. Mən bu vəzifəni yerinə yetirməyi özümün müqəddəs borcum hesab edirəm. İnanın, bilin ki, mən sözümü yerinə yetirmək üçün həyatımın son dəqiqəsinə qədər çalışacağam və buna nail olacağam.
Xalqımız dözümlü xalqdır. Biz keçən dövrlərdə də çox əzabəziyyətlərə, çətinliklərə, məhrumiyyətlərə dözmüşük. İndi də sizin aqibətiniz belə gətirib. Bu ağırlıqlara, çətinliklərə məhrumiyyətlərə dözürük, dözməliyik. Sizə və bütün xalqımıza, xüsusən yerindən-yurdundan didərgin düşmüş soydaşlarımıza bu dözümlülüyünüzə, dəyanətinizə görə təşəkkür edirəm. Dözün, biz xalqımızla bir yerdə dözək, ona görə ki, istədiyiniz həmin o günə gəlib çataq. Əmin olun ki, torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın gələcək xoşbəxt günü gəlib çatacaqdır.
Sizə cansağlığı arzu edirəm. Bunu bilin, mənim qəlbim sizinlədir. Sizə dözümlülük, xalqımıza vüqar, cəsarət, qəhrəmanlıq arzu edirəm. Bu yolla biz respublikamızın dövlət müstəqilliyini möhkəmləndirib, müstəqil Azərbaycanı yaşadacağıq.
Əziz dostlar, sağ olun.