Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin «Bakılı oğlanlar» şən və hazırcavablar klubu komandasının yeni proqramla çıxışına baxdıqdan sonra komandanın üzvləri ilə söhbəti - Respublika sarayı, 10 iyun 2001-ci il

Axşamınız xeyir olsun!

Mən sizi hazırladığınız bu yeni proqram münasibətilə təbrik edirəm. Bilirəm ki, siz bir neçə gündür ki, bu sarayda çıxış edirsiniz və çıxışlarınızın hamısı Azərbaycanda, Bakıda böyük həvəslə izlənilir, qəbul olunur. Deyirlər ki, Respublika sarayının salonunda boş yer yoxdur, yaxşı da pul qazanmısınız. Amma deyirlər ki, bugünkü çıxışınız pulsuzdur. Niyə? Gərək bugünkü çıxışınızı da pullu edəydiniz.

Təbiidir, 10 il müddətində siz çox irəliyə getmisiniz, inkişaf etmisiniz. Bu barədə siz özünüz də bu gün burada çox sözlər dediniz. Veteran Yuli Qusman da bu barədə çox geniş danışdı. Təbiidir ki, bu, Azərbaycan cəmiyyətinin, xalqımızın bir tərəfdən, incəsənət, o biri tərəfdən isə, ağıl, zəka nümayiş etdirmək nöqteyi-nəzərdən böyük bir sərvətidir. Bu sərvət bir-iki gündə yaradılmır, o, xırda-xırda toplanır və komandaya nə qədər istedadlı insanların cəlb olunmasından asılıdır. Bu istedad ikitərəfli olmalıdır. Bəzən səhnədə yaxşı istedad nümayiş etdirən insandan zəkasının da o qədər yüksək olması tələb edilmir. Amma sizin komandada vəziyyət başqa cürdür. Burada gərək həm artistlik istedadı, həm də bilik və zəka olsun. Yəni həm suallara cavab tapa biləsən, həm də ayrı-ayrı səhnələri göstərə biləsən.

Təbiidir ki, sizin bu çıxışlarınız daha çox yumor xarakteri daşıyır. Ortada suallar da təşkil edirsiniz, onlara cavab verirsiniz. Amma keçmişə nisbətən sizin bu çıxışlarınızın əsasını yumor təşkil edir. Bu da çox vacibdir, əhəmiyyətlidir. Çünki yumor insanlar üçün həmişə mənəvi bir qida olubdur. İkinci tərəfdən də, yumor, eyni zamanda ayrı-ayrı qüsurların tənqididir. Əgər keçmişə nəzər salsaq, yumoristlər keçmişdə müəyyən qədər müxalifətdə olubdur. Məsələn, bizim böyük mütəfəkkirimiz Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalında, yaxud öz əsərlərində o dövrdə xalqımızın, cəmiyyətin nöqsanlarını, xalqımızın bəzi məsələlərdə geri qalmasını çox yumoristik şəkildə əks etdirirdi. Həmin jurnalın nömrələrinə baxanda bəzi adamlar belə qəbul edirlər ki, bu sözlər, şəkillər sadəcə, insanı güldürməkdən ötrüdür. Amma orada iki məna var: həm insanı güldürür, həm də cəmiyyətə, insana başa salır ki, bu nöqsanları aradan qaldırmaq lazımdır.

Bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyov «Məşədi İbad» operettasını yaradıbdır. İnsanların, demək olar ki, əksəriyyəti - əgər mütəxəssisləri nəzərə almasaq - indiyə qədər hesab edirlər ki, «Məşədi İbad» operettası komediyadır, insanlar gəlib baxsınlar, istirahət etsinlər. Ancaq bu, bir tərəfdən, komediyadır, digər tərəfdən, əgər bu əsəri dərindən təhlil etsən aydın olar ki, bir tərəfdən, o dövrdə cəmiyyətdə gedən proseslər, ikinci tərəfdən də nöqsanlar, çatışmazlıqlar göstərilibdir. Eləcə də məsələn, Qoqolun əsərlərini götürsək, onun əsərlərindəki obrazlar indiyə qədər yaşayırlar. Ona görə də yumor iki məna, məqsəd daşıyır. Bir tərəfdən, insanlar həqiqətən gülür, istirahət edirlər. Deyirlər ki, sizin bu tamaşanız 3 saat 15 dəqiqə çəkibdir. Başqa bir tamaşada buna dözmək mümkün deyildir. Amma siz bir tərəfdən, insanları güldürürsünüz, ikinci tərəfdən isə, tənqid edirsiniz. Hesab edirəm ki, tənqidi də məhəbbətlə edirsiniz.

Bu gün siz Bakı şəhərinin yeni icra hakimiyyəti başçısı H.Abutalıbov haqqında danışdınız, göstərdiniz. Bəziləri elə başa düşər ki, siz onu mənfi tərəfdən göstərdiniz. Yox. Amma mən hesab edirəm ki, siz onu müsbət mənada göstərdiniz.

Anar Məmmədxanov: Cənab Prezident, biz onu dəstəkləyirik, gördüyü işləri müdafiə edirik.

Heydər Əliyev: Bəli, siz onu göstərdiniz, amma komik bir şəkildə göstərdiniz. Siz məni də yaddan çıxartmırsınız. Görürəm ki, hər dəfə mövzunu bir az da genişləndirirsiniz. İndi oğlumu da buraya qatmısınız. Ola bilər, 2-3 tamaşadan sonra nəvələrimi də qatasınız. Hər halda, bunlar hamısı xeyirlidir, faydalıdır. Siz faydalı iş görürsünüz.

Siz burada dediniz ki, guya bu, vida konsertidir. Bilirəm, siz bununla caamatı aldadırsınız, sizə desinlər ki, getməyin, dayanın. Konsertdə Yuli Qusman da çıxış etdi və dedi ki, siz onları haraya buraxırsınız, bunu etmək olmaz. Hətta məsələni səsə qoydu. Yəni, siz öz nüfuzunuzu daha da qaldırmağı qərara aldınız. Qaldırdınız da. Sizin nüfuzunuz yüksək səviyyədədir. Əlbəttə, adamlar zaman-zaman müəyyən janrdan, tamaşadan usanırlar. Amma siz burada da buna məharətlə yanaşa bildiniz. Hesab edirəm ki, siz heç yana getməyəcəksiniz, yaşayacaqsınız, yəqin ki, ŞHK-sız yaşaya bilməyəcəksiniz. Bəziləriniz qocalmayınca bu komandadan kənarda heç on il də yaşaya bilməyəcəksiz.

Sizi bir daha təbrik edirəm, hamınıza yeni uğurlar arzulayıram, sənə isə təşəkkürümü bildirirəm.

Yuli Qusman: Valideynlərimi xatırladığınıza görə də sağ olun.

Heydər Əliyev: Səni Azərbaycanda Şən və Hazırcavablar Klubunun banisi hesab edirlər. Yadımdadır, mən hələ DTK-da işlədiyim vaxtlarda bu komanda yenicə çıxış etməyə başlayırdı. O vaxtlar buna çox mənfi yanaşırdılar. Bu mən hələ DTK-nın sədri olmadığım vaxtlarda idi. Bu yenicə başlayırdı. O illərdə Komsomolun Mərkəzi Komitəsinin birinci katibi mərhum Maqsud Əlizadə idi. O vaxt çoxları bunu qavramırdı. Yadımdan çıxıb, siz hansısa salona toplaşmışdınız. Mən də oraya gəldim. Daha doğrusu, o məndən kömək göstərməyi xahiş etmişdi. Onda DTK-nın dəstəyi çox böyük rol oynayırdı, çünki sizin çıxışlarınız antisovet, dövlət əleyhinə çıxışlar kimi qiymətləndirilirdi və sair. Mən o görüşü xatırlayıram. Biz bu mövzuda söhbət edirdik. Maraqlı bir gecə alındı. Bu, gərək ki, 1966-cı ildə olmuşdur.

Yuli Qusman: Yadınızdadırmı, əgər Siz olmasaydınız, biz 1970-ci ildə qalib gələ bilməzdik. Moskvadan Lapin mətnimizi qadağan etmək istəyəndə Siz dediniz ki, biz büroda baxmışıq, mən oxumuşam, buraxın. Beləliklə, onlar buna mane ola bilmədilər. O vaxt bu, artıq son canlı efir idi. Bu, 1970-ci ilin iyulunda, 30 il əvvəl olmuşdur. Biz bu günədək birinci yerdəyik.

Heydər Əliyev: Odur ki, siz Şən və Hazırcavablar Klubunun inkişafında mənim xidmətlərimi unutmamalısınız.

Yuli Qusman: Yox, Siz bizim ən böyük KVN-çimizsiniz. Bilirsinizmi, dünən Zyuqanov Soçidə nə haray-həşir salmışdı. Deyirdi: «Mən üç il ŞHK-nın kapitanı olmuşam».

Anar Məmmədxanov: Cənab Prezident, mən burada dedim ki, həqiqətən, Siz olmasaydınız, Sizin dəstəyiniz olmasaydı, cəmiyyətdə indiki kimi vəziyyət yaranmasaydı, onda ŞHK, ümumiyyətlə, heç zaman olmazdı.

Heydər Əliyev: Əlbəttə.

Anar Məmmədxanov: Biz hər şeyi xatırlayırıq. 1992-93-cü illərdə iki dəfə çempion olmağımıza baxmayaraq, burada konsert verə bilmirdik.

Heydər Əliyev: Sən, gəl, bir dəfə ŞHK-da o dövrü göstər, qoy görsünlər ki, siz 1991-1993-ci illərdə hansı şəraitdə yaşayırdınız.

Anar Məmmədxanov: Əlbəttə, biz qorxduq ki, adamlar gələcək və sevinclərindən avtomatlarla tavanı gülləyə tutacaqlar.

Heydər Əliyev: Bax, sən növbəti tamaşa üçün yaxşı ideya verdin.

Yuli Qusman: Bəlkə prezident fərmanı gərəkdir ki, onlar desinlər ki, bax, biz getmək istəyirdik, amma bizə qadağan elədilər və dedilər ki, yeni nömrə hazırlayın.

Heydər Əliyev: Bəli, əgər onlar prezidenti göstərməkdən qorxmurlarsa…

Anar Məmmədxanov: Adamlar o vaxtları zarafatla da xatırlamaq istəmirlər.

Heydər Əliyev: O vaxtları unutmaq olmaz. O vaxtları unutsalar, adamlar indini qiymətləndirə bilməzlər. Bu günü qiymətləndirmək üçün keçmişi unutmamaq lazımdır. Bax, o deyir ki, dörd ay əvvəl şəhər başqa vəziyyətdə idi. Hər il elə belə də olur. Bunu unutsaq, onda bir ildən sonra, məsələn, Bakıda hamı düşünər ki, şəhər həmişə belə olmuşdur.

Anar Məmmədxanov: Adamlar sabitliyə öyrəşiblər, unudublar ki, artıq axşam saat 6-da küçələrdə ins-cins olmurdu. Bir dəfə, 1993-cü ilin mayında bizi komendantlığa apardılar, nə var ki, gecə yarısı küçəyə çıxmışdıq.

Heydər Əliyev: Növbəti tamaşa üçün ssenarinin yarısı artıq hazırdır. Sizi bir daha təbrik edirəm.