Hörmətli xanımlar və cənablar, konfrans iştirakçıları!
Hörmətli qonaqlar!
Sizi, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş \"İnkişaf problemləri və strateji istiqamətlər\" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayıram və konfransın işində sizə uğurlar arzulayıram.
Bu konfrans Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Çünki müstəqil Azərbaycanın həyatında keçid dövrünün problemləri içərisində ən ağır problem, ən əzab-əziyyətli problem və ən çətin problem Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaqdır; Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsidir; işğal olunmuş torpaqlardan zorla çıxarılmış, öz ölkəsinin daxilində yaşadığı yerlərdən məhrum olmuş, məcburi köçkün vəziyyətinə düşmüş insanların problemidir; qaçqınların, Ermənistandan qaçqın düşüb Azərbaycanda yaşayan vətəndaşlarımızın problemidir. Ona görə də bu problemlərin bir hissəsi olan qaçqınların və ölkə daxilində öz yaşayış yerlərindən məhrum olmuş məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş konfrans, təbiidir ki, bizim üçün, bir daha qeyd edirəm, çox əhəmiyyətlidir. Konfransın keçirilməsi münasibətilə irəli sürülmüş təşəbbüs çox təqdirəlayiqdir. Konfransın başlanğıcı bunu göstərir ki, o, bizim üçün nə qədər zəruridir, nə qədər də vacibdir.
Konfransda baş nazirin müavini Əli Həsənov, hörmətli Şərif Amin Zaher, hörmətli Tevfik Yaprak, hörmətli Uilyam Holbruk bu problemlə əlaqədar çox ətraflı, geniş məlumatlar verdilər və bu problemlərin həll olunması ilə bağlı öz fikirlərini, təkliflərini irəli sürdülər. Eyni zamanda bu çıxışlarda bu sahədə indiyə qədər görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında danışıldı. Bu çıxışlarda gələcək üçün hansı işlər görülməlidir və nə etmək lazımdır, - bu barədə təkliflər və fikirlər irəli sürüldü. Güman edirəm ki, bunlar konfransın işinin əsasını təşkil edir və bundan sonra da konfransda məhz bu məsələlərin ətrafında müzakirə getməlidir. Ancaq konfransın məqsədi təkcə fikir mübadiləsi aparmaq, müzakirə etməkdən ibarət deyil, məsələlərin həll olunması üçün əlverişli yollar tapmaq və xüsusən o yollarla gedərək məsələləri həll etməkdən ibarətdir.
Azərbaycanda qaçqınların və məcburi köçkünlərin - öz ölkəsi daxilində yerlərindən məhrum olmuş vətəndaşlarımızın, yəni bu problemin tarixi böyükdür. Burada müxtəlif rəqəmlər deyildi, amma mən bunu dəqiqləşdirmək istəyirəm.
Bunun 12 illik tarixi vardır. Çünki 12 il bundan öncə - 1987-ci ilin sonunda və 1988-ci ilin ilk aylarında Ermənistan Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edərək, Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək məqsədi ilə bu münaqişəni başlamışdır. Bu münaqişə get-gedə dərinləşmiş, kəskinləşmiş, sonra isə böyük bir müharibəyə çevrilmişdir.
İlk köçkünlər, qaçqınlar Azərbaycana Ermənistandan 1988-ci ildə gəlmişlər və demək olar ki, o il Ermənistanda yaşayan bütün azərbaycanlılar oradan zorla çıxarılmış, böyük məhrumiyyətlərə, böyük itkilərə məruz qalmış və məcburi olaraq onların hamısı Azərbaycana köçmüşlər, burada müxtəlif yerlərdə yerləşdirilmişlər. Onlar indiyə qədər də çox ağır vəziyyətdə yaşayırlar.
Demək, beləliklə, bu problem 12 il bundan öncə başlanmışdır. Onda hələ Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər İttifaqı mövcud idi və Ermənistan, Azərbaycan Sovetlər İttifaqının daxilində müttəfiq respublikalar idi. Ondan sonrakı dövrdə, - ilk növbədə münaqişə get-gedə genişləndiyinə görə, - Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz yerlərindən-yurdlarından zorla çıxarılmışlar və itkilər də vermişlər. Heç kəs unutmamalıdır ki, 1990-cı ildə Dağlıq Qarabağın mərkəzi Xankəndində azərbaycanlıların evlərinin hamısı yandırılmışdır. Xatirimdədir, gərək ki, 250 ev yandırılmış və orada yaşayan azərbaycanlılar qovulmuşdular.
Bundan öncə də Dağlıq Qarabağın ərazisində ayrı-ayrı kəndlərdə münaqişələr baş vermiş, itkilər olmuş və bəzi kəndlərdən - ermənilər üstünlük təşkil edən kəndlərdən - azərbaycanlılar zorla çıxarılmışlar. Dediyim kimi, 1990-cı ildə azərbaycanlılar Xankəndidən də zorla çıxarılmışlar. Bundan sonra gedən proseslərdə isə 1990-1991-ci illərdə artıq Dağlıq Qarabağın ərazisində demək olar ki, azərbaycanlılar çox az qalmışdır.
Nəhayət, bu günlər biz bu faciəli hadisənin səkkiz illiyini qeyd edirik. Dağlıq Qarabağda yalnız Şuşada və onun bir neçə kəndində yaşayan azərbaycanlılar 1992-ci ilin may ayında Şuşa işğal olunduğuna görə oradan da zorla çıxarılmışlar. Sonra, 1992-ci ilin may ayında məhz bu gün Laçın rayonu, yəni Dağlıq Qarabağla Ermənistanı ayıran ərazi, Azərbaycan ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur və Laçın rayonunun 50 mindən artıq əhalisi də belə bir vəziyyətdə öz yaşayış yerlərindən məhrum olaraq, böyük itkilər verərək, öz var-yoxlarından məhrum olaraq Azərbaycanın başqa bölgələrinə köçmüşlər.
Bu mərhələlərin tarixini davam etdirmək olar. Ancaq hesab edirəm, buna ehtiyac yoxdur. Çünki bunlar məlumdur. Mən bu nöqtələrə, bu tarixlərə nəzər salaraq bildirmək istəyirəm ki, Azərbaycanda köçkün problemi 12 il bundan öncə yaranıbdır və bəlkə də dünyada çox nadir bir hal olan - öz ölkəsinin içərisində öz daimi yaşayış yerindən məhrum olmaq problemi Azərbaycanda 1989-1990-cı illərdən başlayıbdır.
Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycanın torpağıdır. Dağlıq Qarabağda azərbaycanlılar əsrlər boyu yaşamışlar. Sonralar ora ermənilər də gəlib azərbaycanlılarla bərabər yaşamışlar. Amma 1989-1992-ci illərdə oradan - Dağlıq Qarabağ ərazisindən azərbaycanlılar tamamilə çıxarılmışlar.
Sonra isə məlumdur ki, Dağlıq Qarabağın ətrafında olan başqa rayonlar da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və beləliklə, Azərbaycan ərazisində, öz torpağında yaşayan azərbaycanlılar öz yaşayış yerlərindən məhrum olmuşlar. Bunların da sayı 700-800 minə qədərdir və indi Azərbaycanda belə vəziyyətdə yaşayan bir milyona qədər insan vardır. Bunların bir hissəsi 12 ildir belə vəziyyətdə yaşayır, digər hissəsi isə səkkiz, altı ildir belə vəziyyətdə yaşayırlar.
Biz altı il bundan öncə - 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs sazişi əldə etdik. Bundan sonra artıq bu proses dayanmışdır. Ancaq 1988-ci ildən 1994-cü ilə qədər - altı il müddətində bu proses çox sürətlə inkişaf etmiş və bir milyona qədər azərbaycanlı ağır bir vəziyyətə düşmüşdür.
Biz bilirik ki, Ermənistan-Azərbaycan münaqişəsi indi dünyada mövcud olan yeganə münaqişə deyildir. İndi dünyada, dünyanın bəzi məntəqələrində, bəzi bölgələrində münaqişələr var. Ancaq bu münaqişəyə bənzər münaqişə, mən bu gün cəsarətlə deyirəm ki, yoxdur.
Beynəlxalq humanitar təşkilatlar Azərbaycanda belə vəziyyətə düşmüş insanlara yardıma xeyli gec başlamışlar. Xüsusən, bu proses Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra başlanmışdır. Bu proses 1993-1994-cü illərdə genişlənmiş, yəni beynəlxalq təşkilatların, ayrı-ayrı qeyri-dövlət təşkilatlarının, yaxud ayrı-ayrı ölkələrin Azərbaycandakı qaçqınlara, məcburi köçkünlərə humanitar yardımı prosesi 1992-ci, 1993-cü, 1994-cü illərdə başlanmışdır. O zaman bu yardımlar böyük həcmdə olmuş və bizim ölkəmizə, bizim xalqımıza yardım etmişdir. Bu yardımlar indiyə qədər də davam edir. Ancaq artıq burada deyildiyi kimi, bu yardımlar ilbəil azalır və hətta beynəlxalq təşkilatların nümayəndələri burada açıq bəyan etdilər ki, dünyanın başqa bölgələrində münaqişələr olduğuna görə bu yardımlar bundan sonra da azalacaqdır.
Təbiidir, bu, bizi çox narahat edir. Ona görə yox ki, Azərbaycan müstəqil dövlət olaraq ömür boyu, daim Birləşmiş Millətlər Təşkilatının, onun Qaçqınlar üzrə Ali Komissarlığının, başqa beynəlxalq təşkilatların, donorların, qeyri-dövlət təşkilatlarının yardımları ilə yaşamaq istəyir. Yox. Ancaq vəziyyət hələ dəyişilməyibdir. Yəni 1992-1993-1994-cü illərdə olan vəziyyət indi də mövcuddur. Bəlkə də bu, kəskinləşibdir. Çünki o ilk illərdə insanlar hələ belə bir vəziyyətdə yaşamağa dözümlü idi, ümid var idi ki, bu dövr az olacaqdır. Bununla yanaşı, o illərdə humanitar yardımlar indikindən xeyli çox idi. Amma indi humanitar yardımlar azalıbdır və eyni zamanda insanlar altı, yeddi, səkkiz il belə bir vəziyyətdə yaşayaraq, təbiidir ki, daha da çox əzab-əziyyət çəkirlər, daha da böyük çətinliklər içindədirlər. Ona görə də bu məsələ bizim üçün bu gün də aktualdır. Mən hesab edirəm ki, konfrans bu məsələnin həll olunmasında ciddi addımlar atacaqdır.
Ancaq bu barədə öz fikirlərimi deməzdən əvvəl, istəyirəm Azərbaycanın ağır vəziyyətdə yaşayan qaçqınlarına və məcburi köçkünlərinə, yerlərindən-yurdlarından didərgin düşmüş insanlara bir daha dərin hörmət və ehtiramımı bildirim, belə bir ağır vəziyyətdə, ağır şəraitdə yaşamağa dözümlü olduqları üçün, öz torpaqlarına qayıtmaq ümidlərini daim qəlblərində saxladıqları üçün onlara təşəkkür edim. Onları əmin edim ki, Azərbaycan dövləti indiyə qədər apardığı ardıcıl və gərgin siyasəti bundan sonra da davam etdirəcək və işğal olunmuş torpaqların hamısının azad edilməsinə, sülh yolu ilə azad edilməsinə nail olacaqdır və onlar belə bir ağır vəziyyətdən xilas olacaqlar, öz yerlərinə-yurdlarına qayıdacaqlar.
Konfransın əsas mövzusu humanitar yardım prosesi ilə bərabər, inkişaf problemləri və bunun strateji istiqamətləridir. Mən bu fikirlərlə razıyam. Ancaq hesab edirəm ki, belə bir məsələnin qoyuluşunda da biz hamımız gecikmişik. Çünki əgər indi əsas istiqamət götürülürsə ki, qaçqın vəziyyətində yaşayan, yaxud məcburi köçkün vəziyyətində yaşayan insanlara yardımı azaldıb, onları işə cəlb etmək vasitəsilə maddi vəziyyətlərini təmin etmək lazımdır - bunu elə bir neçə il bundan öncə də etmək olardı. Burada mən, təbiidir ki, bizim özümüzü də, Azərbaycanın hökumətini də tənqid edirəm. Amma eyni zamanda beynəlxalq təşkilatlara da deyirəm ki, siz bu məsələləri daha da erkən, bir neçə il bundan öncə qaldıra bilərdiniz.
Qaçqınlara və məcburi köçkünlərə iş yerləri açmaq, təbiidir ki, lazımdır. Ancaq bu, asan məsələ deyil və bu iş yerləri elə olmalıdır ki, onlar müvəqqəti xarakter daşımamalıdır. Bəzən ayrı-ayrı xarici ölkələrdən gələn nümayəndələr elə fikirlər söyləyirlər və bu fikirləri daha da çox Ermənistan təbliğatı beynəlxalq təşkilatlarda, yaxud ayrı-ayrl ölkələrdə olan dairələrdə yayır ki, nə üçün Azərbaycan dövləti öz daxilində yerlərindən məhrum olmuş insanları daimi yaşayış yerlərinə müəyyən etmir, onlar üçün daimi yaşayış binaları tikmir, yaratmır və onları məskunlaşdırmır.
Bu, Azərbaycana qarşı olan zidd fikirlərdir. Bu o deməkdir ki, bu insanlar əsrlər boyu yaşadıqları torpaqlardan uzaqlaşmalıdırlar, Azərbaycanın başqa yerlərində məskunlaşdırılmalıdırlar.
Birincisi, Azərbaycanın ərazisinin başqa yerlərində belə imkanlar yoxdur. İkincisi isə, Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır və azad olunmuş yerlərə Azərbaycanın başqa bölgələrindən vətəndaşlar köçməyəcəklər, oranın öz qədim sakinləri öz yerlərinə, dədə-baba yurdlarına köçəcəklər və orada həyatlarını davam edəcəklər. Başqa cür ola bilməz. Bu, təkcə mənim fikrim deyil. Mən qaçqınlarla, məcburi köçkünlərlə dəfələrlə görüşürəm. Onlar bütün bu ağırlıqlara dözürlər, amma öz doğma torpaqlarının həsrəti ilə yaşayırlar. O doğma torpağın hər bir daşının, hər bir qayasının, hər bir bulağının, hər bir bağçasının həsrəti ilə yaşayırlar. Doğma yurdlarında əsrlər boyu torpağa verilmiş əcdadlarının, qəbiristanlıqların xatirələri ilə yaşayırlar. Onları uzun müddət belə ağır şəraitdə dözümlü etmək amili budur.
Buna görə də onlar mütləq öz yerlərinə qayıdacaqlar. Əgər kim istəməsə də, onlar öz yerlərinə qayıdacaqlar. Təbiidir ki, o yerlər işğaldan azad olunandan sonra onları zorla saxlasan da qalmayacaqlar. Çünki hər insan üçün dədə-baba yurdu hər şeydən əzizdir.
Ona görə də o fikirlər yanlış fikirlərdir və mən onları tamamilə rədd edirəm. Amma eyni zamanda, məcburi köçkünlərin, qaçqınların məskunlaşdığı ərazilərdə onlara müəyyən iş yerləri açmaq, onları işlə məşğul etmək zəruri bir vəzifədir.
Əli Həsənov burada məlumat verdi ki, bu barədə müəyyən işlər görülübdür. Məcburi köçkünlərin, qaçqınların bir qismi belə işlərə cəlb olunub və bundan müəyyən fayda götürürlər. Ancaq bu, az hissəsidir. Əgər bu gün desək ki, hamını belə işlə təmin etmək mümkün olacaq, bu da real olmaz, buna da inanmaq olmaz. Ancaq müəyyən bur hissəsini bu işlərlə təmin etmək olar. Xüsusən kənd təsərrüfatı işləri ilə. Həsənov bəyan etdi ki, onların orada işləməsi üçün 47 min hektar torpaq ayrılıbdır. Bu, müsbət haldır. Ancaq 47 min hektar torpağı üç il, dörd il, beş il bundan öncə də ayırmaq olardı. Yəni o torpaqlar yeni torpaqlar deyil. O torpaqlar mövcud olan torpaqlardır. Əgər bunu üç il, dörd il bundan öncə ayırsaydıq, onlar o torpaqlarda, təbiidir ki, müəyyən kənd təsərrüfatı işləri görərdi, oradan lazımi gəlir əldə edərdi və öz maddi vəziyyətlərini müəyyən qədər yüngülləşdirərdilər. Yəni təəssüflər olsun ki, bizim hökumətimiz, müvafiq təşkilatlarımız bu qərara, bu fikrə də çox gec gəliblər.
Ancaq gec də olsa, indi bu, gündəlikdə duran bir məsələdir. 47 min hektar torpaq ayrılıbdır. Bu, bir az yaxşı səslənir. Ancaq indi yaz mövsümü keçibdir. Bu il üçün bu torpaqlarda nə etmək olar? Heç bir şey. Orada bir az mal - heyvan saxlayıb, yem götürüb heyvandarlıq məhsulları almaq olar. Yəni bu torpaqların istifadə edilməsi üçün gərək payız olsun, torpaqlar hazırlansın, ondan sonra qış olsun, yaz gəlsin və əkin əkilsin, ondan sonra yay gəlsin, payızda məhsul götürülsün. Kənd təsərrüfatı prosesi bundan ibarətdir.
Mən bununla heç də bədbin olduğumu bildirmək istəmirəm. Mən bu gün sadəcə, vəziyyətin reallığını açmaq istəyirəm. Çox arzu edirəm və bu gün qəti tapşırıq verirəm ki, ayrılmış torpaqlardan indi mümkün qədər istifadə olunmağa başlansın.
Başqa iş yerləri açmaq. \"Başqa iş yerləri\" deyəndə, bu, infrastrukturdur, sənayedir, ticarətdir, başqa sahələrdir. Təbiidir ki, bunların bir qismi, müəyyən xırda ticarət işləri və s. ilə məşğul ola bilərlər və məşğul olurlar. Bunu da təşkil etmək ola bilər. Ancaq onlar üçün sənaye istiqamətli, sənaye xarakterli iş yerləri açmaq çətindir. Bunu açıq demək lazımdır. Təbiidir ki, bu barədə səylər göstərmək lazımdır. Ancaq illüziya yaratmaq lazım deyil ki, burada hansısa böyük iş yerləri açmaq olar. Bizim böyük sənaye müəssisələrində işləyən adamların çoxu indi şəhərlərdə işsizdirlər - Bakı şəhərində, Sumqayıt şəhərində, Gəncə şəhərində, Mingəçevir şəhərində, Əli Bayramlı şəhərində, Lənkəran şəhərində. Çünki o müəssisələrin bir çoxu əvvəlki gücü ilə işləmir. Nəinki əvvəlki gücü ilə işləmir, çoxu cüzi bir güclə işləyir. Ona görə də bizdə işsizlik problemi var.
Amma bu, təkcə Azərbaycanda deyil. Sovetlər İttifaqı dağılandan sonra müstəqillik əldə etmiş bütün dövlətlərin, ölkələrin hamısında bu işsizlik problemi vardır. Xüsusən sənaye sahəsində. Məsələn, kənd təsərrüfatı sahəsində indi, deyə bilərəm ki, bizdə problemlər yoxdur. Biz torpaq islahatını 1996-cı ildən çox cəsarətlə, radikal addımlar atmaqla həyata keçirərək kənd təsərrüfatında vəziyyəti artıq tamamilə dəyişdirmişik. Bu hamısı göz qabağındadır. Torpaqların paylanması, özəlləşdirilməsi, kənd təsərrüfatı müəssisələrinin hamısının özəlləşdirilməsi kənd şəraitində yaşayan, kənd təsərrüfatı işləri ilə məşğul olan və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan insanların hamısının səmərəli iş görməsi üçün və kənd təsərrüfatını inkişaf etdirməsi üçün, kənd təsərrüfatı məhsullarını artırması üçün, öz gəlirlərini artırması üçün şərait yaradıbdır.
Məsələn, təsadüfi deyil ki, keçən il də, bu il də kənd təsərrüfatı məhsullarının istehsalı təxminən yeddi faiz artıbdır. Bu, ölkə üçün ümumi rəqəmdir. Amma bizim kənd təsərrüfatı rayonlarının hansı nümayəndəsi ilə danışırsan, soruşursan, - mal-qaranın sayı iki-üç dəfə artmışdır. Torpaqlardan istifadə indi sərbəstdir. Keçmişdəki kimi deyil ki, \"sən mütləq pambıq əkməlisən, yaxud mütləq taxıl əkməlisən, yaxud da mütləq başqa bitki əkməlisən\". Torpağın sahibi baxır ki, burada hansı bitkini əksə daha da səmərəlidir. Amma bəzisi isə heç başqa bitki də əkmir, yem əkir, mal-heyvan saxlayır. Yem bitkisinin yaratdığı imkanlar onun mal-heyvan bəsləməsindən böyük gəlir gətirdiyinə görə o, bununla məşğuldur. Ona görə də burada problem yoxdur.
Əgər bu çadır şəhərciklərinin ətrafında, başqa yerlərdə torpaqların məcburi köçkünlərə vaxtında ayrılması təmin olunsaydı, onlar da bundan çox səmərəli istifadə edə bilərdilər.
Ancaq şəhərlərdə sənaye müəssisələrində olan işçilərin indi hamısının işlə təmin edilməsi çox böyük bir problemdir. Biz bu problemin həlli üzərində işləyirik.
Məsələn, keçən il də, ondan öncəki il də, bu il də sənaye istehsalı orta hesabla üç faiz artıbdır. Azərbaycanda keçən il ümumi daxili məhsul yeddi faiz artmışdır, bu ilin dörd ayında da yeddi faiz artıbdır. Yəni Azərbaycanın iqtisadiyyatı 1996-cı ildən inkişaf dövrü keçirir. Amma bu, ümumi rəqəmlərdir və bu ümumi rəqəmlər bir çox sahələrin sürətlə inkişaf etdirilməsi nəticəsində əldə olunmuşdur. Əgər biz bu gün bütün böyük sənaye potensialımızı heç olmasa 50 faiz, 60 faiz həcmində hərəkətə gətirə bilsək, işsizliyin çoxunu ləğv edə bilərik və insanların əksəriyyətini işlə təmin edə bilərik.
Bu, bizim respublikada olan ümumi vəziyyətdir. Mən bu barədə ona görə məlumat verirəm ki, yenə də deyirəm, məcburi köçkünlərin işlə təmin edilməsi məsələsində hansısa sənaye müəssisələrinə böyük ümid bəsləmək bir az reallıqdan kənar olardı. Mən demirəm ki, bunu etmək lazım deyil. Nə mümkündür - onu etmək lazımdır. Ancaq reallığı da unutmamaq lazımdır. Ona görə də biz mütləq bundan sonra da humanitar yardıma möhtacıq.
Bu gün verilən təkliflər ki, Azərbaycana gələn yardımlar inkişaf problemlərinin həll edilməsinə sərf olunsun, - bu, tamamilə doğrudur və əsaslıdır. Ancaq bu inkişaf bir gündə təmin olunmur. Bu inkişafı təmin etmək üçün gərək maliyyə gəlsin, müəyyən bir sahəyə bu vəsait qoyulsun, sonra inkişaf əldə edilsin, o inkişafın nəticəsində gəlir əldə olunsun və bu gəlir də məcburi köçkünlərə, qaçqınlara çatsın. Bu proses qısamüddətli proses deyildir. Mən yenə də deyirəm, bu prosesin əleyhinə çıxmıram. Mən bunu dəstəkləyirəm, hesab edirəm ki, bu proqramı həyata keçirmək lazımdır. Ancaq təkcə buna ümid bəsləmək olmaz. Ona görə də bizim humanitar yardımlara ehtiyacımız var.
Mən bütün illərdə, indiyə qədər Azərbaycana humanitar yardım göstərən bütün ölkələrə, bütün dövlətlərə, bütün humanitar təşkilatlara - Birləşmiş Millətlər Təşkilatına və onun humanitar yardım göstərən təşkilatlarına, başqa donorlara - hamısına təşəkkürümü, minnətdarlığımı bildirirəm və bəyan edirəm ki, biz bu yardımları heç vaxt unutmayacağıq, yüksək qiymətləndirəcəyik. Azərbaycanın bu ağır dövrünün tarixində bu təşkilatların, ölkələrin Azərbaycana göstərdiyi yardımlar mütləq həkk olunacaq və gələcək nəsillərə çatdırılacaqdır. Eyni zamanda hesab edirəm ki, bizim bu əməkdaşlığımız bundan sonra da davam etməlidir.
Azərbaycanın iqtisadi vəziyyəti haqqında doğru-düzgün məlumatlar vermək lazımdır. Bəli, son vaxtlar erməni təbliğatının, yaxud da ayrı-ayrı ölkələrdə olan müxtəlif dairələrin irəli sürdükləri əsassız fikirlərdir ki, guya Azərbaycan neft müqavilələrindən artıq indi böyük gəlirlər götürür, ona görə də Azərbaycana yardım etmək lazım deyil. Bunlar tamam əsassızdır. Bizdə hər şey şəffafdır. Hər şey açıqdır. Biz ilk neft müqaviləsindən ancaq bu il gəlir əldə etməyə başlamışıq və cəmi 52 milyon dollar miqdarında gəlir gəlibdir. Amma Azərbaycanın nə qədər problemləri var. Bu gəlirin - 52 milyon dolların harada istifadə olunması da böyük bir problemdir. Yaxın illərdə, yəni qarşıda duran illərdə bu gəlir az miqdarda olacaqdır.
Bəli, dörd-beş ildən sonra bu gəlir artacaqdır. Amma güman edirəm ki, dörd-beş ildən sonra biz bu qaçqınlar problemini də həll edəcəyik. Həll edəcəyik, sülh yaradacağıq, insanlar öz yerlərinə qayıdacaqlar. Hörmətli Tevfik Yaprak indi burada bərpa işləri haqqında danışdı. Mən buna da toxunacağam. Orada da bizim qarşımızda çox böyük vəzifələr durur. Ona görə bu fikirlər də yanlışdır.
Ümumiyyətlə, mən bu gün konfransda bir daha bildirmək istəyirəm ki, təəssüflər olsun, Azərbaycan, qeyd etdiyim kimi, 12 ildir Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalır və hərbi münaqişəyə cəlb olunubdur. Bu müddətdə Azərbaycanın torpaqlarının 20 faizə qədəri işğal edilibdir və işğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Hörmətli Tevfik Yaprak bildirdi ki, beynəlxalq təşkilatlardan oraya gedən nümayəndələr məlumat verirlər. Sizin bu məlumatınıza görə çox təşəkkür edirəm. Orada daş üstündə daş qalmayıbdır. Bu, həqiqətdir. Bu, həqiqətin bir tərəfi. İkinci tərəfi isə budur ki, oradan, o torpaqlardan zorla yerindən çıxarılan, öz ölkəsinin daxilində köçkün vəziyyətinə düşən insanlar ağır vəziyyətdə yaşayırlar. Amma bu reallığı biz təəssüf ki, dünyanın bir çox ölkələrində, demək olar ki, hamısında həqiqi təbliğ edə bilməmişik və həqiqəti çoxları bilmirlər. Təbiidir, burada təmsil olunan təşkilatlar bilirlər. Amma çoxları bilmirlər.
Bir-iki gün bundan qabaq Kanadanın parlament nümayəndə heyəti Azərbaycanda olmuşdur.
Onlarla mən də görüş keçirdim. Məni çox sevindirən hal o oldu ki, onlar özləri məcburi köçkün düşərgələrinə getmək arzularını bildirdilər və getdilər, gördülər, həmin yerlərdən göz yaşları ilə çıxdılar. Respublika televiziyası onların bu təəssüratı haqqında məlumat verdi. Onlar bəyan etdilər ki, biz insanların belə şəraitdə yaşadığını təsəvvür edə bilməzdik. Amma bunlar yeganə nümayəndə heyəti deyil. Azərbaycana gələn bir çox xarici ölkələrin nümayəndələri çadır şəhərciklərinə gedirlər, vəziyyəti gözləri ilə görürlər və hamısı beləcə hiddətlənir, təəccüblənir, təsirlənir.
Ancaq təəssüflər olsun ki, bununla bərabər, müxtəlif ölkələrdən Azərbaycana gələn bir çox nümayəndələr bizim təkidlərimizə baxmayaraq, həmin yerlərə getmirlər. Onlar gəlib Bakıda bizimlə danışıq aparırlar, şəhərlə tanış olurlar, bundan sonra Azərbaycan haqqında öz təəssüratlarını toplayırlar. Bakıda məskunlaşmış qaçqınların məkanlarına bəzi hallarda gedirlər.
Mən heç kəsi günahlandırmıram. Mən özümüzü günahlandırıram. Bu, Azərbaycan hökumətinin, bütün təşkilatların, hər bir Azərbaycan vətəndaşının günahıdır ki, biz indiyə qədər ölkəmizin bu faciəli vəziyyətini, Ermənistan təcavüzünün Azərbaycana vurduğu bu zərbələri və yerindən-yurdundan didərgin düşmüş insanların nə qədər dözülməz şəraitdə yaşadığını dünyada, beynəlxalq təşkilatlarda, xüsusən Avropada, Amerikada, başqa yerlərdə əslində olduğu kimi göstərə bilməmişik. Mən demirəm ki, geniş təbliğ etməmişik, vəziyyəti olduğu kimi göstərə bilməmişik. Bundan da nəticə çıxarmaq lazımdır.
Bu məsələ hələ sona çatmayıbdır. Biz hələ qarşıdakı bu problemlərlə məşğul olacağıq. Ona görə də bu barədə fikirlərimi bildirərək, mən Azərbaycan hökumətindən və bütün təşkilatlardan, nazirliklərdən, hökumət üzvlərindən, hər bir dövlət adamından, ictimai təşkilatlardan tələb edirəm ki, onlar bu sahədə öz fəaliyyətlərini göstərsinlər.
Müəyyən qədər arxayınlaşma əmələ gəlibdir. Azərbaycanda insanların çoxu altı ildir atəşkəs, sülh şəraitində yaşayır, döyüşlər yoxdur, qan tökülmür. Ölkəmizin bir çox sahələrində iqtisadiyyat inkişaf edir, insanların həyat tərzi yaxşılaşır və çoxları da bu bazar iqtisadiyyatı prosesində daha yaxşı yaşayır, zənginləşir. Ancaq gərək heç kəs unutmasın ki, bizim əhalimizin belə təbəqəsi ilə yanaşı, başqa təbəqəsi də vardır. Onlar yerindən-yurdundan zorla çıxarılaraq ağır şəraitdə yaşayanlardır. Onlar on illərlə, yüz illərlə, nəsillər boyu topladıqları mülkdən, varidatdan məhrum olan insanlardır. Onlara qayğı göstərmək lazımdır.
Bu problemi ümumiyyətlə, dünya miqyasında daha da uğurla həll etmək üçün Azərbaycanın hər bir vətəndaşı gərək bu sahədə fəal iştirak etsin, ona öz payını versin. Əgər o, özü yaxşı yaşayırsa, düşünsün ki, çadırlarda məskunlaşan adamlarla onun yaşayışı arasında yerlə göy qədər fərq vardır. Düşünsün ki, qaçqınların bu vəziyyətdə yaşaması onu incitməlidir. Əgər incidərsə o, öz tərəfindən müxtəlif tədbirlər görə bilər.
Mən bu gün konfransda Azərbaycan hökumətinə - Nazirlər Kabinetinə, bütün nazirlər, dövlət orqanlarına göstəriş verirəm ki, beynəlxalq təşkilatların nümayəndələrinin və Əli Həsənovun çıxışlarında göstərilən nöqsanları aradan qaldırsınlar. Mən təəccüb edirəm, əgər Azərbaycana humanitar yardım gəlirsə, gərək hər kəs əllərini qaldırsın, onun üçün yaşıl işıq göstərsin. Amma bu humanitar təşkilat Azərbaycana gələndə ona sərhəddə maneçilik edirlərsə, gömrük, nə bilim, polis, DYP buna maneçilik edirsə və bəzi hüquq-mühafizə orqanları humanitar yardımın içinə burnunu soxurlarsa ki, guya orada nə isə axtarırlar, təbiidir ki, bu, dözülməz haldır. Əgər sənin özün yararlı bir iş görə bilmirsənsə, xaricdən gələn beynəlxalq təşkilatların, donorların humanitar yardımını sən gərək başında aparıb yerinə çatdırasan ki, doğrudan da bu yardım sahibinə tez çatsın. Buna görə də mən bu nöqsanları tamamilə dözülməz hesab edirəm. Bir də qəti tələb edirəm ki, bu nöqsanlar aradan qaldırılsın.
Beynəlxalq təşkilatların nümayəndələrinin buradakı çıxışlarında da bildirildi ki, gələcək bərpa işlərinə hazırlaşmaq lazımdır. Bəli, biz hazırlaşmalıyıq. Nəyə görə bu məsələ indi gündəliyə gəlibdir? Çünki 1999-cu ildə apardığımız danışıqlar və xüsusən Azərbaycan prezidenti ilə Ermənistan prezidenti arasında bilavasitə danışıqlar bizi sülhün əldə olunmasına xeyli yaxınlaşdırır.
Deyə bilərəm ki, keçən ilin oktyabr ayında biz bu nöqtəyə çox yaxın idik. Ancaq sonra Ermənistanda baş vermiş hadisələr bu danışıqlar prosesini dayandırdı. Bu, sadəcə, dayanıbdır, davam edəcəkdir. Biz danışıqları aparıb sülhə nail olmalıyıq. Mən bu gün bir də bəyan edirəm ki, sülhə nail olmaq üçün hər iki tərəf kompromisslərə, güzəştlərə getməlidir. Bunsuz sülhə nail olmaq mümkün olmayacaqdır. Biz bunsuz bundan sonra da neçə il belə vəziyyətdə yaşamalı olacağıq. Bu da ki, dözülməzdir.
Doğrudur, Azərbaycanda bəzi qüvvələr, xüsusən, müxalifət mənim bu siyasətimə, fəaliyyətimə nəinki çox tənqidi yanaşır, böyük etirazlarla çıxış edirlər. Ancaq mən bu gün bəyan edirəm ki, onların çiynində heç bir məsuliyyət yoxdur. Yeddi ildir ki, bu ölkənin məsuliyyətini biz daşıyırıq, respublikanın problemləri ilə, qaçqınların və öz ölkəsinin daxilində yerindən-yurdundan məhrum olub məcburi köçkün vəziyyətinə düşmüş insanların problemləri ilə biz məşğul oluruq.
Hansı tədbirlər gördüyümüz haqqında buradakı çıxışlarda deyildi. Biz iki ildə vəsaiti üç dəfə artırmışıq. Bunlarla biz məşğul oluruq və bilirik ki, vəziyyət necədir. Amma kənarda oturub, qəzetlərdə müxtəlif məlumatlar yazıb, siqaret çəkib küçələri gəzməklə Azərbaycanın bu problemlərini həll etmək olmaz. Hər şeyə etiraz etmək olar, hər bir fikrə müxalif çıxmaq çətin bir şey deyildir. Heç müxalif olmasan da deyərsən ki, \"mən bunu istəmirəm\", olarsan müxalif. Ancaq sən müxalifsənsə, gəl bunun yolunu göstər. Bəziləri deyirlər ki, \"bəli, yolu budur, - gedək müharibə edək, yenə də müharibəyə başlayaq, işğal olunmuş torpaqlarımızı azad edək\".
Mən açıq deyə bilərəm ki, bu, ağılsız fikirdir, hətta cəfəngiyatdır. Altı il atəşkəs dövrü yaşayandan sonra əgər Azərbaycan müharibəni başlasa, bunun birinci günahkarı Azərbaycan olacaqdır və müharibə yeni itkilər verəcək, qan töküləcəkdir. Müharibə ilə nəyəsə nail olmaq olar, bəli, torpaqları da işğaldan azad etmək olar. Amma bu, nəyin bahasına olacaqdır? Bunu ölçüb-biçmək, düşünmək lazımdır.
Mən ona görə də münaqişənin sülh yolu ilə həll olunmasını əsas imkan hesab edirəm və məsələnin sülh yolu ilə həll olunması üçün də müəyyən addımların atılmasını zəruri hesab edirəm. Hər iki tərəfdən güzəştlər olmalıdır. Bunların nəticəsində də biz sülh əldə edə bilərik.
Məhz bu ab-havanı görən, hiss edən beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, onun həmsədrləri keçən ilin oktyabr ayından yeni bir prosesə - işğal olunmuş torpaqlar azad ediləndən sonra onların bərpa olunması prosesinə başladılar. Təsəvvür edin, Ermənistan-Azərbaycan münaqişəsinin on illik dövründə bu, ilk belə təşəbbüs idi. Bəli, beynəlxalq təşkilatların böyük bir qrup nümayəndələri Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərinə getdilər. Doğrudur. Onlar həmin rayonların hamısını ziyarət edə bilmədilər, ancaq Ağdam rayonunda oldular. Sən oraya getmişdin?
Tevfik Yaprak (Dünya Bankının Azərbaycandakı nümayəndəsi): Xeyr.
Heydər Əliyev: Sən getməmişdin. Amma başqaları var idi. Onlar Ağdam rayonunda oldular. Bir sıra başqa təşkilatların nümayəndələri də ayrı-ayrı rayonlarda olublar və vəziyyətin necə olduğunu görüblər. Görüblər ki, bu bərpa işləri nə qədər vəsait, nə qədər zaman tələb edir. İndi bunlar hamısı aydındır. Ona görə də bərpa işlərinin proqramı da paralel olaraq hazırlanmalıdır.
Mən burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. Bərpa işləri proqramını hazırlayaraq heç kəsdə arxayınlıq olmamalıdır ki, nə bilim, torpaqlar bu yaxınlarda azad ediləcək, biz bərpaya başlayacağıq, humanitar təşkilatlar və humanitar yardımlar daha lazım deyildir.
Mən sizə demək istəyirəm, - sülhün əldə olunması çox ağır və çətin prosesdir. Mən yeddi ildir ki, bu işlə məşğul oluram və bunu bilirəm. Bəlkə də bunu mən bildiyim qədər Azərbaycanda heç kəs bilmir. Bu, ağır, çətin bir prosesdir. Əgər biz buna nail olarıqsa, o, tarixi bir hadisə olacaqdır. Ancaq buna nail olandan sonra bu sülh sazişinin həyata keçirilməsi özü-özlüyündə çox çətin bir proses olacaqdır bu böyük bir zaman tələb edəcəkdir. Bu zaman da onun üçün lazım olacaqdır ki, gərək Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çəkilsin, burada deyildiyi kimi, həmin torpaqlar minalardan təmizlənsin, orada ilkin bərpa işləri başlansın və o torpaqların sahibləri öz yerlərinə-yurdlarına qayıtsınlar. Amma, burada doğru deyildi, - həmin ərazilərdə yüz illərlə yaranmış varidatı indi qısa müddətdə yaratmaq mümkün deyildir.
Bizim özümüz Azərbaycanda 30-40 ili götürsək - həmin dövrü mənim kimi müşahidə edən adamlar çoxdur - bilirik ki, məsələn, Ağdam rayonu 1940-cı ildə, 1960-cı ildə, 1970-ci ildə, 1980-ci ildə, 1990-cı ildə nə vəziyyətdə idi. Bütün bunlar mənim gözümün qabağındadır. Mən oraya 1950-ci illərdə də, 1960-cı illərdə də və nəhayət, 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanın başçısı olduğum zaman da getmişəm. Biz həmin dövrdə Ağdam rayonunu xeyli inkişaf etdirmişik, orada böyük müəssisələr, məktəblər, xəstəxanalar, sənaye müəssisələri yaratmışıq. İnsanlar palçıq evlərdən daş evlərə köçüblər, özləri üçün gözəl-gözəl imarətlər tikiblər, təsərrüfat inkişaf edib, təsərrüfatın infrastrukturu yaranıb, yollar - dəmir yolları, avtomobil yolları salınıb, telefon, elektrik, qaz şəbəkələri qurulubdur, - saymaqla qurtarmaq olmaz. Bunların hamısı məhv olubdur. Təbiidir ki, o səviyyəyə çatmaq bir ilin, iki ilin işi deyildir. Bu, böyük bir zaman tələb edəcəkdir. Mən ona görə də deyirəm ki, sülhə nail olmaq lazımdır.
Biz bu vəziyyətdə nə qədər yaşasaq, ölkəmizin, millətimizin və xüsusən, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanların həyatı - onlar 8-10 ildir ki, belə ağır vəziyyətdə yaşayırlar - sülh əldə ediləndən sonra da hələ elə bu qədər də ağır vəziyyətdə olacaqdır. Ancaq üstünlük ondan ibarət olacaqdır ki, onlar öz doğma torpaqlarına dönəcəklər. Doğma torpağında o, əvvəlki evini, xəstəxananı, məktəbi 1-2 ildə əldə edə bilməyəcəkdir, amma get-gedə əldə edəcəkdir. Minimumdan başlayıb müəyyən bir mərhələdə lazım olan səviyyəyə gəlib çatacaqdır. Ona görə də buna həm böyük vəsait, həm zaman, həm də bunları dərk etmək və ona hazırlaşmaq lazımdır.
Mən beynəlxalq təşkilatların, xüsusən beynəlxalq maliyyə qurumlarının bu barədə təşəbbüslərini və bizə göstərdikləri münasibətləri yüksək qiymətləndirirəm. Minsk qrupunun həmsədrlərinin dünən Cenevrədə görüşü keçirilibdir. Bu gün isə onların beynəlxalq maliyyə qurumlarının donorların nümayəndələri ilə birlikdə görüşü keçirilir ki, bu bərpa məsələləri ilə əlaqədar hansı hazırlığı görmək, hansı vəsaiti haradan almaq mümkündür.
Sizə deyə bilərəm ki, mən sülh prosesini bu səviyyəyə çatdırdığımız zaman və xüsusən, ATƏT-in İstanbul zirvə görüşündə Avropanın bir neçə ölkəsinin, Avropa Birliyinin rəhbərləri ilə, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin prezidentləri ilə görüşdüm. Onların bu məsələdə bütün səylərini qoymağa, maliyyə imkanlarını səfərbər etməyə söz verdilər.
Bizim üçün birinci növbədə sülh lazımdır. Ancaq mən bilirəm ki, Avropa dövlətləri də, qonşu dövlətlər də - Rusiya, İran, Türkiyə, - Amerika Birləşmiş Ştatları da və bu bölgəyə marağı olan ölkələr, dövlətlər, insanlar da istəyirlər ki, sülh yaransın. Onlar sülh yaranmasını istəyərək, müxtəlif yardımlar etməyə hazır olduqlarını bildirirlər. Bu da bizim üçün çox sevindirici haldır.
Mən bu gün sizə deyə bilərəm ki, əgər beynəlxalq yardım olmasa, Birləşmiş Millətlər Təşkilatı, dünyanın maliyyə mərkəzləri, Avropa birliyi və müxtəlif donorlar bu işə səfərbər olmasa, işğal edilmiş torpaqlar azad olunandan sonra həmin yerlərdə bərpa işləri aparılmasında böyük çətinliklərlə rastlaşacağıq və bəlkə də bu, bizim üçün qeyri-mümkün olacaqdır. Torpaq azad ediləcək, amma bərpanı təmin etmək asan olmayacaqdır.
Məsələn, Horadizdə, yaxud Ağdam, Tərtər rayоnlarının bəzi kəndlərində aparılan bərpa işləri barədə burada danışıldı. Bir məsələni unutmaq lazım deyildir ki, Horadiz qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal olundu, amma biz altı aydan sonra onu azad etdik. Orada da çoxlu dağıntılar baş vermişdi. Amma başa düşürsünüz, oranı o qədər də dağıda bilmədilər. O cümlədən, elə Ağdam rayonunun bəzi kəndləri də belə oldu. Ermənistan silahlı qüvvələri Ağdam rayonunun bəzi kəndlərini işğal edirdilər, sonra bizim Silahlı Qüvvələr gedib oranı yenə də azad edirdilər, amma Ermənistan silahlı qüvvələri yenə də gəlib zəbt edirdilər. Əlbəttə, bu döyüşlər zamanı binalar və sairə müəyyən zərər çəkirdi. Ancaq həmin kəndlər işğalçıların əlində az müddət olmuşdur. Lakin qalan yerlərdə - 1991-1992-1993-cü illərdə tamamilə işğal olunmuş və indiyə qədər işğal altındakı ərazilərdə hər şey sökülüb, dağıdılıbdır. Bu, məlumdur. Yenə də deyirəm, hörmətli Tevfik Yaprak burada çox düzgün bir ifadə işlətdi ki, \"daş daş üstündə qalmayıbdır\". Əgər altı ayda oradakıların hamısı sökülübsə, indi başa düşün ki, həmin yerlərdə nə var.
Ona görə biz bu bərpa işlərinə hazır olmalıyıq. Hazırlıq işləri getməlidir. Mən konfransın bu istiqamətdə işini, fəaliyyətini çox yüksək qiymətləndirirəm və qeyd edirəm ki, biz doğrudan da sülhə nail ola bilərik, bərpa işlərinə başlaya bilərik.
Nəhayət, mən əmin olduğumu bildirmək istəyirəm ki, konfrans çox əhəmiyyətli olacaqdır. Mən bu konfransın təşkil edilməsi üçün bütün təşəbbüskarlara bir daha təşəkkürümü bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, konfransın bundan sonrakı prosesində də bir çox vacib məsələlər müzakirə olunacaqdır. Ancaq yenə də deyirəm, mən bütün beynəlxalq təşkilatlardan xahiş edirəm ki, Azərbaycana humanitar yardım azaldılmasın, bu inkişaf strategiyası birlikdə həyata keçirilsin, bərpa işlərinə başlamaq proqramı hazırlansın. Bizim də, şəxsən mənim də bunlarla bərabər vəzifəm ondan ibarət olacaqdır ki, bundan sonra da çalışıb sülhün əldə edilməsinə nail olaq.
Mən sizin işinizə bir daha uğurlar arzulayıram. Beynəlxalq təşkilatlardan Azərbaycana gələrək bu konfransın işində iştirak edənlərə təşəkkür edirəm. Konfransda iştirak etdiklərinə görə xarici ölkələrin səfirlərinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, xarici ölkələrin bütün nümayəndələri - həm səfirlər, həm də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın bu problemlərinin hamısının kompleks şəkildə həll olunması üçün öz səylərini əsirgəməyəcəklər.
Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.