Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə təbriki - 25 iyun 2002-ci il

Əziz əsgərlər, generallar, zabitlər, cavuşlar, matroslar və miçmanlar!

Silahlı Qüvvələrin veteranları!

Sizi xalqımızın və dövlətimizin həyatında, hər bir azərbaycanlının taleyində əlamətdar bayram olan Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət, dövlətimizin suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi kimi müqəddəs vəzifənin yerinə yetirilməsində böyük uğurlar arzulayıram.

26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ilk milli ordu hissəsi olan Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərar qəbul etmişdi. Bu qərar müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaranması üçün hüquqi əsas oldu. O zaman qısa müddət ərzində formalaşdırılan Azərbaycan ordusu özünün yüksək hazırlığı, intizamı, şəxsi heyətin vətənpərvərliyi, generalların və zabitlərin peşəkarlığı ilə fərqlənmiş, gənc Azərbaycan dövlətinin müdafiəsi üçün mühüm işlər görmüşdür.

XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir. Azərbaycan rəhbərliyinin iradəsi, xalqımızın vətənpərvərliyi və dönməzliyi sayəsində 1993-cü ilin noyabrından başlayaraq yenidən qurulmuş və mətinləşmiş Silahlı Qüvvələrimiz tariximizin şərəfli səhifələrinə, xalqımızın ona göstərdiyi ümid və etimada layiq olduğunu sübut etmişdir.

Azərbaycan Ordusu bu gün müasir hərbi texnika ilə təmin edilmiş, etibarlı bir surətdə idarə olunan, müasir hərb elminin tələblərinə və ordu quruculuğu prinsiplərinə uyğun formalaşmış Silahlı Qüvvələrə çevrilmişdir. Bu gün Azərbaycan Ordusu dövlətimizə və xalqımıza qəsd edən istənilən düşmənə sarsıdıcı zərbə vurmaq gücünə malikdir.

Biz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh danışıqları yolu ilə, kompromislər əsasında həll etməyə çalışırıq. Lakin bu sülh danışıqlarını apararkən, eyni zamanda daim öz hərbi potensialımızı, müdafiə qabiliyyətimizi gücləndirməliyik. Silahlı Qüvvələrimiz nə qədər güclü olsa, sülh danışıqlarında bizim mövqeyimiz bir o qədər möhkəm olar, ədalətli sülh əldə etmək imkanı bir o qədər artar.

Bu bayram günündə bir daha bəyan edirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır. Azərbaycan Ordusu Azərbaycan xalqının, bütün dövlət orqanlarının, vətəndaşların diqqəti və qayğısı ilə əhatə olunmalıdır.

Azərbaycan torpaqlarının müdafiəsi yolunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini bu bayram günündə hörmət və minnətdarlıq hissi ilə yad edir, onlara Allahdan rəhmət diləyirəm.

Sizin hamınızı bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və qələbə arzulayıram.

Yaşasın qəhrəman və vətənpərvər Azərbaycan əsgəri!

\"Azərbaycan\" qəzeti, 29 iyun 2002-ci il.