Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüşdə nitqi - Prezident sarayı, 3 sentyabr 2001-ci il

Əziz tələbələr!

Hörmətli müəllimlər!

Xanımlar və cənablar!

Ölkəmizdə, Azərbaycanda yeni tədris ili başlayıbdır. Böyük məmnuniyyətlə qeyd etmək olar ki, Azərbaycanda təhsil ilbəil inkişaf edir. Gənclərimiz, uşaqlarımız orta məktəblərdə təhsil alırlar. Demək olar ki, Azərbaycanda təhsildən kənarda qalan uşaq yoxdur. Orta məktəbi bitirənlərin, təbiidir ki, böyük bir qismi ali məktəblərdə təhsillərini davam etdirmək istəyirlər. Bunun üçün də hazırlaşırlar, öz biliklərini ölçüb-biçirlər və ali məktəblərə, universitetlərə daxil olmaq üçün mübarizəyə qoşulurlar. Bu, böyük bir işdir və hər bir gənc bizim azad, müstəqil ölkəmizdə təhsilini daha da artırmaq istəyir.

Ali məktəblərə keçirilən test imtahanları nəticəsində ən bilikli gənclər daxil olurlar. Bu il Azərbaycanda bu sahədə əvvəlki illərə nisbətən daha da yaxşı nəticələr əldə olunubdur. Biz müəyyən qədər bu nəticələrə nəzər salmaq üçün buraya toplaşmışıq.

Əziz tələbələr, hörmətli müəllimlər, mən sizi, Azərbaycanın bütün təhsil müəssisələrində – həm orta məktəblərdə, həm ali məktəblərdə, həm orta ixtisas məktəblərində təhsil alan uşaqlarımızı, gənclərimizi, təhsil müəssisələrində çalışan müəllimlərimizi, bütün təhsil işçilərimizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm, daha yaxşı oxumağı, uşaqlara, gənclərə, təhsil sahəsində işləyənlərə daha da yaxşı çalışmağı və bu yolda yeni uğurlar qazanmağı arzu edirəm.

Azərbaycanda bu il ali məktəblərə, universitetlərə 25 minə yaxın gənc qəbul olunubdur. Bu çox gözəl bir hadisədir. Ali məktəblərə, universitetlərə qəbul olunmuş bu 25 min tələbənin içərisində ən yüksək nəticə əldə edənlər də var. Sevindirici haldır ki, bu göstəricilər ilbəil artır. Ən yüksək nəticələr əldə edənlərdən, indi bu salona nə qədər yerləşə bilərdisə, o qədər dəvət olunubdur. Bu görüş isə təkcə sizə aid deyil, Azərbaycanın bütün ali məktəblərinə, universitetlərinə daxil olmuş gənclərimizə həsr edilibdir.

Təbiidir ki, biz əldə olunan nəticələr və bu ilki irəliləyiş barədə burada daha ətraflı məlumat almaq istəyirik. Son illər Azərbaycanda ali məktəblərə qəbul test üsulu ilə keçirilir. Ali məktəblərə qəbulun tarixi böyükdür. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya təcrübəsində daha müasir, daha ədalətli hesab olunan test üsulu ölkəmizdə tətbiq olunubdur. Ötən illərin təcrübəsi onu göstərir ki, bu, həqiqətən mütərəqqi üsuldur. Bütün başqa üsullarla müqayisədə, ali məktəblərə qəbul prosesində ən ədalətli üsul kimi tanınmışdır. Ona görə də biz son illərdə bu üsulla Azərbaycanın ali məktəblərində qəbul işlərini təşkil edirik və gündən-günə də təcrübə artır. Bu da, təbii ki, sevindirici haldır. Çünki ali məktəbə daxil olmaq üçün gənclərin çoxu maraq və həvəs göstərir, müraciət edir. Ancaq bu test üsulu ilə aparılan imtahanlar, düşünürəm ki, ədalətlidir, gənclərin içərisindən ən biliklisini seçib ali məktəblərə qəbul edirlər. Siz həmin bu test üsulu ilə keçirilən imtahanlarda uğur qazanmış ali məktəb tələbələrinin nümayəndələrisiniz.

Yekun Nitqi

Mən prezident təqaüdünə layiq görülmüş bizim sevimli gənclərimizi xüsusi təbrik edirəm. Ümidvaram ki, onlar qəbul imtahanlarında göstərdikləri yüksək nəticələri universitetlərdə oxuyacaqları vaxtda da nümayiş etdirəcəklər və universitetləri bitirənədək prezident təqaüdünü hər il alacaqlar.

Əziz tələbələr!

Hörmətli müəllimlər!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin verdiyi qısa məlumat bu il ali məktəblərə və orta ixtisas məktəblərinə aparılan imtahanların nəticələrini nümayiş etdirdi. Bu, qısa məlumatdır və biz eşitdik, bildik ki, daha da geniş məlumat veriləcəkdir. Mən tövsiyə etdim ki, bu il test üsulu ilə keçirilən imtahanlara həm hazırlıq prosesi, həm də əldə olunan nəticələr haqqında mətbuatda da geniş məlumat verilsin. Çünki bu məsələ, yəni gənclərin universitetlərə, ali məktəblərə, orta ixtisas məktəblərinə daxil olması prosesi təkcə onlara və onların valideynlərinə aid deyildir. Bu bizim bütün cəmiyyətimizə aiddir və bütün cəmiyyətin ən çox marağını cəlb edən bir prosesdir. Ona görə də xalqımız, vətəndaşlarımız bilməlidir ki, bu proses necə keçib, necə keçir və ildən-ilə bu proses nə cür təkmilləşir, imtahan verənlərin bilik səviyyəsi ildən-ilə nə qədər artır və bütün bu prosesin nəticəsində gənclər nə qədər ədalətli qəbul olunurlar. Çünki burada məlumat verildi, 82 min nəfər ali məktəblərə, universitetlərə qəbul olmaq üçün müraciət etmiş, ərizə vermiş, bu istəklərini bildirmişdir.

Təbiidir ki, bu, ötən tədris ilində bütün orta məktəblərin hamısının buraxdığı, yəni hamısını bitirən gənclərin, uşaqların sayından azdır. Ancaq əgər bizim ölkəmizdə, cəmi 8 milyon əhalisi olan ölkədə 82 min gənc orta məktəbi bitirəndən sonra təhsilini ali məktəbdə, universitetlərdə davam etdirmək istəyirsə, artıq bu, bizim xalqımız, cəmiyyətimiz üçün çox yaxşı göstəricidir. Biz heç də hesab etmirik ki, orta məktəbi bitirən hər bir gənc mütləq ali təhsil almağa, universitetlərə daxil olmağa həvəs göstərməlidir, yaxud çalışmalıdır. Çünki orta təhsil almış gənclər həyatın müxtəlif sahələrində özlərinə müəyyən iş yerləri tapmaq və öz həyatını qurmaq imkanına malikdir. Bizim əsas nailiyyətimiz ondan ibarətdir ki, hələ çox illər bundan öncə Azərbaycanda orta təhsil icbari olubdur və bu, davam edir. Bilməlisiniz ki, bu hər ölkədə yoxdur. Bəzi ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə icbari təhsil 8-ci sinfə qədər olur. Yaxud elə ölkələr var ki, icbari təhsili 8 illik təhsil səviyyəsinə indi qaldırmaq istəyirlər. Amma Azərbaycanda hələ xeyli zaman bundan öncə orta məktəbi bitirmək icbari təhsil kimi qəbul olunub və bütün gənclərimiz təhsilə cəlb olunub, təhsil alıb və savadlanıbdır. Bu təhsili alandan sonra hansı yerdə öz fəaliyyətini davam etdirəcəksə, artıq bunun təhsili vardır. Bu bizim böyük nailiyyətimizdir, xalqımızın nailiyyətidir, millətimizin nailiyyətidir.

Ancaq həyatın müxtəlif sahələri var. Müasir həyatda da, bilirsiniz ki, elmi-texniki tərəqqi, ümumiyyətlə, bütün sahələrdə tərəqqi çox böyük vüsət alıbdır. Ona görə də biz dünyanın bax, bu prosesi ilə ayaqlaşmalıyıq. Xüsusən bizim müstəqil dövlət olmağımız, artıq 10 ildir azad yaşamağımız, müstəqil dövlət olaraq dünyada tanınmağımız və Dünya Birliyində yer tutmağımız onu tələb edir ki, bizim ölkəmizin, xalqımızın bütün sahələrdə gərək yüksək ixtisasa malik olan, dünyada gedən elmi-texniki proseslə nəinki ayaqlaşan və bəlkə də müəyyən istiqamətlərdə onu qabaqlayan, buna qabil ola bilən kadr potensialı olmalıdır. Buna görə də biz, ümumiyyətlə, təhsil sahəsinə xüsusi fikir veririk. Çünki bizim əhalimizin hamısı təhsilli olmalıdır. Hər bir uşaq məktəb həyatı keçməlidir. Məktəb həyatı təkcə təhsil vermir, yeni zamanda bu, yüksək tərbiyə ocağıdır. Bu, eyni zamanda uşağı, gənci müstəqil həyata hazırlayan bir səviyyədir. Amma bununla yanaşı, biz istəyirik ki, ali təhsil müəssisələrimiz, universitetlərimiz, birincisi, özləri öz işlərini daim təkmilləşdirsinlər və dünya səviyyəsində olsunlar.

İkincisi də, universitetlərin varlığı ona görə lazımdır ki, ali təhsil almaq həvəsi və qabiliyyəti olan gənclərimiz universitetlərə, ali məktəblərə daxil olsunlar və yüksək səviyyəli mütəxəssislər olsunlar. Əgər bu olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən proseslərin sürəti ilə ayaqlaşa, inkişaf edə bilməz. Təbiidir ki, indi dünyanın hər yerində inkişaf prosesi gedir. Azərbaycan da bu inkişaf prosesinin içindədir. Bunlar onu tələb edir ki, hər il bizim universitetlərimizə yeni yüksək təhsilə, yüksək qabiliyyətə, yəni, universitet səviyyəsində təhsil almağa layiq olan gənclər qəbul edilsinlər. Bu il 25 minə qədər gəncin test üsulu ilə imtahanlarını verib universitetlərə, ali məktəblərə qəbul olunması, bizim, Azərbaycanın, müxtəlif problemlər içərisində yaşayan ölkənin ən əsas nailiyyətlərindən biridir. Bu, eyni zamanda onu göstərir ki, Azərbaycan xalqı inkişaf etmiş xalqdır. Azərbaycan xalqı öz köklərinə görə zehni inkişaf etmiş xalqdır. Biliyə, inkişafa həmişə diqqət vermiş və bu yol ilə getmiş xalqdır. Bizim çoxəsrlik keçmiş tariximiz də bunu sübut edir. XX əsrdə Azərbaycan xalqının keçdiyi yol, o cümlədən, son on ildə Azərbaycan xalqının müstəqil dövlət çərçivəsində yaşadığı dövr də bunu bir daha, bir daha sübut edir.

Məlumdur ki, Ermənistanın Azərbaycana 1988-ci ildən başlayan hərbi təcavüzü və sonrakı illərdə müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması nəticəsində, bir milyondan artıq soydaşımızın qaçqın, köçkün vəziyyətinə düşməsi nəticəsində və bu dövrdə Azərbaycanın daxilində, təəssüflər olsun ki, xalqın zərərinə yönəldilmiş müxtəlif proseslərin nəticəsində Azərbaycan ağır bir dövr yaşayıbdır. Bu ağır dövr Azərbaycanın həyatının, demək olar ki, hər bir sahəsinə toxunubdur. O mənada ki, zərər gətiribdir, çox şeyləri pozubdur, dağıdıbdır. Amma bunlara baxmayaraq, bizim təhsil sistemimiz yaşayıbdır. Doğrudur, o illərdə, yəni 1990-cı illərin əvvəllərində başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də çox böyük pozuntular vardı. Bəzən bu sahə unudulmuşdu. Bəzən bu sahədə özbaşınalıq yer tutmuşdu. Amma bunlara baxmayaraq, bizim xalqımız XX əsrdə yaranmış ənənələri davam etdiribdir. Son illərdə – 1995-1996-cı illərdən sonra, Azərbaycan artıq müəyyən daxili proseslərdən xilas olandan, Azərbaycanın daxilində ictimaisiyasi sabitlik bərqərar olandan sonra, Azərbaycanda bütün sahələrdə islahatların keçirilməsi nəticəsində, o cümlədən təhsil sahəsində islahatlar nəticəsində başqa sahələrdə olan inkişaf, eyni zamanda təhsil sahəsində də özünü göstərir. Əgər belə olmasaydı, indi bizim böyük təhsil müəssisələrimiz yüksək səviyyədə olmazdı. Əgər bizim orta təhsil sistemimiz tam pozulmuş olsaydı, bu cür ağır imtahanlardan keçən, gənclərin bu gün burada nümayiş etdirilən nəticələri olmazdı. Bizim gənclərimizin əksəriyyəti çox istedadlıdır. Onların harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq, biliyə, təhsilə həvəsi və marağı çoxdur.

İndi 25 prezident təqaüdü təyin olunubdur. Burada elan edildi. Ali məktəblərə qəbul edilənlərin böyük bir hissəsi işğal olunmuş torpaqlardan didərgin düşmüş ailələrin uşaqlarıdır. Yaxud çadır şəhərciyində, Biləsuvarda o ağır şəraitdə yaşayan uşaqdır, gəncdir və bunların çoxu universitetlərə qəbul olunubdur. Ancaq bu gün burada adları çəkilənlər hamıdan yüksək bal aldıqlarına görə prezident təqaüdünə layiq görülüblər.

Mən arzu edərdim ki, bu göstəricilər artsın və prezident təqaüdünün də sayı çoxalsın. Ancaq məni çox düşündürən məsələlərdən biri də odur ki, ümumiyyətlə, bizim ali təhsil müəssisələrində oxuyan tələbələrin hamısının təqaüdünün artırılmasına nail ola biləm. Güman edirəm, bu da olacaqdır. İndi bu prosesin böyük bir mərhələsi arxada qalıbdır. 25 min gənc universitetlərə daxil olubdur. Estafeti universitetlər götürüblər. Onların vəzifəsi qəbul olunan gənclərin hamısının yaxşı təhsil almasını təmin etməkdir. Universitetlərin, ali məktəblərin üzərinə çox böyük vəzifələr düşür və çox da böyük məsuliyyət düşür. Rektorlar burada iştirak edirlər. Bu, təkcə rektorlardan asılı deyil, hər bir müəllimdən, universitetdə fəaliyyət göstərən hər bir şəxsdən asılıdır. Bizdə bu sahədə də nöqsanlar var və çoxdur. Mən bunu etiraf etməliyəm. Mən indi nailiyyətlər haqqında geniş danışanda heç kəs elə düşünməsin ki, guya hesab edirəm ki, bizim bütün təhsil sistemi, o cümlədən orta təhsil sistemi qüsursuzdur, nöqsansızdır. Yox. Çox nümunəvi məktəblər də var. Ancaq təəssüflər olsun ki, geridə qalanlar da var. Yaxud bəzi məktəblərdə çox namuslu, sədaqətli, tələbəyə yaxşı bilik verən müəllim də var. Amma onunla yanaşı, vaxtını keçirənlər, tələbənin biliyi haqqında o qədər də çalışmayanlar da var. Vəziyyət müxtəlifdir və bu həqiqəti biz heç vaxt inkar etməməliyik. Bu sözlər, bu fikirlər universitetlərə də aiddir.

Mən, hər halda, təhsil işi ilə uzun illərdir məşğulam. Həm keçmişdə Azərbaycanın rəhbəri olduğum zaman, hətta Moskvada işləyəndə, Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi, o vaxtkı SSRİ-nin bütün təhsil sisteminə, yəni təhsillə məşğul olan nazirliklərə – onda Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi, Texniki Peşə Təhsili Komitəsi var idi –rəhbərlik hökumət tərəfindən, dövlət tərəfindən mənə tapşırılmışdı. Ona görə mən bu işlərlə çox məşğul olmuşdum. Bilavasitə çox universitetlərdə olmuşdum. Ona görə mən bu işləri şəxsən,  yəni öz iş fəaliyyətimə görə bilirəm. Azərbaycanda keçmişin, bizim ali məktəblərin qüsurlarını da bilirəm. Bugünküləri də bilirəm. Ancaq bununla yanaşı, hesab edirəm ki, biz irəliyə gedirik. Ancaq əgər hər bir universitet müəllimi bu şərəfli adı şərəflə daşısa, irəliyə daha da sürətlə getmək olar.

Məlumdur ki, məsələn, universitetlərdə müəllimlərin maaşları istənilən səviyyədə deyildir. Biz bu məsələni də həll etməyə çalışırıq. Ancaq imkanlarımız artdıqca bunları edəcəyik. İndi biz imkanlarımız çərçivəsində nə mümkündür etmişik. Ancaq iş onda deyil ki, maaşın çoxdur, ya azdır, yaxud da sənin avtomobilin var, yoxsa yox, yaxud da ki, təmtəraqlı bağın var, yoxsa yox. İş onda deyildir. Qaçqın vəziyyətində yaşayan uşaq nə qədər böyük məhrumiyyətə düçar olubdur. Ancaq o oxuyub və ona təhsil verən müəllim də yəqin ki, müəllim adını şərəflə daşıyıbdır. Ona görə də gəlib ali məktəbə qəbul olunmuş 25 min tələbənin içərisində ən yüksək bal toplayıbdır.

Beləliklə, mən üzümü universitetlərə, müəllim-professor heyətinə, təhsil sahəsində işləyən bütün vətəndaşlarımıza tuturam ki, Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Xüsusən, aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onun yüksək təfəkkürə, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır. Bunları da yetişdirmək üçün universitetlərin qarşısında çox böyük vəzifələr durur. Mən arzu edərdim ki, bizim universitetlər – görürəm ki, bizim universitetlər bir neçə il bundan öncəki dövrlə müqayisədə çox inkişaf edibdir, ancaq bu hələ günün tələblərini tam ödəmir, sabahın tələblərini isə heç ödəmir – işlərini təkmilləşdirsinlər. Professor-müəllim heyətinin işə münasibətini daha da yüksəltsinlər, onların özlərinin biliyini daha da yüksəltsinlər ki, gənclərə müasir tələblərə uyğun biliklər verə bilsinlər.

Müstəqil Azərbaycanda bilik alan hər bir gənc gələcəkdə Azərbaycanın mənafeyi üçün çalışmağı qarşısına məqsəd kimi qoymalıdır. Ona görə, gərək o öz ölkəsini yaxşı tanısın, öz tarixini yaxşı bilsin və seçdiyi ixtisasda sadəcə, mütəxəssis yox, ən yüksək səviyyəli mütəxəssis olmağa çalışsın. Bu imkanlar var. Xalqımızın bu sahədə, yenə də deyirəm, zehni potensialı böyükdür. İndiki gənclərin isə əvvəlki dövrlərə nisbətən bu potensialı daha da böyükdür. Bizim hamımızın vəzifəsi bunlardan səmərəli istifadə etməkdir. Gərək onlar Azərbaycanın gələcəyi üçün, Azərbaycanda indi bizim apardığımız islahatların gələcəkdə nəticələrini həyata keçirmək üçün, Azərbaycanı daim müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət kimi yaşatmaq üçün, əvvəlkilərdən fərqli olaraq, indi daha da çox bilik alsınlar, müasir həyatı daha yaxşı dərk edə bilsinlər, müasir texnikadan, texnologiyadan istifadə edə bilsinlər. Bu yol ilə də biz Azərbaycanın gələcəyini istədiyimiz kimi görə biləcəyik.

Biz isə istəyirik ki, Azərbaycanın gələcəyi daha da parlaq olsun. Azərbaycan müstəqil bir dövlət kimi bütün sahələrdə nailiyyətləri ilə dünya dövlətləri içərisində seçilsin. Bütün gördüyümüz bu işlər Azərbaycan vətəndaşlarının rifah halının yüksəlməsinə yönəldilibdir. Biz bunu təmin etmək istəyirik. Amma gələcək nəsillər bunu daha da yüksək səviyyədə təmin etməlidirlər. Bax, bunlara görə də indi bizim ali məktəblərdə, universitetlərdə təhsil, tərbiyə gərək keçmiş illərdən xeyli üstün olsun, xeyli fərqli olsun. Universitetlərdə insan gənclik həyatını yaşayır. Mən sizə deyə bilərəm ki, bu, insanın həyatının ən gözəl bir hissəsidir. Mən arzu edərdim ki, bizim hər bir gənc, hər bir tələbə, bax, bu dövrü uğurla keçsin. Çünki bu dövrdə gəncin formalaşması, onun lazımi bilik alması, lazımi mənəvi dəyərləri dərk etməsi, milli dəyərləri dərk etməsi, müasir dünyanı dərk etməsi onun gələcəyinin əsasıdır, təməlidir. Əgər bu təməl gənclik dövründə, xüsusən ali məktəblərdə qoyulmasa, birincisi, gələcəkdə bizim gənclər böyük çətinliklərlə rastlaşacaqlar və ikincisi, gələcək nəsillərin istədiyimiz səviyyəyə qalxması çətin olacaqdır. Ona görə də, əziz övladlarımız, siz bilin, mən həyatın bütün mərhələlərini keçmiş bir adam kimi, arxaya baxaraq, hər dövrü təhlil edərək, həyat təcrübəsi olan adam kimi, sizə deyirəm: Bu illəri boş keçirməyin, bu illəri itirməyin. Öz fiziki sağlamlığınıza fikir verin. Onun üçün də gərək siz sağlam həyat tərzində yaşayasınız. Çalışın, maksimum bilik alın. Siz təkcə müəllimlərin verdiyi biliklə kifayətlənməyin, başqa bütün ədəbiyyatla da tanış olun və yüksək mənəvi dəyərlər əsasında yaşayın.

Mən bunu bir dəfə demişdim, bu gün gənclərin qarşısında çıxış edərkən bir də demək istəyirəm. Təəssüflər olsun ki, indiki dövrdə bəzi ölkələrdən sirayət etmiş bir çox vərdişlər bizim gənclərimiz arasında da yayılıbdır. Bizim gənclərimizin bir hissəsinin müxtəlif əyləncələrdə, gecə barlarında vaxt keçirməsi, demək olar ki, onların özlərinə də, valideynlərinə də xəyanətdir. Təbiidir ki, o gecə barlarında vaxt keçirən gənclər hansısa imkanlı ailələrin adamlarıdır. Kasıb adam, kasıb ailənin uşağı oraya gedə bilməz. Ancaq o adamlar da bilməlidirlər ki, nə qədər imkanlı olursan ol, nə qədər zəngin olursan ol, gərək sən övladına düzgün yol göstərəsən, düzgün tərbiyə verəsən. Onun gecə barlarında müxtəlif əyləncələri üçün şərait yaratmayasan. Mən bunu valideynlərə müraciət edərək deyirəm. Ancaq gənclərə tövsiyəm odur ki, onlar sağlam fiziki və mənəvi həyat tərzi keçirsinlər. Belə olan halda siz həm daha da sağlam vətəndaş olacaqsınız, həm daha da yaxşı bilik alacaqsınız, belə olanda həm də Azərbaycanın gələcəyinin həqiqi qurucuları olacaqsınız.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Çox arzu edirəm ki, bu gün bu salonda toplaşan gənclər universitetləri qurtarandan sonra burada bir də görüşək, yaxud başqa böyük salonda görüşək. Onların hər biri raport versin ki, yaxşı nəticələrlə universitetlərə daxil olduqları kimi, ondan da yaxşı nəticələrlə universitetləri bitirib həyat fəaliyyətinə başlayırlar. Sizi bir də təbrik edirəm, bütün gələcək həyatınızda, təhsilinizdə, işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun.