Azərbaycan-Norveç münasibətləri

                                                                  \"\"    \"\"

 

Münasibətlərin tarixi: Məşhur Norveç tədqiqatçısı Tur Heyerdalın qənaətinə görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmişlər. Alimin Qobustanşünaslıq sahəsində yeni olan bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Skandinaviya xalqları arasında etnik, bioloji, antropoloji, tarixi, mədəni əlaqələrin mövcud olmasından xəbər verir.

Öz fikirlərini elmi-tarixi, maddi dəlillərlə əsaslandıran alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləyib. 1981-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan böyük bir sivilizasiyanın beşiyi hesab edib. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş analoqları ilə üst-üstə düşməsi ilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilib.

Siyasi münasibətlər: Norveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 2 yanvar 1992-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. 22 iyul 1998-ci ildə Norveç Krallığının Azərbaycanda səfirliyi açılıb. Ötən dövr ərzində Norveç və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub, əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar və hüquq-müqavilə bazası yaradılıb. Norveç rəsmiləri dəfələrlə bəyan ediblər ki, Norveç Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir.

24-27 aprel 1996-cı ildə Heydər Əliyev Norveç Krallığının Baş naziri Quru Harlem Brundtlandın dəvətilə Norveç Krallığında ilk rəsmi səfərdə olub. Paytaxt Osloda Heydər Əliyev Norveç Kralı V Harald başda olmaqla rəsmi və işgüzar dairələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirib. Bu danışıqlardan sonra \"Azərbaycan və Norveç arasında dostluq və əməkdaşlıq haqqında saziş\" imzalanıb. Bu sənədin imzalanması ilə iki neft ölkəsi arasında münasibətlərin rəsmi hüquqi-diplomatik əsası qoyulub.

12-13 oktyabr 2004-cü ildə Norveçin xarici işlər naziri, Avropa Şurasının Nazirlər Komitəsinin sədri Y.Petersenin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Görüşdə Prezident İlham Əliyev Azərbaycanda demokratik islahatların uğurla həyata keçirilməsindən bəhs edərək bildirib ki, ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Avropa strukturlarına inteqrasiya xətti xarici siyasətin əsas prioritetlərindən birini təşkil edir və Azərbaycan bu xəttə daim sadiqdir. Yan Petersen iki ölkə arasında əlaqələrin uğurla inkişaf etməsindən məmnunluqla bəhs edib. Azərbaycan-Avropa Şurası münasibətlərinə toxunan cənab Petersen bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə yalnız öhdəlik kimi yox, ölkənin demokratik inkişafı baxımından yanaşır.

28-29 aprel 2008-ci ildə Norveç Krallığının xarici işlər naziri Y.Stör Azərbaycan Respublikasında rəsmi səfərdə olub, Prezident İlham Əliyevlə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, Norveç nümayəndə heyətinin ölkəmizdə məhsuldar görüşlər keçirdikləri vurğulanıb.

İqtisadi əlaqələr: Norveçə məxsus neft şirkəti olan \"Statoyl\" 20 sentyabr 1994-cü ildə \"Əsrin müqaviləsi\"ndə pay alaraq Azərbaycan-Norveç iqtisadi münasibətlərinin əsasını qoyub. Norveç dövləti sənaye və energetika nazirinin birinci müavini Qunnar Möntinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti müqavilənin imzalanması mərasimində iştirak etmək üçün Bakıda olub. Bu müqavilədə \"Statoyl\" şirkəti 8,71% pay alıb. Şirkət 2 il sonra Xəzərin Azərbaycan sektorunda yerləşən ən iri qaz yatağı sayılan \"Şahdəniz\"in hasilatın pay bölgüsü əsasında birgə işlənilməsində də 25,5% pay alaraq Azərbaycanla əməkdaşlığını daha da genişləndirib. 1998-ci ildə \"Statoyl\" şirkəti həmin sektorda yerləşən \"Araz-Alov-Şərq\" blokunun birgə işlənilməsində 15% paya sahib olub.

24-27 aprel 1996-cı ildə Heydər Əliyevin ilk rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında müstəsna əhəmiyyəti olan aşağıdakı sənədlər imzalanıb:

1. \"Azərbaycan Respublikası və Norveç Krallığı arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlirlərə və kapitala görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya\". Oslo, 24 aprel 1996

2. \"Azərbaycan Respublikası Hökuməti və Norveç Sənaye və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Memorandumun (21 noyabr 1994-cü ildə Bakıda imzalanan) həyata keçirilməsinə dair Protokol\".

Səfər çərçivəsində Heydər Əliyev Stavanger şəhərinə gəlib və \"Statoyl\" şirkətinin prezidenti Harl Norvinq ilə görüşüb. Heydər Əliyevin Harl Norvinq ilə görüşündə Norveç Dövlət Neft Şirkəti (\"Statoyl\") ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çatdıracaq neft (Bakı-Tbilisi-Ceyhan) və qaz (Bakı-Tbilisi-Ərzurum) kəmərlərinin inşasında da tərəfdaş kimi iştirak etməsini nəzərdə tutan sənəd imzalanıb. 25 aprel 1996-cı ildə “Statoyl\" şirkətinin Azərbaycan prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyev bildirib: \"Statoyl\" şirkəti Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra ölkəmizlə iqtisadi əməkdaşlıq etmək istəyən dünyanın böyük şirkətlərindən respublikamıza birincilər sırasında gələn şirkətidir. Bunların hamısı Norveç-Azərbaycan əlaqələrinin, Norveç-Azərbaycan dostluğunun yaranması üçün çox böyük kömək olmuşdur.\"

17 may 2000-ci ildə Norveç Konstitusiyasının 186-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib. Görüşdə çıxış edən Heydər Əliyev Norveç şirkətlərinin Azərbaycana gəlmiş xarici ölkələrin nüfuzlu şirkətləri ilə çox cəsarətlə rəqabət apardığını qeyd edərək hər iki ölkəni bir-birinə bağlayan, münasibətləri inkişaf etdirən amilin demokratiyaya, bazar iqtisadiyyatına, ümumbəşəri dəyərlərə sadiqlik olduğunu vurğulayıb.

16 may 2005-ci ildə Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının Varşavadakı III zirvə toplantısı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Baş naziri K.M.Bondeviklə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı, o cümlədən \"Statoil\" Neft Şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətindən razılıq bildirilib. K.Bondevik Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsinin böyük hadisə olduğunu deyərək, bu layihəni dünyanın ən böyük layihələrindən biri kimi qiymətləndirib. İlham Əliyev təkcə enerji sektorunda yox, iqtisadiyyatın digər sahələrində də əlaqələrin inkişafı üçün imkanların olduğunu vurğulayıb.

5 iyun 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Anita Utsetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Norveç arasında energetika sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb və bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

2 iyun 2009-cu ildə İlham Əliyev Norveçin dövlət katibi Robin Martin Kaasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının ilk illərdən başlayaraq təkcə Azərbaycan üçün deyil, dünyanın enerji sahəsində inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb, Azərbaycan ilə Norveç arasında enerji sahəsində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Mədəni əlaqələr: 1994-cü ildən Azərbaycanda əsas fəaliyyəti tarixi abidələrin, qədim alban kilsələrinin bərpasından ibarət olan Norveç humanitar müəssisəsi fəaliyyət göstərir. 11 noyabr 2006-cı il - 13 aprel 2007-ci il tarixlərində Norveçin Stavanqer şəhərində \"Karvansaray. Azərbaycan - odlar yurdu\" sərgisi keçirilib. 24 sentyabr 2007-ci il tarixində Azərbaycan və Norveç muzeyləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Muzey Mərkəzi və Stavanger Arxeologiya Muzeyi arasında əməkdaşlıq sazişi imzalanıb.

Azərbaycanın bir sıra müğənniləri Norveç xoru ilə birgə müxtəlif layihələr həyata keçiriblər.

2007-ci ildə Gədəbəydə Norveç hökuməti tərəfindən orta məktəb inşa edilib. Norveçdə Norveç-Azərbaycan mədəni cəmiyyəti, Norveç Azərbaycanlılarının Gənclər Təşkilatı, Azərbaycan-Norveç ”Dostluq” cəmiyyəti fəaliyyət göstərir.