ABŞ-a rəsmi səfərin yekunları haqqında təyyarədə jurnalistlərə Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - 6 avqust 1997-ci il

Hörmətli jurnalistlər, mətbuat işçiləri, məni müşayiət edən şəxslər!

Amerika Birləşmiş Ştatlarına mənim rəsmi səfərim başa çatıb, biz Vətənə qayıdırıq. Bu səfər çox uzunsürən səfər oldu. Bir çox günlər biz sizinlə bir yerdə idik, siz daim mənim yanımda idiniz. Güman edirəm ki, bu səfərin bütün anlarının hamısını müşahidə etmisiniz. Ancaq bununla bərabər, səfərin yekunu olaraq mən sizinlə \"Boinq\" təyyarəsinin salonunda, Atlantik okeanının üzərindən keçərkən görüşməyi qərara almışam və səfər, onun yekunları haqqında bir neçə söz demək istəyirəm.

Birincisi, bir də qeyd etmək istəyirəm ki, bu, Azərbaycan prezidentinin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəridir. Bu səfər Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonun dəvəti ilə həyata keçirilibdir. Bu səfər məzmununa, mənasına görə, imzalanmış sənədlərə və ümumən yekunlarına görə tarixi əhəmiyyət kəsb edir. Bu, bizim Azərbaycan xalqı, milləti üçün, müstəqil Azərbaycan üçün həqiqətən tarixi hadisədir.

Bilirsiniz ki, mən Azərbaycan prezidenti seçiləndən xarici siyasətimizdə Amerika Birləşmiş Ştatları ilə əlaqələrə xüsusi yer, xüsusi əhəmiyyət verirəm. Bu gün deyə bilərəm və buna əsasım var ki, bu sahədə çox işlər görə bilmişik. 1993-cü ildən indiyə qədər biz Amerika Birləşmiş Ştatları ilə əlaqələri əvvəlcə yaratmağa, sonra da inkişaf etdirməyə çalışmışıq. Bu günlərdə artıq özünüz də gördünüz ki, biz bu sahədə böyük nailiyyətlər əldə etmişik.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, ümumiyyətlə Qərb demokratiyasını, mədəniyyətini Qərbdə həm iqtisadiyyat, həm siyasət sahəsində, həm də ictimai sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələnmək, istifadə etmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək müstəqil dövlət kimi, tutduğumuz yolda çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Qərb texnologiyasını, Amerika texnologiyasını, Amerikanın iqtisadiyyatında inkişaf etmiş təcrübəni, prinsipləri, nailiyyətləri öyrənmək və onları Azərbaycana gətirmək, hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün çox lazımdır, zəruridir.

Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yaymaq da bizim həm dövlət quruculuğumuz üçün, həm də beynəlxalq aləmdə özümüzə layiq yer tutmaq üçün, Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çox əhəmiyyətlidir və çox vacibdir.

Amerika Birləşmiş Ştatları dünyanın ən böyük dövlətidir. Böyük deyəndə, yəni iqtisadi cəhətdən inkişaf etmiş, yüksək texnologiyaya malik olan və demokratiyanın, bazar iqtisadiyyatının inkişafında böyük nailiyyətlər əldə edən bir ölkədir. Ona görə də mən indiyə qədər də belə düşünmüşəm, indi də hesab edirəm ki, bu ölkə ilə əlaqələr bu günümüz və gələcəyimiz üçün çox əhəmiyyətlidir. Məhz bunlara görə mən prezidentlik fəaliyyətim zamanı Amerika Birləşmiş Ştatları ilə əlaqələri inkişaf etdirməyə çalışmışam.

Bu sahədə bizim atdığımız addımlar məlumdur. Bu sıradan mən xüsusən Amerikanın prezidenti cənab Bill Klinton ilə ilk dəfə 1994-cü ildə Nyu-Yorkda görüşümü qeyd etmək istəyirəm. Məhz o görüş zamanı bizim aramızda şəxsi münasibətlər yarandı və ölkələrimiz, xalqlarımız arasında əlaqələr qurmaq və inkişaf etdirmək üçün böyük zəmin yarandı. Bilirsiniz ki, mən 1995-ci ildə Nyu-Yorkda prezident Bill Klinton ilə ikinci dəfə görüşdüm, beynəlxalq təşkilatlarda, toplantılarda, - Budapeştdə, Moskvada, Londonda, Parisdə, başqa ölkələrdə də onunla Azərbaycan-Amerika əlaqələrinin inkişaf etdirilməsi üçün danışıqlar aparmışıq. Bu gün məmnuniyyətlə deyə bilərəm ki, mən hər dəfə Azərbaycana qarşı artan müsbət münasibəti hiss etmişəm, şəxsən prezident Bill Klintonun özü tərəfindən hüsn-rəğbət hiss etmişəm.

Amerika hökumətinin başqa yüksək vəzifəli şəxsləri ilə də mənim çox görüşlərim olubdur. O cümlədən vitse-prezident Albert Qor ilə bir neçə dəfə görüşmüşəm, keçmiş dövlət katibi Kristofer, indiki dövlət katibi xanım Olbrayt ilə, bir çox başqa vəzifəli şəxslərlə görüşmüşəm. Amerika Birləşmiş Ştatlarından Azərbaycana çoxsaylı nümayəndə heyətləri, konqresmenlər, senatorlar, iş adamları, şirkətlərin nümayəndələri gəliblər. Mən bütün görüşlərin hamısından səmərəli istifadə etməyə, Azərbaycan-Amerika əlaqələrini addımbaaddım irəliyə aparmağa çalışmışam.

Bu baxımdan bizim iqtisadi əlaqələrimizin inkişaf etməsi ümumi əlaqələrimizin inkişafına çox gərəkli yardım göstərir. Xüsusən 1994-cü ilin sentyabrında biz dünyanın, o cümlədən Amerikanın böyük neft şirkətləri ilə müqaviləni imzalaynadan sonra bu sahədə də iqtisadi əlaqələrimiz inkişaf etməyə başlayıbdır. Bilirsiniz ki, Azərbaycanın neft və qaz yataqlarının müştərək işlənməsi üçün ondan sonra imzalanmış müqavilələrdə də Amerika Birləşmiş Ştatlarının şirkətləri iştirak edirlər. O cümlədən \"Dan ulduzu\" \"Əşrəfi\" neft yataqlarının işlənməsi barədə Amerikanın \"AMOKO\" və digər şirkətləri ilə müqavilə imzalamışıq. Nəhayət, bunların məntiqi nəticəsi olaraq, biz avqustun 1-də Vaşinqtonda dörd böyük neft müqaviləsi imzaladıq.

Şübhəsiz ki, bunlar bizim iqtisadi əlaqələrimizin inkişafına böyük imkanlar yaradıbdır. Ancaq təkcə bu şirkətlər deyil. Biz bu günlərdə Amerika Birləşmiş Ştatlarında olarkən gördünüz ki, hər bir belə müqavilənin ətrafına dünyanın, o cümlədən Amerikanın bir çox böyük şirkətləri toplaşırlar. Beləliklə, həm Amerika, həm də dünyanın bir çox başqa ölkələri, xüsusən Qərb ölkələri ilə iqtisadi əlaqələrimiz çox sürətlə inkişaf edir.

Bunlar hamısı bizim bu səfərimizə qədər görülən işləridir və səfərimizin müvəffəq, uğurlu olması üçün yaxşı zəmin, əsas yaratdı. Bu səfər, şübhəsiz ki, bizim üçün lazım idi. Amerika Birləşmiş Ştatları da Azərbaycan Prezidentinin Amerikaya rəsmi ziyarətini planlaşdırırdı. Biz də bununla razı idik, şəxsən mən də bunu istəyirdim, arzulayırdım. Nəhayət, bu səfər baş tutdu, yerinə yetirildi. Artıq biz onun yekunları haqqında danışırıq.

Siz səfərin gedişini müşahidə etmisiniz, görüşlərin hamısında iştirak etmisiniz. Şahidisiniz ki, biz iyulun 27-də Nyu-Yorkun Kennedi hava limanına enən dəqiqədən bu gün, bir neçə saat bundan öncə Çikaqonun hava limanından səmaya qalxana qədər mən və məni müşayiət edənlərin hamısı gərgin işlə məşğul olmuşuq. Biz gecə də, gündüz də işləmişik və mən çox məmnunam ki, belə müvəffəqiyyətli işləyə bilmişik. Hesablayıblar ki, bu günlərdə, səfər zamanı mən 88 görüş keçirmişəm. Düzü, mən heç vaxt bunları saymıram, hesablamıram. Ancaq köməkçim Dilarə Seyidzadə hesab aparır və bu barədə mənə vaxtaşırı məlumat verir.

Bəli, bu say özü də bu müddətdə görülən işlərin nə qədər çox olduğunu göstərir. Ancaq məsələ təkcə sayda deyildir. Hesab edirəm ki, hər bir görüşümüz çox mənalı, əhəmiyyətli olub, əlaqələrimizin inkişaf etdirilməsinə kömək edib və nəhayət, biz buna nail olmuşuq.

Bu görüşlər Amerikanın bugünkü, müasir həyatının demək olar, bütün sahələrini əhatə etdi. Birinci növbədə, ictimaiyyətlə - mətbuatla çox geniş görüşlərimiz olubdur. Bu gün mətbuat da o deməkdir ki, hər şeyi cəmiyyətə yayır. İkincisi, dövlət nümayəndələri - Amerikanın prezidenti, hökumət üzvləri ilə və yüksək vəzifəli digər şəxslərlə çox əhəmiyyətli görüşlərim oldu. İlk dəfədir ki, biz Vaşinqtonda, Amerika Konqresində olmuşuq, Ağ evdə olmuşuq. Amerika Konqresində - həm Nümayəndələr Palatasında, həm də Senatda çox görüşlər keçirdik. Elmi-tədqiqat mərkəzlərində, universitetlərdə olduq. Məsələn, bilirsiniz ki, Corctaun Universiteti Amerikanın və dünyanın ən böyük universitetlərindən biridir. Əgər bu universitet 1776-77-ci ildə yaranıbsa və indiyə qədər yaşayıbsa, dünya elminə, siyasətinə böyük töhfələr veribsə, əlbəttə ki, orada, o salona toplaşan universitetin nümayəndələri qarşısında çıxış etmək, Azərbaycan haqqında danışmaq, Azərbaycanın həqiqətlərini çatdırmaq çox böyük əhəmiyyətli iş idi.

Təkcə bunlar deyil, bizim cürbəcür görüşlərimiz olub, bilirsiniz. Hər bir sahədə, hər bir yerdə biz Amerikanın biznes dairələrinin nümayəndələri ilə görüşmüşük. Özü də təkcə biznes adamları deyildi, siz bunu gördünüz. Bu, Nyu-Yorkda da, Vaşinqtonda da, Hyüstonda da, Çikaqoda da oldu. Görüşlərimizdə yüksək biznes dairələrinin nümayəndələri ilə bərabər dövlətin, parlamentin, ictimaiyyətin nümayəndələri də, mətbuat işçiləri də və çox böyük hörmətə malik, tanınmış siyasətçilər də var idi.

Bu görüşlər zamanı aparılan danışıqlar və mənim həmin görüşlərdəki nitqlərim, çıxışlarım, onlara çatdırdığım sözlər, hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycanı yenidən açdı, yenidən tanıtdı. İndiyə qədər biz Azərbaycanı tanıtmağa çalışmışıq. Ancaq hesab edirəm ki, bu günlərdə biz bu barədə daha da yüksək səviyyəyə qalxdıq.

Mən Amerika Birləşmiş Ştatlarında görüşlərdən danışarkən, əvvəlcə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatındakı görüşlər haqqında demək istəyirəm. Bu da çox əhəmiyyətlidir. Bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatı ilə bizim əlaqələrimiz artıq qurulubdur, yaxşıdır. 1994-cü ildə BMT ilə əlaqələrimiz mənim orada ilk çıxışımla başladı və sonra bu əlaqələr genişləndi. Ancaq bu dəfə həm Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annan ilə görüşüm, ətraflı danışığımız oldu, eyni zamanda orada bir çox başqa görüşlərimiz oldu. Məsələn, Təhlükəsizlik Şurasının üzvləri ilə görüşmək və onların qarşısında çıxış etmək çox böyük əhəmiyyət kəsb edir. Yaxud, Birləşmiş Millətlər Təşkilatında bütün ölkələri təmsil edən səfirlər qarşısında çıxış etmək, onlarla görüşmək, Azərbaycan haqqında məlumat vermək və onların suallarına cavab vermək çox vacibdir. Birləşmiş Millətlər Təşkilatının binasında jurnalistlərlə görüşmək, mətbuat konfransları keçirmək - bunlar da bizim üçün çox əhəmiyyətli idi.

Ancaq mən yenə də Amerika Birləşmiş Ştatlarına səfərim haqqında danışmaq istəyirəm. Şübhəsiz ki, bunun zirvəsi avqustun 1-i idi. O gün biz sizinlə bərabər Ağ evdə olduq, prezident Bill Klinton ilə mənim görüşüm oldu. Biz nəzərdə tutulan vaxtdan xeyli çox - üç saat yarım-dörd saat Ağ evdə olduq. Prezident Bill Klinton ilə mənim təkbətək görüşüm də oldu. Bizim nümayəndə heyətinin az bir hissəsi ilə Amerika nümayəndə heyətinin az bir hissəsi də görüşdü. Sonra isə bizim nümayəndə heyəti ilə Amerika nümayəndə heyəti görüşdü. Sonra birgə yemək mərasimi oldu. Yemək mərasimi, ziyafət zamanı da biz danışıqlar apardıq. Ağ evdə demək olar ki, bütün bu saatlarda əlaqələrimiz Azərbaycan haqqında, bizim problemlərimiz haqqında danışıqlara həsr olundu.

Mən bütün bu danışıqlardan, söhbətlərimizdən, prezident Bill Klinton ilə təkbətək danışığımdan - çox səmimi, mehriban, çox dostcasına olan danışıqdan həddən ziyadə razıyam. Çünki mən Azərbaycanın bütün problemlərini prezident Bill Klintona və onun yanında olan vitse-prezident Albert Qora, dövlət katibi xanım Olbrayta, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Bergerə, nazirlər Penyaya, Deyliyə və başqa yüksək vəzifəli şəxslərə çatdıra bildim. Mən onu deyə bilərəm ki, Prezident Bill Klinton və həmkarları Azərbaycanın bütün bu problemlərini indi çox yaxşı bilirlər, bizim fikirlərimizlə razıdırlar, Azərbaycanla olan əlaqələri yüksək qiymətləndirir və bunları daha da genişləndirmək, inkişaf etdirmək istəyirlər.

Sevindirici hal odur ki, bizim danışıqlarımız bütün məsələləri əhatə etmişdir: Azərbaycan-Amerika əlaqələri, - burada biz bütün məsələləri əhatə etdik; beynəlxalq aləmdəki vəziyyət və problemlər; Qafqaz regionundakı, Mərkəzi Asiya regionundakı vəziyyət; ümumiyyətlə Qafqazı, Azərbaycanı əhatə edən regionda vəziyyət və qonşularımızla münasibətlərimiz. Bütün bu məsələlər barəsində çox geniş fikir mübadiləsi apardıq, çox əhəmiyyətli dialoqumuz oldu. Məmnuniyyətlə qeyd edə bilərəm ki, məsələlərin tam əksəriyyətində eyni fikirdə olduq. Bu, çox əhəmiyyətlidir.

Bunların hamısının nəticəsi Amerika-Azərbaycan əlaqələri haqqında Ağ evdə prezident Bill Klinton ilə mənim, Azərbaycan prezidentinin imzaladığımız birgə bəyanatdır. Bu, tarixi bir sənəddir, bizim əlaqələrimizdə iki prezident tərəfindən imzalanmış ilk sənəddir. Bu, özü-özlyündə çox böyük əhəmiyyət kəsb edir. Ancaq məzmununa gəldikdə isə, bu sənədin bizim üçün nə qədər əhəmiyyətli olduğunu, Azərbaycan xalqının, respublikasının həyatında tarixi əhəmiyyət kəsb etdiyini nümayiş etdirir. Elə sənədin adı bunu göstərir. Bu sənəd Amerika-Azərbaycan əlaqələrinin bundan sonra inkişafının prinsiplərini özündə əks etdirir.

Siz bu sənədlə tanış olacaqsınız, biz bunu dərc edəcəyik. Güman edirəm, siz də, bizim tədqiqatçılarımız, siyasətçilərimiz də bu sənədi öyrənəcək, təhlil edəcək və onun hər kəlməsinin mənasını araşdıracaqlar. Amma onu bildirmək istəyirəm ki, bu, bir gündə, bir saatda yaranan sənəd deyildir. Bu sənədin dünyaya gəlməsinin əsası 1993-cü ildən indiyə qədər əlaqələrimizdə apardığımız işlərdir. Odur bunun əsasını təşkil edən. Amma eyni zamanda sənədin hazırlanması da çox iş, vaxt tələb etdi. Həm Amerika tərəfi, həm də Azərbaycan tərəfi onun üzərində çox işlədi. Mən sizə bildirə bilərəm, sirr deyil ki, biz iyulun 31-də gecə yarıya qədər o sənədin üzərində işləyirdik. Nəhayət, onun Azərbaycan dilinə tərcümə edilməsi - ingilis və Azərbaycan dillərində eyni sənədin olmasına nail olmağa çalışdıq.

Bunlar da öz gözəl nəticəsini verdi. Mən çox fəxr edirəm, sevinirəm, çox şadam ki, Amerika-Azərbaycan əlaqələrinin yeni mərhələsinin əsasını təşkil edən belə bir təməl artıq mövcuddur, biz onu imzaladıq.

Sənədin məzmunu haqqında bir neçə kəlmə demək istəyirəm. Birincisi, bir də qeyd edirəm, bu sənəd bizim gələcək əlaqələrimizin prinsiplərini müəyyən edir. Sənəddə göstərilir ki, siyasi sahədə, təhlükəsizlik, iqtisadiyyat, ticarət sahəsində Amerika-Azərbaycan tərəfdaşlıq əməkdaşlığını inkişaf etdirmək haqqında iki prezident razılıq əldə ediblər. Bunun özünün çox böyük əhəmiyyəti var.

Bu sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi tam açıq-aşkar göstərilibdir. Yəni bu münaqişənin həll olunması sahəsində Amerika Birləşmiş Ştatlarının həm mövqeyi, həm də görəcəyi işlər burada öz əksini tapmışdır. Orada göstərilir ki, birincisi, bu münaqişə sülh yolu ilə və ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında həll olunmalıdır. Bunun çox böyük əhəmiyyəti vardır. İkincisi, orada göstərilir ki, Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun verdiyi təklifləri, danışıqları intensivləşdirmək üçün əsas kimi qəbul edibdir və münaqişənin 1997-ci ildə həll olunması nəzərdə tutulubdur. Bu sənəddə deyilir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu vasitəsilə bu münaqişənin sülh yolu ilə həll olunmasına bundan sonra da çalışacaqdır. ABŞ prezidenti buna söz verdi. Bunlar çox böyük əhəmiyyətli məsələlərdir. Eyni zamanda bunlar bizə çox böyük ümidlər verir.

Bilirsiniz ki, danışıqlarımız zamanı biz Amerika hökuməti tərəfindən belə bəyanatları bir neçə dəfə almışıq. Ancaq indi bu bəyanatlar Azərbaycan və Amerika prezidentlərinin imzaladıqları sənəddə əks olunubdur. Bu, çox əhəmiyyətlidir.

Bununla bərabər, \"Azadlığı müdafiə aktı\"na edilmiş 907-ci əlavənin, maddənin aradan götürülməsi məsələsi də bu bəyanatda çox qəti əksini tapmışdır. Orada göstərilir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti bu maddənin aradan götürülməsini zəruri hesab edir və buna öz səylərini göstərəcəkdir.

Bizim üçün çox əhəmiyyətlidir ki, bu bəyanatda Amerika Birləşmiş Ştatları qeyd edir: demokratiyanın, bazar iqtisadiyyatının inkişafında Azərbaycan Respublikası yeni bir mərhələdədir. Azərbaycan Respublikası bu yolla gedib, gedir və ABŞ-ın prezidenti Azərbaycanın bu yolla getməsini dəstəkləyir. Bu sənəddə göstərilir ki, Azərbaycan demokratiya və bazar iqtisadiyyatına, iqtisadi islahatların həyata keçirilməsinə sadiqdir, Azərbaycan Respublikasının Prezidenti bu prinsiplərə sadiqdir. Bu da bizim üçün çox əhəmiyyətlidir.

Bu sənəddə Azərbaycan Respublikasının təhlükəsizliyi ilə əlaqədar çox əhəmiyyətli maddələr vardır. Orada göstərilir ki, Azərbaycan Respublikasının təhlükəsizliyi ilə əlaqədar ölkəmizin qarşılaşdığı çətinlikləri Amerika tərəfi qəbul edir. Amerika Azərbaycan Respublikasının Avropa-Atlantika Əməkdaşlığı İttifaqına daxil olmasını və bu strukturla əməkdaşlıq etməsini çox bəyənir və alqışlayır.

Bilirsiniz ki, biz Avropada adi silahlar haqqında cinah sazişinə mayın 15-də Amerika Birləşmiş Ştatları ilə birgə imza atdıq. Ancaq onu da bilirsiniz ki, bizim bu sahədə problemlərimiz də var idi. Biz buna imza atmaq istəmirdik. Amerika Birləşmiş Ştatları mənə bu barədə müraciət etmişdi. Bilirsiniz ki, ABŞ-ın virse-prezidenti Albert Qor prezident Bill Klintonun tapşırığı ilə mənimlə bu barədə geniş telefon danışıqları aparmışdır. Biz bu sazişə imza atarkən razılaşdıq ki, birgə Amerika-Azərbaycan bəyanatı olacaqdır. O vaxt bu bəyanat elan olundu. İndi bu sənəddə də o bəyanatın adı çəkilir. Yəni bu sənəddə - Amerika və Azərbaycan prezidentlərinin imzaladıqları sənəddə həmin bəyanat təsdiq edilir. Bu da gələcəkdə bizim üçün çox əhəmiyyətlidir.

Orada bir çox başqa məsələlər barədə də çox əhəmiyyətli müddəalar vardır. Yenə də deyirəm, siz onu oxuyacaqsınız, özünüz təhlil edəcəksiniz. Ancaq çox əhəmiyyətli cəhət odur ki, Azərbaycanın bugünkü ictimai-siyasi, iqtisadi həyatı, dövlətimizi möhkəmləndirməklə əlaqədar bizim, Azərbaycan prezidentinin gördüyü işlər, hazırkı reallıq, bu sahədə fəaliyyətimiz Amerika, onun prezidenti tərəfindən bəyənilir və dəstəklənir. Bu, çox sevindirici haldır. Çünki biz həqiqətən öz daxili həyatımızda demokratik hüquqi dövlət qururuq, iqtisadi islahatlar aparırıq, bazar iqtisadiyyatı yolu ilə gedirik, bir çox tədbirlər, o cümlədən geniş özəlləşdirmə proqramı həyata keçiririk. Artıq bunların nəticələri vardır. Ancaq bunların hamısının Amerika Birləşmiş Ştatları tərəfindən, onun prezidenti tərəfindən bəyənilməsi və bizə bu barədə dəstək verilməsi bizim üçün çox əhəmiyyətlidir. Bunlara görə və xüsusən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması, 907-ci maddənin aradan götürülməsi, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsi barədə bu sənəddə əks olunmuş müddəalara görə mən çox sevinirəm. Hesab edirəm ki, respublikamızın ictimaiyyəti də, xalqımız da sevinməlidir və onlar bunu yüksək qiymətləndirəcəklər.

İqtisadi əlaqələrimizin inkişafı sahəsində biz avqustun 1-də böyük bir addım atdıq. Bilirsiniz ki, - mən bunu Amerikada dəfələrlə dedim, - biz Xəzər dənizindəki neft yataqlarını 50 il əvvəl kəşf etmişik və bu sahədə böyük işlər görmüşük. İndi son illər biz Xəzər dənizinin, zəngin neft yataqlarını dünyaya təqdim etmişik. Bu, Azərbaycanın məhz dünya ictimaiyyəti qarşısında xidmətidir. Çünki Xəzər dənizinin bu neft yataqları bütün dünyanın nəzər-diqqətini cəlb etmişdir. İndi bu, dünyanın marağını cəlb etmişdir. Həmin yataqları kəşf edən, dünyaya göstərən Azərbaycandır.

Amerika Birləşmiş Ştatları Azərbaycana çox böyük maraq göstərir. Bu baxımdan ABŞ ilə Azərbaycan arasında Xəzər dənizindəki və Mərkəzi Asiya, Qafqaz bölgəsindəki enerji ehtiyatlarından və nəqliyyat vasitələrindən istifadə olunması haqqında həm xüsusi sazişin imzalanması, həm də bu məsələnin iki prezidentin imzaladığı sazişdə öz əksini tapması çox əhəmiyyətlidir. Bilirsiniz ki, bizim hökumətlərimiz arasında bu barədə xüsusi bir saziş imzalandı. Amerikanın naziri cənab Penya, Azərbaycan Respublikasının naziri Həsən Həsənov bu sazişi imzaladılar.

Cənab Bill Klintonla mənim imzaladığımız ikinci sənəd - investisiyaların qorunması haqqında sənəd də çox böyük əhəmiyyət kəsb edir. Bu da, sadə bir sənəd deyil. Güman edirəm ki, iqtisadçılarımız, siyasətçilərimiz bu sənədi də geniş təhlil edəcəklər. Həm biz, həm də Amerika tərəfi bu sənədin üzərində də çox işlədik. Nəhayət, bu sazişdə hər iki tərəf üçün çox əhəmiyyətli maddələr öz əksini tapdı. Prezident Bill Klinton da, mən də onu imzaladıq. Sonra bizim imzaladığımız sənəd - investisiyaların təşviqi haqqında \"Eksimbank\"la sənəd də ABŞ tərəfindən yüksək qiymətləndirilir. Bu da çox vacibdir.

Siz məni müşayiət edirsiniz, ona görə də bilirsiniz ki, ABŞ-ın müdafiə naziri ilə mənim Pentaqonda görüşüm, çox əhəmiyyətli danışığımız oldu. Biz bu sahədə əməkdaşlığımız haqqında da saziş imzaladıq.

İmzalanan bu sazişlər Azərbaycan-Amerika əlaqələrinin hüquqi, normativ bazasını yaradır. İndiyə qədər bizim belə bir hüquqi, normativ sənədlərimiz yox idi. Biz nəinki bu sənədləri imzaladıq, həm də çox böyük bir baza yaratdıq.

Nəhayət, neft müqavilələrinin Ağ evdə imzalanması da tarixi hadisədir. Birincisi, bu, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini nümayiş etdirir. İkincisi də, bu müqavilələrin Ağ evdə imzalanması buna xüsusi əhəmiyyət verir. Biz ilk neft müqavilələrini Azərbaycanda imzalamışıq. Bundan sonra bir neft müqaviləsi Parisdə Fransa prezidenti Jak Şirakın və mənim iştirakımla Yelisey sarayında imzalanıbdır. Digər bir müqavilə Moskvada Kreml sarayında Rusiya prezidenti Boris Yeltsinin və Azərbaycan prezidenti Heydər Əliyevin iştirakı ilə imzalanıbdır. Nəhayət, \"Şevron\", \"Ekkson\", \"Mobil\" və \"AMOKO\" şirkətləri ilə dörd müqavilə Ağ evdə imzalandı. Bunların hər biri təklikdə çox böyük iqtisadi xarakter daşıyır, həm Amerika, həm də Azərbaycan üçün çox iqtisadi faydalar gətirəcəkdir. Ancaq bu dörd müqavilə bir yerdə elə böyük bir əhəmiyyət kəsb edir ki, o, artıq bütün dünyanı lərzəyə gətiribdir. Siz bunu bilirsiniz.

Ağ evdə neft müqavilələrinin imzalanması təcrübəsi olmamışdır. Bilirsiniz ki, bu neft şirkətlərinin hər birinin 100-150 yaşı vardır. Məsələn, mən \"Şevron\" şirkətinin prezidenti cənab Matske ilə görüşüb danışarkən o mənə dedi: Çox sağ olun ki, mən Ağ evi gördüm. Soruşdum ki, bəs siz bu qədər neft müqavilələri imzalamısınız, onlardan hər hansı birinin Ağ evdə imzalanması olubdurmu? Cavab verdi ki, biz bu barədə heç düşünə də bilməzdik, - nəinki müqavilə imzalamaq, mən özüm Ağ evdə ilk dəfə oldum. Həmin sözləri mənə \"Eksson\" şirkətinin, \"Mobil\" şirkətinin, \"AMOKO\" şirkətinin prezidentləri də dedilər. Bu da təsadüfi hal deyildir. Bu da Amerika Birləşmiş Ştatlarının Azərbaycana olan xüsusi münasibətini nümayiş etdirir, Azərbaycan ilə əməkdaşlığa Amerikanın xüsusi əhəmiyyət verdiyini göstərir, Xəzər dənizi hövzəsində, bölgəmizdə Azərbaycanın xüsusi rolu olduğunu qeyd edir.

Bu müqavilələrin imzalanması mərasimində ABŞ-ın vitse-prezidenti Albert Qor çox gözəl bir nitq söylədi. Neft müqavilələrinin imzalanması zamanı mənim söylədiyim nitqləri siz artıq eşitmisiniz. Bəlkə də bu, indi adi xarakter daşıyır. Parisin Yelisey sarayında Fransa prezidenti Jak Şirak, Moskvada Kreml sarayında Rusiya prezidenti Boris Yeltsin nitq söylədilər. Burada Ağ evdə ABŞ-ın vitse-prezidenti Albert Qor nitq söylədi. Bu müqavilələrin imzalanmasında ABŞ hökumətinin əsas üzvləri iştirak etdilər.

Cənab Albert Qorla bərabər, dövlət katibi xanım Olbrayt, enerji naziri Penya, ticarət naziri Deyli, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Berger və başqa yüksək vəzifəli şəxslər bu sənədlərin imzalanması mərasimində iştirak edirdilər. Bunlar hamısı çox əlamətdar tarixi hadisələrdir. Bu hadisə Azərbaycanın tarixinə yazılmalıdır və yazılacaqdır. Ona görə də biz tarixi işlər görmüşük.

Bunların hamısının - mənim Ağ evdə keçirdiyim bütün görüşlərin, apardığım danışıqların, imzalanan sənədlərin yekunu olaraq, ABŞ prezidenti ilə mənim imzaladığımız sənədlərdən sonra cənab Bill Klintonun söylədiyi nitqi xüsusi qeyd etmək istəyirəm. Siz oradaydınız, gördünüz ki, cənab Bill Klintonun nitqi çox məzmunlu, mənalı, dərin siyasi, Azərbaycana çox dost münasibəti bildirən fikirlərlə zəngin, dolu olan bir nitq idi. Mən bununla çox fəxr edirəm.

Mənim nitqlərim, çıxışlarım haqqında özümün danışmağım o qədər də doğru olmazdı. Yəqin ki, siz bunları görürsünüz, bilirsiniz, eşidirsiniz. Bunlar sizin üçün yeni deyildir. Ancaq prezident Bill Klintonun imzalanan sənədlə yanaşı, Azərbaycan haqqında şəxsən nitq söyləməsi bizim üçün yeni bir hadisədir. Bu, çox tarixi bir hadisədir.

Mən hesab edirəm ki, biz Amerika Birləşmiş Ştatlarında - Nyu-Yorkda, Vaşinqtonda, Hyüstonda, Çikaqoda Amerikanın ən yüksək elitası ilə çox səmərəli görüşlər keçirdik. Məsələn, Vaşinqtondakı Milli Dövlət Muzeyinin salonunda keçirilən görüşü, ziyafəti yadınıza salın. Orada Vaşinqtonun ən yüksək səviyyəli siyasi xadimləri, biznes dairələrinin nümayəndələri, maliyyə mərkəzlərinin, mətbuatın nümayəndələri iştirak edirdilər. Siz özünüz oradaydınız, gördünüz ki, bu nə qədər əlamətdar hadisə idi. Eləcə də Hyüstondakı ziyafətdə şəhərin bütün elitası iştirak edirdi. Yaxud Çikaqoda Mərkəzi Amerika klubunun salonunda dünya ölkələrinin dövlət başçılarının çoxları çıxış ediblər. Orada mənə xatırlatdılar, - o cümlədən, Sovet İttifaqının keçmiş prezidenti Qorbaçov da vaxtı ilə Amerikaya gələrkən orada çıxış etmişdir. Başqa böyük ölkələrin dövlət başçıları da orada çıxış etmişlər.

Bizdən əvvəl Rusiyanın baş naziri Viktor Çernomırdin Amerikaya gəlmişdi. Bilirsiniz ki, Rusiya-Amerika müştərək komissiyası vardır. Viktor Çernomırdin və Albert Qor bu komissiyanın sədrləridir. Onların hər ikisi Çikaqoya gəlmiş və həmin salonda çıxış etmişdilər. Həmin o salonda, o auditoriyada biz də sizinlə birlikdə olduq və mən orada çıxış etdim. Kimin necə çıxış etdiyini biz deyə bilmərik. Ancaq mən onu deyə bilərəm ki, Azərbaycan prezidentinin ziyafətlərdə, görüşlərdə çıxışları, söylədiyi sözlər Amerika ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunubdur və yüksək qiymətləndirilibdir. Artıq bu, mətbuatda geniş yayılıbdır.

Sevindirici haldır ki, mənim Amerikaya səfərim ərəfəsində təxminən iki ay müddətinə Amerikada Azərbaycana xoş münasibət bəslənilən çoxlu məqalələr dərc olunmağa başlamışdı. Nəhayət, bu səfər zamanı verilən bu məqalələri oxumağa mənim vaxtım çatmırdı. Mənim köməkçilərim, xüsusən Rauf bu məqalələr haqqında mənə hər gün səhər qısaca məlumat verir. Bu məqalələri mən sonra oxuyacağam. Bu məqalələr onlarcadır, yüzdür, iki yüzdür. Ən sevindirici haldır ki, bu məqalələr cürbəcür qəzetlərdə dərc olunur. Nyu-York, Vaşinqton, Hyüston, Çikaqo şəhərində və başqa şəhərlərdə çıxan qəzetlərin hamısında bizim buraya səfərimizə tam müsbət qiymətlər verilir, Azərbaycana müsbət münasibət göstərilir. Görüşünüz, Amerikanın ictimaiyyətində, mətbuat dairələrində ölkəmizə münasibətdə nə qədər böyük dəyişikliklər baş vermişdir.

Siz bilirsiniz ki, mən ümumiyyətlə mətbuata xüsusi qayğı, diqqət göstərirəm. Həm Nyu-Yorkda, həm Vaşinqtonda, həm Hyüstonda, həm də Çikaqoda mən ayrı-ayrı qəzetlərin redaksiya heyətləri ilə, onların rəhbərləri, nümayəndələri ilə görüşdüm, suallarına cavab verdim. Mən heç bir suala cavab verməkdən çəkinməmişəm. Bunu Amerikada da hiss etdilər, gördülər. Artıq bildilər ki, Azərbaycan prezidenti hər bir suala, lap qərəzli, çox pis niyyətli suala da cavab verməyə hazırdır. Bəli, qərəzli, pis adamları da başa salmaq lazımdır. Amma sevindirici haldır ki, belə qərəzli, pis niyyətli suallar ya olmayıbdır, ya da az olubdur.

Mən bir hadisəni də bildirmək istəyirəm. ABŞ-a mənim rəsmi səfərim elan olunandan, Amerikada yaşayan ermənilər-təkcə Amerikada yaşayanlar deyil, Ermənistanda yaşayan ermənilər də - birinci cəhd göstərdilər ki, bu səfəri ləğv etdirsinlər. Bu, mümkün olmadı. Onlar prezident Bill Klintona çoxsaylı məktublar göndərdilər, böyük təbliğat işi təşkil etdilər. İyul ayının 8-9-da Madriddə prezident Bill Klintonla görüşərkən o özü mənə dedi ki, mən sizin səfərinizi səbirsizliklə gözləyirəm, tez gəlin. O bunu bir neçə dəfə təkrar etdi. Həm də bildirdi ki, erməni dostlarım buna etiraz edirlər, mənə müraciət ediblər. Ancaq mən bunların heç birini qəbul etmirəm. Mən sizin səfərinizi, - mən bunları onun dediyi sözlər kimi deyirəm, - səbirsizliklə, tezliklə gözləyirəm.

Ancaq ermənilər öz işlərini edirdilər. Onlar mətbuatda nə qədər məlumatlar yazdılar, vərəqələr çap etdilər, yaydılar. 50 min poçt kartası hazırlayıblar və yayıblar, sonra bunun sayını 150 minə qaldırıblar. Görürsünüz, necə kağızlar düzəldiblər, bunların hamısını ermənilər mənim əleyhimə hazırlayıblar.

Ermənilər bizim bu səfərimizin, birincisi, qarşısını almağa, ikincisi, onu ləkələməyə, ona mane olmağa çalışırdılar. Amma onlar buna nail ola bilmədilər. Heç bir şey edə bilməzlər.

Siz görmüsünüz ki, bununla yanaşı olaraq Amerika mətbuatında çoxsaylı məqalələr və Azərbaycan prezidentinin portretləri dərc edilmişdir. O cümlədən \"Vaşinqton post\", \"Uoll strit cornal\" qəzetləri baxın, Bakının mənzərəsini, Azərbaycan prezidentinin portretini verib və bu səhifəyə \"Azərbaycan prezidenti, xoş gəlmişsiniz\" başlığı qoyubdur. Demək, Amerikada ermənilər kimi düşmənlərimiz də, amma belə dostlarımız da vardır. Bunlar bizim son illər gördüyümüz işlərin nəticəsidir. Baxın, bu bir qalaq qəzeti Rauf yığıbdır. Bu qəzetlərdə Azərbaycan haqqında, mənim Amerikaya səfərim haqqında xeyli məqalələr dərc olunubdur.

Bilirsiniz ki, biz Amerikada olanda ermənilər bir neçə dəfə oraya toplaşdılar. Bəziləriniz gedib onları görmüşdünüz. Oraya toplaşanların hamısı muzdlu adamlar idilər. Amma biz bu təhlükəni də unutmamalıyıq. Amerikada erməni lobbisinin bizə qarşı düşmənçilik münasibəti bizim üçün daim təhlükədir. Hətta bəziləri mənə deyir, mən özüm də belə fikirdəyəm ki, Amerikada yaşayan ermənilər daha da ekstremistdirlər, nəinki Ermənistanda, Dağlıq Qarabağda yaşayan ermənilər. Ermənistanda yaşayan ermənilərin çoxu sülh istəyir. Amma Amerikada yaşayan ermənilər bilmirlər ki, orada onlar nə əziyyətlər çəkirlər. Özləri burada kefin içindədirlər. Amma Ermənistanı da, bölgəmizi də dağıtmağa çalışırlar. Ancaq biz sevinə bilərik ki, bütün bu cəhdlər heç bir nəticə vermədi. Bizim bu səfərimiz uğurla başa çatdı.

Mən çox şadam. Hesab edirəm ki, sizin hamınız mənimlə eyni fikirdəsiniz. Biz böyük qürur hissi ilə Vətənə dönürük. Hesab edirəm ki, xalqın, millətin, Azərbaycanın mənə verdiyi mandatı layiqincə yerinə yetirmişəm.

Bəzi adamlar var - istər müxalifətdir, yaxud müxalifət deyil, bizim içimizdən olandır, Azərbaycandan qaçıb gəlib Amerikada oturanlardır. Azərbaycanda bir məsəl var: aşığın sözü qurtaranda - \"neynim-neynim\" deyər. Bunlar da görürlər ki, daha hər şey var - Azərbaycan müstəqildir, müstəqilliyini qoruyur, ölkəmizdə insanlar rahat yaşayır, ictimai-siyasi vəziyyət sabitləşir, müharibəni dayandırmışıq, şəhid yoxdur, qan tökülmür, həyat inkişaf edir. Axı, bunu görən adam gərək nankor olsun ki, bunu qiymətləndirməsin. Orda-burda deyirlər ki, guya islahatlar, özəlləşdirmə həyata keçirilmir, iqtisadiyyat dağılır, məhv olur, fəlakət halındadır, bədbəxtdir, nə bilim nədir.

İndi Rauf bu sənədləri mənə verdi. \"Ci-pi Morqan\" bankı Azərbaycanın göstəricilərini hazırlayıbdır. Nyu-Yorkda mən maliyyə mərkəzlərinin rəhbərləri ilə görüşərkən \"Ci-pi Morqan\" bankının prezidenti çıxış etdi. Mən dedim ki, bundan sonra çıxış etmək istəmirəm, çünki sən hər şeyi dedin. O, nəinki çıxış etdi, hətta Azərbaycan haqqında bütün məlumatları hazırlayıb, yazıbdır: Azərbaycanda islahatlar, özəlləşdirmə və demokratikləşdirmə necə keçirilir, iqtisadiyyat nə vəziyyətdədir - orada hamısı yazılmışdır. Bu, onlara yaxşı cavabdır. Mən onlara cavab vermək istəmirəm.

Yaxud biz Dünya Bankına getdik. Dünya Bankının prezidenti cənab Vulfinson mənimlə söhbətində dedi ki, siz o qədər yaxşı işləyirsiniz ki, mən sizə ikiqat artıq kredit verməyə hazıram. Mən Azərbaycanın göstəriciləri haqqında ona söhbət açmaq istədim. O bildirdi ki, deməyin, mən bunların hamısını bilirəm. O, çox yaxşı bir fikir söylədi. Dedi ki, biz sizə bundan sonra da kreditlər verəcəyik. Gəlin danışaq, sizə verdiyimiz hər kreditin 5-10 milyon dolları məhz mədəniyyətin və təhsilin inkişafına ayrılsın. Mən bunu çox məmnuniyyətlə qəbul etdim. Çünki bizə indiyədək ayrılan kreditlər əsasən iqtisadiyyat üçün verilirdi. Bu, çox gözəl fikirdir. Mən bu fikri dəstəklədim və bundan sonra biz bunu mütləq edəcəyik.

Amerikanın Azərbaycanda və bizim regionda böyük siyasi və iqtisadi maraqları vardır. Amerikada dəfələrlə deyiblər ki, Amerika Birləşmiş Ştatları üçün Azərbaycan xüsusi əhəmiyyət kəsb edən bir ölkədir. Onlar bizim ölkə ilə əməkdaşlığa xüsusi əhəmiyyət verirlər.

Bu gün Amerika Birləşmiş Ştatlarında Azərbaycana çox xoş münasibət vardır. Onu demək istəyirəm ki, əgər iki, üç il bundan əvvəl Amerika Birləşmiş Ştatlarında ictimaiyyətin əksəriyyəti Azərbaycana çox mənfi münasibət göstərirdisə, bizim son illər apardığımız siyasətin nəticəsi və onun bu gün Amerikada zirvəsi ondan ibarətdir ki, biz bu fikri tamamilə dəyişdirmişik. Hər halda dövlət dairələrində, mətbuat orqanlarında, Konqresdə, idarəetmə orqanlarında, işgüzar dairələrdə, maliyyə mərkəzlərində biz bunların hamısını dəyişdirmişik. Hesab edirəm ki, bu, Azərbaycan üçün ən böyük nailiyyətdir.

Nəvəm haqqında danışmaq istəyirəm. Şübhəsiz ki, bu da çox səciyyəvi haldır ki, mən ağır, məsuliyyətli, eyni zamanda Azərbaycan üçün çox faydalı bir səfərdə olduğum zaman mənim şəxsi həyatımda da böyük bir hadisə baş veribdir: mənim nəvəm dünyaya gəlibdir, mənim sevimli oğlum İlhamın oğlu olubdur. Bu xəbəri biz avqustun 2-də Hyüstonda aldıq. Mən də sevindim. Məni sevindirən odur ki, Amerikada mənimlə görüşən hər bir adam sevinc hissi ilə bunu qeyd edirdi. Biz hətta Hyüstonda tibb mərkəzinə getdik, ora da çox əhəmiyyətli idi, - gedib oranı görənlər bunu bilirlər. Hyüstonda olan bu mərkəz dünya tibb aləmində ən böyük nailiyyətdir. Orada məşhur bir insan, böyük alim doktor Debeyki mənimlə görüşən kimi nəvəmin anadan olması münasibətilə təbrik etdi. Hamı məni təbrik edirdi. Mənim üçün bu da çox sevindirici haldır. Bunu sizin hər biriniz öz həyatınızda hiss edə bilərsiniz. Kiminsə övladı var və ya gözləyir ki, olacaqdır. Kiminsə nəvəsi var, yaxud gözləyir ki, olacaqdır.

Hamınıza gözəl övladlar, gözəl nəvələr arzulayıram. Televiziya qarşısında çıxış etdiyimə və bunun Azərbaycan televiziyası ilə verilməsini nəzərdə tutduğuma görə bütün Azərbaycan xalqına, hər bir Azərbaycan vətəndaşına nəvəmin anadan olması münasibətilə mənim sevincim kimi sevinc, xoşbəxtlik arzulayıram. Sağ olun.