Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın \"Morrison Kaspian Ltd\" şirkətinin direktorlar şurasının sədri Freyzer Morrison ilə görüşdə söhbətindən - Prezident sarayı, 17 yanvar 2000-ci il

Heydər Əliyev:  Azərbaycana xoş gəlmisiniz! Sizi çoxdan gözləyirik. 1998-ci ildə Londonda biz anlaşma imzalamışıq, indiyə qədər həyata keçirilmir. Ona görə mən elə bu sualı dərhal sizə verirəm. Bilmirəm, siz mənə nə deyəcəksiniz. Buyurun.

Freyzer Morrison:  Cənab prezident, təşəkkür edirəm. Bakıda yenidən olmaq bizim üçün çox xoşdur. Xüsusilə xoşdur ki, Sizi bu cür yaxşı əhval-ruhiyyədə görürük. Həqiqətən, Siz doğru buyurdunuz ki, biz sənədi Londonda imzalamışdıq. Həmin sənədi biz Bakının meri ilə imzalamışdıq. Bu sənədə əsasən Bakı bulvarında müəyyən işlər görməliydik. Böyük məmnuniyyətlə Sizə məlum edirəm ki, bu sahədə müəyyən tərəqqi əldə olunubdur. Mənim indiki səfərim \"Ramko\"nun Azərbaycana sərmayələr cəlb etmək üzrə tədbiri ilə üst-üstə düşür. Cənab Maikolm Rifkind və cənab Stiv Remp məndən xahiş etdilər ki, bu konfransda iştirak edim. Mən bunu böyük məmnuniyyətlə Sizə məlum edirəm.

Mən Şotlandiyanın elə bir hissəsindənəm ki, orada iqtisadi durğunluq vardı, iqtisadiyyat çox aşağı göstəriciləri ilə seçilirdi və əhali də çox kasıb yaşayırdı. Lakin bu vəziyyət 1970-ci illərə qədər davam etdi. Sonra, Sizə məlum olduğu kimi, Şimal dənizində neft tapıldı. Son 25 ildə iqtisadiyyat görünməmiş şəkildə inkişaf etməyə başladı və neftdən sonra burada elə bir nəsil yetişibdir ki, həmin nəsil daha neftdən asılı deyildir. Əlbəttə, bu, sabahkı günə böyük ümidlər verir.

Sizə böyük şərəflə məlumat verirəm ki, eyni zamanda mən iqtisadi inkişaf agentliyinin sədriyəm. O ümidlə yaşayıram ki, 25 il bundan əvvəl bizim Şotlandiyada başladığımız prosesi Azərbaycana da tətbiq edə biləcəyik. Çox vacib bir fakt da vardır. Bu da ondan ibarətdir ki, burada yerli əhali ilə xarici sərmayəçilər arasında inam yaratmaq lazımdır. Cənab prezident, onu da demək istəyirəm ki, 1992-ci ildən başlayaraq şirkətimiz Azərbaycana müəyyən sərmayələr qoymuşdur. Ümid edirəm ki, bizim təcrübəmiz Azərbaycana ehtiyatla yanaşan digər şirkətlərə də örnək olacaqdır. Bizim əsas layihələrimizdən biri də ondan ibarətdir ki, bulvarda otellər layihəsini nəzərdə tutan şirkətlərlə birgə çalışaq. Biz Azərbaycanda digər layihələrlə də məşğuluq. Sizin şəxsən tanış olduğunuz və gördüyünüz \"Makdonald\" restoranı bizim işimizdir.

Heydər Əliyev:  Yəni \"Makdonald\"ı siz tikmisiniz.

Freyzer Morrison: Mən bu gün oraya getmişəm. Orada ticarət çox yaxşı gedir. Son müddət ərzində bulvarın yenidən qurulmasına dair layihə barədə ilkin araşdırmaları nəzərdən keçirmişik. Bakı şəhərinin merindən bu sahədə çoxlu dəstək almışıq. Xüsusilə dizayn işi ilə məşğul olan əməkdaşlarından dəstək almışıq və onların dizaynı bulvar üçün çox vacibdir. Artıq biz hüquqi və maliyyə məsələlərini tamamilə həll etmişik və praktiki olaraq investisiya barədə memorandumun imzalanmasına hazırıq. \"Morrison\" hazırda bu layihənin həyata keçirilməsinə maliyyə vəsaiti ayırmağa hazırdır. \"Hilton\" otellər qrupu da maliyyə ayırmağa hazırdır. Avropa Yenidənqurma və İnkişaf Bankı da bu işdə iştirak etməyə hazır olduğunu bildirmişdir. Bu, Bakı şəhər merliyi ilə tərəfdaşlar arasında birgə müəssisə olacaqdır. Bir neçə həftədən sonra biz investisiya memorandumumuzu elan edəcəyik. Həmin memorandumda adı çəkilən sərmayəçilərdən başqa, ümid edirik ki, Qərbin, Yaxın Şərqin investisiya fondları və eləcə də yerli və özəl təşkilatlar iştirak edəcəklər.

Bu gün Bakı şəhər rəhbərliyi ilə bizim çox maraqlı söhbətimiz olmuşdur. Biz sərmayələrin respublikaya gətirilməsi yollarını birlikdə müzakirə etmişik. Hazırda dünya bazarındaki vəziyyəti və neftin qiymətinin son zamanlardakı vəziyyətini nəzərə alaraq investisiyaların respublikaya gətirilməsinin dəqiq vaxtını deyə bilmərik.

Heydər Əliyev: Bilirsiniz, mən bunların hamısını bilirəm. Mən sizə dedim ki, biz 1998-ci ildə Londonda müqavilə imzaladıq. O detallar mənə lazım deyil. Çünki mən onlarla məşğul olmuram. Mən sizi bu gün qəbul etdim ki, mənə qısa deyəsiniz: nə üçün indiyə qədər bu işə başlamamısınız? Konkret nə edirsiniz? Haradan maliyyə alacaqsınız, nə edəcəksiniz - o, sizin işinizdir. Onları mən bilmirəm. Azərbaycan tərəfindən bir problem varsa, mənə deyin. Amma başqa problemləriniz varsa, onları mənə deməyə ehtiyac yoxdur. Onu Bakının İcra Hakimiyyətinin başçısına demisiniz, onunla birlikdə həll edin. Mən bu gün bir daha deyirəm ki, o layihəni dəstəkləyirəm. Hətta bir dəfə o layihəyə baxıb göstərişlər vermişdim. Bizim memarlar orada bir çox dəyişikliklər etmişdilər. Mən onun tikilməsini istəyirəm. Qalan şeylər məni maraqlandırmır və məndən asılı nə varsa, deyin.

Freyzer Morrison: Cənab prezident, Sizin köməyiniz həmişə bizə yardımçı olubdur. Sizin şəxsi diqqətiniz işin bu səviyyəyə çatmasına kömək edibdir. Demək istəyirəm ki, bizim birgə işimizə sizin xüsusi dəstəyiniz lazım olacaqdır ki, biz İnvestorları inandıra bilək və onlar bu layihənin həyata keçirilməsinə sərmayə ayırsınlar.

Heydər Əliyev: Yaxşı, mən hazıram.