Heydər Əliyev İran və Rusiya nümayəndələrini qəbul etmişdir - 27 iyul 1993-cü il

İyulun 27-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev İran İslam Respublikasının yol və nəqliyyat naziri Səidi Kiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Heydər Əliyev qonaqları səmimi salamlamışdır. Söhbət zamanı Heydər Əliyev İran İslam Respublikası ilə yol əlaqələrinin yaradılmasının böyük əhəmiyyəti olduğunu söylədi. O, Səidi Kiyanın bir yol naziri kimi respublikamıza gəlməsini iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində ilk addım hesab etdiyini bildirdi, qonşu ölkə ilə hər cür sıx əməkdaşlıq edilməsinin zəruriliyini açıqladı. Heydər Əliyev qeyd etdi ki, iki qardaş ölkə arasında hər cür əməkdaşlıq yaranacaq və \"mən də bu münasibətlərin daha da möhkəmlənməsi üçün bütün imkanlardan istifadə edəcəyəm\".

İran nümayəndə heyətinin başçısı - yol və nəqliyyat naziri Səidi Kiya öz çıxışında qardaş ölkədə səmimi qəbul üçün öz minnətdarlığını bildirdi. Sonra o, Azərbaycan Respublikasında baş verən son hadisələrlə bağlı narahat olduğunu söylədi. Nazir Ağdam şəhərinin ermənilər tərəfindən işğal olunmasının İran İslam Respublikası tərəfindən pislənildiyini söylədi. Nazir daha sonra qaçqınlar və məcburi köçkünlər üçün yaxın bir neçə gündə humanitar yardım göstəriləcəyini bildirdi.

Nəqliyyat sahəsindən danışan nazir qeyd etdi ki, biz çalışırıq ki, iki qardaş respublika arasında nəqliyyat əlaqələrinin bütün sahələrini inkişaf etdirək, bir-birimizlə sıx əlaqə yaradaq. O, həm də nəqliyyat sahəsini inkişaf etdirmək üçün bu sahədə yaradılan komissiyaların işi barədə məlumat verdi. Culfa dəmir yolunun ermənilərin təqsiri üzündən bağlı olduğunu və onlarla aparılan danışıqların heç bir nəticə vermədiyini qeyd edən nazir bildirdi ki, Astaradan dəmir yolu çəkilişi zəruridir.

Nazir həmçinin nəqliyyatın bütün sahələri üzrə - hava, su, şose və digər yolların açılması üçün nəzərdə tutulan bütün imkanlardan istifadə ediləcəyini qeyd etdi və iki ölkə arasında yol əlaqələri yaradılmasının vacibliyini bir daha təsdiqlədi. Qəbuldan sonra Səidi Kiya jurnalistləri maraqlandıran müxtəlif səpkili suallara cavab verdi.

\"Azərbaycan 1993 Anarxiyadan Sabitliyə\", Bakı 2000 səh. 70-71.