Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görкəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 60 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitqi – Respublika sarayı, 7 sentyabr 2002-ci il

Əziz Müslüm, səni anadan olmağının 60-cı ildönümü münasibətilə, bu şanlı yubiley münasibətilə ürəkdən təbrik edirəm, sənə cansağlığı və böyük yaradıcılıq uğurları arzulayıram.

Hörmətli xanımlar və cənablar! Biz indicə «Azərbaycan» mahnısını dinlədik. Mən bu mahnı haqqında dəfələrlə danışmışam, ancaq hesab edirəm ki, bu mahnı onun haqqında dönə-dönə danışmağa layiqdir. Bu, Müslüm Maqomayevin öz əsəridir. Onu özü yaratmışdır və neçə illərdir harada, hansı ölkədə çıxış edirsə-etsin, onu hər yerdə və hər yanda gözəl oxuyur. Müslümün ifasında bu mahnı güclü təəssürаt doğurur və çox böyük təsir bağışlayır, ən başlıcası isə, xalqına, respublikasına sadiq olan Müslüm öz hisslərini bu mahnı vasitəsilə ifadə edir və Azərbaycanımızı tanıdır. Təkcə bu mahnıya görə Müslüm həm bir bəstəkar kimi, həm də ifaçı-müğənni kimi ən yüksək qiymətə layiqdir. Lakin o, Müslümün yaratdığı gözəl mahnılar sırasında yeganə deyildir, yəni musiqi ona məxsusdur, sözləri də şairlər onunla əməkdaşlıq şəraitində yazmışlar, ifaçı da odur. Dediyim kimi, bu mahnılar gözəldir, lakin onlar Müslümün ifasında o qədər yüksəkdə durur ki, heç bir müğənni, heç bir ifaçı – hər halda, bizim ölkəmizdə, Azərbaycanda – onları ifa etməyə cürət etmir, çünki bu, həqiqətən çətindir. Müslümün oxuduğu kimi oxumaq çətindir. Bunu hər kəs bacara bilməz. Əğər haradasa, kimsə onu təqlid etməyə cəhd göstərsə, o, uğur qazanmayacaqdır. Bununla belə, bu mahnılar gərək səslənsin. Gərək sən oxuyasan, oxuyasan və oxuyasan. Bu gün, sənin yubiley günündə mən sənə, bax, bunu arzulayıram.

Müslüm Maqomayevin 60 illik yubileyinin Azərbaycanda belə yüksək səviyyədə keçirilməsi onun yaradıcılığına ümumxalq ehtiramının əlaməti və Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Mən Müslüm haqqında artıq dünən danışdım, səhnəyə necə qəfil gəlişini və özünə necə böyük maraq doğurduğunu xatırladım. Bundan sonra o, tezliklə böyük şöhrət qazandı və çox erkən yaşlarında, yeniyetmə, gənc yaşlarında artıq böyük müğənni kimi şöhrətləndi. Bəli, bu, həqiqətən belədir. Yəqin ki, burada, salonda bir neçə nəslin – mənim nəslimin, orta nəslin, gənc nəslin nümayəndələri oturmuşlar. Hesab edirəm, ki, mənim nəslimə mənsub olan adamların Müslümü daha yaxşı tanıdığını desəm düz olar, çünki biz onu özünü göstərməyə başladığı, səhnəyə qədəm qoyduğu vaxtdan tanıyırıq. Biz hamımız, incəsənət həvəskarları –Müslüm isə öz sənəti ilə incəsənət həvəskarlarının, yaradıcılığının pərəstişkarlarının sayını qat-qat artırmışdır – Müslümün yaradıcılığını çox diqqətlə izləyirdik, onu dinləməkdən, onun konsertlərinə getməkdən yorulmurduq və sevinirdik ki, o təkcə Azərbaycan mahnılarını, təkcə rus mahnılarını deyil, eləcə də bir çox dillərdə mahnıları necə gözəl ifa edir. Buna görə də Müslüm, onun yaradıcılığı Azərbaycanın milli sərvətidir, böyük qədir-qiyməti var.

XX əsr Azərbaycanda mədəniyyət və incəsənətin sürətlə inkişafı ilə səciyyələnir. XX əsrin əvvəllərində dahi Üzeyir Hacıbəyov özünün ilk opera əsərlərini yaradaraq, bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı klassik əsərlər, hamının başa düşdüyü opera əsərləri yaratmağa qadirdir. Sonrakı illərdə o özünün digər əsərləri ilə Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə daha böyük maraq oyatdı. Bundan sonra Azərbaycanda mədəniyyət və incəsənət ardıcıl surətdə və çox sürətlə inkişaf etdi. Üzeyir Hacıbəyov öz dostu, sənət yoldaşı və Müslüm Maqomayevin babası Müslüm Maqomayev ilə birlikdə Azərbaycanda professional, klassik musiqinin bünövrəsini qoydular. Müslüm Maqomayevin «Şah İsmayıl» adlı ilk operası 1916-cı ildə meydana gəldi. Yadındadırmı, Müslüm?

Müslüm Maqomayev: Yadımda deyil. Bu onun ilk operası deyildir. İlk operası «Əsli və Kərəm»dir.

Heydər Əliyev: «Əsli və Kərəm»?

Müslüm Maqomayev: «Nərgiz».

Heydər Əliyev: Əziz yoldaş, «Nərgiz» 1935-ci ildə yazılmışdır. Yaxşı, indi mən bu mövzunu davam etdirməyəcəyəm.

Müslüm Maqomayev: «Nərgiz» inqilabi mövzudadır.

Heydər Əliyev: O, inqilabi mövzuda deyildir, sadəcə olaraq, Azərbaycan xalqının o dövrdəki, 30-cu illərdəki həyatındandır.

Müslüm Maqomayev: O, sovet operasıdır.

Heydər Əliyev: Əlbəttə, sovet operasıdır. Bəs necə? Məgər o vaxtlar başqa opera yazmaq olardı? Üzeyir Hacıbəyovun məşhur «Koroğlu» operası sovet operası deyilmi?

Müslüm Maqomayev: «Koroğlu» yox, o, sovet mövzusunda deyildir.

Heydər Əliyev: Yox, bu, sovet metodologiyasına görə yazılmış tarixi əsərdir. Yaxşı, dostlar, belə məsələlərə daha toxunmayacağam. Demək istədiklərimi davam etdirəcəyəm. Sonralar «Nərgiz» də, «Koroğlu» da, Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin digər əsərləri də Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında, yeni musiqiçilər nəslinin tərbiyəsində, bəstəkar və ifaçıların yetişməsində çox böyük rol oynadı. Məsələn, xatirimdədir, 1930-cu illərin axırlarında, 40-cı, 50-ci illərdə və sonrakı illərdə Azərbaycan Opera və Balet Teatrı parlaq çıxış edirdi. Sonra Azərbaycanın gözəl bəstəkarlarının bütöv bir nəsli – Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Rauf Hacıyev, hazırda yaşayan Arif Məlikov – bilmirəm, o buradadır, ya yox – və bir çox başqaları meydana gəldilər. Beləliklə, Azərbaycanın klassik professional musiqisi bütün sahələrdə inkişaf tapdı və təbii ki, bütün bunlar ifaçılar tələb edirdi. Çoxlu ifaçılar olmuşdur. Əlbəttə, onların arasında, müğənnilərimiz arasında birinci yerdə unudulmaz Bülbül durur. Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır. Ondan sonra eyni səviyyədə Rəşid Behbudov durur. Bir diqqət yetirin, Azərbaycanın qüdrətli müğənnilərinin nəsli davam edir və onlardan sonra bizim hörmətli və sevimli Müslüm Maqomayevimiz gəlir. Bir çox digər bəstəkarlarımızın, ifaçılarımızın, müğənnilərimizin rolunu və yaradıcılığının əhəmiyyətini kiçiltmək istəmirəm, lakin mən Bülbülü, Rəşid Behbudovu və Müslüm Maqomayevi xüsusi fərqləndirəcəyəm. Onlar XX əsr Azərbaycan musiqi tarixinin, mahnı tarixinin ən uca zirvəsində qərar tutmuşlar.

Müslüm, yubileyin yaxşı keçdiyinə görə bu gün sən mənə təşəkkür etdin. Dedin ki, sənə hörmət etdiyimi bilirdin, amma səni sevdiyimi bilmirdin. Yəqin istəyirsən mən bir daha deyim ki, səni sevirəm. Mən diqqəti buna nəyə görə cəlb etdim? Ona görə ki, Müslüm səhnəyə çıxdığı gündən mən onun yaradıcılığının pərəstişkarı olmuşam. Bundan az sonra, 1969-cu ildə mən Azərbaycanın rəhbəri oldum və o vaxtdan bəri, elə indiki kimi, bizim incəsənət xadimlərinə, hamıya, hamıya, hamıya, o cümlədən və xüsusən Müslüm Maqomayevə maksimum diqqət yetirməyə başladım, çünki mən artıq hiss etmişdim ki, onun yaradıcılıq imkanları böyükdür, o, gənc idi və çalışmaq lazım idi ki, hər şeydən, Allahın bəxş etdiyi hər şeydən və onu səciyyələndirən bacarığından düzgün istiqamətdə istifadə olunsun. Əslinə qalsa, bizim o vaxtdan bəri şəxsi dostluğumuzu da məhz bu şərtləndirdi. Mən bütün o illəri xatırlayıram, dünən dedim, bunu eşitmək mənim üçün xoş idi ki, 1973-cü ildə sən və Tamara Sinyavskаya öz talelərinizi birləşdirdiniz və artıq 30 ildir, mən bilən, can deyib, can eşidirsiniz, siz həm səhnədə parlaq çıxış etməklə, həm də öz ailə həyatınızı yaxşı keçirməklə pərəstişkarlarınızı, açığını deyəcəyəm, sevindirirsiniz. Mən sənin ailə həyatına bələdəm, ona görə bunu deyirəm.

Əslində, bax, bu dostluq həm də onunla bağlıdır ki, mən Müslümün özümə yaxın olmasını istəyirdim və ona maksimum diqqət göstərirdim. Hesab edirəm ki, bütün bunlar Azərbaycan incəsənətinin, Azərbaycan mədəniyyətinin xeyrinə idi.

Burada deyildiyi kimi, Müslüm gözəl bəstəkar, rəssam hətta heykəltəraşdır. Lakin onun mənzili təmir etmək kimi sevimli məşğuliyyəti də var. O, Moskvada yaşayarkən uzun müddət burada evi olmamışdır, babasının mənzilində yaşayırdı. Dediyim kimi, Moskvada isə biz ona daimi nümayəndəliyin mehmanxanasında mənzil tipli bir nömrə ayırmışdıq, orada o, tək yaşayırdı, sonra isə Tamara Sinyavskaya ilə birlikdə yaşamağa başladı. Sonra Tamara və o, sevincək mənə dedilər ki, bilirsinizmi, biz Taqankada mənzil almışıq. Mən onlara dedim ki, çox yaxşı. Bax, biz onu təmir edirik. Onlar bu mənzili düz bir il təmir etdilər. Sonra bizi dəvət etdilər –mən ailəmlə, rəhmətlik Zərifə Əziz qızı ilə birlikdə getdim, bax, İlham buradadır, o da, qızım Sevil də bizimlə idi. Biz onlara qonaq getmişdik. Sonralar o, daimi nümayəndəliyimizin, indi Azərbaycanın Moskvadakı səfirliyinin yanında daha yaxşı mənzil aldı və onu təmir etməyə başladı. Təmir qurtaran kimi bizi dəvət etdi. Biz onun mənzilində olduq. Həqiqətən, mənzili çox zövqlə təmir etmişdi. Mən o vaxtadək belə səliqə-sahmanlı, belə tərtibatlı mənzil görməmişdim. O vaxt onun bir barı vardı, oraya butulkalar düzülmüşdü. Mən təəccübləndim. Dedim: Müslüm, nə qədər butulka var, olmaya, sən bu qədər içirsən? O, cavab verdi ki, barda çoxlu butulka olmalıdır. Bax, biz, beləcə, onların qonağı olduq. Biz bu mənzilə dəfələrlə getdik. Sonra isə Tamara ilə Müslüm mənə birdən dedilər ki, biz mənzilimizi yenidən təmir edirik. Təmir işlərini Müslümün özü görür, divar kağızlarını özü yapışdırır, özü rəngləyir.

Müslüm Maqomayev: Xeyr. Bacarıram, amma etmirəm.

Heydər Əliyev: Bacarırsan. Bu onun sevimli məşğuliyyətidir.

Müslüm Maqomayev: İndi artıq bağ evi tikirəm.

Heydər Əliyev: Bəli, artıq neçə ildir deyir ki, bağ evi tikir. Şükür ki, tikib qurtardı. İstəyirəm ki, o, mənzilini daha dəyişməsin, çünki sonra başlayacaq iki il təmir etməyə.

Müslüm Maqomayev: Ən başlıcası budur ki, indi biz Moskvadaki mənzilimizi də, bağımızı da dəyişmək istəyirik.

Heydər Əliyev: Haraya, Bakıya?

Müslüm Maqomayev: Yox, dəyişəcəyik, çünki o yer daha xoşumuza gəlmir.

Heydər Əliyev: Gördünüz, mən sizə dedim ki, bu onun sevimli məşğuliyyətidir.

Müslüm Maqomayev: Heydər Əlirza oğlu, bütün ömür boyu nə isə tikmək maraqlıdır. Tikib qurtardıqdan sonra isə orada yaşamaq daha maraqlı deyildir, gərək həmişə tikəsən.

Heydər Əliyev: Bilirsiniz, bu gün xoşuma gəldi ki, Müslümün dostları, bizim incəsənət xadimləri və qonaqlarımız Müslümün yaradıcılığından çox yaxşı, çox ürəkdən danışdılar və onun sənətini düzgün qiymətləndirdilər. Mən hətta bir qədər təəccübləndim ki, demə, müğənnilərimiz yaxşı danışa da bilirlər. Bu gün yaxşı, maraqlı nitqlər söylədilər. Bu gün biz sizinlə gənc Müslümün «Sevilya bərbəri» operasında Fiqaronun ariyasını ifa etdiyi süjetə baxdıq. O vaxt onun neçə yaşı vardı? Mən bunu Tamaradan soruşdum.

Müslüm Maqomayev: Bu, 1963-cü ildə olmuşdur.

Heydər Əliyev: Deməli, onda sənin 21 yaşın vardı. Bir görün, o həmin ariyanı necə ustalıqla ifa edirdi. Yeri gəlmişkən o həmin ariyanı həmişə ifa etmişdir, indi də ifa edir. Mən bu ariyanı onun ifasında dəfələrlə dinləmişəm. Hər dəfə də böyük diqqətlə, böyük heyranlıqla. Əvvəla, təbii ki, ariyanın, musiqinin özü gözəldir, bununla belə, mühüm cəhət onu necə ifa etməkdиr. Əlbəttə, mən mütəxəssis deyiləm, amma opera sənətində bu ariya çox mürəkkəb və çox çətindir.

Müslüm Maqomayev: Siz bütöv tamaşanı dinləmisiniz.

Heydər Əliyev: Mən bunu sənə sonra deyəcəyəm. Çox çətin ariyadır. Amma bir baxın, Müslüm 21 yaşında onu necə ifa edirdi. Mən bu ariyanı başqa müğənnilərin ifasında da dinləmişəm. Mənə inanın, Müslümün ifası kimi ifa olmayıb və yoxdur. Müslüm xatırlatdı, bu barədə mən də demək istəyirəm. O burada, Azərbaycanda opera tamaşalarını səhnəyə qoymuşdur. Birincisi «Sevilya bərbəri» operası idi.

Müslüm Maqomayev: Və axırıncısı.

Heydər Əliyev: Yox. Bəs «Karmen»?

Müslüm Maqomayev: «Karmen» Tamaranın işidir. «Toska» da.

Heydər Əliyev: O, «Sevilya bərbəri»ni rəhmətlik Rauf Atakişiyevlə böyük ruh yüksəkliyi ilə hazırlamışdı. Məncə, Rauf Abdullayev də var idi. Elə deyilmi?

Müslüm Maqomayev: Əliverdibəyov idi.

Heydər Əliyev: Bəli, Əliverdibəyovla. Məndə fotoşəkil var, bu gün fasilədə mən onu Tamaraya göstərdim. Tamaşadan sonra çəkilmiş həmin şəkildə Əliverdibəyov da var. Mən tamaşada oldum, onu dinlədim. Müslüm bu operada əvvəldən axıradək gözəl oxudu. Bir sözlə, opera müğənnisi kimi, onun imkanları olduqca böyükdür. Məhz bu, ona populyar mahnıları belə gözəl ifa etməyə imkan verir. Yaxud, götürək onun ifasında «Vdol po Piterskoy» mahnısını. Bilirsiniz, mən, ümumən, incəsənət həvəskarıyam, bütün bu mahnıları dinləmişəm, özü də hələ çox-çox əvvəllərdən, mənim yaşımı nəzərə alın, amma «Vdol po Piterskoy»un Müslümün ifasındakı kimi ifası olmayıbdır. Ümumiyyətlə, o vaxt Müslümün bu xalq mahnısını ifa etməsi Moskvada, keçmiş Sovet İttifaqında çox böyük hadisəyə çevrildi. O harada konsert verirdisə, hamı onun bu mahnını oxumasını tələb edirdi. Yadındadırmı, mən bunu bilirəm. Onun bu mahnını Kremlin Qurultaylar sarayında necə ifa etdiyi də xatirimdədir. Sovet İttifaqının bütün rəhbərliyi konsertdə idi, bu mahnını onun kimi heç kim ifa etmirdi. Onun ifasında səslənən bu mahnı çox çətindir. O, səsini nə qədər dəyişir, amma çaşmır. Mən sizə açığını deyəcəyəm, onun ifasında hər bir mahnı ayrıca bir əsərdir. Müslüm hər yerdə məşhur idi. Məsələn, o, «Buhenvald harayı»nı əla ifa edirdi. O vaxtlar bu çox böyük hisslər doğururdu. Xatirimdədir, bir dəfə biz – mən Sovet İttifaqının rəhbərliyini, Siyasi Büronun üzvlərini və üzvlüyə namizədlərini nəzərdə tuturam – hansısa bayram konsertində idik, Qurultaylar sarayının lojasında əyləşmişdik. Hansısa bir artist Böyük Vətən müharibəsinə həsr olunmuş mahnını oxuyurdu.

Yadımdadır, o, mahnını oxuyub qurtardıqdan sonra Brejnev hamıya tərəf çevrildi, Müslüm Maqomayevi dəvət etmək lazım idi ki, o, «Buhenvald harayı»nı oxusun. Bu çox yaxşı olardı. Mən öz təəssüratlarımı söyləyirəm. Bununla belə, hesab edirəm, mənimlə birlikdə olanlar razılaşarlar ki, Müslümün yaradıcılığının xüsusiyyətini, onun mahnılarının xüsusiyyətini məhz bu cəhətlər səciyyələndirir. O, hər bir mahnını məhz öz anlamında, öz təfsirində ifa edir. Zənnimcə bu, asan iş deyildir. O, mahnını hazırlayır və gözəl bir əsər kimi ortaya çıxarır.

Onu da demək istəyirəm ki, Müslüm mənim evimdə olurdu, biz onunla dostluq edirdik. O ilk dəfə bizə bazar günü öz videokamerası ilə gəlmişdi – o vaxtlar bizdə, ümumiyyətlə, heç kəsin videokamerası yox idi, bu, 1982-ci ildə olmuşdur, indi hamının videokamerası var – hamımız sevindik. O dedi ki, mən məhz sizi çəkmək üçün videokamera ilə gəlmişəm. Müslüm onda ilk dəfə olaraq evimizdə mənim birinci nəvəmi çəkdi. O vaxt onun cəmi bir yaşı vardı. Müslüm onun adını bilir – onun da adı Zərifədir. Bizim hamımızı çəkdi. Bax, bu videolent o vaxtdan bəri ailə arxivimizdə saxlanılır. Sonra sən Moskvada da bizə gəlirdin. Yadındadırmı? Videokamera ilə gəlir və bizi çəkirdin. Bir sözlə, o bu baxımdan bizə yaxşı kömək edirdi.

Mən Müslümü gözəl insani keyfiyyətlərinə görə bir insan kimi də, bir artist kimi də, bir bəstəkar kimi də həmişə sevmişəm. Burada kim isə dedi ki, onda utancaqlıq vardı. Deyəsən, bunu Lion İzmaylov dedi. Müslüm, ümumiyyətlə, utancaq adamdır. Belə şan-şöhrəti, belə nüfuzu, belə ad-sanı olmasına baxmayaraq, utancaq adamdır. Bəzən mənə müraciət etməsi lazım olur, amma bunu etməyə utanır. Bu barədə kimə isə bir dəfə, iki dəfə ağız açır, sonra mən bunu onun özünə deyirəm, o cavab verir ki, belə şey yoxdur, sizi narahat etmək istəmirəm. O, son dərəcə təvazökar adamdır, ən başlıcası, dostluq etdiyimiz dövrdə – onu nəzərdə tuturam ki, mən o illərdə də Azərbaycanın rəhbəri olmuşam, indi də artıq 9 ildir rəhbəriyəm – özünün hər hansı məsələlərinin həlli üçün mənimlə əlaqələrindən heç vaxt istifadə etməyibdir. O, Əliyevlə dostluğundan nəinki heç zaman sui-istifadə etməyib, ümumiyyətlə, bunu heç vaxt yaymayıbdır. Bu dostluq heç də sirr deyildir. Lakin bu onun insanlığını, xarakterini göstərir. Müslümün 30 ildən bəri birgə yaşadığı Tamara Sinyavskaya görkəmli mügənnidir. O, Böyük Teatrda həmişə çox yüksək nüfuza, çox geniş şöhrətə malik olmuşdur. Onun Böyük Teatrda çıxışları həmişə hərarətli alqışlarla qarşılanmışdır. Şadam ki, Müslüm Maqomayevin belə xanımı var. Əvvəla, onların hər ikisi görkəmli müğənnidir. İkincisi, onlar eyni peşənin adamlarıdır. Üçüncüsü, ən başlıcası isə, görünür, onların xasiyyətləri çox oxşardır. Mən onların həyatını müşahidə etmişəm, sevinmişəm ki, mehriban yaşayırlar, bu gün də sevinirəm ki, bütün bunlar davam edir. Mən demişəm və bu gün bir daha demək istəyirəm ki, Müslüm Maqomayevin bütün bu xidmətlərində Tamaranın rolu az deyildir. O, Müslümü ələ aldıqdan sonra onun burada haqqında söhbət gedən əvvəlki həyatına son qoyuldu, daha onun ardınca qaçan olmadı, daha onun avtomobilini öpüb yalamadılar. Tamara onların hamısını qovdu. Mən birisini xatırlayıram, amma adını çəkməyəcəyəm. Müslümün bir məşuqəsi vardı. Yadındadırmı, biz Pyatiqorskda rastlaşmışdıq? Olmaya, yadında deyil?

Müslüm Maqomayev: Adı nə idi?

Heydər Əliyev: Demək istəmirəm. Görürsünüzmü onun nə qədər məşuqəsi vardı ki, hər birini xatırlamır. Biz ailəmizlə Pyatiqorskda istirahət edirdik – bu, 1972-ci ildə olmuşdur – birdən mənə dedilər ki, Müslüm Maqomayev Pyatiqorskda konsert verir. Əlbəttə, biz bütün ailəliklə konsertə getməyi qərara aldıq. Axı bizim artist, bizim nümayəndəmiz konsert verirdi. Həm də mən onu bir daha dinləmək istədim, oraya getdim, ailəliklə getdik, dinlədik, məncə, orada yay estradası vardı. Yerli rəhbərlik mənim orada, Pyatiqorskda olduğumu eşitdikdə – onların orada qonaq evi vardı – bizi oraya şam yeməyinə dəvət etdilər. Müslüm qadınla birlikdə gəldi, sənin hansı mahnıları oxuyacağını elan edirdi, yadındadırmı?

Müslüm Maqomayev: Svetlana Morqunovanı deyirsiniz?

Heydər Əliyev: Məncə, o idi.

Müslüm Maqomayev: Televiziyanın diktoru idi.

Heydər Əliyev: Yaxşı, daha təfsilata varmayacağam. O, nəhayət, xatırladı. Yəni, demək istəyirəm ki, Tamara onların hamısını kənarlaşdırdı. Xatirimdədir, bir dəfə o mənə dedi, hətta hansısa familiyaları çəkərək dedi ki, onları qovmuşdur, onlar Müslümə daha yaxın düşə bilmirlər. Bir sözlə, bu baxımdan Tamaranın xidmətləri olduqca böyükdür. Mən hələ onun qalan xidmətlərini demirəm. Mən Tamara Sinyavskayaya minnətdaram ki, bütün bu illər ərzində, o vaxtdan bəri Bakıda dəfələrlə olub, burada bu salonda konsertlərdə çıxış edibdir. Məncə, sənin dediyin kimi, bizim opera teatrında «Karmen» operasını səhnəyə qoymuş və orada oxumuşdur. Odur ki, bu, opera teatrımızın tarixində əhəmiyyətli hadisədir, gərək bunu bilsinlər. Mən bunu xatırlayıram, çünki həmin tamaşalardan çox böyük zövq almışam. Müslüm, beləliklə, bugünkü gecə başa çatır. Doğrudur, gecənin təşkilatçıları vaxtı bir qədər düz hesablamayıblar, uzatdılar, çox vaxt getdi. Amma, gördüyünüz kimi, salondakıların biri дə yorulmayıbdır.

Müslüm Maqomayev: Ağızları nə idi ki, yorulaydılar.

Heydər Əliyev: Sən düz demirsən. Yaxşı, birdən kim isə etiraz etsə, onda necə? Məsələn, mən yorulmadım, təsəvvür edin, bu qədər oturandan sonra hələ burada çıxış da edirəm. O isə yanımda dayanmaqdan yorulubdur. Çünki bizim peşələrimiz müxtəlifdir. Mənim peşəm elədir ki, heç vaxt yorula bilmərəm. Əgər kimsə yorulubsa, eybi yoxdur, Müslüm Maqomayevin yubileyinə həsr edilmiş bugünkü gecə, hər halda, Azərbaycanın mədəni həyatında gözəl səhifədir. Mən baxıram, Azərbaycan incəsənətinin, mədəniyyətinin qaymağı buradadır. Bu məni sevindirir, ona görə ki, mədəniyyətimiz bu gün də yaşayır və inkişaf edir, incəsənətimiz yaşayır və inkişaf edir. Həyatını bu peşəyə, incəsənətə həsr etmiş insanlar, bilirəm, çox çətinliklərə məruz qalsalar da, öz peşələrinə sadiqdirlər, incəsənətimizi irəliyə aparırlar, yeni əsərlər yaradırlar. Xəzər Gəmiçiliyindən olan oğlanın çıxışı bizim hamımız üçün gözlənilməz xoş bir hadisə oldu, mən xalqımızın incəsənətə necə bağlı olduğunu nəzərdə tuturam. Bu mənə sənin dənizçilər klubunda, məhz belə bir yaşda oxumağa başladığın vaxtı xatırlatdı.

Müslüm Maqomayev: Mən bir qədər böyük idim.

Heydər Əliyev: Böyük idin? Bəlkə də böyük idin. Amma bir gör, o necə oxudu. Həyat irəliləyir, Azərbaycan Respublikası inkişaf edir, incəsənət həmişə nüfuza malik olmuşdur və malikdir, dövlətin, prezidentin qayğısı ilə əhatə edilmişdir. Elə bugünkü gecə də sözlərimə sübutdur. Müslüm, mən səni təbrik edirəm. Tamara, səni də təbrik edirəm. Müslüm, sənə möhkəm-möhkəm cansağlığı diləyirəm, arzu edirəm ki, xəstələnməyəsən və həmişə formada olasan, axı qarşıda bizim hələ çox-çox işlərimiz var. Biz bu işləri Müslümlə birlikdə, sizinlə birlikdə, bütün Azərbaycan xalqı ilə birlikdə həll edəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və nəcib işlərinizdə uğurlar arzulayır, konqresinizə səmərəli iş diləyirəm.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri