Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalma mərasimində nitqi - Zuğulba, \"Gənclik\" Beynəlxalq turizm mərkəzi, 25 avqust 2000-ci il

Əziz idmançılar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

XXVII Beynəlxalq yay Olimpiya oyunları XX əsrin son Olimpiya oyunlarıdır. Olimpiya oyunları hər dəfə bəşəriyyətdə əlamətdar hadisə kimi qiymətləndirilmişdir. Ancaq XX əsrə yekun vuran və bu əsrdə Beynəlxalq Olimpiya hərəkatının nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirən XXVII Sidney yay Olimpiya oyunları olacaqdır.

Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi, dünya birliyinin bərabərhüquqlu üzvü kimi bu Olimpiya oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirəcək, Azərbaycanın milli bayrağını qaldıracaq, milli himnini səsləndirəcəkdir.

Olimpiya oyunlarında Azərbaycanın bilavasitə, müstəqil olaraq iştirak etməsi xalqımızın azadlığının və ölkəmizin müstəqilliyinin bəhrəsidir və müstəqil Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərin böyük bir hissəsidir.

Mən sizi, Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvlərini, ölkəmizin bütün idmançılarını, gənclərini bu hadisə münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın idmançıları XXVII Beynəlxalq yay Olimpiya oyunlarında böyük uğurlar qazanacaq və Azərbaycanın şanını-şöhrətini daha da yüksəldəcəkdir.

Dörd il bundan öncə məhz burada, Azərbaycanın, Bakının gözəl güşəsində, Xəzər dənizinin sahilində biz Olimpiya oyunlarına gedən idmançılarımızla, gənclərlə görüşdük, onlara xeyir-dua verdik, uğurlar arzuladıq. O dövrə görə onlar müəyyən uğurlar qazandılar və müstəqil bir dövlət kimi Azərbaycanı Olimpiya oyunlarında ilk dəfə təmsil etdilər. Həmin hadisə Azərbaycanda Olimpiya hərəkatının inkişafına özü-özlüyündə təkan verdi və ölkəmizdə idmanın, bədən tərbiyəsinin inkişafı üçün gözəl bir örnək oldu.

Ötən dörd il içərisində vəziyyət çox dəyişilibdir. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İham Əliyev bu barədə məlumat verdi. Bu dəyişikliklər sizi nə qədər sevindirirsə, bizi - Azərbaycan dövlətini, hökumətini, ölkəmizin gənclərini, idmançılarını və bütün xalqımızı ondan da çox sevindirir. Dünyada qədim tarixə malik olan idman insanların istifadə etdiyi gözəl bir adət-ənənədir. Ən qədim zamanlarda insanlar bunu sadəcə,öz həyatında istədiyi kimi həyata keçirirdilər. Ancaq bu Olimpiya oyunlarının da böyük tarixi vardır. Bu tarix təkcə 27 Olimpiya oyunlarından ibarət deyildir. Bu, qədim dövrlərdən yaranmış bir adət-ənənədir. Bu, xalqları, gəncləri, millətləri bir-birinə yaxınlaşdıran, ünsiyyət yaradan gözəl bir ənənədir. Ona görə də həm idman, həm də idmançılar dünyada böyük hörmətə malikdirlər. Təsadüfi deyildir ki, müxtəlif idman oyunları və xüsusən, müxtəlif səviyyələrdə keçirilən yarışlar yüz minlərlə insanın marağını cəlb edir. Demək, bu, insan həyatında ən geniş yayılmış və insanların qəlbində ən dərin kök salmış bir sahədir.

Azərbaycan xalqı, milləti öz genetik, fiziki hazırlığına görə idmanın bütün növləri ilə məşğul olmaq qabiliyyətinə malikdir. Ancaq biz Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, təbliğ olunması məsələsinə dünyanın bir çox ölkələrindən, xalqlarından bəlkə də gec başlamışıq. Keçmişdə Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan idmanı inkişaf edibdir, Azərbaycan idmançıları gözəl nəticələr göstəriblər. Ancaq bizim müstəqilliyimiz olmadığına görə, başqa sahələrdə olduğu kimi, idmanda da əldə edilən nailiyyətlər Ümumittifaq qazanında həzm olunubdur. Bəlkə bunlar da Azərbaycanda idmanın istənilən səviyyəyə qalxmasına maneçilik törədibdir. Ancaq indi respublikamızda, müstəqil Azərbaycan dövlətində idman özünə layiq yerini tutubdur. Azərbaycanda dövlət, hökumət tərəfindən idmana, bədən tərbiyəsinə, idmançılara qayğı günü-gündən artır və sizi əmin edirəm ki, bundan sonra da artacaqdır. Son illərin nailiyyətləri onu göstərir ki, bizim idmana, Olimpiya hərəkatına, gənclərimizə göstərdiyimiz qayğı gənclərimiz, idmançılar tərəfindən səmərəli istifadə olunur və bu gün biz yaxşı nailiyyətlərin şahidiyik. Azərbaycanda Milli Olimpiya hərəkatı son illər sürətlə inkişaf edir, Milli Olimpiya Komitəsi çox səmərəli işlər görür. Bütün bunlar ictimaiyyətin gözü qarşısındadır. Mən buraya gələrkən bir neçə rəqəmlə tanış oldum. Son üç il ərzində - 1997-ci ildən indiyə qədər Azərbaycan idmançıları beynəlxalq, Avropa, müxtəlif regional səviyyəli yarışlarda fəal iştirak etmiş və 571 medal qazanmışlar. Qısa bir müddətdə bu qədər medallar qazanmaq Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin son illərdə gördüyü işlərin əməli nəticəsidir. 571 medaldan 220-si qızıl medal, qalanları isə gümüş və bürünc medallardır. Mən bu medalları qazananları, Azərbaycan idmanının hörmətini dünyada qaldıranları, Azərbaycan Milli Olimpiya Komitəsini, Azərbaycan Gənclər və İdman Nazirliyini, bütün idman ictimaiyyətini bu nailiyyətlərə görə ürəkdən təbrik edirəm.

İdmana nə qədər çox qayğı göstərilsə, bizim gənclər idmana o qədər çox həvəs göstərəcəklər. Gənclərimiz idmanda nə qədər çox yüksək nəticələr əldə etsələr, dünya, Avropa miqyasında, başqa regional yarışlarda yüksək yerlər tutsalar, Azərbaycan gəncləri bu hərəkata o qədər də çox qoşulacaqlar, həvəslənəcəklər. Bunlar hamısı birlikdə sadəcə oyun, deyil. İdman, bədən tərbiyəsi millətin, xalqın fiziki sağlamlığıdır. Hər bir ölkənin, hər bir dövlətin ən böyük sərvəti insanlardır. Hər bir dövlət xalqını, öz vətəndaşlarını, insanları daha da sağlam etməyə çalışmalıdır. Sağlamlığın da birinci yolu tibb, dava-dərman - bunlar nə qədər yüksək səviyyəyə qalxsalar da - deyil. Sağlamlığın birinci yolu hər bir insanın öz orqanizmini fiziki cəhətdən inkişaf etdirməsi, bədən tərbiyəsi ilə daim məşğul olması və idmanın yüksək səviyyəyə qalxmasıdır. Ona görə də biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq. Biz bu nöqteyi-nəzərdən də idmana qayğı göstəririk və göstərəcəyik.

Azərbaycanda gözəl gənc nəsil yetişir. İndiki dövrün müxtəlif iqtisadi, məişət çətinliklərinə baxmayaraq, bu gənc nəsil həm təhsildə, həm elmdə, həm mədəniyyətdə, incəsənətdə, həm də idmanda yüksək nümunələr nümayiş etdirir. Bunlar hamısı gənclərin - Azərbaycanın gələcək qurucularının ahəngdar inkişafını təşkil edən amillərdir. Amma hər bir alim, hər bir mühəndis, hər bir həkim, hər bir incəsənət xadimi fiziki cəhətdən sağlam olsa, fiziki cəhətdən özünə vaxtlı-vaxtında fikir versə, o həm cəmiyyətin sağlam üzvü olacaq, həm də öz sahəsində daha səmərəli işlər görəcək, millətimizə, xalqımıza, dövlətimizə daha da çox fayda verəcəkdir. Ona görə də idman insanlar üçün, yaşından asılı olmayaraq, həyatda əsas yer tutur. Mən idmandan danışanda onu geniş mənada nəzərdə tuturam. Əlbəttə, hər bir adam gedib güləşə, boks oynaya, ağırlıq qaldıra bilməz. Hər kəsin öz imkanı var. Hər bir adam öz fiziki hazırlığını, fiziki möhkəmliyini təmin etmək üçün ilk növbədə idmanın ibtidaisini təşkil edən bədən tərbiyəsi ilə daim məşğul olmalıdır. Hər bir adam bununla gəncliyindən, uşaqlığından lap ömrünün sonuna qədər məşğul ola bilər. Beləliklə də cəmiyyətimiz daha da sağlam olar. Təbiidir ki, böyük kütlənin içərisində fiziki cəhətdən ən sağlam adamlar, idmanın müxtəlif növlərində istedadı olan insanlar yüksək səviyyəli idmançı olacaq və Azərbaycan idmanını yüksəldəcəklər.

Mən bu gün bu fürsətdən istifadə edərək bu fikirlərimi təkcə sizə yox, bütün Azərbaycan xalqına, gənclərinə çatdırıram və arzu edirəm ki, mənim bu tövsiyələrimə əməl olunsun. Bunlar mənim şəxsən icad etdiyim tövsiyələr deyil, bunlar əcdadlarımızın qədim zamanlardan bizə etdiyi tövsiyələrdir və qoyub getdikləri vəsiyyətlər, nəsihətlərdir.

Çox sevindirici haldır ki, son illər Azərbaycanda Milli Olimpiya Komitəsi güclü fəaliyyət göstərir. Elə müstəqilliyimizin nəticələrindən biri də ondan ibarətdir ki, Azərbaycan Milli Olimpiya Komitəsi yaranıb. Bu Milli Olimpiya Komitəsi indi böyük işlər görür, Azərbaycan idmanının yüksəlməsində böyük xidmətlər göstərir. Bu gün biz XXVII Beynəlxalq yay Olimpiya oyunlarına burada elan olunan göstəricilərlə gedirik. Biz Gənclər və İdman Nazirliyini yaradanda çox düşündük, təkcə Gənclər Nazirliyi yox, Gənclər və İdman Nazirliyi yaratdıq. Çünki gənclik idmandan, idman da gənclikdən ayrı ola bilməz. Mən çox məmnunam ki, biz vaxtilə belə bir nazirlik yaratdıq. Bu nazirlik həm gənclərin problemləri ilə, - indi gənclər tamamilə başqa bir keyfiyyət alıblar, - həm də idmanın, bədən tərbiyəsinin inkişafı ilə məşğul olur. Ona görə də bir tərəfdən Milli Olimpiya Komitəsi, digər tərəfdən Gənclər və İdman Nazirliyi və onların müştərək işləri, birgə səyləri indi Azərbaycanda idmanı, bədən tərbiyəsini yüksəklərə qaldırıbdır.

Mən keçən dəfə burada danışanda xatırlatdım ki, 1990-92-93-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi. O vaxt demişdim, indi də deyirəm, - xatırlayıram, 1952-ci ildə həmin stadion açıldı və mən onun açılışında iştirak etmişəm. Həmin stadion o vaxtdan Azərbaycan idmanına, gəncliyinə böyük xidmətlər göstərmişdir. Amma iki-üç il içərisində onu vurub-dağıtdılar. O zaman mən məsələ qaldırdım ki, orada qayda-qanun yaratmaq lazımdır. Stadionu nəinki bərpa etmək, onu müasir, beynəlxalq standartlar səviyyəsinə qaldırmaq lazımdır. O vaxt bəziləri buna inanmadılar. Bir çoxları hesab edirdilər ki, bəzi mafioz qüvvələr orada o qədər kök salıblar ki, onları oradan çıxarmaq mümkün deyil. Bəli, belə düşünənlər o dövrün adamları idilər. Çünki onlar da Azərbaycanda hər şeyi dağıdırdılar. O biriləri də dağıdanda bunların mənəvi haqqı yox idi ki, onlara desinlər, - niyə dağıdırsınız? Çünki şəxsi məqsədləri üçün hamısı - bu da dağıdırdı, o da dağıdırdı. Biz oranı qısa bir müddətdə təmizlətdirdik. İndi stadion təmir olunubdur, beynəlxalq standartlar səviyyəsindədir, Azərbaycan gəncliyi üçün fayda verir. Xatirimdədir, həmin stadion çox bərbad vəziyyətdə idi. Bir dəfə orada beynəlxalq futbol yarışı olmalıydı. Gəlib dedilər ki, onu Sumqayıtda keçirmək lazımdır. Bunlar yadınızdadırmı? Mən soruşdum ki, nə üçün Sumqayıtda? Çünki Azərbaycanın mərkəzi stadionu elə bərbad vəziyyətdə idi ki, həmin beynəlxalq futbol yarışını orada keçirmək mümkün deyildi. Ona görə də həmin yarış Sumqayıtda keçirildi.

Təsəvvür edin, biz belə dövr yaşamışıq, belə hadisələrlə rastlaşmışıq. Ancaq indi böyük iftixar hissi ilə deyirəm ki, biz bunların hamısının qarşısını almışıq. Ölkəmizdə ictimai-siyasi sabitlik yaratmışıq. Respublikamızın iqtisadiyyatı inkişaf edir. Azərbaycan demokratik bir dövlət kimi dünyada özünə layiq yer tutubdur. Azərbaycanda iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir. Ölkəmizdə müxtəlif qanunlar, o cümlədən idman haqqında qanun qəbul olunubdur.

Baxın, qısa bir müddətdə hər şeyi nə tez dağıtmaq olardı. Həmin o dağıntıları qısa bir müddətdə aradan qaldırıb Azərbaycanın bugünkü simasını yaratmaq lazım idi. Biz bunu yaratdıq. Mən çox məmnunam ki, Azərbaycan Milli Olimpiya Komitəsi bir neçə idman müəssisəsi tikibdir. İlham Əliyev bu barədə danışdı. Təkcə Bakıda yox, Gəncədə də, Naxçıvanda da idman müəssisələri tikilibdir. Bunları Milli Olimpiya Komitəsi özü edir, dövlət burada heç vəsait də sərf etmir. Demək, bu işləri etmək olar. Amma bu, nə üçündür? Bu, bir adam üçün deyil, ayrı-ayrı qruplar üçün deyil. Bu, millət, xalq üçündür, bu, bizim gənclərimiz, Azərbaycanda gənclərin fiziki cəhətdən sağlam inkişaf etməsi, ölkəmizdə idmanın inkişaf etməsi üçündür. Əlbəttə, belə təşəbbüslər həmişə alqışlanmalıdır. Mən ümidvaram ki, biz bundan sonra da belə təşəbbüslərin şahidi olacağıq.

İlham Əliyev ötən Olimpiya oyunları ilə bu Olimpiya oyunları arasında qazanılmış nailiyyətlər və XXVII Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının sayı və keyfiyyəti haqqında məlumat verdi. Bu, bizi çox sevindirir. Mən inanıram ki, Olimpiya oyunlarına lisenziya almış 31 nəfər gəncimiz, idmançımız millət, müstəqil Azərbaycan dövlətimiz, xalqımız qarşısında öz məsuliyyətini hiss edərək, indiyə qədər əldə etdiyi nailiyyətləri artıracaq, olimpiya oyunlarına lisenziya almaq səviyyəsinə çatmasını səmərəli həyata keçirəcək və Olimpiya oyunlarında yüksək yerlərə qalxacaqdır. Təbiidir ki, biz istərdik 31 idmançımızın 31-i də qızıl medal alsın. Bu, tək mənim arzum deyil, - görürsünüz, siz də alqışlayırsınız, - sizin də, bütün xalqımızın da arzusudur. Yenə də deyirəm, indi beynəlxalq aləmdə Azərbaycanın müxtəlif sahələrdə fəaliyyəti çox yüksək səviyyədədir. Ancaq idman o qədər kütləvi bir sahədir, bütün dünyanın, bəşəriyyətin nəzər-diqqətini o qədər cəlb edir ki, bilin, Azərbaycanda da insanlar Olimpiya oyunlarına gecə-gündüz baxacaqlar, onları izləyəcəklər, hər biri ürəkdən, necə deyərlər, gərginlik hissi keçirəcəkdir ki, görək bizim bu və ya digər idmançımız hansı yerə qalxdı, hansı nailiyyəti əldə etdi. Gərək ki, Natiq dedi, burada həm xoşbəxtlik amili olmalıdır, həm də hakimlərin ədalətliliyi. Təbiidir, ideal vəziyyət belə olmalıdır. Biz də arzu edirik ki, belə olsun. Ancaq mən burada bir şeyi deyə bilərəm ki, biz sizi o qədər ürəkdən sevərək oraya göndəririk və xalqımızın duaları sizə o qədər kömək edəcək ki, qarşınızda duran vəzifəni orada xoşbəxtliklə yerinə yetirəcəksiniz. O ki qaldı hakimlərin ədalətliliyi, bu, bizdən asılı deyildir. Ancaq arzumuz nədən ibarətdir? Arzumuz ondan ibarətdir ki, ədalət olsun və güman edirəm, Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan Milli Olimpiya Komitəsinin başçısı İlham Əliyev və onun müavini Əbülfəs Qarayev çalışacaqlar ki, orada hakimlərin ədalətli olmasını təmin etsinlər. Mənim belə deməyə əsasım var. Çünki Azərbaycanın Milli Olimpiya Komitəsi qısa bir zamanda bütün Olimpiya təşkilatları ilə çox işgüzar əlaqələr yaradıbdır: həm Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Samaranç və onun müavinləri ilə, bu günlərdə isə Brüsseldə Avropa Olimpiya Komitəsinin prezidenti ilə görüşüblər.

Məsələn, yeniyetmə boksçuların Avropa çempionatının Azərbaycanda keçirilməsi böyük bir hadisə oldu. Heç vaxt Azərbaycanda belə bir beynəlxalq yarış keçirilməmişdi. Ən sevindiricisi də odur ki, bizim boksçular orada yaxşı nailiyyətlər əldə etdilər. Bilirsiniz ki, burada bir yarış da - yeniyetmələr arasında dünya çempionatı da keçiriləcəkdir. Bu da çox əhəmiyyətli nailiyyətdir. Məhz yeniyetmələr arasında. Çünki böyük yaşlı boksçuların təcrübəsi var, amma bizdə boks hələ inkişaf etməlidir. Ona görə gərək yeniyetmələri boksa cəlb eləyək. Dünya çempionatı Azərbaycanda keçiriləcək, artıq bu barədə qərar qəbul edilibdir. Təbiidir ki, bu da Azərbaycan üçün beynəxalq əhəmiyyətli yeni bir hadisə olacaqdır. Bax, bütün bu görülən işlər, yaranmış əlaqələr onu göstərir ki, bizim nümayəndə heyətinin rəhbərləri, - siz idmançılar orada meydanda yarışanda, yəni biri bokslaşacaq, biri güləşəcək, - bütün təşkilati işlərlə gecə-gündüz məşğul olmalıdırlar ki, sizin nailiyyətləriniz ədalətli qiymətləndirilsin.

Biz sizi uzaq yerə - Sidneyə, Avstraliyaya yola salırıq. Mənim xatirimdədir, deyəsən, 1956-cı ildə idi, - Melburnda, Avstraliyada Olimpiya oyunları keçirilirdi. O vaxt Sovet İdtifaqı bu yarışlara təzə qoşulmuşdu və onda bir çoxumuz o qədər də bilmirdik ki, Olimpiya oyunları nədən ibarətdir. Gərək ki, SSRİ bu işə 1952-ci ildə qoşulmuşdu. Elədir, yoxsa yox? Onda o oyunlar bizdə böyük maraq doğurmuşdu. Amma indi biz Olimpiya oyunlarının tarixini bilirik və müstəqil dövlətin təmsilçiləri kimi Azərbaycan idmançıları həm Atlantada, həm Yaponiyada Olimpiya oyunlarında iştirak ediblər. Təcrübə var və görülən işlər əsas verir deyim ki, çox uzaq məsafəyə getməyinizə baxmayaraq, siz öz fiziki hazırlığınızı qoruyub saxlayacaqsınız, nizam-intizamı daha da möhkəmləndirəcəksiniz, bir-birinizə qayğı göstərəcəksiniz, kömək edəcəksiniz, hər birinizin nailiyyətinə hamınız ürəkdən sevinəcəksiniz, bir-birinizə qısqanclıq etməyəcəksiniz və böyük nailiyyətlər əldə edəcəksiniz. Mən sizə deyirəm ki, yolunuz uğurlu olsun! Mən sizə deyirəm ki, sağ-salamat gedib Azərbaycana qayıdasınız! Mən sizə deyirəm ki, Azərbaycan xalqı sizi səbirsizliklə gözləyəcək və hərarətlə, təntənə ilə qarşılayacaqdır. Sizdən asılı olan isə odur ki, buraya alnıaçıq, üzüağ qayıdasınız. Mən buna inanıram və bu inamla da, sizə olan bu etibarımla da sizə cansağlığı arzu edir, beynəlxalq əhəmiyyəti olan, Azərbaycan üçün dövlət əhəmiyyəti olan bu böyük işdə böyük, böyük, böyük uğurlar arzulayıram. Sağ olun.

Mən bir şeyi deməyi unutdum. Əvvəl Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi təklif etmişdilər ki, Olimpiya oyunlarında birinci, ikinci, üçüncü yer tutanlara pul mükafatı verilsin. Təklif vermişdilər ki, birinci yerə 25 min dollar, ikinci yerə 10 min dollar, üçüncü yerə 5 min dollar verilsin. Sonra isə biz Milli Olimpiya Komitəsinin yeni təklifinə baxdıq və mən qərar qəbul etdim ki, birinci yer üçün 50 min dollar, ikinci yer üçün 30 min dollar, üçüncü yer üçün 15 min dollar verilsin. Eyni zamanda deyirəm ki, Milli Olimpiya Komitəsinin də öz mükafatları var, bunları da sonra sizə deyəcəklər.

Sağ olun, sizə yaxşı yol! Sizə bir daha uğurlar arzulayıram.