Yerli sahibkarlarla görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi - 25 aprel 2002 -ci il

Hörmətli xanımlar və cənablar!

Hörmətli sahibkarlar!

Mən sizi səmimi qəlbdən salamlayıram və bütün işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq, ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir.

Azərbaycanın iqtisadiyyatı 1990-cı ilin əvvəllərində böhran vəziyyətində olduğu halda, 1995-ci ildən artıq inkişafa başlayıbdır. İqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunur və bu inkişaf ilbəil artır. Bunların əsas səbəbləri, qeyd etdiyim kimi, iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. İqtisadi islahatlar müxtəlif xarakter daşıyır, müxtəlif sahələri əhatə edir və böyük tədbirlərin həyata keçirilməsini tələb edir. Biz bunların hamısını edirik, baxmayaraq ki, bunları həyata keçirmək üçün bir çox çətinliklərimiz var idi. Keçmiş iqtisadi psixologiyadan uzaqlaşmaq, insanları yeni iqtisadi təfəkkürə alışdırmaq və beləliklə də islahatları həyata keçirərək, eyni zamanda onların müsbət nəticələrinin əldə olunmasına nail olmaq lazım idi. Dediyim kimi, biz bu nəticələri əldə etmişik.

Aparılan siyasət, islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə yeni sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxarıbdır. Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Bizim görəcəyimiz işlər ondan ibarət idi ki, islahatları həyata keçirmək üçün, bazar iqtisadiyyatının tələblərini ödəmək üçün lazım olan qanunlar qəbul etməliydik, qaydalar yaratmalı idik və ölkəmizdə bu qanunların həyata keçirilməsini, onlara riayət olunmasını təmin etməliydik. Biz deyə bilərik ki, bunu da etmişik.

İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranıbdır. Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir. Bir daha deyirəm, özəl sektorun yaradıcıları, özəl sektorun aparıcıları sahibkarlar qrupunu, sahibkarlar təbəqəsini meydana gətirir.

Demək olar ki, indi bizim sosial-iqtisadi inkişafımız sahibkarların fəaliyyətindən asılıdır. Çünki əgər iqtisadiyyat özəlləşdirilibsə, yaxud onun böyük bir hissəsi özəlləşdirilibsə, demək, iqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edən amildir. Ona görə də biz buna dövlət siyasətimizin böyük bir hissəsi kimi baxırıq.

Əgər keçmişlə müqayisə etsək, o vaxt bütün iqtisadiyyat dövlət inhisarında idi və biz iqtisadiyyatda inkişafı təmin etmək üçün, müxtəlif sahələrdə istehsalı təmin etmək üçün o sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının, təşkilatların, birliklərin işləri ilə məşğul olurduq və vaxtaşırı onlarla müxtəlif müşavirələr keçirib gördükləri işləri təhlil edirdik, işlərin sürətlənməsi üçün lazımi tədbirlər görürdük və onlara kömək edirdik. İndi demək olar ki, bunlar yoxdur, yaxud da bizim iqtisadiyyatımızın az hissəsinə aiddir. İqtisadiyyatın əsas hissəsini təşkil edən özəl sektordur.

Bir də qeyd edirəm, özəl sektorun da əsas daşıyıcıları, aparıcıları sahibkarlardır. Demək, biz keçmişdə gördüyümüz işləri indi sahibkarlarla görməliyik. Təbiidir, burada fərq var. Çünki keçmişdə dövlət tabeliyində olan təşkilatlar idi, biz lazımi müşavirələr keçirərək, onların qarşısına tələblər qoyurduq. İndi isə biznesmenlər sərbəstdirlər, öz əmlakının, öz işlərinin şahididirlər. İş adamları ilə, biznes adamları ilə bizim münasibətlərimiz yalnız və yalnız demokratiya prinsipi əsasında qurulur və qurula bilər. Bu prinsiplərə riayət edərək, biz iş adamlarının fəaliyyətinin daha da səmərəli olmasına maraqlı olaraq, onlara yardım etmək, kömək göstərmək istəyirik. Biz bunu indiyə qədər etmişik. Qəbul etdiyimiz qanunlar bunu təmin edib və edir, prezidentin fərmanları və sərəncamları bunu təmin edibdir və edir, həyata keçirdiyimiz müxtəlif tədbirlər bunu təmin edir.

Bu gün bu görüşdə isə bizim məqsədimiz Azərbaycanda yerli sahibkarların vəziyyəti ilə daha da yaxından tanış olmaqdan ibarətdir. Yəni yerli sahibkarların işində nə kimi çətinliklər var, onların işinə mane olan amillər nədən ibarətdir, dövlətin, hökumətin qanunlarının, sərəncamlarının, qərarlarının yerinə yetirilməsinə mane olan səbəblər nədən ibarətdir və nəhayət, sahibkarların işinin daha da səmərəli olması üçün nə etmək lazımdır. Bu məqsədlə də biz bu gün sizinlə görüşə gəlmişik.

Bilirsiniz ki, belə bir görüşün keçirilməsi haqqında mən aprel ayının 12-də qərar qəbul etdim, bu qərarı ictimaiyyətə çatdırdım və o gündən başlayaraq bizim müvafiq nazirliklər, xüsusən İqtisadi İnkişaf Nazirliyi belə bir görüşün hazırlanması ilə məşğuldur. Çox sevindirici haldır ki, bu görüşə Azərbaycanın iş adamları böyük maraq göstəriblər, yüzlərlə, minlərlə insan müraciət edib görüşdə iştirak etmək arzularını bildiribdir. Ancaq təəssüflər olsun ki, bizim bu salona - mənə bildirdilər ki, təxminən 500 adam tuta bilər - bundan artıq dəvət etmək mümkün olmayıbdır. Ancaq mən düşünürəm ki, əgər bizim bu görüşümüz istənilən səviyyədə alınsa və həqiqətən bizim sizinlə olan işlərimizə kömək etsə, müəyyən vaxt təyin edib, bu gün burada iştirak etməyə imkanı olmayan bütün başqa sahibkarlarla da görüşəcəyik.

Mən işi belə planlaşdırıram ki, bu gün sizinlə bu görüşü keçirək. Sonra Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin sahibkarları ilə belə bir görüş keçirmək istəyirəm. Bunların nəticəsində əldə olunan məlumatları, materialları öyrənmək və onların əsasında lazımi tədbirlər görmək üçün biz - Azərbaycanın dövlət orqanlarının, hökumət orqanlarının nümayəndələri ilə müşavirə keçirəcək, hakimiyyət orqanlarının vəzifələrini müəyyən edəcəyik.

Bu görüşün və bundan sonra keçiriləcək görüşün məqsədi ondan ibarətdir ki, biz bilavasitə iş adamlarından məlumat alaq ki, sahibkarlıq işi nə vəziyyətdədir, bizim qanunlarımız, fərmanlarımız, sərəncamlarımız Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün lazımi imkanlar yaradırmı, yoxsa yox. Əgər bu sahədə qanunvericilik nöqteyi-nəzərindən, yaxud da ki, icra orqanlarının qərarları ilə əlaqədar çətinlik varsa, sizdən məlumat aldıqdan sonra biz müzakirə etməli və lazımi fərmanlar, sərəncamlar verməliyik.

Ən başlıcası, biz istəyirik ki, bilək, sizin işinizə nə mane olur. Biz bunu əvvəldən də bilirik. Bir neçə dəfə müşavirələr keçirmişik, bu sizə məlumdur, televiziya və radio vasitəsilə, mətbuat vasitəsilə bilirsiniz ki, Azərbaycanda sahibkarlıq işi başlanandan, bazar iqtisadiyyatına keçid başlanandan Azərbaycanın müxtəlif hökumət orqanları cürbəcür yoxlamalarla, müdaxilələrlə sahibkarların işlərinə mane olmağa cəhd göstəriblər. Mən bu barədə bir neçə fərmanlar vermişəm və Azərbaycanda hüquq-mühafizə orqanlarının, başqa nəzarət edən orqanların sahibkarlara mane olmaması tələblərini qoymuşam. Bunlar öz nəticələrini veribdir.

Ancaq son dövrün müşahidəsi onu göstərir ki. bizim həyata keçirdiyimiz tədbirlərə baxmayaraq, yenə də müxtəlif hökumət orqanları sahibkarlara şərait yaratmaq, yardım etmək, onlara kömək etmək əvəzinə, müxtəlif maneələr törədirlər, yoxlamalar aparırlar, onların işlərinə müdaxilə edirlər, öz şəxsi mənafelərini təmin etmək istəyirlər. Bunlar da sahibkarlara mane olur. Hətta mənə deyirlər ki, bəzi sahibkarlar belə yoxlamalardan, müdaxilələrdən o qədər boğaza gəlirlər ki, haqlı işlərini bağlayırlar. Sahibkar nə məqsədi daşıyır? O, iş görür ki, pul qazansın. Onun istəyi pul qazanmaqdır, işi isə cəmiyyətə fayda verməkdir. Sahibkar müəyyən məhsulun istehsalı ilə məşğul olur, demək, o məhsul cəmiyyətə lazımdır. Yaxud ticarətlə məşğul olur, cəmiyyətin yaxşı ticarətə ehtiyacı var. Başqa xidmət sahələri ilə məşğul olur. İnsanların buna da ehtiyacı var. Əgər sahibkar bu işlərlə məşğul olaraq və qoyduğu sərmayəni çıxara və qazancı götürə bilmirsə, demək, onun sahibkarlıqla məşğul olmasının mənası yoxdur. Təəssüf ki, bizə məlumatlar çatır ki, belə hallar var və az deyildir. Bu, bizi narahat edir.

Bizim bugünkü görüşümüzün əsas məqsədlərindən biri ondan ibarətdir ki, bilavasitə siz sahibkarların özündən vəziyyət haqqında doğru, düzgün, obyektiv məlumat alaq. Mən bir də deyirəm, doğru, düzgün, obyektiv. Yəni siz həqiqəti deməlisiniz. Nə həqiqəti gizlətməyə cəhd göstərməməlisiniz, eyni zamanda öz şəxsi fikirlərinizə görə, münasibətinizə görə ayrı-ayrı hökumət, dövlət orqanları haqqında əsası olmayan fikirlər də söyləməməlisiniz.

Biz bu görüşə yalnız Azərbaycanın yerli sahibkarlarını çağırmışıq. Burada Azərbaycanın sahibkarlıq və bazar iqtisadiyyatı prosesində iştirak edən hakimiyyət orqanlarından, onların başçılarından heç kəs iştirak etmir. Məndən başqa, burada baş nazir, Prezidentin İcra Aparatının rəhbəri, iqtisadi məsələlər üzrə dövlət müşaviri və prezidentin köməkçisi iştirak edir, ayrı heç kəs yoxdur.

Mən bunu nə üçün etmişəm? Ona görə ki, siz burada sərbəst danışa biləsiniz, ayrı-ayrı nazirlər, hüquq-mühafizə orqanlarından, vergi orqanlarından, başqa orqanlardan sizə təsir edə bilməsinlər, göz ağartmasınlar. Siz onların yanında danışmağa bir az çəkinə bilərsiniz, bu, olmasın, sərbəstlik olsun. İndi siz deyə bilərsiniz ki, onlar burada yoxdur, amma televiziya vasitəsilə çəkirsiniz, bunu görəcəklər. Mən bu məsələni də nəzərə almışam. Yəni mənim bu söhbətimdən sonra iqtisadi inkişaf nazirinə söz verəcəyəm, o, qısa məruzə etsin. Bizim mətbuat nümayəndələri burada olacaqdır. Amma ondan sonra mən onları da uzaqlaşdıracağam ki, heç kəs narahat olmasın ki, dediyi sözlər yazıldı, şəkil çəkildi və onun asılı olduğu hansısa nazirə verildi, o da sonra ədavət aparmağa, yaxud da başqa işlər görməyə başladı.

Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə hələ belə hallar var. Ona görə də mən bu görüşdə təmin etmişəm ki, sizinlə açıq söhbət olsun, sərbəst söhbət olsun və Azərbaycanın prezidenti kimi sizdən həqiqəti öyrənim. Bir də qeyd edirəm, sizin verdiyiniz bugünkü məlumatlar öyrəniləcək, təhlil olunacaq və onların əsasında bizim son müşavirəmiz keçiriləcəkdir. Mən istəyirəm ki, orada, həmin o müşavirədə bizim əlimizdə konkret materiallar olsun, lap aşağıdan gələn materiallar, sizdən gələn məlumatlar olsun.

Beləliklə, mən istəyirəm ki, bizim bu görüşümüz açıq keçsin, sərbəst, rahat keçsin, heç kəs narahat olmasın. Azərbaycan prezidenti kimi məqsədim həmişə belə olubdur: biz Azərbaycanda iqtisadi siyasətimizin istiqamətini müəyyən edən kimi və bunun bazar iqtisadiyyatı istiqaməti olduğunu təyin etdiyimizə görə, Azərbaycanda biznesin inkişafına daim fikir verirəm.

Mən dedim, bu, təkcə mənim subyektiv arzum deyildir. Azərbaycanda iqtisadiyyatın və sosial sahənin inkişafı biznesin inkişafından asılıdır, özəl sektorun inkişafından asılıdır. Biz özəl sektoru yaratmışıq, yaradırıq. Ancaq özəl sektor Azərbaycanda iqtisadiyyatın bütün sahələrini biz istədiyimiz səviyyədə əhatə edə bilsə, səmərəli iş görə bilsə, onda həqiqətən bazar iqtisadiyyatı kimi iqtisadiyyatımız keçmiş mərkəzləşdirilmiş iqtisadiyyatdan qat-qat üstün olacaqdır.

Biz bazar iqtisadiyyatını elan etdik, özəlləşdirməni apardıq, özəl sektor yaratdıq. Amma əgər bu özəl sektor istənilən səviyyədə fəaliyyət göstərə bilmirsə, onda demək, biz istədiyimizə nail ola bilmirik. Bizi bu da narahat edir. Bax, bu məqsədlə mən bu gün bu görüşü keçirməyi qərara almışam. Bu məqsədlə də sizi bu görüşə dəvət etmişəm. Bir də deyirəm, hər birinizdən açıq, ədalətli, obyektiv söhbət gözləyirəm.

Yekun nitqi

26 aprel 2002-ci il

- Hörmətli xanımlar və cənablar!

Hesab edirəm ki, biz bu görüş ilə əlaqədar məqsədimizə nail olduq. Saat 11-dən indiyə qədər - artıq yeddi saatdır - biz burada, bu salonda sahibkarlığın inkişafı ilə əlaqədar fikir mübadiləsi apardıq. Bizim bu görüş başlananda da mən müraciət etdim və bildirdim ki, bugünkü görüş yalnız və yalnız yerli sahibkarlığın inkişafına mane olan səbəbləri aradan qaldırmaq məqsədi daşıyır. Problemlər çoxdur, məsələlər çoxdur, əgər biz istəsəydik burada onların hamısını aşkar edək, yaxud da onlar haqqında fikir mübadiləsi aparaq, bu, çox çətin olardı. Ona görə də mən əvvəldən də, görüş zamanısa dəfələrlə bildirdim ki, biz sahibkarlığın inkişafı ilə əlaqədar bir neçə tədbir həyata keçirmək məqsədindəyik və bu tədbirləri səmərəli keçirmək və nəhayət, sahibkarlığın inkişafı üçün lazımi qərarlar qəbul etmək üçün vəziyyəti sahibkarlığın özündən öyrənmək istəyirik. Buna görə də biz bugünkü görüşə gəlmişik.

Düşünürəm ki, bu görüşümüz səmərəli, maraqlı keçdi. Hər halda, güman edirəm ki, siz etiraf edərsiniz ki, mən burada hər kəsə öz fikrini sərbəst demək şəraiti yaratdım və hətta bəzilərinə fikirlərini ifadə etmək üçün kömək etməyə çalışdım. Düzdür, başlanğıc vaxtı sahibkarlar - yəni sizi deyirəm - bir az nədənsə çəkinirdilər, utanırdılar, amma sonra get-gedə açılışdılar. İndi, görüşümüzün sonunda hesab edirəm ki, bizim bu salonumuz çox qızışmış vəziyyətdədir.

Hiss etdim ki, əgər biz burada hələ beş-altı saat da otursaq danışmaq istəyən, fikir demək istəyən var. Ancaq bunu əvvəldən bildirmişdim ki, təbiidir, burada hamı danışa bilməz. Yəni danışa bilər, ancaq sadəcə vaxt buna imkan vermir. Ona görə də bütün təkliflərinizi və xüsusən sizin işinizə nə mane olursa, onları yazılı surətdə, anonim surətdə oraya, qutuya atın. Bilmirəm, indi qutuya bir şey atılıb, yoxsa yox?

Ramiz Mehdiyev: Prezidentin İcra Aparatının rəhbəri: Cənab prezident, müəyyən qədər atılıbdır.

Heydər Əliyev: Müəyyən qədər atılıbdır. Mən burada sahibkarlara dedim ki, istəyirəm siz şikayət edəsiniz. Əgər şikayət etməyə əsas varsa, çəkinməyəsiniz, bildirəsiniz ki, nə var, nə yoxdur. Nəhayət, biz buna nail ola bildik.

Bizim oradan-buradan eşitdiyimiz bəzi məsələlər haqqında burada açıq bəyanatlar verildi. Ancaq yenə də güman edirəm ki, bunlar yerli sahibkarların işinin yaxşılaşdırılması üçün hələ tam deyil. O mənada ki, biz bütün nöqsanları, bütün əngəlləri burada bilavasitə eşidə bilmədik. Ona görə də sizə verilmiş anketlərdə yazdıqlarınızdan, buradakı çıxışlardan istifadə olunacaqdır. Ən nəhayət, kim istəyirsə, bu gün də, sabah da, bir neçə gün müddətində də fikirlərini yazılı surətdə verə bilər. İstəsə öz imzası ilə yazsın, istəməsə anonim yazsın. Bunların hamısı təhlil olunacaqdır. Təbiidir ki, müəyyən qədər yoxlanılacaqdır. Biz son müşavirəmizdə bunların əsasında bu məsələlərə həm öz münasibətimizi bildirəcəyik, həm də bu barədə lazımi qərarlar qəbul edəcəyik.

Mən bugünkü görüşdən çox məmnunam. Çox məmnunam ki, bir neçə saatdır sahibkarlarla bir yerdəyik, sərbəst görüşürük, söhbət edirik. Bu mənim üçün çox əhəmiyyətlidir. Güman edirəm ki, sizin üçün də əhəmiyyətlidir. Elə bu, görüşün özünün əhəmiyyətli olduğunu təsdiq edir. Ancaq mən məmnunam ki, sahibkarlığa mane olan bir neçə məsələlər haqqında burada açıq fikirlər söyləndi. Onlar çoxdur və indi onların hamısını demək istəmirəm. Ancaq biz bunu əvvəldən də müəyyən qədər bilirdik. Sizin dediklərinizdən daha da geniş məlumatlandıq ki, bizim dövlət orqanları, hakimiyyət orqanları, yəni sahibkarların öz sahibkarlığını həyata keçirmək üçün cavabdeh olan orqanların işində çox böyük nöqsanlar, çox böyük qüsurlar, böyük əyintilər, vəzifələrindən sui-istifadə olunması faktları, hətta cinayət halları vardır. Təbiidir ki, cinayəti gərək məhkəmə təyin etsin. Amma mən sadəcə, öz fikrimi bildirmək istəyirəm.

Mən təsəvvür edə bilmirdim, bu görüşə hazırlıq zamanı bizim aparatın işçiləri sahibkarların nədən narazı olduqları barədə sorğu aparıblar. Hesab edirəm ki, sorğu çox maraqlı nəticələr veribdir. Ancaq bu da hələ işin başlanğıcıdır. Yəni bizim bu məsələləri öyrənmək barəsində işimizin başlanğıcıdır. Sizin burada dediklərinizdən çox şey məlum oldu.

Məsələn, sorğuda belə məlumatlar var. Sorğu min nəfər arasında aparılıbdır. Aşağıda göstərilən səbəblərdən hansının sahibkarlığın inkişafına mane olur sualına cavablar belədir: yüksək vergilər - 508 nəfər, maliyyə vəsaitinin çatışmaması - 304 nəfər, bazar infrastrukturunun aşağı səviyyəsi -106, əhalidə sahibkarlıq təşəbbüsünün zəifliyi - 95 nəfər, cəlb olunduğumuz müharibə - 125 nəfər, qanunsuz yoxlamalar - 441 nəfər. Siz çıxışlarınızda da bu rəqəmləri təsdiq etdiniz. Düzdür, heç biriniz rəqəmlər gətirmədiniz, ancaq sizin dedikləriniz, hər halda, sorğu ilə üst-üstə düşür. Sorğunun başqa göstəriciləri də var. Güman edirəm ki, bunlar hamısı bundan sonra görüləcək işlərimizdə istifadə olunacaqdır.

Beləliklə, bizim Vergi Nazirliyi, Gömrük Komitəsi, hüquq-mühafizə orqanları - bunlar üzdə olanlardır. Amma mən təsəvvür edə bilməzdim ki, sanitariya nəzarətçiləri sahibkarlığın iş aparması üçün nə qədər maneələr qoyublar və nə qədər çətinliklər yaradıblar. Yaxud burada dedilər, lisenziyaların bir çoxu lazımdır, ya lazım deyil? Doğrudur, hələ bu görüşə qədər mənim aparatımda və Nazirlər Kabinetində bu məsələ üzərində işləyiblər və lisenziyaların sayının xeyli azalması haqqında mənə məlumat verilibdir. Ancaq hesab edirəm ki, bu görüşdən sonra bir daha düşünmək lazımdır.

Məni burada çox dəhşətə gətirən o oldu ki, gedib mağazaları bağlayırlar. Burada deyildi ki, hətta Gömrük Komitəsinin işçiləri gedib mağaza bağlayırlar. Birincisi, bu, onların funksiyasına aid deyil. İkincisi də mağazanı bağlamaq olmaz. Yaxud mənim üçün çox təəccüblü oldu ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət-İstehlak Departamenti indi Bakıda olan mağazaların işinə çox mane olur və onlar üçün böyük çətinliklər yaradır.

Mən sizinlə görüşümdə bu fikrimi bildirdim. Bunu bir də bəyan etmək istəyirəm ki, Azərbaycanda özəlləşmənin ən müsbət nəticələrindən biri ticarətin özəlləşdirilməsi olubdur. İndi özəlləşdirilmiş ticarət, yəni özəl sektorun əlində olan ticarət bizim Azərbaycanın bugünkü gününün ən yaxşı nailiyyətlərindən biridir. Azərbaycan vətəndaşı Bakının mağazalarından müxtəlif malları, istənilən malları, dünyanın hər yerində olan malları burada öz şəhərində, yaşadığı yerdə ala bilir. İndi mağazaların görkəmi, xidmət səviyyəsi, onların reklamları, demək olar ki, Bakının görünüşünü xeyli dəyişdiribdir. Amma mən bunu deyirəm ona görə yox ki, bunlar gözəldirlər və bizim şəhərə müəyyən gözəllik verirlər. Mən bunu ona görə deyirəm ki, bu qədər mağazalar, müxtəlif mallarla dolu olan mağazalar ticarət aparırlarsa, Qərb ölkələrindən, digər ölkələrdən çox yüksək keyfiyyətli mallar gətirib Azərbaycanda satırlarsa, Azərbaycanın vətəndaşları bu mallardan istifadə edirlərsə, alırlarsa, bu, bizim iqtisadi inkişafımızın ən yaxşı göstəricilərindən biridir. Biz buna nail olmaq istəyirik.

Ancaq unutmaq lazım deyil ki, keçmişdə, Sovet İttifaqı zamanı mağazaların içi boş idi. İndi mağazalar dəyişilibdir, onlar yüksək səviyyədə qurulubdur və çox zəngin mağazalardır. Bu, bizim apardığımız iqtisadi siyasətin nəticələrindən biridir. Biz bunu inkişaf etdirməliyik, irəliyə aparmalıyıq.

Əgər Bakı Şəhər Ticarət-İstehlak Departamenti gedib bu mağazaları bağlayırsa, yaxud onların işinə mane olursa, vergi orqanları gedib onları sıxışdırırlarsa, hətta anlaşılmaz bir şeydir ki, gömrük orqanları gedib mağazaların işinə müdaxilə edirlərsə, bunlar dözülməz hallardır. Burada da deyildi. Ticarət Təşkilatının rəhbəri burada bu barədə danışanda gördüm, zalda nə qədər alqışlar var idi. Nəyə görə alqışlar var idi? Ona görə ki, o, açıqca dedi ki, mağazaların işləməsinə imkan vermirlər. Sahibkarların çoxları da mağazaları bağlayırlar, bu işlərindən imtina edirlər. Çünki məmurların bu cür müdaxiləsi, yoxlamalar mağazaları elə vəziyyətə salır ki, sahibkar nəinki qazanc əldə edə, hətta qoyduğu vəsaiti çıxara bilmir. Təbiidir, belə halda heç kəs işləməz. Demək, son illərdə bizim böyük əzab-əziyyətlə yaratdığımız bu ticarət sistemi belə getsə dağılacaqdır. Bu çox narahatedici haldır. Təbiidir ki, biz bu barədə lazımi ölçülər götürəcəyik.

Ancaq mən öz təəssüratlarımı burada indi ilkin olaraq bildirmək istəyirəm. Burada deyildi ki, Goranboy rayonunda icra başçısı Ticarət-İstehlak Departamenti yaradıbdır, orada 23 nəfər işçi var və hər köşkə bir işçi çatır. Yaxşı, onda bu nəyə lazımdır. Bu, məni dəhşətləndirdi. Kiçik bir rayonda Ticarət İstehlak Departamenti yaratmaq və orada 23 nəfər işçi saxlamaq nəyə lazımdır, kimə lazımdır?!

Biz ticarətə azadlıq vermişik. Qoy onlar azad yaşasınlar, azad işləsinlər, ticarətini aparsınlar. Onlar böyük iş görürlər. Ancaq müxtəlif məmurlar, icra orqanları tərəfindən bunların qarşısı alınır. Ramiz Mehdiyev, mən sənə tapşırıq verirəm, sabah yoxla, Goranboy rayonunda həqiqətən belə bir vəziyyət varsa, mənə məruzə et. Güman edirəm, mən bu barədə lazımi konkret qərarı qəbul edəcəyəm. Bunu ləngitmək lazım deyil.

Ancaq biz burada təkcə ticarət sahəsində deyil, başqa sahələrdə də mövcud olan çətinlikləri eşitdik, bildik. Ona görə mən burada bizə verdiyiniz məlumatlara görə sizə təşəkkür edirəm. Hesab edirəm, bu gün bizim açıq söhbətimiz alındı. Ancaq hiss etdim ki, bu söhbətimiz o qədər qızışır ki, bunun üçün indiyə qədər işlədiyimiz vaxt çatmır. Yəqin ki, 10-15 saat vaxt lazımdır. Bir də təkrar edirəm, buna imkan olmadığına görə, siz ürəyinizdə olan bütün fikirləri, xüsusən işinizə mane olan halların hamısını yazın, verin.

Əmin ola bilərsiniz ki, biz - Azərbaycan dövləti və şəxsən Azərbaycan prezidenti ölkəmizdə sahibkarlığın inkişafını özümüzün əsas vəzifələrimizdən biri hesab edirik. Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq və sahibkarlığın inkişaf etdirilməsi üçün bundan sonra lazım olan tədbirlərin həyata keçirilməsi ilə məşğul olacağıq. Sizin işinizə qanunsuz müdaxilə edənlərin, sizə mane olanların, qanunsuz olaraq sizdən bəhrələnməyə çalışanların hamısının qarşısını alacağıq.

Mən istərdim, siz biləsiniz ki, Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi və onun bir hissəsi olan sahibkarlıq prosesinin yaranması və inkişaf etdirilməsi asan bir şey deyildir. Bizim hamımız birlikdə on illərlə mərkəzləşmiş dövlət iqtisadiyyatı şəraitində yaşamışıq. O dövrdə heç bir sahibkarlığa imkan verilmirdi və insanlar nəsildən-nəsilə sahibkarlığın nə olduğunu unudurdular. İndi sahibkarlığı yenidən bərpa etmək, insanları buna alışdırmaq, onlarda sahibkarlıq keyfiyyəti yaratmaq, insanlarda sahibkarlıq xüsusiyyətləri tərbiyə etmək, yüksək səviyyəli sahibkarlar hazırlamaq, milli sahibkarlar yaratmaq - bunlar vaxt tələb edir. Bunlar eyni zamanda, dövlətin qayğısını tələb edir.

Biz səbirli olmalıydıq. Siz bilməlisiniz ki, biz lazım olan qayğını göstərəcəyik. İnanıram ki, siz də, bütün sahibkarlar da daha çox təkmilləşəcəksiniz, sahibkarlıq xüsusiyyətlərini daha da dərindən mənimsəyəcəksiniz, sağlam, öz xalqına, vətəninə sədaqətlə xidmət edən sahibkarlar kimi inkişaf edəcəksiniz. Bunlar hamısı Azərbaycanda iqtisadiyyatın sürətlənməsini təmin edəcəkdir. Mən buna inanıram. Bunun üçün vaxt lazımdır. Bir də qeyd edirəm, bunun üçün bir tərəfdən dövlətin qayğısı, digər tərəfdən dövlətin qayğısı, digər tərəfdən sahibkarların özünün bu işi daha da dərindən mənimsəməsi lazımdır. Bu proses gedir. Biz bu prosesi gücləndirməliyik. Bizim bugünkü görüşümüz də məhz bu prosesi gücləndirmək və bu prosesi səmərəli etmək məqsədi daşıyır.

Ümidvaram ki, biz yaxşı nəticələr əldə edəcəyik. Bilin ki, Azərbaycan prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır. Rahat yaşayın, çətinliklərlə mübarizə aparın, çətinlikləri, maneələri vaxtında bizə çatdırın. Biz isə bu çətinliklərin aradan götürülməsi üçün lazım olan bütün tədbirləri həyata keçirəcəyik.

Sizə, Azərbaycanın bütün sahibkarlarına cansağlığı arzu edirəm, bu yeni peşənin mənimsənilməsində və sahibkarlıq fəaliyyətinizdə böyük sosial-iqtisadi uğurlar arzulayıram. Sağ olun, gələn görüşə qədər!

\"Azərbaycan\" qəzeti, 26 aprel 2002-ci il.