Azərbaycan Respublikası Mədəniyyət siyasəti üzrə milli debatların iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti - 21 iyun 2003-cü il

Hörmətli toplantı iştirakçıları!

Sizi - Azərbaycan Respublikasında Mədəniyyət siyasəti üzrə milli debatların iştirakçılarını Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ürəkdən salamlayıram.

Dünya ölkələri və xalqları arasında əlaqələrin daha da genişləndirilməsində, mehriban dostluq münasibətlərinin formalaşmasında mədəniyyətin müstəsna yeri vardır. Qloballaşma proseslərinin geniş vüsət aldığı indiki dövrdə isə milli mədəniyyətlərin qorunub inkişaf etdirilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir.

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür. Azərbaycan xalqının mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən sayılır. Hələ qədim zamanlardan bu ərazilərdə əcdadlarımızın yaratdığı zəngin mədəni irs - Qobustan və Gəmiqaya təsvirləri, Azıx və Tağlar mağaraları kimi tarixi abidələr, şifahi və yazılı ədəbiyyat, memarlıq, rəssamlıq, xalçaçılıq, musiqi sənəti nümunələri Azərbaycan xalqının bəşər sivilizasiyası xəzinəsinə bəxş etdiyi layiqli töhfələrdir. Xalqımızın həmin ənənələri üzərində yüksələn mədəniyyətimiz müasir dövrdə də öz inkişafını davam etdirir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi söz ustalarının və \"Kitabi-Dədə-Qorqud\" dastanları yubileylərinin YUNESKO xətti ilə yüksək səviyyədə qeyd olunması, İçərişəhər tarix-memarlıq qoruğunun \"Dünya İrs Siyahısı\" na salınması milli mədəniyyətimizin zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin parlaq təzahürüdür.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya birliyində layiqli yerini tutmaq üçün həyatın bütün sahələrində olduğu kimi, mədəniyyətin inkişaf sahəsində də uğurlu addımlar atmışdır. Azərbaycan Respublikası milli mədəniyyətin inkişafını dövlət siyasətinin prioritetlərindən biri hesab edir. Azərbaycan dövləti mədəni irsin qorunub saxlanılması və təbliğ edilməsi, mədəniyyətin inkişafı üçün daha münasib şərait yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinə azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm olaraq zəruri tədbirlər həyata keçirir. Ölkə Konstitusiyasında mədəniyyətlə bağlı müddəalar, tarix və mədəniyyət abidələri, muzeylər, arxiv və kitabxanalar, kinematoqrafiya, din və folklor kimi mədəni sərvətlər haqqında müvafiq qanunlar mədəniyyətə dövlət qayğısının əyani ifadəsidir.

Azadlıq, insanpərvərlik, tolerantlıq kimi yüksək humanist ideyaları təbliğ edən Azərbaycan mədəniyyəti gənc nəslin sağlam ruhda tərbiyə olunmasında mühüm rol oynayır. Coğrafi və geosiyasi mövqeyinə görə dünya xəritəsində özünəməxsus yer tutan Azərbaycanın mədəniyyəti milli və ümumbəşəri dəyərləri özündə üzvi şəkildə birləşdirərək mədəniyyətlər arasında dialoq üçün münbit zəmin yaradır.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaratmışdır. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində dünya əhəmiyyətli mədəni-tarixi abidələrimizin təcavüzkar erməni qüvvələri tərəfindən vəhşicəsinə dağıdılıb yerlə yeksan olunması davam edir. Azərbaycan xalqı bu qeyri-insani əməllərə son qoyulmasında, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın öz ocaqlarına qaytarılmasında, dağıdılmış abidələrimizin bərpa edilməsində Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların da əllərindən gələn köməyi əsirgəməyəcəklərinə dərin ümid bəsləyir.

İnanıram ki, Azərbaycan Respublikasında Mədəniyyət siyasəti üzrə milli debatlar ölkəmizdə mədəniyyət siyasətinə dair strateji planların işlənib hazırlanmasına, habelə mədəniyyətin maliyyələşdirilməsinə, mədəni irsin qorunmasına, bu sahədə fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları arasında əlaqələrin yaradılması və daha da inkişaf etdirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinin təkmilləşdirilməsinə səmərəli təsir göstərəcəkdir.

Milli mədəniyyətimizin tərəqqisi naminə gördüyünüz nəcib işlərdə sizə uğurlar arzulayır, hər birinizə cansağlığı və xoşbəxtlik diləyirəm.

\"Azərbaycan\" qəzeti, 22 iyun 2003-cü il.