Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin Strasburqa gedəcək nümayəndə heyəti ilə görüşdə çıxışı - Prezident sarayı, 19 yanvar 2001-ci il

Heydər Əliyev: Biz Qanlı Yanvar ərəfəsindəyik. Qanlı Yanvar faciəsinin 11-ci ildönümü ərəfəsində görüşürük. Ona görə bizim hamımız üçün, xalqımız, millətimiz üçün böyük faciə olan bu hadisəni respublikamızın hər yerində qeyd edirlər. Biz də bu gün Respublika sarayında toplaşacağıq. Sabah da, təbii, xalqımız keçən illərdə olduğu kimi, Şəhidlər xiyabanını ziyarət edəcəkdir. Ona görə mən istərdim ki, söhbətə başlamazdan əvvəl, biz 20 yanvar faciəsi şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərə rəhmət eləsin.

Həyat qəribədir. Xeyirlə şər bir çox hallarda yan-yana olur. On bir il bundan öncə Azərbaycana qarşı hərbi təcavüz davam edirdi. 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış hərbi təcavüz də davam edirdi. Ermənistan–Azərbaycan münaqişəsində SSRİ hökumətinin Azərbaycana qarşı ədalətsiz mövqeyinin əleyhinə çıxan xalq, millət hamısı ayağa qalxmışdı, meydanlara, küçələrə toplaşırdı, öz etiraz səslərini qaldırırdı. Bu da Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti pozmuşdu. Görünür ki, bu, SSRİ hökuməti üçün də böyük təhlükə yaratmışdı. Təkcə SSRİ hökuməti üçün yox, o vaxt Azərbaycanı idarə edən şəxslər üçün böyük təhlükə yaratmışdı və bunların da nəticəsində Azərbaycana qarşı yeni bir misli görünməmiş təcavüz edildi.

Mən bir-iki dəfə bunu demişəm, bu gün də demək istəyirəm ki, SSRİ tərəfindən, SSRİ hökuməti tərəfindən öz xalqına qarşı bir neçə dəfə qəddarlıqlar edilmişdir. SSRİ-nin müxtəlif ölkələrində. Ancaq 1990-cı il yanvar ayının 20-də Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz kimi qəddarlıq 70 illik tarixdə heç vaxt heç bir ölkəyə, heç bir respublikaya qarşı edilməmişdir. Bu, bir tərəfdən, bizim xalqımıza qarşı ədalətsizliyi bir daha nümayiş etdirdi, ikinci tərəfdən də, təəssüflər olsun ki, o illər Azərbaycanı idarə edən şəxslərin millətin, Azərbaycan xalqının milli mənafelərini qoruya bilməməsinin nəticəsi oldu. Elə onlar da bu təcavüzün iştirakçıları oldular və bunun iştirakçısı kimi də bütün xalq tərəfindən lənətləndilər və cəzalandırıldılar.

Faciənin on birinci ildönümü qeyd olunur. Hər il yanvarın 20-də bizim üçün matəmdir. Bu hadisə Azərbaycan xalqını o qədər sarsıldıbdır ki, biz hər il bunu görürük – Şəhidlər Xiyabanı səhər tezdən axşama qədər insan axını ilə dolu olur. Mütəmadi olaraq, səhərdən axşama qədər, qaranlıq düşənə qədər insanlar gəlir, şəhidlərin xatirəsinə öz ehtiramlarını bildirirlər.

Ancaq eyni zamanda, indi biz müstəqil dövlət kimi yaşayırıq. Doğrudur, hələ problemlərimiz həll olunmayıb, Ermənistanın Azərbaycana etdiyi təcavüzün qarşısı tamam alınmayıbdır. Yəni 1994-cü ildə döyüşlər, müharibə dayandırılıb, atəşkəs sazişi əldə olunub, daha qan tökülmür, şəhidlər yoxdur. Ancaq torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyon soydaşımız ağır vəziyyətdədir, qaçqın, köçkün vəziyyətindədir. Bunlara, bütün bu faciələrə, bütün bu əzab-əziyyətlərə, həm keçən illərdə, həm də indi olan əzab-əziyyətlərə baxmayaraq, hesab edirəm ki, xalqımız xoşbəxtdir. Çünki Azərbaycan xalqı indi özü öz taleyinin sahibidir, azadlığa çıxıbdır. Biz müstəqil dövlət kimi yaşayırıq və müstəqilliyimizi də son illərdə nəinki qoruyub saxlaya bilmişik, hətta ilbəil gücləndirmişik.

Biz Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi təmin etmişik, Azərbaycanı daxili çəkişmələrdən, qanunsuz silahlı dəstələrdən, dövlət çevrilişlərindən, ayrı-ayrı terror aktlarından xilas etmişik. Artıq beş ildir, bəlkə də artıqdır ki, xalqımız rahat yaşayır. Yəni ictimai-siyasi sabitlik təmin olunub və o əzab-əziyyətli illər geridə qalıbdır. Bu bizim böyük xoşbəxtliyimizdir. Böyük xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan artıq dünya miqyasında öz yerini, özünə layiq bir yer tutubdur. Dünyanın bütün beynəlxalq təşkilatlarında təmsil olunubdur. Azərbaycan dövləti dünyada, beynəlxalq aləmdə özünün, yəni xalqımızın milli mənafelərini təmin edən, qoruyan siyasət aparır və bizim siyasətimizin nə qədər müstəqil olduğunu dəfələrlə sübut edibdir.

Bu gün sizə bir daha demək istəyirəm ki, indiyə qədər bizim apardığımız xarici siyasət uğurlu olubdur. Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar biz dünya miqyasında çox işlər görmüşük, bu gün də görürük, sabah da görəcəyik. Mən bu günlərdə Parisdə Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın prezidenti Jak Şirak ilə görüşəcəyəm. Sonra Ermənistanın prezidenti Köçəryanla görüşümüz olacaqdır. Bu barədə geniş məlumat verməyə ehtiyac yoxdur. Mən indiyə qədər də heç vaxt məlumat vermirəm. Ancaq bu işdə müəyyən qədər iştirak edən insanlar bilirlər. Biz nə qədər gərgin iş aparırıq ki, bu münaqişəni aradan götürək, Azərbaycanın işğal olunmuş torpaqlarını azad edək, soydaşlarımızı yerlərinə-yurdlarına qaytaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. İnanıram ki, buna nail olacağıq. Ona görə ki, Azərbaycan artıq öz müstəqil, sərbəst, cəsarətli xarici siyasəti ilə və daxildə həyata keçirdiyi demokratik dəyişikliklərlə, demokratik prinsiplərə sadiqliyi ilə, apardığı islahatlarla dünya dövlətləri tərəfindən yaxşı tanınıbdır. Doğrudur, əgər Ermənistan–Azərbaycan münaqişəsinin həlli Ermənistanla Azərbaycan arasında münasibətlərdən asılı olsaydı, biz bunu çoxdan həll etmiş olardıq. Amma burada müxtəlif ölkələrin maraqları var və bizim üçün ən çətini odur ki, Ermənistanın özü Dağlıq Qarabağ problemi haqqında o qədər çalışmır, nəinki dünyanın, demək olar ki, hər yerində, xüsusən böyük ölkələrdəki erməni diasporu, uzun tarixə malik olan daşnak partiyası və başqaları.

Türkiyədə guya ermənilərə qarşı «soyqırımı» haqqında son vaxtlar qaldırılan məsələlər və onların bir neçə ölkənin parlamentində müzakirəsi, qərarlar qəbul edilməsi – bütün bunlar erməni diasporunun dünyada nə qədər böyük gücə malik olduğunu göstərir. Əgər onlar olmasaydı, Ermənistan, kiçik bir ölkə Fransa dövlətində bu məsələni nə cür qaldıra bilərdi? Yaxud Amerika Konqresində bunu nə cür qaldıra bilərdi? Yaxud Avropa Birliyində – Avropa Birliyinə cəmi 15 dövlət daxildir, bizim kimi, Ermənistan da ona heç yaxın deyildir – orada bu məsələni necə qaldıra bilərdi? İtaliyanın parlamentində bunu nə cür qaldıra bilərdi? Bütün bunları edənlərin, demək olar ki, tam əksəriyyəti Ermənistanın xaricində yaşayan, həm iqtisadi cəhətdən çox güclü imkanlara malik, həm də dövlət orqanlarını təmsil etmək imkanına malik olan erməni diasporudur. Bu reallıqdır. Bunu bilmək lazımdır.

Biz bu cür ədalətsiz qərarların daim əleyhinə olmuşuq. Yəni Türkiyənin ermənilərə qarşı soyqırımı etməsi haqqında uydurmalara etiraz etmişik və bu gün də etirazımızı bildiririk. Biz Türkiyə ilə bir yerdəyik, Türkiyə də bizimlə bir yerdədir. Türkiyəyə dəyən daş bizə dəyir, bizə dəyən daş Türkiyəyə dəyir.

Mən bu gün bir daha öz etirazımızı, yəni Azərbaycan dövlətinin etirazını bildirirəm. Ancaq eyni zamanda, bu sözləri deməklə mən dünyada olan reallığı bir daha xatırladıram. Hamı bu reallığı bilməlidir. Bəzən bunlardan çox uzaq olan adamlar indi bizim ölkəmizin daxilində də, xaricində də cürbəcür, həqiqətə uyğun olmayan fikirlər icad edirlər, yaxud təbliğ edirlər. Həqiqət onda deyildir və Ermənistan–Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasının kökü həmin bundadır.

Bütün bunlara baxmayaraq, Azərbaycan dünyaya sübut edir ki, demokratik ölkədir, hüquqi, dünyəvi dövlətdir, demokratik dəyərlərə sadiqdir, bazar iqtisadiyyatı yolu ilə gedən ölkədir, dünya iqtisadiyyatına inteqrasiya üçün ciddi addımlar atmış ölkədir. Məhz bunlara görə də Azərbaycanın bütün beynəlxalq təşkilatlarda özünə layiq hörməti vardır. Məhz buna görə də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunubdur. Bu məsələ mətbuatda geniş işıqlandırılıbdır. Azərbaycan Avropa Şurasına üzv qəbul olunmaq üçün 4 il namizədlik dövrü keçibdir. Nə qədər danışıqlar aparmışıq, nə qədər nümayəndə heyətləri buraya gəlibdir. İndiyə qədər Azərbaycanın nümayəndələri – Parlament Assambleyasında respublikamızın Milli Məclisi tərəfindən təyin olunmuş deputatlar, Milli məclisin rəhbərləri, Azərbaycan dövləti, Azərbaycan prezidenti, Xarici İşlər Nazirliyi – bu sahədə nə qədər gərgin iş aparmışlar. Təbiidir ki, gərək biz birinci növbədə ölkəmizin qanun-qaydalarını, demokratikləşmə prosesini gücləndirəydik və bunu də etdik. Bir çox qanunlar qəbul etmək lazım idi, bunları da etdik. Qarşımıza bir çox başqa şərtlər də qoydular, onları da yerinə yetirdik. Ancaq təəssüflər olsun ki, həm Azərbaycanın xaricində olan müxtəlif qüvvələr, hətta, bəlkə deyirəm, dövlətlər bizə maneçilik törədirdilər, həm də Azərbaycanın daxilindəki bəzi qüvvələr öz şəxsi mənafeləri naminə, şəxsi ambisiyalarını həyata keçirmək üçün müxtəlif şayiələr yayır, ayrı-ayrı nümayəndələrin beynini ölkəmizin vəziyyəti haqqında müxtəlif böhtan fikirlərlə Azərbaycanın Avropa Şurasına qəbul olunmasına əngəl törədirdilər.

Yəqin ki, Azərbaycana gələn nümayəndələr ilə mənim danışıqlarımı mətbuatda, yaxud televiziyadan izləyə bilmisiniz. Mən hər dəfə onlara bildirmişəm ki, Azərbaycan xalqının mənliyi – milli mənlik, milli qürur – hər şeydən üstündür. Heç kəsə yalvarmayacağıq ki, bizi Avropa Şurasına qəbul etsinlər. Biz öz işimizi görürük ona görə yox ki, Azərbaycanı Avropa Şurasına qəbul etsinlər. Ona görə ki, biz tutduğumuz demokratik inkişaf yolu ilə qəbul etdiyimiz Konstitusiya əsasında gedirik və gedəcəyik. Kim bunu qiymətləndirə bilirsə, qoy qiymətləndirsin, kim isə bu işə subyektiv münasibət göstərir, qoy göstərsin. Təəssüflər olsun ki, dünyada indi ikili standartlar mövcuddur. Təəssüflər olsun, biz həmişə bu ikili standartların təsiri altında çox əziyyət çəkmişik və çəkirik.

Mən dəfələrlə demişəm ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdır, o qədər də Azərbaycan Avropa Şurasına lazımdır. Yəni biz bütün danışıqlarda çox qətiyyətli mövqe tutmuşuq, öz milli mənafelərimizi qorumuşuq. Bütün bunların nəticəsində də, nəhayət, Avropa Şurasının bütün strukturları, o cümlədən son mərhələ olan Nazirlər Komitəsinin iclası yanvar ayının 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olması üçün qərar qəbul etmişdir. Dediyim kimi, yanvarın 25-də Strasburqda təntənəli mərasim keçiriləcəkdir, Azərbaycanın bayrağı qaldırılacaqdır. Azərbaycan prezidenti Avropa Şurasının Parlament Assambleyasında nitq söyləyəcəkdir. İndi Avropa Şurasının tamhüquqlu üzvü kimi, bizim üçün ayrılan yerlərə də Milli Məclisin deputatları müəyyən olunubdur. Onlar orada tam səlahiyyətlərlə daim iştirak edəcəklər.

Mən bu gün birincisi, sizinlə görüşmək istədim ki, fikirlərimi sizə deyim – bəzilərinizlə tanış deyiləm – ikincisi, təbiidir, sizinlə bir yola çıxarkən öz tövsiyələrimi bildirim.  Mən istərdim ki, Murtuz müəllim məlumat versin. Buyurun.

Murtuz Ələsgərov (Milli Məclisin sədri): Möhtərəm cənab Prezident! Möhtərəm toplantı iştirakçıları!

Bildiyiniz kimi, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmuşdur. Parlament Assambleyasının keçən il iyunun 28-də qəbul etdiyi qərar Nazirlər Komitəsinin yanvarın 17-də keçirilmiş iclasında təsdiq edilmişdir. Yanvarın 17-dən etibarən Azərbaycan belə bir hüquqa sahib olmuşdur. Bütün bu nailiyyətlərin əldə edilməsində, Azərbaycanın belə nüfuzlu beynəlxalq təşkilata üzv olmasında, cənab Prezident, mən Sizin böyük xidmətlərinizi qeyd etmək istəyirəm. Bu, hər şeydən əvvəl Sizin apardığınız ardıcıl xarici siyasətin nəticəsidir. Siz hər yerdə Azərbaycanın adını, nüfuzunu ləyaqətlə müdafiə etmisiniz. Ölkəmizin beynəlxalq təşkilatlarda təmsil olunmasına yol açmısınız.

Mən qeyd etmək istəyirəm ki, həm Prezidentin İcra Aparatı işçilərinin, həm də deputatlarımızın və parlamentimizin Avropa Şurasındakı nümayəndə heyətinin bu sahədə mühüm xidmətləri vardır. 4 il ərzində biz Avropa Şurasında qonaq sifəti ilə iştirak edərkən orada daim ciddi iş aparmışıq. Milli Məclisin deputatları həm komitələrin iclaslarında, həm də Məclisin sessiyalarında fəal iştirak etmiş, Azərbaycanın bu şuranın tamhüquqlu üzvlüyünə layiq olduğunu sübut etmişlər.

Cənab Prezident, bildiyiniz kimi, bu təşkilatda Azərbaycana 6 yer ayrılmışdır. Bu, tamhüquqlu üzv kimi, Azərbaycanın əsas nümayəndə heyətinə aiddir. Bundan əlavə, Avropa Şurasında 300 tamhüquqlu nümayəndənin hər birinin müavini də vardır. Ona görə də bizə əvəzedici heyət üçün, deputatların müavinləri kimi, əlavə 6 yer də ayrılmışdır. Nümayəndə heyəti üzvlərinin hamısı – 12 nəfər bu gün burada iştirak edir. İcazə versəydiniz, mən onların siyahısını Sizin nəzərinizə çatdırardım. İlham Əliyev – nümayəndə heyətinin başçısı, Səməd Seyidov – hər ikisi Yeni Azərbaycan Partiyasındandırlar. Qeyd etmək istəyirəm ki, aparılan danışıqlar nəticəsində belə bir qayda müəyyən olunmuşdur ki, nümayəndə heyətinin iki üzvü Yeni Azərbaycan Partiyasından, iki üzvü bitərəflərdən, ikisi isə müxalifətdən olmalıdır. Gültəkin Hacıyeva və Nairə Şahtaxtinskaya bitərəf, Vaqif Vəkilov Müsavat Partiyasının, Qulamhüseyn Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridirlər. Əvəzedici heyət, yəni deputatların müavinləri – Əli Hüseynov və Əli Abbasov Yeni Azərbaycan Partiyasından, Bəxtiyar Əliyev, Nazim İbrahimov bitərəf, Rəfail Hüseynov Vətəndaş Həmrəyliyi Partiyasından, Asim Mollazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasındandırlar. Nümayəndə heyətinin katibi, parlamentin beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov təsdiq olunmuşdur.

Cənab Prezident, qarşıdakı sessiya ilə əlaqədar mən Sizin diqqətinizi onun gündəliyinə cəlb etmək istəyirəm. Sessiyada bizim üçün böyük əhəmiyyət kəsb edən hadisə yanvarın 25-də olacaqdır. Yəni həmin gün Avropa Şurasının sarayı qarşısında Azərbaycanın bayrağı qaldırılacaq və ölkəmizin dövlət himni səslənəcəkdir. Sonra isə, möhtərəm prezidentimiz sessiyada nitq söyləyəcəkdir. Mərasim saat 9.05-də başlayacaqdır. Saat 10-da isə Parlament Assambleyasının iclası keçiriləcəkdir. Bu iclasda Azərbaycanın nümayəndə heyəti tam tərkibdə iştirak edəcəkdir.

Heydər Əliyev: Burada əyləşənlərin hamısı iştirak edəcəkdir.

Murtuz Ələsgərov: Bəli, hamısı iştirak edəcəkdir. Deməli, gündəlikdə duran məsələ belədir: Azərbaycan Respublikasının və Ermənistan Respublikasının Avropa Şurasına qəbul olunması mərasimi münasibətilə dövlət bayraqlarının qaldırılması saat 9.00–9.15-də. 10.15-də Avropa Şurası Parlament Assambleyasının prezidenti lord Rassel Conston hər iki respublikanın bu beynəlxalq təşkilata qəbul olunması münasibətilə bu dövlətlərin nümayəndələrini təbrik edəcəkdir. Sonra əlifba qaydası ilə Ermənistan və Azərbaycan Respublikalarının prezidentlərinə söz veriləcəkdir. Bundan sonra Parlament Assambleyasının sessiyası öz işinə başlayacaqdır. Assambleyada Nazirlər Komitəsi adından Latviyanın Xarici İşlər naziri və Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri cənab İndulis Berzinşin çıxışı olacaqdır. O, Azərbaycanın Avropa Şurasına qəbul olunması zamanı Nazirlər Komitəsinin iclasına sədrlik edibdir. İndulis Berzinş Nazirlər Komitəsinin qərarını elan edəcəkdir. Bu münasibətlə Azərbaycan prezidenti sessiyada birinci çıxış edəcəkdir. Avropa Şurasında diplomatik korpusda olduğu kimi bir qayda vardır. Səfir hansı ölkəyə birinci gəlirsə, o ölkədə diplomatik korpusun başçısı – yəni Duayeni olur. Burada da nəzərə alınır ki, hansı ölkənin prezidenti daha çox fəaliyyətdədirsə, o, birinci çıxış etməlidir. Azərbaycan prezidenti cənab Heydər Əliyev 15–20 dəqiqə çıxış edəcəkdir.

Heydər Əliyev: 15–20 dəqiqə deyil, 10 dəqiqədir.

Murtuz Ələsgərov: 10 dəqiqəyə endiriblər. Sonra isə sual-cavab olur.

Cənab Prezident, bir məsələni də Sizin nəzərinizə çatdırmaq istəyirəm. Yanvarın 22-də orada Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə edən xüsusi komitənin hesabatı dinləniləcəkdir. Həmin komitənin başçısı bir neçə dəfə Azərbaycana gəlmişdir. Ölkəmizdə keçirilmiş seçkilər haqqında hesabat hazırlayıbdır. Orada bu barədə məlumat verəcəkdir. Yanvarın 22-də bizim nümayəndə heyəti də orada iştirak edəcəkdir. Əgər mübahisəli məsələlər olarsa və bir sıra məsələlər ortaya çıxarsa, bizim nümayəndələrimiz ona öz münasibətlərini bildirəcəklər.

Cənab Prezident, mən parlamentin – Milli Məclisin Avropa Parlament Assambleyasına yeni seçilmiş nümayəndə heyətini təbrik edirəm. Ümidvar olduğumu bildirirəm ki, bu nümayəndə heyəti əvvəlkindən daha fəal olacaq, bu beynəlxalq təşkilatın fəaliyyətində lazımi səviyyədə iştirak edəcəkdir. Öz işimizi elə quracağıq ki, orada bütün komitələrin, komissiyaların, yardımçı komitələrin, eləcə də parlamentin ildə 4 dəfə keçirilən sessiyalarında daim iştirak edək.

AŞPA-da belə bir qayda mövcuddur: sessiyanın birinci hissəsi yanvar ayında, ikinci hissəsi apreldə, üçüncü hissəsi iyunda, dördüncü hissəsi isə sentyabr ayında keçirilir. Bu sessiyalarda biz tam tərkibdə iştirak etməliyik. Eləcə də müxtəlif vaxtlarda sessiyalararası komitələrin, yardımçı komitələrin, komissiyaların iclaslarında da fəal iştirak edəcəyik.

Cənab Prezident, sağ olun, təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Nümayəndələrimizin hamısını tanıyıram. Amma Vaqif müəllimin yanında oturanı tanımadım. Adınız nədir?

Bəxtiyar Əliyev: Bəxtiyar Əliyevdir.

Heydər Əliyev: Qalanlarını üzdən tanıyıram. Bu qızı da birinci dəfədir ki, görürəm.  Mən belə fikirdəyəm ki, Avropa Şurasındakı nümayəndələrimiz lazımi səviyyədədirlər. Biz bu beynəlxalq təşkilata 6 nəfər göndərmişdik. O vaxt parlamentdə kimlər vardısa, onları göndərirdik, bu adamlar da çox işlədilər, fəaliyyət göstərdilər. Bunu mütləq qeyd etmək, onların işini yüksək qiymətləndirmək lazımdır. Nümayəndələrimiz müxtəlif komitələrin iclaslarında çox iştirak ediblər. Mən onlara təşəkkür edirəm. Amma bizim indiki nümayəndə heyəti əvvəlkindən, birincisi, sayca çoxdur. İndi nümayəndə heyətinin 6 üzvü və onların 6 köməkçisi var - üst-üstə 12 nəfərdirlər. İkincisi də, görürəm ki, onlar ziyalılar, tanınmış adamlardır. Mənə məlumat verilibdir ki, nümayəndələrimizin əksər hissəsi xarici dilləri bilirlər, hətta bir dil yox, iki xarici dil bilənlər var. Bu da çox yaxşıdır. Ötən illərin təcrübəsi onu göstərdi ki, beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında Avropa dillərini bilən adamlara işləmək asan olur. Yəni tərcüməçi lazım deyil, özü hər bir insanla sərbəst təmas yarada bilir, danışır. Həm də onlar hesab edirlər ki, onların dili başqa dillərdən yüksəkdir. Elə buna görə də o dilləri bilən adamlara da daha hörmətlə yanaşırlar. Bu da çox müsbət haldır ki, indi, ümumiyyətlə, bizim parlamentdə xarici dilləri bilən deputatlar çoxdur və onların da çoxu dəyərli adamlardır. Onların bir qismi Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndələridir.

Ötən illərin təcrübəsindən məlumdur ki, – Murtuz müəllim dedi – 3-4 sessiya keçiriləcəkdir. Təkcə sessiyalar deyil, orada 50-yə qədər komitə vardır. Həmin komitələrin iclasları hər dəfə bir ölkədə keçirilir. Bəzən komitənin iclasına iki, bəzən üç nəfər göndərmək lazım olur. Buna görə də siz gərək biləsiniz ki, işiniz çox olacaqdır. Oraya çox gedəcəksiniz. Əgər 3-4 dəfə gedib sessiyada iştirak etmək lazım gəlsəydi, o qədər ağır olmazdı. Amma çox gedəcəksiniz. Bütün şəhərlərdə, ölkələrdə, komitələrin iclaslarında iştirak edəcəksiniz. Mən heç şübhə etmirəm ki, hər biriniz Azərbaycanı layiqincə təmsil edəcəksiniz və ölkəmizin milli mənafelərini hər şeydən üstün tutacaqsınız.

Məlumdur ki, bizim Avropa Şurasına qəbul edilməyimiz prosesində Ermənistanla Azərbaycanın eyni vaxtda qəbul olunması nəzərdə tutulmuşdu. Bəlkə bu da məqsədəuyğundur. Çünki iki ölkə bir-biri ilə münaqişədə olduğuna görə, hansınasa üstünlük vermək düzgün olmazdı. Ancaq eyni zamanda, buna baxmayaraq, biz hiss edirdik ki, komitələrin iclaslarında, başqa iclaslarda ermənilərin tərəfdarları daim çox olur. Amma Azərbaycanın tərəfdarları az olurdu. Ona görə yox ki, Azərbaycan nümayəndələri zəif olurdu, yox, sadəcə, bayaq mən çıxışımın əvvəlində dedim, dünyada qeyri-normal vəziyyət yaranıbdır. Ona görə də bizim hər bir nümayəndəmiz, deputatımız başqaları ilə, xüsusilə Ermənistanın deputatları ilə müqayisədə özünü, bəlkə də, iki-üç qat yaxşı göstərməlidir ki, heç olmasa bərabərlik olsun. Mən bunu keçmişdə də demişəm. Mən elə bilirdim ki, bu ikili standart təkcə SSRİ-dədir. O vaxt ikili standartdan biz çox əziyyət çəkmişdik. Deyirdim ki, SSRİ dövrü başa çatdı, hamı müstəqil dövlətdir və ikili standart da yoxdur. Amma oradakı ikili standartlardan qurtarıb buradakı ikili standartlarla rastlaşdıq. İkili standart vardır. Mən bunu xırdalamaq istəmirəm. Siz ağıllı adamlarsınız, hər biriniz bunun nə səbəbə olduğunu bilirsiniz. Bu ikili standarta siz hər yerdə rast gələcəksiniz. Bu sözləri dediyimə görə heç kəs məndən inciməsin – nə Avropa Şurasında, nə də başqa yerdə. Ona görə də gərək Azərbaycan nümayəndələri daha da yüksək səviyyədə olsunlar ki, bu ikili standartı da nəzərə alaraq, biz onlardan ya yuxarıda, ya da onlara bərabər olaq. Hesab edirəm ki, nümayəndə heyətimizin tərkibi öz intellektual səviyyəsinə və potensialına görə buna qadirdir.

Mən sizi və bütün Azərbaycan xalqını, ölkəmizin vətəndaşlarını müstəqil Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması münasibətilə bir daha təbrik edirəm. Bəyan edirəm ki, biz Avropa Şurasının prinsiplərini Azərbaycanda həyata keçirməyi təmin edəcəyik. Onların konvensiyalarının hamısına, demək olar ki, biz qoşuluruq – bir neçəsini qəbul etmişik və bir neçəsini də Xarici İşlər naziri Strasburqda imzalayacaqdır. Bu da Azərbaycanın inkişaf etməsinə daha da böyük imkanlar yaradacaqdır. Bu şərəfli işinizdə sizin hər birinizə uğurlar arzulayıram. Sağ olun.