Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasından vətənə yola düşərkən \"Mehrabad\" hava limanında jurnalistlərə müsahibəsi - 2 iyul 1994-cü il

Mən dörd gündür İran İslam Respublikasında rəsmi səfərdəyəm. Həmin günlərdə İranın rəhbərləri ilə çox səmərəli mənalı danışıqlarımız oldu. İran İslam Respublikasının prezidenti Haşimi-Rəfsəncani ilə mən, habelə hər iki ölkənin bir sıra nazirləri yekun sənədlərini imzaladıq.

Görüşlərimizin, danışıqlarımızın hamısı dostluq və qarşılıqlı anlaşma şəraitində keçdi. İranlı dostlarımız mənə və məni müşayiət edən Azərbaycan nümayəndə heyətinə çox böyük qonaqpərvərlik göstərdilər. Bu günlər ərzində biz mehribanlıq və qayğıkeşliklə əhatə olunmuşduq. Hesab edirəm ki, görüşlərimiz, danışıqlarımız, imza etdiyimiz sənədlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan dostluq və qardaşlıq əlaqələrinin gələcəkdə də inkişafına kömək edəcəkdir.

Mən Tehranı tərk edərkən əziz dostumuz Haşimi-Rəfsəncaniyə, İran İslam Respublikası dövlətinin başqa rəhbərlərinə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. İran İslam Respublikasının bütün vətəndaşlarına xoş arzularımı söyləyirəm və onların hamısına həyatda xoşbəxtlik, səadət arzulayıram.