Hər il yəhudi xalqının müsibəti günü dərin hüznlə yad edilir. Yəhudi xalqı İkinci dünya müharibəsi zamanı amansız ayrıseçkiliyə və soyqırımı siyasətinə məruz qalmışdır. Altı milyon günahsız insan yalnız etnik mənsubiyyətinə - yəhudi olduğuna görə faşizmin qanlı irticasının qurbanına çevrilmişdir.
Azərbaycan xalqı tarixən bəşəri humanizmi və insanpərvər təbiəti etibarilə hər cür ayrı-seçkiliyə qarşı olmuş, başqa xalqların müsibətinə seyrçi və etinasız münasibət bəsləməmişdir. Bunu respublikamızda yaşayan bütün xalqlar, o cümlədən yüzillər boyu müxtəlif səbəblərdən ölkəmizə pənah gətirərək məskunlaşmış yəhudi əhalisi də yaxşı bilir.
Yəhudi xalqının müsibəti günündə bütün günahsız qurbanların əziz xatirəsini yad edərək xatırlatmaq istəyirəm ki, belə milli faciələr Azərbaycan xalqının taleyindən də yan keçməmişdir. Son iki əsrdə xalqımıza qarşı ardıcıl soyqırımı və etnik təmizləmə siyasəti yeridilmiş, amansız kütləvi qırğınlar törədilərək azərbaycanlılar indi Ermənistan adlandırılan tarixi dədə-baba torpaqlarımızdan deportasiya edilmişdir. 1988-ci ildən başlayaraq Qarabağda erməni vəhşəti və vandalizmi bu günümüzün acı gerçəkliyidir. Belə oxşar tarixi tale xalqlarımızı dərd ortağına çevirmiş və bir-birinə daha da yaxınlaşdırmışdır.
Bu hüznlü gündə kədərinizə ürəkdən şərik olduğumu bildirir, dünyanın bütün sülhsevər qüvvələrini və mütərəqqi bəşəriyyəti indi də davam edən faşizmə, irqçiliyə, hər cür soyqırımı aktına qarşı qəti mübarizəyə çağırıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.