Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Keçid dövrü demokratiyaları layihəsinin rəhbəri, ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonu qəbul etmişdir - Prezident sarayı, 18 aprel 2003-cü il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Keçid dövrü demokratiyaları layihəsinin rəhbəri, ABŞ-ın NATO Komitəsinin həmsədri Brüs Ceksonu qəbul etmişdir - Prezident sarayı, 18 aprel 2003-cü il

Dövlətimizin başçısı Heydər Əliyev qonağı səmimiyyətlə salamlayaraq dedi ki, sizin Azərbaycana diqqət göstərməyiniz, ölkəmizlə tanış olmağınız bizim üçün çox əhəmiyyətlidir. Siz qeyri-adi, mühüm bir proqramın başçısısınız və bu sahədə işləyirsiniz. Təbiidir ki, sizin gördüyünüz və Azərbaycanda görmək istədiyiniz işlər bizim üçün çox maraqlıdır.

Səmimi qəbula görə minnətdarlığını bildirən Brüs Cekson dedi ki, cənab prezident, Sizinlə görüşmək həm şərəf, həm də gözəl imkandır. Biz elə fikirləşirik ki, Avropa üçün, xüsusilə də Cənubi Qafqazda yaranan yeni demokratik ölkələr üçün həyəcanlı bir məqamda Sizin ölkəyə səfər edirik.

Siz NATO-nun Praqada keçirilən tarixi sammitinin iştirakçısısınız. Bu, həqiqətən tarixi bir sammit idi. Praqa sammitindən sonra biz siyasi fəallığımızı daha da artırdıq və Albaniya, Makedoniya, Xorvatiya ilə işimizi daha da sürətləndirdik. Sonra isə biz Ukrayna ilə işə başladıq. İndi də Sizin regiona səfər edirik. Burada Sizin nazirlərlə görüşəcəyik, Azərbaycanın və Gürcüstanın Avroatlantik İttifaqına qəbul olunması haqqında məsələlər müzakirə olunacaqdır.

Biz hazırda Polşa, eləcə də Baltikyanı ölkələrin nümayəndələri ilə və NATO-nun yeni üzvləri Rumıniya və Bolqarıstanla danışıqlar aparırıq. Bütün bu danışıqlar zamanı həmin ölkələrin nümayəndələri bizə bildirirlər ki, Azərbaycan və Gürcüstanla sıx işləmək lazımdır, onlar xüsusi nəzərə alınmalıdır, növbəti dəfə həm NATO-ya, həm də Avropa Birliyinə bu ölkələrin inteqrasiyası üzərində iş getməlidir. Bu, bizim dediyimiz yeni Avropa olacaqdır. Ümid edirik ki, Azərbaycan da həmin yeni Avropanın üzvü olacaqdır. İstərdik, bununla bağlı Sizin fikirlərinizi eşidək ki, layihəni nə cür qurmağı əvvəlcədən planlaşdıraq. İstərdik, bizə deyəsiniz ki, Azərbaycan üzv olmaqla bu qurumlara hansı keyfiyyətləri gətirəcəkdir.

Prezident Heydər Əliyev vurğuladı ki, Azərbaycan hələ 1994-cü ildə NATO ilə \"Sülh naminə tərəfdaşlıq\" müqaviləsini imzalayandan Avroatlantik İttifaqına daxil olmaq məqsədi daşıyır. Biz bu işi daim, müntəzəm olaraq aparmışıq. Ancaq heç vaxt bu barədə, necə deyərlər, səs-küy salmamışıq, biz öz işimizi görürük. İşimiz də bu istiqamətdədir. Bilirsiniz ki, bu illərdə Azərbaycanın nümayəndələri NATO-nun müxtəlif qurumlarında, təşkilatlarında daim iştirak ediblər və öz töhfələrini veriblər.

Praqadan sonra biz də lazımi tədbirlər görməyə başladıq. Məhz bizim bu məqsəd və məramlarımızın nəticəsidir ki, sentyabrın 11-də baş verən hadisələrdən dərhal sonra biz Amerika Birləşmiş Ştatlarının antiterror koalisiyasına qoşulduq. İraqda əməliyyatlar hazırlanan zaman dünya mürəkkəb bir dövr keçirirdi. Amerika Birləşmiş Ştatları əməliyyat aparılmasını və İraqda kütləvi qırğın silahlarının ləğv olunması üçün mütləq lazımi hərbi tədbirlər görülməsini irəliyə sürdü. Ancaq təəssüf ki, çox ölkələr, o cümlədən NATO-nun üzvləri bu təklifin əleyhinə çıxdılar, cürbəcür tədbirlər gördülər və nəhayət, Amerika Birləşmiş Ştatlarının yaratdığı bu koalisiyaya qoşulmadılar.

Bilirsiniz ki, biz bu koalisiyaya dərhal daxil olduq. Amma koalisiyada olan ölkələrin siyahısına baxan-da, təəssüf ki, NATO üzvü olan ölkələrin sayının çox az olduğunu görürük. Bu, çox təəccüblü bir haldır. Ancaq cəmi 21 gün keçməmiş Amerika Birləşmiş Ştatları, koalisiya İraqda əməliyyatları sona çatdırdı. Bu əməliyyatların əleyhinə çıxan həmin ölkələr indi İraqda bərpa işləri ilə məşğul olmaq istəyirlər. Belə bir vəziyyət yarandı, çox maraqlı vəziyyətdir. Bunların hamısından nəticə çıxarmaq lazımdır.

Dövlətimizin başçısı xüsusi vurğuladı ki, dedikləri-min hamısı onu göstərir və yəqin siz özünüz də belə bir nəticə çıxara bilərsiniz ki, Azərbaycan ardıcıl surətdə Avroatlantik İttifaqına daxil olmaq, hətta başqa üzvlər kənarda qalan vaxtda belə, Amerika ilə bir yerdə olmaq qərarını qəbul etmişdir. Bizim bu məsələyə münasibətimiz bundan ibarətdir.

Siz dediniz, NATO-ya daxil olan bir neçə yeni ölkələr bildirirlər ki, Gürcüstan da, Azərbaycan da NATO-ya daxil olmalıdır. Mən çox məmnunam, demək, onlar bizim istəklərimizi, arzularımızı yaxşı bilirlər. Siz Ukrayna haqqında dediniz. Mən bilmirəm, Ukraynanın NATO-ya daxil olması ilə əlaqədar məsələni dediniz, yoxsa başqa səbəblə bağlı. Çünki Ukrayna daxil olsa, bu, çox yaxşı olardı.

Brüs Cekson dedi ki, biz Ukraynaya mühüm ölkə kimi baxırıq. Ukrayna tarixdən nəticə çıxararaq, artıq belə bir qərar verib ki, NATO-nun üzvü olsun. Bu, keçən ilin yayında qəbul olunmuş bir qərardır. Bir həftədən sonra Vaşinqtonda Ukrayna nümayəndələri ilə NATO üzvləri arasında görüş keçiriləcəkdir. Sizinlə tamamilə razıyam ki, Ukraynanın NATO-ya üzv olması çox müsbət hal olar.

Cənab prezident, hər şeydən əvvəl, amerikalılar Azərbaycanın həmrəyliyinə görə minnətdarlığını bildirirlər və bu işdə liderlik göstərdiyinizə görə şəxsən Sizə minnətdarlıqlarını bildirirlər. Sağ olun ki, bizimlə birlikdəsiniz, bizimlə həmrəysiniz və gələcəkdə birgə addımlar atmaq, birgə işlər görmək üçün zəmin yaradırsınız.

Qonaq vurğuladı ki, Azərbaycanda görülən işlər həm bu ölkənin, həm də onun qonşularının Avroatlantik İttifaqına daxil olmasına yaxşı şərait yaradıbdır.

Bu üzvlüyün müəyyən şərtləri də vardır. Birincisi, demokratik ideyalara sadiq qalmaqdır. Əlbəttə, bu, islahatlara, azad seçkilərə, ümumiyyətlə, demokratiyaya aid olan məsələlərdir.

İkincisi, biz özümüz üçün belə bir fikir formalaşdırmışıq ki, XX əsrdə müstəmləkə halında yaşayan ölkələrin əksəriyyətində korrupsiya çox yüksək olur. Korrupsiya ilə mübarizə aparmaq əzmi Avropa Birliyinə üzv olmağın əsas şərtlərindən biridir. üçüncüsü, əməkdaşlıq, dördüncüsü, vaxt məsələsidir. NATO-nun növbəti sammiti 2004-cü ilin yayında keçiriləcəkdir. O vaxtadək qərar qəbul olunmaya da bilər. Amma biz indidən fikir formalaşdır-malıyıq ki, Qara dəniz hövzə-si və Cənubi Qafqaz haqqın-da dərindən düşünülsün. Bunu lazımi səviyyədə çatdıra bilsək, onda 2006-2007-ci illərdə üzvlüyə qəbul məsələləri müzakirə olunan zaman bu məsələyə ciddi baxıla bilər.

Prezident Heydər Əliyev dedi ki, bu şərtləri başa düşürəm. NATO-ya qəbul olsaq da, olmasaq da, bunlar bizim qarşımızda duran problemlərdir. Çünki biz müstəqil dövlətdə demokratik, hüquqi cəmiyyət qururuq və buna görə də siz deyənlər Azərbaycanın həyatında mütləq öz həllini tapmalıdır. Yəni onlar lazı-mi səviyyədə olmalıdır. Məsələn, seçki ayrıdır, demokratiya məsələləri, korrupsiya ilə mübarizə ayrıdır - bunların hamısını biz bilirik, hamısının həlli ilə məşğul oluruq və bundan sonra da məşğul olacağıq. Yenə də deyirəm, NATO-ya qəbul olsaq da, olmasaq da, biz bu işimizi aparacağıq.


\"Azərbaycan\" qəzeti, 19 aprel 2003-cü il.