Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya İctimai Televiziyasının və İTAR-TASS agentliyinin birgə layihəsi olan \"Hakimiyyət formulu\" verilişində çıxışı - 27 sentyabr 2001-ci il

Mixail Qusman (İTAR-TASS Agentliyi Baş direktorunun birinci müavini): Heydər Əliyeviç, icazə versəydiniz, söhbətə, şübhəsiz, Sizin də arxivinizdə olan fotoşəkli Sizə göstərməklə başlardım. Bu şəkildə Siz BMT-də keçirilmiş Minilliyin zirvə görüşündə dünyanın 197 ölkəsinin başçıları ilə birinci sırada durmusunuz. Siz həmin dəqiqələrdə həmkarlarınızla yanaşı dayanarkən nə barədə düşünürdünüz?

Heydər Əliyev: Əlbəttə, mən öz xalqım üçün, Azərbaycanın müstəqil dövlət olduğu üçün, Dünya Birliyinin və Birləşmiş Millətlər Təşkilatı kimi belə mötəbər beynəlxalq qurumun tamhüquqlu üzvü olduğu üçün iftixar hissi keçirirdim.

Diktor: Heydər Əliyev 1923-cü il mayın 10-da anadan olmuşdur. Azərbaycan Universitetinin tarix fakültəsini bitirmişdir. 1967-ci ildən Azərbaycan DTK-nın sədri, general-mayor idi. 1969-cu ildən 1982-ci ilədək Azərbaycan KP MK-nın birinci katibi işləmişdir. 1982-ci ildən 1987-ci ilədək Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. 1993-cü il oktyabrın 10-dan Azərbaycan prezidentidir.

Hakimiyyət formulu, o, nədən ibarətdir, bu hakimiyyətin dadı necədir? Bu sualların cavablarını Heydər Əliyevdən yaxşı kim bilər, axı onun, əslində hakimiyyətin zirvəsində olduğu dövrdə ABŞ-da 8 prezident dəyişmişdir, Böyük Britaniyaya 10, İtaliyaya az qala 24 Baş nazir rəhbərlik etmişdir, Sovet İttifaqı kimi böyük bir ölkədən əsər-əlamət qalmamışdır.

Aparıcı: Siz artıq 30 ildən çoxdur faktiki olaraq Azərbaycana başçılıq edirsiniz. 1969-cu ilin iyulundan bizim bu görüşümüzədək bütöv bir dövr keçmişdir.

Heydər Əliyev: Bilirsinizmi, axı bu dövrlər – 1969-cu il və 2001-ci il müxtəlif dövrlərdir. Çünki o vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində idi və bizim bütün işlərimiz, bütün səylərimiz, bütün fəaliyyətimiz Azərbaycanı onda mövcud olan iqtisadi sistem, ideologiya, dövlət münasibətləri sistemi əsasında inkişaf etdirməyə həsr olunmuşdu. Məsələn, bir çox başqaları kimi, mən də o vaxtadək ayrı bir sistem görməmişdim. Əlbəttə, onda, 70-ci illərdə biz Azərbaycan iqtisadiyyatının, elmin, mədəniyyətin, təhsilin çox yüksək sürətlə inkişafını təmin etməyə müvəffəq olduq, çox şey tikdik. Əgər bütün bunlar olmasaydı, məsələn, nəinki 70–80-ci illərdə, hətta əvvəlki onilliklərdə bütün bunlar olmasaydı, onda Azərbaycan müstəqil dövlət olduqdan sonra quru yerdə qalmış olardı. O ki qaldı indiyə, yeri gəlmişkən, bu da əlamətdar ildir. Biz ilin sonunda Azərbaycanın müstəqilliyinin 10 illiyini qeyd edəcəyik. Biz bu 10 ili yaşamışıq, bir çox çətinlikləri aradan qaldırmışıq, bir çox çətinliklər hələ də qalmaqdadır, lakin əvəzində Azərbaycan müstəqil dövlətdir və mən inanıram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaqdır.

Aparıcı: Mən özüm o qızmar iyul gününü – Sizin Azərbaycan KP MK-nın birinci katibi seçildiyiniz 1969-cu ilin 14 iyul gününü yaxşı xatırlayıram. O vaxt Siz xeyli cavan idiniz, 46 yaşınız vardı.

Heydər Əliyev: Bəli, o il mənim üçün, həqiqətən çox əlamətdar il idi. Mən əvvəlki işimdə, dövlət təhlükəsizliyi orqanlarında çalışırdım və işimdən çox razı idim. Çox yüksək vəzifəyə çatmışdım, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim, general rütbəsi almışdım. Mən fəaliyyətimin ilk illərindən həmişə çalışqanlığımla, işə vicdanlı münasibətimlə, bilik və intellektimlə fərqlənmişəm. Odur ki, məni cavanlıqdan ardıcıl surətdə vəzifəyə irəli çəkirdilər. Xatirimdədir, mən hələ 1945-ci ildə leytenant rütbəsində dövlət təhlükəsizliyi orqanlarında bir bölmənin rəisi olarkən tabeliyimdə podpolkovniklər, mayorlar, kapitanlar vardır. Bilirsiniz, leytenant olaraq pillə-pillə irəliləyib general rütbəsinə çatmaq zabit üçün müstəsna haldır.

1969-cu ilədək Azərbaycanda çox mürəkkəb iqtisadi vəziyyət yaranmışdı və respublikada elə bir şərait yaranmışdı ki, rəhbərliyi dəyişdirmək gərək idi. Görünür, onda hər şey Moskvada, Siyasi Büroda həll edilmişdi. Mən bunu bilirdim, bilirdim ki, 1969-cu ilin əvvəllərindən namizəd axtarılır. Onda SSRİ DTK-nın sədri olan mərhum Andropov birdən mənə zəng vurdu. Mən Moskvaya gəldim, ona zəng etdim və o, ertəsi gün məni qəbul etdi. Dedi ki, biz fikir mübadiləsi apararaq, nəhayət, bu qərara gəldik ki, sənin namizədliyin bəlkə də daha münasibdir. Mən ona sadəcə olaraq, izah etdim ki, respublikada vəziyyət, həqiqətən ağırdır, amma mən buna hazır deyiləm, hesab edirəm ki, bunun öhdəsindən gələ bilmərəm. Mən isə həll edə bilməyəcəyim işə girişmək istəmirəm. O məni inandırmağa çalışdı və sonra dedi: \"Bilirsən nə var, get Bakıya, fikirləş, biz səni bir də çağıracağıq \". Mən qayıdıb işlədim, heç kim heç nə bilmirdi. Bir neçə gündən sonra o, yenə zəng vurub dedi: \"Mən sənin əhval-ruhiyyəni bilirəm, lakin biz başqa namizədləri bir daha götür-qoy etdik və qərara aldıq ki, sən bu işi öhdənə götürməlisən. Ona görə də Baş katib Brejnev sabah səni qəbul edəcəkdir, odur ki, gəl bütün bunları boşla getsin. O sənə təklif edəcək, sən razılıq verməlisən\". İş belə gətirdi və mən birinci katib oldum. İlk aylar böyük həyəcan keçirirdim, bəlkə də iqtisadiyyata dərhal girişə bilmirdim, amma humanitar sahəyə yaxşı bələd idim. Mən Azərbaycanda çox nöqsanların səbəbini bilirdim. Bilirdim ki, insanlar vəzifələrindən sui-istifadə edirlər, rüşvətxorluq var. Ona görə də bundan başladım. Demə, xalq məhz bunu gözləyirmiş. Ona görə də qısa bir vaxtda məşhurlaşdım.

Aparıcı: 1969-cu ilin Əliyevi ilə 2001-ci ilin Əliyevi arasında oxşar nə var və onları bir-birindən nə fərqləndirir?

Heydər Əliyev: Əlbəttə, çox şey fərqləndirir, axı aradan 32 il ötüb keçmişdir, bu müddət ərzində mən çox böyük təcrübə toplamışam. Həm həyat təcrübəsi, həm siyasi təcrübə, həm iqtisadiyyatın bütün məsələlərinə bələd olmaq təcrübəsi, həm də beynəlxalq siyasət sahəsində təcrübə.

Aparıcı: Bu illər ərzində yəqin ki, Sizin opponentləriniz, siyasi əleyhdarlarınız az olmamışdır?

Heydər Əliyev: Əleyhdarlar və ya opponentlər, satqınlar… Təəssüf ki, onlar olmuşlar. Amma mən daha çox insanlar haqqında düşünmüşəm. Bilirsiniz, mən burada, Azərbaycanda işlədiyim illəri xatırlayıram. Mən gecə-gündüz işləyirdim. Rəhmətlik həyat yoldaşım məni həmişə qınayaraq deyirdi ki, nə olub, nə üçün istirahət etmirsən, uşaqlara, ailəyə kifayət qədər diqqət yetirmirsən – hərçənd diqqət yetirirdim, amma başqaları daha çox diqqət yetirirdilər – öz ailənin gələcəyi barədə düşünmürsən, sabah sənə bir şey olsa, onda necə? Mən cavab verirdim: \"Bilirsənmi, Azərbaycan üçün elədiklərim, zənnimcə, həyatımdan sonra da qiymətləndiriləcəkdir\". O isə mənə deyirdi: \"Bilirsənmi, sən sadəlövh adamsan\". Bütün vəzifələrdən gedəndən sonra mən onu tez-tez xatırlayırdım.

Diktor: Bu, 1987-ci ildə baş vermişdir. Həmin il Əliyev Moskvada rəhbər vəzifələrdən azad edildi və əslində, qeyri-aşkar ev dustağı idi. Yüksək vəzifələrə irəli çəkdiyi, dəstəklədiyi, etibar etdiyi adamların satqınlığı onun üçün çox ağır zərbə oldu. Keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini böyük siyasətdən sanki həmişəlik uzaqlaşmışdı.

Heydər Əliyev: Həyat yoldaşım o dövrü görmədi. Əlbəttə, təəssüflənirəm ki, o, həyatdan belə tez getdi. Əgər sağ olsaydı, mənə deyərdi: Görürsən, sənə deyirdim, sən isə başa düşmürdün. Mən artıq demişəm və bu gün də deyirəm ki, məruz qaldığım bütün çətinliklərə baxmayaraq, öz taleyimdən çox razıyam, çox razıyam. O cümlədən də Zərifə xanımın simasında çox layiqli ömür-gün dostum olduğuna görə. Əvvəla, bizi möhkəm qarşılıqlı məhəbbət bağlayırdı. Ailə üçün bu, ən başlıcasıdır. İkincisi, o olduqca ağıllı insan idi, həm də təkcə öz sahəsində yox. O, oftalmoloq idi, elmi işlə məşğul olurdu, çoxlu elmi əsərləri var. O, həyata da çox yaxşı bələd idi, siyasəti yaxşı bilirdi və ümumiyyətlə, təbiətən çox istedadlı insan idi.

Bəxtimdən, çox ağıllı övladlarım – qızım və oğlum var. Görünür, biz – Zərifə Əziz qızı ilə mən belə övladlar tərbiyə edə bilmişik. Əlbəttə, mən bir çox məsələlərdə onlarla, xüsusən oğlumla məsləhətləşirəm.

Aparıcı: Bu gün o, Milli Məclisin deputatıdır, Sizin yaratdığınız partiyada fəaliyyət göstərir. Siz ona siyasətçi taleyi arzulardınızmı?

Heydər Əliyev: Bilirsinizmi, bu barədə məndə ikili hisslər var. Siyasət çox mürəkkəb şeydir. Mən hər hansı başqa bir adama birbaşa məsləhət görərəm, amma oğluma ürəyim gəlmir. O öz işi ilə məşğul olan adamdır. İndi bizim neft şirkətində, xüsusən xarici ölkələrlə əlaqələr sahəsində çox iş görür. O, siyasət sahəsində də çox istedadlıdır. Ona görə də hesab edirəm ki, o öz fəaliyyətini siyasət sahəsində də davam etdirə bilər. Mən bunu istərdim. Hər bir peşə üçün hansısa genetik qabiliyyət olmalıdır, bu hər kəsdə olmur. Onda isə var.

Diktor: Heydər Əliyevin özünü çox vaxt fitrətən siyasətçi adlandırırlar. Belələri pensiyaya getmirlər, axı siyasət onlar üçün iş deyil, həyat tərzidir. Onun sözünə ehtiyac varsa, bunu səhvsiz hiss edir. 1990-cı ilin qışında sovet tankları Bakıya girdi. Yanvarın 19-dan 20-nə keçən o dəhşətli gecədə şəhərin küçələrində yüzlərlə adam həlak oldu. Vəzifədən uzaqlaşdırılmış Əliyev o vaxt Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mərkəzi hakimiyyətin hərəkətlərini kəskin tənqid etdi.

Əliyev tezliklə doğma Naxçıvana qayıtdı. Artıq Qarabağ od tutub yanırdı, müharibə gedirdi. Yüz minlərlə insan doğma ev-eşiyini itirmişdi, on minlərlə adam həlak olmuşdu. Azərbaycanla ümumi sərhədi olmayan Naxçıvan tam təcrid vəziyyətində idi. Məhz o faciəli dövrdə Əliyev həmyerlilərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləməyə razılıq verdi. O dedi: \"Ölsək də, birlikdə öləcəyik. Amma əminəm ki, bu, baş verməyəcəkdir\". Və sözünün üstündə də durdu. O, Naxçıvanı müharibədən xilas edə bildi və blokada şəraitində yaşayan insanları aclıqdan və soyuqdan məhv olmağa qoymadı.

1993-cü ilin yayında Heydər Əliyev yenidən Azərbaycanda ən yüksək siyasi vəzifəyə dəvət olundu və prezident ölkənin tarixində bəlkə də ən faciəli olan 16 ayı öz xalqı ilə birlikdə yaşadı.Bu, Azərbaycan üçün taleyüklü dövr idi. Adını siyasətçi qoyan cürbəcür fırıldaqçılar, avantüristlər hakimiyyətə can atırdılar, hərbi çevrilişin mümkünlüyü real şəkil almışdı. Yalnız Əliyevin sarsılmaz iradəsi, siyasi duyumu, xalqla ümumi dil tapmaq bacarığı qan tökülməsinin qarşısını aldı, Azərbaycanı qaçılmaz vətəndaş müharibəsindən xilas etdi.

Əliyevin rəsmi tərcümeyi-halı yaxşı məlumdur, lakin bunlar quruca faktlardan ibarətdir. Halbuki siyasətçini ancaq şəxsiyyətin daxili aləminə nəzər salmaqla başa düşmək olar. Məsələn, çoxları bilir ki, uşaqlıq illərində Heydər Əliyev…

Heydər Əliyev: … rəssam olmaq istəyirdi. Naxçıvanda orta məktəbi bitirdikdən sonra Bakıya gəldim və elə bilirdim ki, burada rəssamlıq institutu var. Ancaq rəssamlıq institutu yox, rəssamlıq texnikumu olduğunu biləndə düşündüm ki, mən orta təhsillə bir yana çıxa bilməyəcəyəm. Belə olduqda mən yaxın ixtisası, memarlıq ixtisasını seçdim. Burada, Sənaye İnstitutunda memarlıq fakültəsi vardı, mən orada oxudum, özfəaliyyətdə, dram dərnəyində iştirak edirdim.

Aparıcı: Bəs hansı rolları oynayırdınız?

Heydər Əliyev: Əsasən baş, koloritli rolları.

Aparıcı: Siz xasiyyətcə çox ciddi adam olsanız da, gözəl yumor hissinə maliksiniz. Odur ki, gənclik illərində tamaşalara baxanda sirayətedici gülüşlə gülürdünüz, elə indi də söyləyirlər ki, Bakının məşhur Şən və Hazırcavablar Klubunun komandası çıxış edərkən Siz başqa zarafatla müqayisədə özünüzə aid zarafatlara hamıdan ucadan gülürsünüz.

Heydər Əliyev: Bu mənim üçün maraqlıdır, çünki onlar qabiliyyətli uşaqlardır, çox incə və orijinal yumora malikdirlər. O cümlədən, məni də səhnədə təcəssüm etdirməkdən çəkinməyiblər.

Aparıcı: Heydər Əliyeviç, Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin yanvarda Azərbaycana səfəri zamanı bütün icmalçılar sizin görüşlərinizin qeyri-adi dərəcədə səmimi xarakter daşıdığını vurğulayırdılar.

Heydər Əliyev: Mən onunla ilk dəfə Kiyevdə görüşmüşdüm. O vaxt o, prezident vəzifəsini icra edirdi və Ukrayna prezidenti Kuçmanın andiçmə mərasiminə gəlmişdi. Mən də orada idim. Andiçmə mərasiminin bütün prosedurlarından, ziyafətdən sonra hamı evə qayıtmağa – hamı axşam getməli idi – başlayanda biz onunla görüşmək barədə razılaşdıq. Ukraynanın mənim üçün ayırdığı iqamətgaha getdik. Düşünürdüm ki, onunla yarım saat, bir saat danışacağam, amma biz onunla üç saat söhbət etdik. Mən ilk dəfə onda hiss etdim, gördüm ki, bu insan, əvvəla, fitrətən dövlət xadimi xüsusiyyətlərinə, qabiliyyətinə, mədəniyyətinə, bir çox sahələrə aid biliyə malikdir, Rusiyanın real vəziyyətini və Rusiyanın digər ölkələrlə, xüsusən Azərbaycanla qarşılıqlı münasibətlərinin əhəmiyyətini başa düşür. Odur ki, məndə ona hörmət hissləri yarandı. Hiss etdim ki, onda da təxminən bu cür hisslər oyandı. Ona görə də biz dostlar kimi görüşdük, o da, mən də çox səmimi idik. Yeganə istəyim o idi ki, bu səmimilik bundan sonra da qalsın.

Aparıcı: Siz Rusiyada çox yaşamısınız, Sizi rus dili ilə çox şey bağlayır, Siz Sankt-Peterburqda – o vaxtlar Leninqrad adlanırdı – oxumusunuz, Moskvada yüksək vəzifələrdə işləmisiniz. Bu gün Rusiya Sizin üçün nə deməkdir, o, ürəyinizdə nə kimi yer tutur?

Heydər Əliyev: Bilirsinizmi, ürəkdən heç nəyi çıxarıb atmaq olmaz. Rusiya mənim ürəyimdə çox xoş yer tutur. Yeri gəlmişkən, Vladimir Vladimiroviç Putin DTK-nın Leninqrad məktəbini bitirməyim barədə diplomumun surətini arxivdən tapdırmışdı və Bakıda olarkən onu oxumuşdu: bütün fənlərdən \"əla\" qiymətlər. Mən Leninqradda təhsil illərimi böyük hörmət, sevinc hissi ilə xatırlayıram. Cavan baş leytenant idim, yaxşı oxuyurdum və eyni zamanda hər bazar günü teatra gedir, gözəl mədəniyyət abidələrinin seyrinə dalırdım. Orada belə abidələr çoxdur və deyə bilərəm ki, oxuduğum illərdə onların hamısını görmüşəm. Bu məni zənginləşdirmişdir.

Diktor: Prezident Əliyev Rusiya ilə bu mənəvi əlaqəni indiyədək saxlayır. Təsadüfi deyil ki, Rusiya artistləri, musiqiçiləri Bakıya tez-tez gedən və arzu olunan qonaqlardır. Söz düşmüşkən, Azərbaycanda büdcənin 2,7 faizi mədəniyyətin inkişafına sərf edilir ki, bu da silahlı qüvvələrə ayrıldığından çoxdur.

Aparıcı: Biz prezident Havellə söhbət edəndə, təbii olaraq, pivədən və xokkeydən danışırdıq. Yaxud, Braziliya prezidenti Kardozu ilə söhbətdə futboldan və qəhvədən danışırdıq. İctimai şüura da Azərbaycan qara kürü və neftlə assosiasiya olunur. Amma neftə gəldikdə, bilirsiniz ki, indi, son vaxtlar neft müqavilələri ətrafında hər cür möhtəkirlik edir, dedi-qodular yayırlar. Sizcə, XXI əsrin bu nəhəng layihəsinin perspektivləri necədir?

Heydər Əliyev: Bizim Azərbaycan sektoruna gəldikdə, burada olduqca böyük ehtiyatlar mövcuddur, onlar bir çox yüzilliklərə kifayət edər. Bir sözlə, biz Azərbaycanın gələcək nəsilləri üçün yaxşı bünövrə qoymuşuq.

Diktor: Azərbaycan böyük neftin köməyi ilə yaxın 30 ildə 180 milyard dollar məbləğində mənfəət  götürmək ümidindədir. Ölkə adambaşına xarici sərmayələrin cəlb edilməsinə görə MDB-də birinci yer tutur. Əliyevin dövründə Azərbaycanın coğrafi-siyasi əhəmiyyəti kəskin surətdə artmışdır. İndi Moskvada, Vaşinqtonda, Parisdə Bakının mövqeyi ilə hesablaşırlar. Pis sülhü üzücü müharibədən, hər halda, yaxşı hesab edən Əliyev prezident olduqdan sonra Qarabağda müharibəni dayandırdı.

Aparıcı: Başa düşürəm ki, bu, xüsusi, ayrıca söhbətin mövzusudur, bununla belə, mən bu söhbətdə ona toxunmaq istərdim. Bu, Qarabağ münaqişəsi mövzusudur. Əgər əsas mövqeyi xülasə etmək lazım gəlsə, onda bu, Qarabağ məsələsinin nizama salınması kontekstində Sizə necə görünür?

Heydər Əliyev: Hesab edirəm ki, atəşkəs rejimi qorunub saxlanmalıdır və mən bunu bəyan etmişəm. Məsələ ədalətlə, həm Dağlıq Qarabağın, həm də onun hüdudlarından kənardakı 7 rayonun işğal edilməsi ilə əlaqədar ermənilərin üstünlüyə malik olması nəzərə alınmadan həll olunmalıdır. Əgər onlar buna razı olsalar, biz də razı olarıq, yox, razı olmasalar, biz də razı olmarıq. Bundan kim uduzur? Biz. Ona görə ki, bizdə bir milyonadək qaçqın var, onların əksəriyyəti çadırlarda yaşayır. Bu qaçqınların olması bizim vəziyyətimizi ağırlaşdırır. Lakin iqtisadiyyatımız inkişaf edir və qaçqınlara köməyimizi birtəhər artıracağıq və onları dolandıracağıq.

Diktor: Ölkənin 8 milyon sakininin 1 milyonu qaçqındır. Artıq 10 ilə yaxındır ki, insanlar çadır şəhərciklərində yaşayırlar. Bu çadırlarda doğulur, ölür, evlənirlər. Ölkədə vəziyyət çətin olaraq qalır, amma müharibə şəraitində belə həyat tədricən qaydasına düşür. Belə demək düzgün olmaz ki, Azərbaycanda müxalifət yoxdur. Lakin çətin ki, müxalifətçilərdən kimsə özünü Əliyevə tay tuta bilsin. İkinci dəfə hakimiyyətə qayıdan, ömrünün 70-ci ilində sıfırdan başlayan Heydər Əliyev dövlət hakimiyyətini möhkəmlətməyə, qayda-qanunu bərpa etməyə, siyasi ekstremistlərin nüfuzunu puça çıxarmağa müvəffəq olmuşdur.

Aparıcı: İndi Rusiyada panislamizm, islam təməlçiliyi təhlükəsindən çox danışırlar, bu mövzuda çox fikirlər, narahatlıq var. Necə hesab edirsiniz, bu təhlükə dünyəvi Azərbaycan üçün nə dərəcədə realdır?

Heydər Əliyev: Hesab edirəm ki, Azərbaycanın gələcəyə yolu dünyəvi həyat tərzindən keçir. Əlbəttə, milli dəyərlərə, o cümlədən dini dəyərlərə hörmət edilməlidir, amma bununla belə, dünyəvi həyat tərzi olmalıdır. Biz Konstitusiyamızı əsas tutaraq, insanlarımıza vicdan azadlığı hüququ verərək, eyni zamanda, göz qoymalıyıq ki, bu hüquq nə fanatizmə, nə təməlçiliyə, nə ekstremizmə, nə də terrorizmə çevrilsin.

Aparıcı: Hər bir insan imana öz yolu ilə gəlib çıxır. Bununla əlaqədar, icazənizlə, Sizə şəxsi xarakterli bir sual verim: Siz dinə necə inanmağa başlamısınız?

Heydər Əliyev: Mənim valideynlərim çox da dindar deyildilər. Mən gənclik illərində məhdud milli, məhdud dini mühitdə deyil, elə bir mühitdə, elə bir cəmiyyətdə olmuşam ki, orada hər şey vardı. Bütün dinlər vardı, bütün millətlər vardı. Məndə dinə elə bir bağlılıq yox idi. Amma bununla yanaşı, mən dinlə, əlbəttə, maraqlanırdım. Quranı rus dilində oxumuşdum, hər şey, eləcə də dini ədəbiyyatda oxuduğum bir çox şeylər mənə maraqlı idi. İslamın tarixi, Məkkənin, Mədinənin tarixi haqqında oxuyurdum və sairə. Yəni, mən dinə biganə deyildim. Hər bir insan hansısa dinə mənsubdur, dinsiz insan yoxdur. Mən öz köklərimlə islam dininə mənsubam, milliyyətcə azərbaycanlıyam. Bu anlayışları heç zaman heç nəyə dəyişmərəm. Heç nəyə!

Aparıcı: Heydər Əliyeviç, bu hakimiyyət deyilən şeyin dadı, hər halda, necədir?

Heydər Əliyev: Dadlı deyildir, acıdır. Mən sizə düzünü deyirəm.

Diktor: Biz artıq Bakıdan gedəndən sonra prezident sərhədçilər qarşısında çıxış edərkən demişdir: \"Azərbaycanda kim hakimiyyətə gəlmək istəyirsə, 2003-cü ili gözləsin, 2003-cü ildə prezident seçkiləri olacaqdır. Ancaq onlar da bilsinlər ki, mənimlə, Heydər Əliyev ilə qarşılaşacaqlar\". Heydər Əliyevi çoxdan və yaxşı tanıyanlar bunun məhz belə də olacağına şübhə etmirlər.