"Dünya Azərbaycanlılarının I qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (Respublika sarayı, 10 noyabr 2001-ci il)" sənədinə tarixi arayış

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq, Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayı keçirilib.

Qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edib. Qurultay “Dünya azərbaycanlılarının I Qurultayının qətnaməsi”, “Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti”, “Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti”, “Dünya azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti”, “Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti” adlı sənədləri qəbul edib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.194