Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın “Kastel” qrupunun yüksək səlahiyyətli nümayəndəsi Jan-Pol Lanfranki ilə görüşdə söhbəti - Prezident sarayı, 19 may 2000-ci il

Heydər Əliyev: Hörmətli cənab səfir!

Hörmətli qonaqlar!

Mən sizi salamlayıram. Belə başa düşürəm ki, bugünkü görüşümüz əsasən “Kastel” şirkətinin problemləri ilə əlaqədardır. Bayaq mənə bildirdilər ki, səfirin də nəsə bir məsələsi var. Mən sizi məmnuniyyətlə dinləyərəm. Ancaq əvvəlcə onu demək istəyirəm ki, vaxtilə “Kastel” şirkətinin prezidenti gəldi və biz görüşdük. Mən “Kastel” şirkətinin Azərbaycanda işini çox böyük ümidlər bəslədim. Bir necə dəfə maraqlandım ki, bu işlər necə gedir. Hər dəfə mənə deyirlər ki, gedir, gedir, sizə son nəticəni deyəcəyik.

Xatirimdədir ki, bizim ilk danışığımızda təkcə Bakının pivə zavodu barədə yox, Azərbaycanda şərabçılıq zavodlarının işlədilməsi və ümumiyyətlə, şərabçılıq sənayesi sahəsində böyük işlər görülməsi haqqında “Kastel” şirkəti mənə ümidlər vermişdi. Amma deyəsən, hələ bu sahədə də iş görülməyibdir. Ona görə də siz mənə nə deyəcəksiniz - dinləyə bilərəm. Amma mən sizə öz sözlərimi dedim. Buyurun.

Jan Pyer Ginyut: Cənab Prezident, çox sağ olun. Bu gün Sizin bundan əvvəl bir necə görüşünüz olubdur, bir necə nümayəndə heyətini qəbul etmisiniz. Bizə vaxtınızı sərf etdiyiniz üçün dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, üzr istəyirəm, sanki buna adət etmişəm, bir vərdiş halı alıb ki, mən həmişə Parisə çağırılanda Sizdən qəbul üçün vaxt istəyirəm ki, Sizinlə söhbət edim və sonra gedib orada hesabat vermək imkanım olsun.

Cənab Prezident, bu nümayəndələri sizə təqdim etmək istərdim. Birincisi, cənab Jan-Pol Lanfranki həm beynəlxalq dərəcəli vəkildir, həm də “Kastel” qrupunun yüksək səlahiyyətli nümayəndəsidir. Cənab Gi Kubye isə hazırda Bakıda pivə zavodunun direktoru və “Kastel” qrupunun nümayəndəsidir. Nəhayət, mənim yeni əməkdaşım Mişel Jelenin Fransa səfirliyində iqtisadi məsələlər üzrə müşavirdir.

Cənab Prezident, sizə demək istəyirəm ki, bizim səfirliyin işi, inkişafı ümumiyyətlə, regional xarakter daşıyır. Bununla bərabər, bildirmək istəyirəm ki, cənab Jelenin təkcə səfirliyimizdə iqtisadi məsələlər üzrə müşavir deyil, həm də Aşqabadda və Gürcüstanda bu məsələlərlə bağlı müşavir missiyasını yerini yetirəcəkdir. Amma əsas yeri Bakıda olacaqdır. Əlbəttə, bu o deməkdir ki, doğrudan da indi bizim - Fransanın ən yüksək səviyyəli rəhbərləri bu addımla göstərmək istəyirlər ki, Azərbaycan onlar üçün ikitərəfli əməkdaşlıqda həmişə üstün xarakteri daşıyır. Bununla bərabər, demək istəyirəm ki, Azərbaycanda tikilmiş pivə zavodu bizim bu əməkdaşlığımızın ən gözəl nümunələrindən biridir.

Cənab Prezident, Siz 1993-cu ildə Fransaya səfəriniz zamanı Fransanın iş adamlarını qəbul edib onları Azərbaycana dəvət etmişdiniz və Azərbaycanla əməkdaşlığa dəvət etmişdiniz. Elə onun nəticəsi olaraq biz Azərbaycanla əməkdaşlığımızı davam etdiririk. əgər belə desəm, məncə səhv etmərəm. Bildiyimi görə, “Kastel” qrupu Azərbaycana investisiyanı Sizin dostunuz cənab Jak Şirakın məsləhəti ilə qoyubdur.

Heydər Əliyev: Tamamilə doğrudur.

Jan Pyer Ginyut: Cənab Prezident, neft və qaz sahəsini nəzərə almasaq, bu, Fransa tərəfinin Azərbaycana qoyduğu ən mühüm və böyük sərmayədir. Yəni demək istəyirəm ki, təkcə Azərbaycanda yox, ümumiyyətlə, Qafqazda. Bu, doğrudan da çox mühüm bir özəlləşmə əməliyyatıdır. Yəni Azərbaycanın köhnə zavodunun yenidən bərpa olunması və özəlləşdirilməsidir. Bir tərəfdən də bu zavodun inşa olunması və fəaliyyət göstərməsi həm də Fransa investorları, müəssisələri üçün çox gözəl bir nümunədir. Yəni onları bura cəlb etmək üçün bir nümunədir.

Bundan əlavə, Azərbaycanla maraqlanan bütün investorlar üçün bu zavodun fəaliyyəti cəlbedici bir nümunədir. Bununla bağlı olaraq bu yaxınlarda mən əmlak nazirini son zamanlar Azərbaycan parlamentində özəlləşdirmə ilə bağlı müzakirə olunan qanunun qəbul edilməsi münasibətilə təbrik etdim. Əlbəttə, biz belə hesab edirik ki, özəlləşdirmə prosesinin Azərbaycan iqtisadiyyatı üçün çox mühüm əhəmiyyəti var. Doğrudur, bu çətindir, asanlıqla getməyəcəkdir.

Biz bununla bərabər, bilirik ki, Azərbaycan doğrudan da çox möhtəşəm bir özəlləşdirmə prosesi dövründə yaşayır. Hətta bizim özümüzdə də hər hansı belə bir müəssisənin, milli, dövlət müəssisəsinin özəlləşdirilməsi prosesini qədəm qoyduqda müəyyən problemlər əmələ gəlir.

Cənab Prezident, nəhayət, demək istəyirəm ki, bir səfir kimi, mən Azərbaycanda Sizin apardığınız bu özəlləşdirmə prosesinə böyük muvəffəqiyyətlər arzulayıram. Bunların içərisində pivə zavodunun özəlləşdirilmısını uğurlar diləyirəm. Əlbəttə, bu özəlləşdirmə prosesində müəyyən məsələlər, problemlər qarşıya çıxdəə Amma bunlar ona görə qarşıya çıxır ki, onları həll etmək lazımdır. Bununla bağlı yəqin ki, cənab Lanfranki danışacaqdır.

Cənab Prezident, həmişə Sizin belə ümumi proseslərdən başqa, həm də bu pivə zavoduna olan diqqətinizi nəzərə alaraq, əmin olduğumuzu bildirmək istəyirəm ki, bu problemlər həll ediləcəkdir. İcazə versəydiniz, sözü cənab Lanfrankiyə verərdim.

Heydər Əliyev: Mən bir necə kəlmə deyim.

Mən sizin bu sözlərinizlə tamamilə razıyam. Həqiqətən, biz indi Azərbaycanda özəlləşdirmənin yeni bir mərhələsini başlamışıq. Bizim Milli Məclis özəlləşdirmənin yeni mərhələsi haqqında qanun qəbul edibdir. Yaxın vaxtlarda özəlləşdirmə proqramı haqqında prezident fərmanı olacaqdır. Orada konkret məsələlər öz əksini tapacaqdır.

Siz doğru buyurdunuz, “Kastel” şirkətinin Azərbaycana gəlməsində mənim dostum prezident Jak Şirakın rolu var. Prezident Jak Şirakın mənimlə danışıqlarında həmişə ona deyirdim ki, siz Azərbaycana daha da çox investorlar göndərin. Neft şirkətləri – “Elf Akiten”, “Total” artıq burada geniş işlər əldə ediblər. Ancaq Fransa iqtisadiyyatının çox mühüm sahələri var, onlar da burada özlərini yer tapa bilərlər.

O vaxtlar mənə təqdim etdilər ki, “Kastel” Fransada şərab və başqa spirtli içkilər istehsalı üzrə çox böyük bir şirkətdir. Biz belə danışdıq ki, “Kastel” birinci addımı pivə zavodundan başlayır və onun ardınca Azərbaycanda yüksək keyfiyyətli şərablar istehsal edilməsi üçün müəssisələr yaradılacaqdır, üzüm plantasiyaları yaradılacaqdır. Bu məni çox sevindirdiş. Çünki Azərbaycan üzümçülük ölkəsi olubdur. Burada yüksək səviyyəli şərablar istehsal etmək üçün yaxşı üzüm növləri var. Mən ona görə “Kastel”in Azərbaycandakı fəaliyyətini bu cür perspektivdən baxıram. Ancaq onlar hələ ki, pivə zavodunun problemlərini həll edə bilməyiblər. Mən indi sizi dinləyəcəyəm.

Mən bizim əmlak nazirini və köməkçimi buraya dəvət etmişəm ki, lazım olan tapşırıqları onlara verim. Sonra isə sizin Parisə getməyinizlə əlaqədar danışarıq.

Jan Pyer Ginyut: Cənab Prezident, çox Sağ olun.