Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının onilliyi ilə əlaqədar bu təşkilatın üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi qısa müsahibə - 24 iyun 2002-ci il

Heydər Əliyev: Mənim səfərimin məqsədini bilirsiniz, elan edilibdir. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə olacağıq. Ondan sonra Ankaraya gedəcəyəm, orada bir neçə görüş keçirəcəyəm. Son olaraq Qarsa gedəcəyəm, oradan da Vətənə dönəcəyəm. Sizə qısaca olaraq bunu deyə bilərəm.

Sual: Cənab Prezident, Ermənistan nümayəndəsi ilə görüşünüz gözlənilirmi?

Cavab: Gözlənilmir.

Sual: Cənab Prezident, səfər zamanı Azərbaycan –Türkiyə hərbi əməkdaşlığı barədə söhbətlər aparılacaqmı? Bu, Ermənistan tərəfini yaman narahat edir.

Cavab: Bilirsiniz ki, Türkiyə ilə bizim strateji əməkdaşlığımız var. Ona görə də ola bilər ki, biz əməkdaşlığın bütün sahələrini bu və ya başqa şəkildə müzakirə edək. Bundan heç kəsin narahat olmağa əsası yoxdur.

Sual: Baş nazirin səlahiyyətlərinin artırılması hansı zərurətdən doğur?

Cavab: O zərurətdən doğur ki, bizim Konstitusiya yeddi il bundan öncə yazılıb, çox demokratik Konstitusiyadır. Biz onu tam demokratik prinsiplər əsasında, ümumxalq səsverməsi əsasında qəbul etmişik. İndi zaman keçibdir. Biz Avropa Şurasına daxil olmuşuq, bununla əlaqədar müəyyən konvensiyalara qoşulmuşuq. Bunlarla bağlı bəzi dəyişikliklər olmalı idi, onları etdik. Məhkəmə sistemi ilə əlaqədar dəyişikliklər olmalı idi, onları da etdik. Başqa dəyişikliklər də etdik.

Sən dediyin səlahiyyət məsələsi deyil, Konstitusiyada belə bir bənd var ki, əgər prezident öz vəzifələrini icra edə bilməsə, bu səlahiyyətlər Milli Məclisin sədrinə verilir. İndi isə Baş nazirə verilməsi nəzərdə tutulur. Burada heç bir şey yoxdur.

Sual: Cənab Prezident, Siz Türkiyə ilə Ermənistanın sərhədində yerləşən Qarsda da olacaqsınız. Oradakı görüşlərinizdə Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinə...

Cavab: Sən mənimlə gedirsən, Qafqaz Universiteti mənə fəxri doktor adı veribdir, çoxdandır dəvət edirlər, ona görə də mən oraya gedirəm. Qarsda Qafqaz Universitetində olacağam.

Sual: Cənab Prezident, dəmir yolunun açılması məsələsinə toxunacaqsınızmı?

Cavab: Bu məsələlər mənim gündəliyimdə deyildir.

Sual: Cənab Prezident, Türkiyə Əfqanıstanda sülhməramlı qüvvələrə rəhbərlik edir, onların tərkibinə Azərbaycan qüvvələri daxil olacaqmı?

Cavab: Daxil olacaqdır.

Sual: Cənab Prezident, Türkiyə milli futbol komandasının qələbəsini necə qiymətləndirirsiniz?

Cavab: Bu elə sualdır ki... Görmədiniz ki, bizim camaat nə edirdi. Bakının küçələri, meydanları dağılırdı. Bunu necə qiymətləndirəcəyəm, bu, ən böyük sevincimizdir. Çünki Türkiyə və Azərbaycan eynidir. Bir dəfə də belə bir şey olmuşdu, türklər udmuşdu, biz nə qədər camaat meydanlara, küçələrə çıxmışdı. İndiki bu uduş ondan daha da yüksəkdir. Onlar nə qədər yüksək nаiliyyət əldə etdilər. Əlbəttə, bu hər bir azərbaycanlını, türkü sevindirir və böyük qürur hissi doğurur.