Azərbaycan Prezidenti Heydər Əliyev İranın kooperasiya naziri Əli Sufi ilə görüşmüşdür - 19 may 2002-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasına səfərinin ikinci günü, mayın 19-da Tehranda onun üçün ayrılmış iqamətgahda bu ölkənin kooperasiya naziri, İran ilə Azərbaycan arasında iqtisadi ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədri Əli Sufi ilə görüşmüşdür.

Prezident Heydər Əliyevi səmimiyyətlə salamlayan cənab Əli Sufi Azərbaycan dövlətinin başçısı ilə yenidən görüşmək imkanından böyük məmnunluq duyduğunu vurğulayaraq dedi ki, biz Sizin İrana rəsmi səfərinizi səbirsizliklə gözləyirdik və bu səfər dost, qonşu ölkələr arasında münasibətlərin bütün sahələrdə daha da genişlənməsi və möhkəmlənməsi baxımından son dərəcə əhəmiyyətlidir.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu söyləyən nazir müştərək missiyanın bu sahədə gördüyü işlər və fəaliyyətinin gələcək istiqamətləri barədə məlumat verdi. Cənab Əli Sufi Avropanı Hind okeanı sahilləri ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizindən söhbət açaraq dedi ki, onun işə salınması İran ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq baxımından da çox sərfəli olacaqdır. Azərbaycan prezidenti Heydər Əliyev İrana rəsmi səfərinin əhəmiyyətini yüksək qiymətləndirərək, prezident Seyid Məhəmməd Xatəmi ilə keçirdiyi təkbətək görüşdən, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə aparılmış danışıqlardan məmnun qaldığını vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bu danışıqlar, habelə imzalanacaq sənədlər İran ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsinə təkan verəcəkdir.

Respublikamızın rəhbəri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu, bundan ötrü müştərək komissiyanın daha fəal işləməsinin zəruriliyini vurğuladı. Prezident Heydər Əliyev bildirdi ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərin həll edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin açılması dost və qonşu ölkələrimizin əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün faydalı olacaqdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər haqqında fikir mübadiləsi aparıldı.

İranın kooperasiya naziri Əli Sufi görüşdən sonra jurnalistlərin suallarına cavab verdi.

Sual: Cənab Sufi, Azərbaycan prezidenti Heydər Əliyevlə görüşdə Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirilməsi barədə müzakirələr apardınızmı?

Cavab: Şimal-Cənub dəhlizi dedikdə, bunun tərkibində bir neçə layihə var. Bunlardan biri Astara-Astara dəmir yolunun çəkilməsidir. Bunun bir hissəsi Azərbaycan tərəfinin üzərinə düşür. Layihənin davamı - Astara-Rəşt-Qəzvin dəmir yolunun çəkilməsidir. Bu isə İran ərazisində çəkiləcəkdir. Bu dəhlizin tərkib hissəsindən biri isə Bakı-Astar avtomobil yolunun çəkilməsidir. Bu layihənin həyata keçirilməsi üçün İran tərəfi onun maliyyələşdirilməsini təmin edəcəkdir. Amma iki dövlət - Azərbaycan və İran bu layihəni müştərək qaydada həyata keçirəcəklər.

Sual: Cənab nazir, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi təxminən 60 milyon dollar təşkil edir. Sizin fikrinizcə, ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək üçün Azərbaycan Respublikası tərəfindən hansı addımlar atılmalıdır?

Heydər Əliyev (müxbirə): Sən sualı bir qədər dolğun etsəydin, deməliydin ki, bunun üçün Azərbaycan tərəfi və İran İslam Respublikası hansı addımları atmalıdır. Sən deyəsən, bunu unutdun, mən sənə kömək etmək istəyirəm.

Əli Sufi: Birincisi, nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək, yük daşımalarının həcmini artırmaq tələb olunur. Bakı-Astara avtomobil yolunun bu sahədə müsbət təsiri olacaqdır. Digər tərəfdən, sərhəd-keçid məntəqələrində iş saatını artırmağı lazım bilirik. Belə ki, əgər Astara gömrükxanası gündə 24 saat işləsə, onda bu, əlaqələrə müsbət təsir göstərə bilərlər. Şahtaxtı körpüsünün tikintisi çoxtonluq avtomobillərlə yük daşınmasını yaxşılaşdırmağa imkan yaradacaqdır. Astarada piyadalar üçün körpünün inşası, Biləsuvarda yolun tikintisi və sair tədbirlərin də əlaqələrin genişlənməsinə müsbət təsiri olacaqdır. Eyni zamanda sərhədyanı bazarların fəaliyyətinin gücləndirilməsi ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verəcək.