Daşkənddə Azərbaycan səfirliyi binasında soydaşlarımızla - Özbəkistandakı Azərbaycan Diasporunun nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 19 iyun 1997-ci il

Bu gün mən səfirliyin binasının açılışı zamanı bir neçə fikirlərimi bildirdim. İndi buraya Özbəkistanda yaşayan azərbaycanlıların az bir qrup nümayəndəsi yığışıbdır. Sizə də demək istəyirəm ki, biz indi müstəqil dövlət olan Azərbaycanda dünyanın hər yerində yaşayan azərbaycanlıları özümüzə doğma hesab edirik və onlara diqqət, qayğı göstərməyi özümüzə borc sayırıq.

İndi Azərbaycanın müstəqil dövlət olmasının əsas müsbət nəticələrindən biri də odur ki, biz bütün azərbaycanlılara bilavasitə, birbaşa öz münasibətimizi göstərə bilirik və onları soydaşlarımız kimi hər yerdə həm qiymətləndirə, həm də onlarla əlaqə yarada bilirik.

Mən Daşkəndə keçmiş zamanlarda da gəlmişəm. Siz, atalarınız, babalarınız burada çoxdan yaşayırsınız. Ancaq o vaxtlar mən Daşkəndə gələndə desəydim ki, azərbaycanlıları yığın, onlarla danışmaq istəyirəm - bu o qədər də yaxşı qəbul olunmazdı, demək olar, mümkün də deyildi. Təkcə Özbəkistanda yox, o vaxtkı başqa müttəfiq respublikalarda da olanda ayrı-ayrı azərbaycanlılar öz təşəbbüsləri ilə görüşürdülər. Amma mən deyə bilmirdim ki, biz müstəqil dövlətik, bunlar da bizim xalqımızın bir parçasıdır. Onda hamımız vahid Sovet İttifaqının, Sovet dövlətinin vətəndaşları idik. Ona görə də harada - Özbəkistanda, Gürcüstanda, Azərbaycanda yaşayırsan, azərbaycanlısan, özbəksən, russan - fərqi yoxdur, hamısı bir idi.

Bu baxımdan müstəqilliyimiz bizə çox şey veribdir. Amma müstəqilliyimizin bizə verdiyi ən böyük nemətlərdən, ən böyük müsbət nəticələrdən aydın olur ki, indi dünyanın hər yerində yaşayan azərbaycanlılara soydaşlarımız kimi həm qayğı göstərmək, həm onlarla əlaqə yaratmaq, həm də onların hüquqlarının qorunması haqqında düşünmək və onlarla tez-tez görüşmək imkanlarımız var. Bunlar tamamilə aydın məsələdir. İndi görürsünüz, burada Azərbaycanın səfirliyi açılıbdır, bu gün onun binasının açılışını qeyd etdik. Özbəkistanın Prezidenti də, başqa yüksək vəzifəli şəxslər də buraya gəliblər. Bu, Azərbaycanın kiçik bir hissəsidir, burada azərbaycanlılarla, sizinlə görüşürlər.

Bu, çox böyük nailiyyətdir. Amma, güman edirəm, nailiyyətlərimizin hələ ilk bəhrələridir. Bundan səmərəli istifadə etməliyik və get-gedə dünya azərbaycanlılarının həmrəyliyini, birliyini təmin etməliyik.

Dünyada azərbaycanlı çoxdur. Elə keçmiş Sovetlər İttifaqının ərazisində çoxlu azərbaycanlı yaşayır. Məsələn, bir həftə bundan öncə mən Qazaxıstanda idim. Mənə dedilər ki, orada 110 min azərbaycanlı yaşayır. Burada dedilər 44 min azərbaycanlı yaşayır. Qırğızıstana getmişdim, dəqiq yadımda deyil, 40 minə qədər azərbaycanlı yaşayır. Rusiyada, Ukraynada çox azərbaycanlı yaşayır, Baltikyanı ölkələrdə də azərbaycanlılar yaşayırlar. Mən keçmiş Sovetlər İttifaqı məkanını deyirəm. Amma məlumdur ki, Avropada, Amerikada da çoxlu azərbaycanlı yaşayır. Bunların bir qismi İrandan köçmüş azərbaycanlılardır. Amma İranın özündə də indi deyirlər ki, 30 milyona qədər azərbaycanlı yaşayır. Doğrudur, onlar İranın vətəndaşlarıdır, necə ki, siz də Özbəkistanın vətəndaşlarısınız, bu tamam təbii bir şeydir və təəccüblü də olsa heç nə yoxdur. İranda yaşayan azərbaycanlılar İranın vətəndaşlarıdır, amma onlar azərbaycanlıdır. Azərbaycan millətinə mənsubdurlar. Onlarda azərbaycanlı qanı, Azərbaycan ənənəsi, ruhu var.

Bunların hamısını bir yerə toplayanda, dünyada azərbaycanlıların sayı çoxdur və mən məmnunam ki, çoxdur. Bizim millətimiz tarixi keçmişində də çoxsaylı olubdur. İndi də bizim azərbaycanlıların bir çox dünya ölkələrinə səpələnməsi mənfi hal deyildir. Mən hesab edirəm ki, millətin hamısı yığışıb bir ölkədə, bir məkanda yaşamamalıdır. Şübhəsiz, hər millətin bir vətəni olur. Mən hesab edirəm ki, bütün azərbaycanlıların Vətəni Azərbaycandır. Xoşbəxtlikdən bizim millətimizin adı da azərbaycanlı, ölkəmizin adı da Azərbaycandır. Ancaq Özbəkistanda yaşayan azərbaycanlı Özbəkistanın, Qazaxıstanda yaşayan - Qazaxıstanın vətəndaşıdır və Qazaxıstanın vətəndaşı vəzifəsini həyata keçirərkən, eyni zamanda azərbaycanlılığı da daim onda yaşadır. Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri heç vaxt unudulmur. Bunlar unudulmaz.

Bilirsiniz, 70 illik Sovet hakimiyyəti vaxtında xalqları çox böyük sınaqlardan, imtahanlardan keçirdilər. Məsələn, indi səfir də dedi ki, sizin bir çoxunuz, ailələriniz Azərbaycandan buraya sürgün olunubdur. Sürgünlük zamanı bu ailələrin başına nə bəlalar gəldiyini siz bizdən yaxşı bilirsiniz, amma biz də bilirik, şəxsən mən də bilirəm nə qədər insanlar tələf olub, nə qədər itkilər verilib, nə qədər qurbanlar gedibdir. Məsələn, mən Qazaxıstanda maraqlanırdım, - gedib orada hansısa vilayətdə, hansısa kənddə yerləşiblər. Bu, Azərbaycandan çox uzaqdır, Qazaxıstanın mərkəz şəhərlərindən də uzaqdır. Amma bir kənddə toplaşıblar və bütün adət-ənənələrini, milli, mədəni, dini ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlayıblar. Baxmayaraq ki, çoxunun Azərbaycanla uzun illər əlaqəsi olmayıbdır. Yəni təbii olaraq hər bir insanın daxilində, vücudunda cəmlənən, həm də ailədə aldığı tərbiyə nəticəsində cəmlənən mənəvi dəyərlər, potensial var ki, onu heç vaxt öldürmək mümkün deyildir. O yaşayır, bütün çətinliklərdə də yaşayacaq. Bəlkə də dözməyə, onların üstündən məharətlə keçməyə kömək edən amillərdən biri odur ki, insanlar milli dəyərlərindən ayrılmırlar.

Buna görə də mən çox əminəm ki, siz burada uzun illər, on illərlə yaşayaraq həm bu cəmiyyətə qatışmısınız, həm bu ölkənin həyatında fəal iştirak edirsiniz, özünüz üçün həyat qurmusunuz, yaşayırsınız, təhsil alırsınız, uşaqlarınızı böyüdür, onlara təhsil verirsiniz, həm də ki, azərbaycanlılığınızı, milliliyinizi və Azərbaycanla əlaqələrinizi qoruyub saxlamısınız. Bu çox təqdirəlayiqdir. Mən məmnunam ki, bu belədir.

Azərbaycanın dövlət başçısı, Prezident kimi mən dünyanın hər yerində yaşayan azərbaycanlını özümə doğma adam, doğma insan hesab edirəm. Hesab edirəm ki, dünyanın hər yerində yaşayan azərbaycanlıya imkan dairəsində qayğı, diqqət göstərməliyəm, kömək etməliyəm. Eyni zamanda azərbaycanlılar da harada yaşasalar da öz ana Vətəninə, doğma Vətəninə qayğı göstərməlidirlər, imkanları dairəsində kömək etməlidirlər, onu unutmamalıdırlar, öz ana Vətəninin, doğma Vətəninin qayğıları ilə yaşamalıdırlar.

Bu baxımdan bir çox ölkələrdə olan Azərbaycan diasporu başqa ölkələrin diasporları ilə müqayisədə o qədər də fəal görünmür. Bilirsiniz ki, son illər, 1988-ci ildən bəri Azərbaycanın ən böyük problemi Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın başına gələn faciələr, bəlalardır, baş vermiş itkilərdir. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bu yerlər viran olunubdur. Nə qədər insanlar şəhid olublar. Torpaqlarımızın bir hissəsinin işğalı bizim ərazi bütövlüyümüzün pozulmasına gətirib çıxardır.

Son illər biz Azərbaycanın başına gəlmiş bu bəlanı bütün dünyaya olduğu kimi tanıtmaq istəyirik. Biz Ermənistana hücum etməmişik, Ermənistan Azərbaycana hücum edib, biz gedib Ermənistanın ərazisini işğal etməmişik, Ermənistan gəlib Azərbaycanın ərazisini işğal edib. Belə olan halda ermənilərin təbliğatı və ayrı-ayrı ölkələrdəki erməni diasporunun o balaca erməni dövləti, Yerevan dövləti ilə bağlılığı o qədər güclü olubdur ki, onların qarşılıqlı fəaliyyəti nəticəsində ölkələrin əksəriyyətində Qərb ölkələrində, Amerikada, Rusiyada belə ümumi fikir yaranıb ki, ermənilərin belə bir günahı yoxdur, guya günah azərbaycanlılardadır. Başa düşürsünüzmü! Necə deyərlər, döyülən də biz, söyülən də biz. Təcavüzə məruz qalan da biz, torpaqları işğal olunan da biz, amma ad çıxıbdır ki, guya günahkar azərbaycanlılardır, ermənilər deyillər.

1992-ci ildə Amerika Konqresi qərar çıxarıb ki, Azərbaycana Amerika tərəfdən hər cür yardım göstərilməsi qadağandır, embarqo qoyulub. Guya ona görə ki, Azərbaycan Ermənistanı blokadaya alıbdır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib, Azərbaycanın özü, demək olar, blokadaya alınıb, Azərbaycanın bir hissəsi olan Naxçıvan tamamilə blokadada yaşayır, ancaq beş il bundan qabaq Amerika Konqresi belə bir qərar çıxarıbdır. Təsəvvür edin, baxmayaraq ki, Amerikada da Azərbaycan haqqında fikri tamamilə dəyişdirə bilməmişik, amma üç ildir ki, Konqresin qərarını ləğv edə bilmirik. Tək o deyil ki, bu, kağız üzərində olan bir qərardır. Amerika keçmiş Sovetlər İttifaqına daxil olmuş dövlətlərin hamısına maddi və maliyyə yardımı edir. Amma Azərbaycana heç bir yardım göstərilmir. Biz bu yardımdan məhrumuq. İndi görün, iş nə yerdədir. Təcavüzə məruz qalan da, günahlandırılan da bizik.

Bunların da səbəblərindən biri, əsası bir tərəfdən Azərbaycan dövlətinin özünün bütün ölkələrdə Azərbaycan həqiqətini, reallığını yaymaq üçün fəaliyyətinin zəif olması, ikinci tərəfdən də Ermənistana nisbətən başqa ölkələrdə - Avropa, Qərb ölkələrində, Amerika Birləşmiş Ştatlarında diasporunun zəif olması, olan diasporu da çox zəif fəaliyyət göstərməsi və bunun müqabilində Ermənistanın diasporunun geniş, çoxsaylı olması və sayından da asılı olmayaraq, fəaliyyətinin çox güclü olmasıdır. Amerikada bir milyon erməni yaşayır. 250 milyon əhali ilə müqayisədə bir milyon o qədər də böyük faiz təşkil etmir. Amma o ermənilər tutduqları cürbəcür vəzifələrə, işlərə görə Amerikanın siyasətinə təsir edirlər. Amerikada cürbəcür təşkilatlar yaradıblar və Ermənistanın mənafeyini müdafiə etməyə çalışırlar.

Bu baxımdan mən istəyirəm ki, Azərbaycanda gedən o böyük proseslər, - bilirsiniz ki, Azərbaycanda çox böyük dəyişikliklər baş veribdir. Gərək müxtəlif ölkələrdə olan soydaşlarımız Azərbaycanla əlaqəsini gücləndirsin, daha da çox qayğı göstərsinlər. Ən böyük qayğı da ondan ibarət ola bilər ki, Azərbaycanın vəziyyəti haqqında, Ermənistan-Azərbaycan münaqişəsi haqqında, Ermənistanın respublikamıza qarşı etdiyi cinayətlər, təcavüz haqqında hər yerdə düzgün təsəvvür yarada bilsin.

Mən dünən də, bu gün də harada ki, danışmağa, çıxış etməyə imkanım olub, bunları demişəm. Ancaq şübhəsiz ki, mən hər bir auditoriyanı əhatə edə bilmərəm. Güman edirəm ki, burada bizim səfirliyimiz yaranandan sonra səfirlik də və siz də onun ətrafında birləşib birinci növbədə bu məsələlərlə məşğul olacaqsınız. Məsələn, hesab edirəm ki, Özbəkistanda ermənilər azərbaycanlılardan sayca azdır. Amma mən görürəm ki, burada ermənilər azərbaycanlılardan güclüdürlər. Elə bu gün Prezident İslam Kərimov ilə də yada salırdıq. Mən keçmiş zamanlarda buraya gəlmişəm, burada Baş nazir vardı - Qabrielyan, bütün işləri o aparırdı, hər şey onun əlində idi. Amma təkcə Qabrielyan deyildi, yüksək vəzifələrdə o qədər erməni vardı. İndi var-yox, onu bilmirəm, amma o vaxt mən bunu gözümlə görmüşəm. Onlar həm Ermənistanı təbliğ ediblər, həm də erməni siyasətini aparıblar. Ermənilərin, təəssüflər olsun ki, ən birinci düşmənçilik etdiyi, - biz onlara düşmənçilik etmədik, onlar bizimlə düşmənçilk etdilər, - millət türklərdir. Yəni Türkiyədir, Azərbaycandır və ümumiyyətlə türklərdir.

Güman edirəm ki, təbliğat sahəsində işi əsas bu istiqamətdə aparmaq lazımdır. Qalan məsələlər - Azərbaycanın həqiqətlərini, başqa həqiqətləri də yaymaq. Özbəkistan cəmiyyətinə çatdırmaq, bildirmək də, hesab edirəm ki, azərbaycanlı kimi sizin borcunuz, vəzifəniz olmalıdır. Biz isə çalışırıq ki, əlaqələri daha da artıraq. Mən bu gün dedim, Mərkəzi Asiya ölkələrində birinci səfirlikdir ki, Özbəkistanda açmışıq. Bu ona görədir ki, biz bu ölkəyə çox böyük fikir veririk və onunla əlaqələrimizə çox böyük əhəmiyyət veririk. Hesab edirəm ki, siz bizim bu siyasətimizə uyğun olaraq, burada Azərbaycanın mənafeyi üçün öz işlərinizi görməlisiniz.

Çox şey demək olar, amma mən hesab edirəm ki, əsas fikirləri söylədim. Sizin hamınıza cansağlığı, səadət arzu edirəm. Azərbaycanla əlaqələrinizi daha da genişləndirməyə çalışın, biz də çalışacağıq ki, sizinlə əlaqələri genişləndirək.

Sağ olun.

\"Azərbaycan\" qəzeti, 20 iyun 1997-ci il