Hörmətli xanımlar və əziz bacılar!
Sizi, bütün Azərbaycan qadınlarını bayram münasibətilə, Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət və həmişə gözəllik arzulayıram.
Biz XX əsrin son illərini yaşayırıq. Tarixə nəzər salarkən böyük məmnuniyyət hissi ilə demək olar ki, Azərbaycan qadını bu əsrdə böyük, şanlı yol keçmiş və uğurlar əldə etmişdir. Çoxəsrlik tariximizdə demək olar ki, qadın heç vaxt XX əsrdəki qədər yüksəlməmiş, heç vaxt bu zirvələrə çatmamışdır.
Azərbaycan qadını azadlıq əldə edəndən sonra sürətlə özü də inkişaf etmiş və cəmiyyətin də inkişaf etməsinin səbəbkarı, böyük iştirakçısı olmuşdur. Ona görə də bu gün müstəqil Azərbaycanda qadınların problemi ondan ibarətdir ki, onlara daha da çox qayğı göstərmək lazımdır, onların qüvvəsindən daha da səmərəli istifadə etmək, onlara daha da çox hörmət etmək, cəmiyyətin minnətdarlığını bildirmək lazımdır.
Təsəvvür edin, əgər ölkəmizdə səhiyyə və təhsil sahəsində işləyənlərin 50-60 faizini qadınlar təşkil edirsə, görün qadınlar savadsızlıqdan, çadra altından çıxandan sonra, cəmiyyətdə hüququ olmadığı bir zamandan bəri tarixi nöqteyi-nəzərdən qısa bir dövrdə nə qədər sıçrayış əldə etmiş, inkişaf etmişlər.
Təbiidir ki, qadınlara yaradılmış şərait, ölkəmizdə qadınlara göstərilən münasibət və qayğı, eyni zamanda qadınların daxili istedadı, onların potensialı, ağlı, zəkası, biliyə, təhsilə, elmə, mədəniyyətə olan hədsiz marağı və öz istedadlarını həyata keçirmək üçün çalışqanlığı - bunlar hamısı birlikdə Azərbaycan qadınını yüksəklərə qaldırmışdır. Biz fəxr edə bilərik ki, qadınlar cəmiyyətimizdə çoxluq təşkil edir. Çünki əhalimizin 51 faizindən çoxu qadınlardır.
Azərbaycan qadını haqqında çox yazılıb, çox deyilib. Bu gün də burada natiqlər hamısı Azərbaycan qadınının qeyrətindən, namusundan, ağlından, istedadından, gözəlliyindən, sədaqətindən xoş sözlər dedilər. Mən bütün bu sözlərin, ifadələrin hamısı ilə tam razıyam. Həmin sözlər mənim də qəlbimdən gələn sözlərdir.
Bizim sevimli şairimiz, çox hörmətli Mirvarid xanım Dilbazi qadın haqqında şer oxudu. Mirvarid xanımın şerləri həmişə bizim cəmiyyətimizin ürəyinə yatandır. Mən onları çox sevirəm. Ancaq hesab edirəm, bu gün qadın haqqında bizə çatdırdığı şer qadınların Azərbaycanda, təkcə Azərbaycanda yox, ümumən bəşəriyyətdə ən yüksək keyfiyyətlərini əks etdirdi. Çox gözəl sözlər dedi. Ancaq mənim ən çox xoşuma gələn söz, əgər unutmadımsa, bundan ibarətdir: təbiət dünyanı dəyişdirərkən cənnəti qadınla əvəz etdi. Həqiqətən belədir! Nə qədər gözəl sözdür, ədalətli ifadədir! Cəmiyyətdə, həyatda, insan cəmiyyətində qadının yerini nə qədər gözəl göstərir! Həqiqətən, biz kişilər cənnət haqqında düşünməməliyik. Cənnət - qadınlar bizim yanımızdadır. Qoy qadınlar cənnət haqqında düşünsünlər və cənnətə çatmaq üçün bu dünyada öz işlərini görsünlər. Bizim cənnətimiz buradadır.
Azərbaycan qadını mərd, cəsarətli, qeyrətli, namuslu qadındır. Biz fəxr edirik ki, Azərbaycan qadını xalqımız üçün qəhrəman ərlər yetişdirir. Biz fəxr edirik ki, Azərbaycan qadını dünyaya böyük alimlər bəxş edir. Azərbaycan qadını dünyaya böyük sənət ustaları, siyasi, dövlət xadimləri bəxş edir. Bunlar hamısı Azərbaycan qadınının xidmətidir.
Biz bu dövrdə, son illər artıq xalqımızın milli mənliyini dərk edirik və müstəqil dövlətimizdə, azad ölkəmizdə müstəqil dövlətimizi, həyatımızı qururuq. Bu dövrdə öz millətimizin bütün xüsusiyyətlərini dərindən dərk edərkən yenə də, yenə də düşünürük - nə qədər xoşbəxtik ki, bizim xalqımız zəkalı, qüdrətli, mərd, qəhrəman xalqdır! Nə qədər xoşbəxtik ki, bizim xalqımızı yetişdirən, böyüdən, xalqımızı artıran gözəl və mərd qadınlarımız vardır!
Qadınlara bundan sonra da qayğı göstərmək bizim vəzifəmiz, borcumuzdur. Azərbaycanın Konstitusiyası qadınların hüquqları haqqında bütün bəşər mədəniyyətinin əldə etdiyi nailiyyətləri özündə əks etdiribdir. Bu gün biz fəxr edirik ki, Azərbaycan qadını, ölkəmizdə qadınların cəimyyətdə yeri və mövqeyi bir çox başqa ölkələrdəkindən çox-çox üstündür.
Biz indi yeni həyat quraraq çalışırıq ki, öz iqtisadiyyatımızı, insanların sosial həyatını, rifahını iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin səviyyəsinə çatdıraq. Güman edirəm ki, biz buna nail olacağıq. Çünki müstəqil Azərbaycan öz dövlət müstəqilliyinin yeddinci ilini başa vurduğu zaman biz artıq əvvəlki illərdə mövcud olan sosial-iqtisadi böhrandan çıxmışıq. Azərbaycanın iqtisadiyyatı, sosial həyatı inkişaf mərhələsindədir. Qarşıdakı illərdə Azərbaycanın iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, xalqın rifahı daha da yaxşılaşacaqdır. Demək, qadınların da həyatı, güzəranı yaxşılaşacaqdır. Ancaq bir daha deyirəm, biz istəyirik ki, ölkəmizdə iqtisadiyyat dünyada iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin səviyyəsinə çatsın. Lakin qadınların səviyyəsi, bu günü barəsində biz buna ehtiyac duymuruq. Çünki Azərbaycan qadınının səviyyəsi - bilik, elm səviyyəsi, onun azadlığı inkişaf etmiş ölkələrin qadınlarının heç birindən aşağı deyildir. Bu, həqiqətdir. Bu, bizim reallığımızdır. Biz bu reallıqla da XX əsri başa vururuq.
Burada bu sözü də işlətdilər ki, fransız yazıçısı Lui Araqon deyibdir ki, qadın həyatın, bəşəriyyətin gələcəyidir. Həqiqət belədir. Qadınsız nə bu gün var, qadınsız nə həyat var, qadınsız gələcək də ola bilməz. Qadınlar bizim gələcəyimizdir.
Mən arzu edirəm ki, Azərbaycan qadınları indiyə qədər əldə etdikləri nailiyyətləri daha da yüksəltsinlər. Biz dövlət, hökumət olaraq bunun üçün imkanlar yaradırıq və yaradacağıq. Keçən ilin sentyabr ayında qadınlar qurultayında bu barədə çox ətraflı söhbət getdi. Siz bir çox məsələlər qaldırdınız. Onların həll edilməsi barədə göstərişlər verilibdir və prezident fərmanı da veriləcəkdir. Onun hazırlanması bəlkə də bir az gecikib, ancaq bu günlərdə biz onu bəyan edəcəyik.
İndi bizim iqtisadiyyatımızın imkanları o qədər də böyük deyil. Ancaq bütün imkanlardan istifadə edərək qadınların problemlərinin həll olunmasına çalışırıq və bundan sonra da çalışacağıq. Qadın Azərbaycanda cəmiyyətin ən şöhrətli, ən hörmətli üzvüdür. Mən bu sözlərlə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə öz hədsiz məhəbbətimi bildirirəm.
Mən şair deyiləm ki, sizi şerlə sevindirim. Şairlərimiz bu barədə burada çox dəyərli sözlər dedilər. Ancaq bilin, mənim qəlbim də şair qəlbidir. Ona görə şair qəlbidir ki, mən qadınları sevirəm.
Qadınları sevməyən heç vaxt şair ola bilməz. Ancaq qadınları sevən hər kəs də şair deyil. Amma onun qəlbi o biri şairlərdən də qadınlara bəlkə də yaxındır.
Azərbaycan qadınlarının bir keyfiyyətini də mən qeyd etmək istəyirəm. O da bizim qadınlarımızın gözəlliyidir. Bilirsiniz, biz əvvəllər, məsələn, dünyada, hansı ölkədə qadın nə qədər gözəldir - onu o qədər də bilmirdik. Mənim yadımdadır, gənc olarkən biz bir-birimizlə söhbət aparırdıq - gənc vaxtlarında insanlar bu barədə söhbətləri daha çox aparırlar - hansı millətin qadını daha gözəldir? İndi mən demirəm ki, o vaxtlar biz hansı millətin qadınlarını gözəl hesab edirdik. Amma mən sizə deyim, hamı belə fikirləşirdi ki, - hər halda ətrafımda olanlar, hansılarla ki, mən təmasda idim - başqa qadınlar bizim qadınlardan gözəldir. Ancaq indi dünya bizim üzümüzə açıldı, hər yerə getdik, bütün ölkələri gördük. Hamımız dünyanın hər yerini görmüşük - kimi az, kimi çox. Mən özümü deyə bilərəm, başqalarının fikrini bilmirəm. Mən dünyanın çox yerini gəzmişəm, qadınlarını görmüşəm. Fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir.
Bunu sizə xoş gəlməsi üçün demirəm. Bu, mənim həqiqi fikrimdir və mən bütün dünya qadınlarını görəndən sonra bu fikrə gəlmişəm. Ona görə də mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları qiymətləndirin, qadınları sevin, heç yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz.
Mən sizi ürəkdən təbrik edirəm. Sizə sevgimi, məhəbbətimi bildirirəm. Sizə cansağlığı arzulayıram. Gələcək həyatınızda sizə uğurlar arzu edirəm. Sağ olun.
\"Azərbaycan\" qəzeti, 7 mart 1999-cu il.