Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amеrikа Birləşmiş Ştаtlаrının vitse-prezidenti Riçard Çeyni ilə görüşü – Vаşinqtоn, 26 fеvrаl 2003-cü il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində fevralın 26-da ABŞ-ın vitse-prezidenti Riçard Çeyni ilə görüşmüşdür.

Cənab Çeyni öz iqamətgahında Azərbaycan prezidentini böyük hörmət və ehtiramla, yüksək qonaqpərvərliklə qarşıladı.

Prezident Heydər Əliyevin ABŞ-a səfərini yüksək qiymətləndirən Riçard Çeyni dövlətimizin başçısı ilə görüşündən məmnun olduğunu söylədi.

Azərbaycan prezidenti Heydər Əliyev ABŞ-a səfərinə böyük əhəmiyyət verdiyinə, xoş sözlərə görə minnətdarlığını bildirdi.

Azərbaycana, ölkəmizdə baş verən proseslərə, aparılan islahatlara böyük maraq göstərən cənab Riçard Çeyni beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin iştirakına yüksək qiymət verdiyini bildirdi və bütün bunlara görə Azərbaycan prezidentinə təşəkkür etdi.

Prezident Heydər Əliyev Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli sahəsində görülən işlərdən, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsinin gedişindən ətraflı söhbət açdı.

Xalqımız üçün ən çətin və ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident Heydər Əliyev xəritə üzərində məlumat verərək bildirdi ki, Azərbaycan torpaqlarının 20 faizi uzun müddətdən bəri Ermənistanın işğalı altındadır və bir milyondan çox həmyerlimiz öz yurd-yuvalarından didərgin salınaraq, əksəriyyəti ağır, dözülməz şəraitdə qaçqın və köçkün həyatı yaşayır.

Söhbət zamanı münaqişənin tezliklə sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan nizamlama prosesinin sürətləndirilməsinin, həmsədr ölkələrin səylərinin daha da artırılmasının zəruriliyi bir daha vurğulandı.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər, regionda və dünyada baş verən proseslər barədə də söhbət aparıldı.