Hacı Allahşükür Paşazadə: Cənab prezident, Sizi səmimi qəlbdən salamlayıram. Səhhətinizin yaxşı olmasından məmnun qaldığımı bildirir, Sizə Allah-təaladan cansağlığı arzulayıram.
Heydər Əliyev: Çox sağ ol, sağlamlığım yaxşıdır, burada da işləyirəm, Bakıya rəhbərlik edirəm. Qripdən sonra bir az ağırlaşma olmuşdu, ona görə məni ətraflı müayinə edirlər. Bu da çox lazımdır, çünki Moskvadan gələndən sonra doqquz ildir həkimsiz yaşayıram. Allaha şükürlər olsun, müayinələr də göstərir ki, hər şey yaxşıdır.
Hacı Allahşükür Paşazadə: Azərbaycanda milliyətindən asılı olmayaraq bütün insanlar prezident Heydər Əliyevin tezliklə tam sağalıb Vətənə qayıtmasını arzulayırlar. Ramazan bayramı günlərində camaat Sizə dua edirdi, məscidlərdə qurban kəsirdi. Hamı, o cümlədən 20 Yanvar şəhidlərinin ailə üzvləri Sizə salam-dua göndərmişlər. Allah-taala Sizi istəyir və xalqımızın, millətimizin Sizə böyük ehtiyacı var. Biz inanırıq, inşallah, sağlam olacaqsınız və ölkəmizə yenə rəhbərlik edəcəksiniz. Mingəçevirdəki Heydər məscidində çox böyük ehsan verildi, qurbanlar kəsildi. Mən həqiqəti deyirəm, xalq Sizi istəyir. Xalq istəyəni isə Allah da istəyir.
Sizin səhhətiniz barədə həkimlərin sonuncu rəyini eşidəndə çox sevindim. Xüsusilə Türkiyə prezidenti cənab Süleyman Dəmirəlin Azərbaycan rəhbərinə münasibətindən olduqca şadıq. Qardaş dövlətlərin və onların rəhbərlərinin bir-birinə belə münasibəti xalqımıza çox xoşdur.
Heydər Əliyev: Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl hər gün Gülhanə Tibb Akademiyasına gəlib məni yoluxur, burada bir saat söhbət edirik.
Hacı Allahşükür Paşazadə: Sizə məlumat verim ki, Səudiyyə Ərəbistanının kralı məmləkətin yaranmasının 100 illiyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün mənə dəvətnamə göndərib və oraya gedəcəm.
Onu da bildirim ki, Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi dövlətimizin rəhbərinin xəstələnməsini eşidərək mənə zəng etmiş, xoş arzularını prezidentə yetirməyi rica etmişlər. Patriarx Azərbaycandakı pravoslav kilsələrinin başçısına yepiskop rütbəsi vermişdir və indən belə o, Bakı və Xəzəryanı regionun yepiskopu vəzifəsini daşıyır.
Heydər Əliyev: Bu xəbəri yüksək qiymətləndirirəm, habelə Azərbaycandakı müxtəlif dinlərin rəhbərlərinin Ankaraya, mənə göndərdikləri məktubu almışam və təşəkkürümü bildirirəm.
Hacı Allahşükür Paşazadə: Cənab prezident, Sizin xəstələnməyiniz başqa ölkələrin din xadimlərini də narahat etmişdir. Dağıstanın, Çeçenistanın və digər müsəlman respublikalarının nümayəndələri dövlətimizin başçısına salam göndərir, onun tezliklə tam sağalmasını arzu edirlər.
Heydər Əliyev: Narahat olmağa əsas yoxdur. Ola bilər, Ankaraya heç gəlməyəydim. Bir həftə idi ki, mən qripi ayaq üstə keçirirdim. Cümə günü saat doqquzda - onun yarısında işdən qaydanda gördüm ki, üşüyürəm. Həftənin ikinci günü də belə olmuşdu. Amma mən bunları heç vaxt nəzərə almıram. Altıncı gün temperaturum daha çox qalxdı, ona görə işə çıxmadım. Yəqin ki, mənim özümün günahıdır, - vaxtında müalicə etsəydim, dərman atsaydım, bir-iki gün evdə qalsaydım, bunlar olmazdı. Amma məndə öskürmə əmələ gəldi, bu da bir iki saatdan sonra keçdi. Məndə gərginlik əmələ gələndə Süleyman Dəmirəl ilə əlaqə saxlamışdılar. O, telefonla zəng etdi və gecə iki təyyarə ilə həkimlər göndərdi. Mən artıq özümü yaxşı hiss edirdim, buraya gəlmək istəmirdim. Ancaq Süleyman Dəmirəl bir iki dəfə mənə telefon etdi, dedi ki, mütləq gəl. Həm görüşək, söhbət eləyək, bəzi məsələlər var, həm də müayinə olun. Ona görə də altıncı gün Təhlükəsizlik Şurasının üzvlərini yığdım, tapşırıqlarımı verdim, sonra da buraya gəldim. Ancaq bir gün ərzində xəstəliyim haqqında məlumat, sonra isə cürbəcür fikirlər, mülahizələr yayıldı.
Hacı Allahşükür Paşazadə: Azərbaycan prezidentinin xəstələnməsi ilə əlaqədar Küveytdə də narahat olublar.
Heydər Əliyev: Bəli,bütün dünya qəzetlər yazırlar, - Türkiyəyə gəlir, - səhhətim haqqında hər gün xəbər verirlər. Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl hər gün buraya gəlir, sonra mətbuat nümayəndələrinə məlumat verir. Fikrimcə, mənim Ankaraya gəlməyim faydalı olmuşdur.
Hacı Allahşükür Paşazadə: Cənab prezident, Siz həqiqətən çox işləyirsiniz. Mən də müəyyən ölkələri gəzirəm, görürəm. Dövlət rəhbərləri saat yeddidə çıxıb gedirlər. Amma mən indiyə qədər görməmişəm ki, Siz işdən tez gedəsiniz, bazar günləri də işləyirsiniz.
Heydər Əliyev: Mən 1993-cü ildə Bakıya gələndən bəri, - ondan əvvəl Naxçıvanda da, - elə vaxt olmayıb ki, bazar günü işləməyim. Həftənin bütün günlərini işləyirəm. Prezident Süleyman Dəmirəl məni hər il buraya istirahətə dəvət edir .Burada istirahət etməli çox yaxşı yerlər var. Bir çox ölkələrin, məsələn, Orta Asiya respublikalarının, Qazaxıstanın prezidentləri gəlir, on - on beş gün istirahət edirlər, eyni zamanda görüşürlər, danışırlar. Amma mən hər dəfə deyirdim ki, vaxt tapa bilmirəm.
Hacı Allahşükür Paşazadə: Siz gərək özünüzə baxasınız, çünki Sizin sağlamlığınız xalqımızın sağlamlığıdır. Ona görə də Sizin sağlam olmağınız bizim üçün çox əhəmiyyətlidir.
Heydər Əliyev: Mənə xəbərlər çatır, camaat çox narahat olubdur. Amma mən burada həm Azərbaycan televiziyasına, həm ANS-ə, həm də \"Nərgiz-TV\" yə, Rusiyanın NTV televiziyasına müsahibələr verdim. Bunları da gəldiyim ilk günlərdə etdim. İndi hamı görür ki, yaxşıyam. Bilirəm ki, insanlar çox həyəcanlıdır, mənə dua edirlər. Siz də deyirsiniz, mənə də hər gün məlumat verirlər,- insanlar arzulayırlar ki, tezliklə gəlim. Hesab edirəm ki, bu, mənim xalqla olan münasibətimin nəticəsi və xalqın mənə etimadı və məhəbbətidir. Mən həmişə yalnız bunun əsasında işləmişəm.
Mənə göstərilən qayğı və diqqətə görə bütün məscidlərə, kilsələrə salamımı və minnətdarlığımı çatdırın. Buraya hər gün çox adam gəlmək istəyir, ancaq həkimlər də qoymur, mənim özümün də imkanım yoxdur. Siz Azərbaycandan gələn yeganə adamsınız. Çoxları da telefon edib danışırlar. Bir azdan sonra mənim yanıma general İsmayıl Haqqı Qaradayı gələcəkdir. Beş-altı ay öncə o, Türkiyə Silahlı Qüvvələri Baş Qərərgahının rəisi idi.
Hacı Allahşükür Paşazadə: Türkiyədə sizi istəyənlər çoxdur. Azərbaycanda isə şeyx kimi mən gəlmişəm ki, xalqımızın məhəbbətini, salam duasını çatdırım. Səudiyyə Ərəbistanındakı yubiley şənliklərində dövlət başçıları da olacaq, mən də çıxış edəcəyəm və Sizin salamlarınızı yetirəcəyəm.
Heydər Əliyev: Səudiyyə Ərəbistanının kralına, digər dövlət rəhbərlərinə mənim salamlarımı çatdırın.
Hacı Allahşükür Paşazadə: Sizə bir daha uzun ömür, cansağlığı diləyirəm, tezliklə tam sağalıb vətənə qayıtmağınızı arzulayıram.