20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrespublika mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 19 yanvar 2000-ci il

Əziz həmvətənlər!

Hörmətli xanımlar və cənablar!

Bu günlər Azərbaycan xalqının matəm günləridir. Biz qanlı Yanvar faciəsinin 10-cu ildönümünü qeyd edirik. Həmin o müdhiş gecə vətən yolunda, azadlıq yolunda, istiqlaliyyət yolunda həlak olanların xatirəsinin, ruhunun qarşısında mən bu gün bir daha baş əyirəm.

20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi. Ona görə də bu gün biz həmişə qəm, kədər içində oluruq. Amma eyni zamanda böyük qürur hissi keçiririk ki, xalqımız qəhrəman xalqdır, əyilməz xalqdır, sınmaz xalqdır.

Azərbaycan xalqının tarixində, xüsusən XX əsrdə faciəli hadisələr az olmamışdır: 1918-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən qırğınlar, soyqırımı. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra xalqa, millətə qarşı aparılan repressiyalar, terrorlar, 1937-1938-ci illərdə xalqımıza qarşı kütləvi repressiyalar, 1988-ci ildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və vətənimizin oğullarının şəhid olması.

Ancaq bütün bunların içərisində Azərbaycan xalqına vurulan ən böyük zərbə, edilən hərbi təcavüz, terror məhz 1990-cı ilin yanvar ayının 20-də olmuşdur. Mən sadaladığım, bəlkə də indi xatırlamadığım bütün keçmiş faciəli hadisələr ayrı-ayrı şəxslərə, ayrı-ayrı qruplara qarşı yönəldilmişdir. Yaxud da ki, məsələn, 1918-ci ildə ermənilər tərəfindən törədilən qırğın, erməni-azərbaycanlı münasibətləri ermənilərin azərbaycanlıların torpaqlarını ələ keçirmək, azərbaycanlıları əzmək məqsədi daşımışdır. Ancaq yanvar hadisələrini, Yanvar faciəsini bütün bu faciələrdən, bu dərdlərdən fərqləndirən odur ki, o gecə illər boyu hakimiyyəti altında olduğumuz SSRİ dövləti, Sovet hakimiyyəti və Azərbaycan kommunist hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı kütləvi təcavüz edilmişdir. Yəni dövlətin, hökumətin, hakimiyyətin öz xalqına qarşı yönəldilmiş təcavüzü, təbiidir ki, ən dəhşətlidir, ən faciəlidir və siyasi nöqteyi-nəzərdən bütün başqalarından fərqlidir.

Tarixə nəzər salarkən onu demək olar ki, Sovet hakimiyyəti qurulandan SSRİ-də yanvar hadisələrinə qədər Sovet hakimiyyəti tərəfindən öz xalqına, öz vətəndaşlarına qarşı edilən belə hərbi təcavüz heç vaxt heç yerdə olmamışdır. Heç bir respublikaya qarşı olmamışdır. Heç bir millətə qarşı olmamışdır. Bu, bizə qarşı olmuşdur, Azərbaycan xalqına qarşı olmuşdur. Amma bu, təkcə SSRİ rəhbərliyinin yox, o vaxt birlik təşkil edən və öz xalqını əzməyə, sındırmağa çalışan Sovet dövlətinin, Azərbaycan hakimiyyətinin birlikdə öz xalqına qarşı etdiyi təcavüz, terrordur.

İkinci Dünya müharibəsindən sonra SSRİ hökuməti bir neçə ölkələrə təcavüz etmişdir. 1956-cı ildə Sovet qoşunlarını Macarıstana yeritdilər. Çünki Macarıstan xalqı Sovet ideologiyası ilə razılaşmırdı, öz yolu ilə getmək istəyirdi və onları bu yoldan çəkindirmək üçün, onları əzmək üçün Sovet qoşunları Macarıstana yeridildi və böyük qanlar töküldü. Xalq şəhidlər verdi. Sovet ideologiyası orada öz hakimiyyətini möhkəmləndirdi.

1968-ci ildə Çexoslovakiyada gedən proseslər Çexoslovakiyanı sosialist ölkələri sırasından çıxmaq təhlükəsinə gətirdi. O vaxt da SSRİ hökuməti qoşunlarını Çexoslovakiyaya yeritdi və orada olan o hərəkatın qarşısını aldı, öz hakimiyyətini orada möhkəmləndirdi.

1979-cu ildə Əfqanıstanda Sovet ideologiyası əsasında hökumət qurmaq istəyən qüvvələrə yardım etmək məqsədi ilə SSRİ-nin böyük qoşun hissələri Əfqanıstana yeridildi, qanlar töküldü.

Mən bunları niyə xatırlayıram? Ona görə ki, bütün bu hallarda Sovet hakimiyyəti, SSRİ dövləti ayrı-ayrı ölkələrdə öz hakimiyyətini qurmaq, möhkəmləndirmək məqsədi ilə belə təcavüzlər etmişdir.

Amma Azərbaycan xalqı isə artıq 70 il idi ki, bu dövlətin tərkibində yaşayırdı, bu ölkənin vətəndaşları idi, bu hakimiyyətin rəhbərliyi altında idi. Demək, xalqımız bu hakimiyyət üçün, kommunist hakimiyyəti üçün öz vətəndaşları kimi doğma olmalı idi. Ancaq bu, olmadı və bu da ümumiyyətlə, müəyyən qədər Azərbaycan xalqına olan münasibətin nəticəsində idi. Bunun səbəbi, təbii ki, 1987-1988-ci illərdə başlanmış Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı idi.

1987-ci ilin sonunda - 1988-ci ilin əvvəlində Ermənistan hakimiyyəti, orada olan millətçi qüvvələr Dağlıq Qarabağı Ermənistana bağlamaq cəhdinə başladılar. Keçən dövrlərdə də belə cəhdlər olmuşdur. Yəni 1923-cü ildən başlayaraq, Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaranandan sonra müxtəlif vaxtlarda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri göstərilmişdi. Ancaq bunların qarşısı alınmışdı. Həm Azərbaycan rəhbərliyinin öz respublikasını qorumağa qadir olduğuna görə, həm də Sovet, SSRİ dövlətinin öz dövlət quruluşunun dəyişilməsini təhlükəli hesab etdiyinə görə. Ancaq 1987-ci ildə, bəlkə ondan da əvvəl artıq Ermənistanda Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək əhval-ruhiyyəsi, sonra isə hərəkatı başlandı və burada həmin bu ikili standart, yəni SSRİ hökumətinin, Kommunist Partiyası rəhbərliyinin Azərbaycana və Ermənistana fərqli münasibəti özünü büruzə verdi.

Təbiidir ki, o vaxt, SSRİ dövlətinin hələ çox güclü olduğu bir zamanda əgər SSRİ başçıları istəsəydi, bunun qarşısını ala bilərdi və Azərbaycanın rəhbərləri də əgər öz xalqına, vətəninə, torpağına sədaqətli olsaydılar, onlar da bunun qarşısını alardılar. Ancaq Moskvadakılar bunun qarşısını almaq istəmədilər, əksinə, buna şərait yaratdılar. Azərbaycanın rəhbərləri isə sadəcə, fəaliyyətsizlik göstərdilər və beləliklə, 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ hadisəsi mövcud oldu. Ondan sonra Azərbaycanda rəhbərlik dəyişildi - guya Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün burada rəhbərliyi möhkəmləndirmək məqsədi ilə. Ancaq ondan sonra gələn rəhbərlik nəinki fərsizlik, yaxud fərasətsizlik göstərdi, hətta xəyanət yoluna düşdü. Bu xəyanət - Azərbaycanın rəhbərləri tərəfindən öz xalqına edilən xəyanət və SSRİ başçılarının Azərbaycana göstərdikləri ögey münasibət, bəlkə də, deyərdim, mənfi münasibət Dağlıq Qarabağ hadisəsini müharibəyə çevirdi və Azərbaycan böyük zərbələr aldı. Təbiidir ki, 20 Yanvar həmin bu siyasətin, bu zəncirin böyük bir halqası idi.

Həqiqətən, o dövrdə xalqımız öz torpaqlarını, öz suverenliyini qorumaq üçün ayağa qalxdı. Xalqın ayağa qalxmasının əsas səbəbi həm SSRİ hökuməti başçılarının Azərbaycana qarşı ədalətsiz mövqeyi idi, həm də Azərbaycanın başçılarının öz torpaqlarını, millətini, xalqını qorumaq üçün tədbirlər görməməsi idi. Bunlar hamısı Azərbaycanda xalqı ayağa qaldırdı və xalq öz gücünü göstərdi. Xalq meydanlara çıxdı. Xalq küçələrə çıxdı.

Bütün xalqı cəzalandırmaq üçün, xalqı sındırmaq üçün və beləliklə, həmin o Dağlıq Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etmək üçün Azərbaycana bir zərbə vurmaq lazım idi və bu zərbə də vuruldu. Azərbaycana hərbi təcavüz edildi. Azərbaycana fiziki zərbə vuruldu. Azərbaycana siyasi zərbə vuruldu. Azərbaycana mənəvi zərbə vuruldu. Bunun günahkarları həm SSRİ rəhbərləri idi, həm də Azərbaycanın rəhbərləri. Bu barədə bu gün burada elan olunan sənədlərdə hər şey çox açıq-aydın nümayiş etdirildi.

Mərasimdə çıxış edən hörmətli ziyalılarımız, şəhid anası, şəhid qızı, 20 Yanvarda - o gecə xəsarət almış insanlar burada çox səmimi danışdılar. Düzü, mən sizə onu da deyim ki, bu gecə başlanandan indiyə qədər mən, - güman edirəm, siz də - böyük həyəcan hissləri keçirirəm. Çünki bu tarixi xronikanın bir daha göz önündən keçirilməsi, yada salınması, o dəhşətli hadisələrin bir daha göstərilməsi və burada çıxış edənlərin fikirləri, sözləri çox təsirlidir. Mən ona görə çox həyəcanlıyam və çox həyəcanla danışıram. Ümumiyyətlə, bu gecənin ilk dəfə məhz bu şəkildə keçirilməsi, hesab edirəm ki, bizim tariximizə, millətimizə, xalqımıza olan hədsiz məhəbbətimizin nümayişidir. Mən bu gecəni hazırlayanlara və burada çıxış edənlərin hamısına təşəkkür edirəm.

Bunun çox böyük siyasi, əxlaqi, mənəvi əhəmiyyəti var.

Çünki, birinci, biz gərək tariximizi heç vaxt unutmayaq və tariximizi təhrif etməyək. Tarix tarixdir və o, olduğu kimi yazılmalıdır, nəsildən-nəslə verilməlidir.

Faciəli Yanvar gecəsindən on il keçibdir. On ildə Azərbaycanda yeni övladlar meydana gəlibdir. Bu gün 10 yaşında olan uşaqlar 1990-cı ildə doğulanlardır. Mənə dedilər ki, o yanvar gecəsində 135-136 Azərbaycan vətəndaşı şəhid olub, həlak olub və bir çoxları yaralanıbdır. Amma o gecə Azərbaycanda 500-dən artıq uşaq doğulubdur. Demək, xalq yaşayır, millət yaşayır, artır, inkişaf edir və heç bir təcavüz, heç bir terror, heç bir xəyanət bizim xalqımızın inkişafının qarşısını ala bilməz.

Ancaq biz o günlərin canlı şahidiyik. 10 yaşlı uşaqlar isə bunu yalnız bizlərdən eşidirlər. Hətta 20 yaşlı gənclər də o vaxt 10 yaşında olarkən bəlkə hər şeyi olduğu kimi dərk edə bilməmişdilər və bilə də bilməzdilər. Ona görə də zaman keçdikcə biz tariximizin həm şanlı səhifələrini, uğurlu səhifələrini, həm də faciəli səhifələrini yad etməliyik, nəsillərdən-nəsillərə verməliyik. Bunların içərisində 20 Yanvar faciəsi, eyni zamanda o günlər göstərilən qəhrəmanlıq, şücaət və xalqın birliyi hamıya örnək olmalıdır - bu gün yaşayanlara da, gələcək nəsillərə də. Hamı bu hadisədən ibrət dərsi götürməlidir.

Burada sənədlər də göstərildi, çıxışlar deyildi və kino kadrlarından biz gördük ki, ayın 19-dan 20-nə keçən gecə və 20-21 yanvar günlərində Azərbaycan nə qədər ağır vəziyyətdə idi. Azərbaycan, Bakı kimi bir şəhərə həddindən çox qoşun hissələri, zirehli texnika, tanklar yeridiləndə, təbiidir ki, insan rahat ola bilməz və Bakı, - tək Bakı yox, bütün Azərbaycan - o vaxt təlaş içində idi. Amma o günlərin bu axşam burada aparılan təhlili nəyi göstərdi? Onu göstərdi ki, xalq şəhid verdi, amma xalq sınmadı, xalq əyilmədi. Ancaq xalqa rəhbərlik edənlər axıra qədər öz xəyanətlərini etdilər.

İndi kiminsə yaxın adamı vəfat edir. Qohumu, əqrəbası, dostu, iş yoldaşı mütləq onun dəfninə gedir, onun yasına gedir, o ailənin dərdinə şərik olur. Amma burada Azərbaycan xalqına qarşı təcavüz edilibdir, xalqımız şəhidlər veribdir. Millət, xalq birləşib bu faciəni törədənlərə nifrət edir, şəhidləri son mənzilə aparırlar. Ancaq Azərbaycanın rəhbərləri bundan kənardadırlar, qaçıb gizləniblər. Elə bu faktın özü çox aydın və aşkar göstərir ki, kim kimdir.

Ali Sovetin sessiyasını bir qrup deputatlar, özü də böyük maneçiliklərin öhdəsindən gələrək toplayıblar və Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə - hansı ki, ömründə bir iclas aparmayıbdır, çünki həmişə şerlər yazıbdır və Azərbaycanın şer sənətini inkişaf etdiribdir, yəni bu işdə təcrübəsi yoxdur. Ancaq onun mərd ürəyi var, onun xalqa məhəbbəti var, - o, heç bir şeydən çəkinmədi, heç bir şeydən qorxmadı. Bir də ona görə ki, o, heç kəsin qarşısında gözükölgəli deyildi, heç vaxt heç kəsə xəyanət etməmişdi.

Mərhum İsmayıl Şıxlı, başqa ziyalılar da həmçinin burada kadrlar göstərildi. Təəssüf ki, onların hamısı qalmayıbdır. Amma o gördüyümüz kadrlar kimin kim olduğunu tamam göstərdi. Bəs nə cür olur ki, şair Bəxtiyar Vahabzadə, yazıçı İsmayıl Şıxlı və başqa ziyalılar, yaxud da ki, Ali Sovetin bir qrup deputatları o salona toplaşıb məsələni müzakirə edə bilirlər, amma Azərbaycanın rəhbərləri qaçıb gizləniblər? Bununla da onlar xalqa rəhbərlik etmək hüququnu artıq tam itirmişdilər.

Həmin o sessiyada qəbul olunmuş qərar və müraciətlər - onlar burada səsləndi - tarixi xarakter daşıyır. Biz buna yüksək qiymət verməliyik. Mən şəxsən o sənədlərə belə qiymət verirəm. Ancaq bir neçə gündən sonra o qaçıb gizlənənlər gəlib Azərbaycanın hakimiyyətini aparmağa başlayanda bütün bu sənədlər nəinki unuduldu, kənara qoyuldu, hər şeyin üstü basdırıldı. Bu barədə də bu gün burada konkret faktlar gətirildi, təkrar etməyə ehtiyac yoxdur.

Demək, əgər 20 Yanvara qədər həm SSRİ hökuməti, həm Azərbaycan hakimiyyəti birlikdə Azərbaycan xalqına təcavüz etmişdilərsə, ondan sonra hər iki tərəf buna bəraət qazandırmağa çalışdı. Moskvada elə bir əhval-ruhiyyə yarandı ki, guya heç bir şey olmayıbdır. Azərbaycanda da biri qaçdı getdi, o birisi onun yerinə oturdu və beləliklə xalq da unuduldu, faciə də unuduldu, hər şey unuduldu və ardıcıl olaraq bu məsələnin unudulmasına cəhd edildi. Xəyanətkarlar, rəhbərlik etmək hüququnu itirmiş adamlar yenə də öz şəxsi mənafelərini xalqın, millətin mənafelərindən qat-qat üstün tutdular. Bunlar hamısı tarixin həqiqətləridir.

Ancaq bu gün biz fəxr edə bilərik ki, xalqımız, yenə də deyirəm, mərdlik və şücaət göstərdi.

O kinokadrlarda şəhidlərin dəfn mərasiminə baxanda insan həyəcansız ola bilməz. Mənə belə gəlir ki, - hər halda tarix hamımıza məlumdur, - Azərbaycanda bu qədər izdihamlı və bu qədər təsirli dəfn mərasimi heç vaxt olmamışdı. Həmin o vaxt Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti də yüksək qiymətə layiqdir - həm onun Qorbaçova göndərdiyi müraciət, həm bu məsələyə münasibəti, yəni bu cinayəti edənlərin hamısına nifrəti, həm də ki, dəfn mərasimini əlinə alıb həyata keçirməsi. Necə deyərlər, Azərbaycanın bütün hakimiyyətinə rəhbərlik edən adamlar kənarda qaldılar. İndi görün, bundan da böyük mənəvi günah, bəlkə də mənəvi xəyanət ola bilməz.

Amma xalq heç bir şeydən qorxmadı. Xalq qorxmadı ki, yenə də o tanklar gəlib onları qıra bilər. Azadlıq meydanında, bütün küçələrdə, ta Dağüstü parka qədər böyük izdiham var idi.

Mən o vaxt Azərbaycanda deyildim. Mən öz münasibətimi dərhal bildirdim. Bilməlisiniz ki, mən o vaxtlar xəstə idim. Xəstə olaraq bir müddət xəstəxanada, bir müddət isə reabilitasiya üçün Moskvadan kənar bir sanatoriyada idim. Buna baxmayaraq, mən öz övladlarımla gəlib münasibətimi bildirdim. Mən başqa heç bir şey edə bilməzdim və mən bu gün təşəkkür edirəm o Azərbaycan vətəndaşlarına, o şəxslərə ki, o şəhidlərin qəbirlərinin yerini çox düzgün seçiblər və onları Dağüstü parkda basdırıblar. Çünki burada da müəyyən qədər keçmiş xəyanətə qarşı öz münasibətlərini bildiriblər.

1918-ci ildə ermənilərin törətdiyi qırğınlar nəticəsində orada qəbiristanlıq salınmış, insanlar basdırılmışdılar. 1930-cu illərdə ora dağıdılmış, Dağüstü park düzəldilmiş və orada Kirovun heykəli qoyulmuşdu. Tarixin həqiqəti bundan ibarətdir ki, həmin vaxt o qəbirlərə qarşı edilmiş xəyanət indi üzə çıxdı və orada şəhidlər yenidən dəfn olundu.

Mən öz borcumu yerinə yetirərək, bu hadisə baş verəndən - 1990-cı ilin 21 yanvarından indiyə qədər bu hadisənin tam açılıb aşkar olması üçün çalışmışam və çalışıram, çalışacağam da. Günahkarların məsuliyyətə cəlb olunması üçün çalışacağam və heç kəs xalqın qarşısında etdiyi cinayətdən qaça bilməyəcəkdir. Əgər cismani də qaça bilsə, tarix qarşısında cinayətkar kimi qalacaqdır.

Şəhidlər xiyabanında onların qəbirlərinin yanında həmin o \"Əbədi məşəl\" abidəsinin yaranması da mənim ürəyimdə olan bir arzu idi. Bu da Azərbaycanın prezidenti kimi mənim borcum idi. Bu gün bu borcumu da yerinə yetirdiyimə görə özümə müəyyən qədər təskinlik verirəm və ora həqiqətən, burada deyildiyi kimi, xalqın and yeri, inam yeri olubdur, ən mötəbər ziyarətgahdır. Artıq bir neçə gündür ki, biz müşahidə edirik - insanlar öz ürəyinin tələbi ilə əllərində gül gedib o qəbirləri ziyarət edirlər, \"Əbədi məşəl\"in qarşısında baş əyirlər, qəbirlərin qarşısında baş əyirlər. Mən inanıram ki, bundan sonra da ora bizim gənclərimizin daim and yeri olacaqdır. Millətinə sədaqət andı, xalqına sədaqət andı, torpağına, vətəninə sədaqət andı yeri olacaqdır. Eyni zamanda, gənclərimizin, ailə quran gənclərimizin bir-birinə sədaqət andı yeri olacaqdır.

Faciə eyni zamanda, ölkəmizdə böyük proseslərin həyata keçirilməsinə təkan verdi. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi. Artıq doqquzuncu ildir ki, Azərbaycan xalqı öz müstəqil dövlətində yaşayır.

Yaşayışımızda çətinliklər, problemlər az deyildir. Hamımızı incidən, ürəyimizi ağrıdan problem torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması o torpaqlardan bir milyondan artıq vətəndaşımızın zorla köçürülməsidir, onların çadırda yaşamasıdır. Başqa problemlər də var. Amma bu ağır, çətin dövrü biz keçirik və keçəcəyik. İşğal olunmuş torpaqlar azad ediləcək, vətəndaşlarımız öz yerinə, yurduna qayıdacaq, Azərbaycanın suverenliyi təmin olunacaqdır. Çünki Azərbaycan indi müstəqil dövlətdir və heç bir dövlətin Azərbaycana təcavüz etməyə artıq hüquqi əsası yoxdur.

Bizim şəhidlərimizin xatirəsinə ən böyük abidə Azərbaycanın istiqlaliyyətidir, müstəqil Azərbaycandır, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövlətidir və indi Azərbaycanda gedən müsbət proseslərdir. Bütün şəhidlərimiz, təkcə yanvar şəhidləri yox, vətən, torpaq uğrunda döyüşlərdə şəhid olan övladlarımız da rahat yatsınlar. Çünki artıq onların istəkləri, arzuları yerinə yetirilibdir - Azərbaycan öz dövlət müstəqilliyini əldə edibdir.

Mən bu gün şəhidlərin xatirəsi qarşısında, ruhu qarşısında and içirəm ki, biz heç vaxt Azərbaycanın müstəqilliyini əlimizdən verməyəcəyik, heç vaxt hansısa bir dövlətə vassal olmayacağıq. Azərbaycanın dövlət müstəqilliyi bütün çətinliklərə baxmayaraq, bizə göstərilən bütün təzyiqlərə baxmayaraq, yaşayacaq və inkişaf edəcəkdir. Müstəqil, demokratik Azərbaycan, hüquqi, dünyəvi Azərbaycan dövləti şəhidlərimiz üçün böyük abidə olacaqdır.

Mən bu matəm gecəsini hazırlayanlara və burada ürək sözlərini deyənlərə bir daha təşəkkür edirəm. Allahdan bütün şəhidlərə rəhmət diləyirəm.

\"Azərbaycan\" qəzeti, 20 yanvar 2000-ci il.