Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Respublika Nazirlər Kabinetinin geniş iclasında çıxışı - Nazirlər Kabineti, 3 may 1995-ci il

Hörmətli Nazirlər Kabinetinin üzvləri, nazirlər, komitə sədrləri, şirkət rəhbərləri, iclas iştirakçıları!

Bildiyiniz kimi, dünən mənim təqdimatımla Azərbaycan Respublikasının Milli Məclisi Fuad Quliyevi respublikanın baş naziri vəzifəsinə təsdiq etmişdir. Mən bu gün Fuad Quliyevi baş nazir vəzifəsində sizə təqdim edirəm və ona sizinlə birlikdə işlərində uğurlar arzulayıram.

Nazirlər Kabinetinin işi respublikanın həyatında çox mühüm yer tutur. Respublikanın iqtisadi-sosial məsələlərinin həll olunmasında icra orqanının əsas bir hissəsi kimi Nazirlər Kabinetinin fəaliyyətindən çox şey asılıdır. Respublikamızın qarşısında duran vəzifələrin həyata keçirilməsi, iqtisadiyyatın inkişafı, xalqın sosial vəziyyətinin yaxşılaşması və iqtisadi islahatların aparılması, bazar iqtisadiyyatına keçilməsi Nazirlər Kabinetinin, onun tərkibinə daxil olan, yaxud onun bilavasitə rəhbərliyi altında işləyən bütün orqanlarımızın fəaliyyəti ilə bağlıdır. Odur ki, baş nazirdən, Nazirlər Kabinetindən, onun tabeliyində olan və onun rəhbərliyi altında çalışan bütün orqanların işindən çox şey asılıdır və mən bir prezident kimi sizin hamınızdan yeni, səmərəli nəticələr gözləyirəm.

Bildiyiniz kimi, respublikamız prezident üsuli-idarəsi sisteminə keçmişdir. Bu, Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuşdur və hesab edirəm ki, respublikamız üçün ən münasib üsuli-idarə formasıdır. Yeni konstitusiyamızın layihəsi hazırlanır. Biz bu konstitusiyada da Azərbaycanı məhz prezident üsuli-idarəsi tətbiq edilən bir respublika kimi görmək istəyirik. Məlum olduğu kimi, prezident üsuli-idarəsi formasında ali icra orqanı prezidentə məxsusdur və bu orqanın tərkibində Nazirlər Kabineti birinci yer tutur. Bunun üçün də biz çalışmalıyıq ki, konstitusiyaya görə, dünya praktikasına görə ali icra orqanından, prezidentdən, Prezident Aparatından başlayaraq aşağıyadək bizim bu icra orqanları hərə öz səviyyəsində, hərə öz pilləsində yüksək səmərə ilə işləsin.

Ancaq bu gün burada etiraf etmək lazımdır ki, biz hələlik belə səmərəli işə nail ola bilməmişik. Bunun səbəbləri çoxdur, müəyyən kökləri də var. Bu köklər ondan ibarətdir ki, Azərbaycanda son illərdə, yəni sabiq Sovet İttifaqı dövründən müstəqilliyə keçid dövründə, - biz isə üç ildən artıqdır müstəqil bir dövlətik, - Nazirlər Kabinetinin və icra orqanlarının funksiyaları, onların qarşısında duran mühüm vəzifələr lazımınca müəyyən edilməmişdir. Doğrudur, konstitusiyada bunlar öz əksini tapmışdır. Xüsusən də prezident üsuli-idarəsi formasının Azərbaycanda tətbiqi ilə əlaqədar keçmiş konstitusiyada aparılmış müəyyən dəyişikliklərdə Nazirlər Kabinetinin həm səlahiyyətləri, həm funksiyaları, həm də icra sistemində rolu, məsuliyyəti çox aydın göstərilmişdir.

Ancaq təəssüf ki, konstitusiyanın bu maddələrinə əməli surətdə, yəni praktikada riayət olunmamışdır. Ona görə də ayrı-ayrı dövrlərdə ayrı-ayrı adamların iddiaları və istəyi ilə Nazirlər Kabinetinin funksiya və vəzifələri də müəyyən qədər dəyişdirilmişdir. Bunlar isə, ümumiyyətlə, işə çox ziyan vurmuşdur.

Bütün bunlara qısaca yekun vursaq, mən tam cəsarətlə deyə bilərəm ki, keçid dövründə, yəni 1991-ci ilin axırlarında Azərbaycan Respublikasının müstəqilliyi elan olunduğu vaxtdan bəri Nazirlər Kabinetinin işi əslində lazımi səviyyədə təşkil edilməmişdir. Buna görə də onun işində çox böyük qüsurlar, nöqsanlar və çatışmazlıqlar olmuşdur. Həm də bunlar indiyədək mövcuddur. Hətta deyə bilərəm ki, həmin müddətdə Nazirlər Kabinetinə başçılıq edən şəxslər onun işini lazımınca qurmağa müvəffəq olmamışlar. Bunun nəticəsində də Nazirlər Kabinetinin işi bu günədək axsayır. Öz növbəsində bunun nəticəsində isə iqtisadiyyatımızda çox böyük nöqsanlar və çatışmazlıqlar var.

Şübhəsiz ki, məruz qaldığımız sosial-iqtisadi böhran bununla qətiyyən bağlı deyildir. Bu böhran, ümumiyyətlə, gedən proseslərlə bağlıdır. Lakin güman edirəm ki, əgər Nazirlər Kabinetinin işi, xüsusən Azərbaycan müstəqillik əldə etdikdən sonra, lazımi səviyyədə qurulsaydı, Nazirlər Kabineti bizim icra sistemində öz layiqli yerini tuta bilsəydi və öz səlahiyyətləri - onun səlahiyyətləri isə çox böyükdür - çərçivəsində tam fəaliyyət göstərsəydi, əlbəttə, iqtisadiyyatımızda, sosial sahədə bu qədər çətinliklərimiz olmazdı.

Əgər keçmişə nəzər salsaq görərik ki, bu müddətdə baş nazir olmuş hər bir şəxs Nazirlər Kabinetinin işini yenidən qurmağa çalışmışdır. Əslində isə baş nazir heç olmamışdır. Mənim yadımdadır və sizin də bir çoxunuz bir yerdə işləmisiniz və buna görə də xatirinizdədir ki, 1992-ci ildən bəri baş nazir vəzifəsini bir müddət Feyruz Mustafayev icra etmişdir. Ondan sonra isə baş nazir vəzifəsinə Rəhim Hüseynov təyin olunmuşdur. Sonra Rəhim Hüseynov azad edildi və baş nazir vəzifəsini, deyəsən, müvəqqəti olaraq Əli Məsimov icra etdi. O da azad edildi və baş nazir vəzifəsinə Pənah Hüseynov təyin olundu. Nəhayət, məlum hadisələrdən sonra bu vəzifəyə mənim özüm Surət Hüseynovu təqdim etdim. Surət Hliseynovun fəaliyyəti sizin gözünüzün qabağındadır. Həmin oktyabr hadisələrindən indiyədək baş nazir yoxdur və onun vəzifələrini Fuad Quliyev icra edir. Bu şəxslərin adlarını sadalamaqla öz fikrimi demək istəyirəm ki, normal iş olmamışdır. Şübhəsiz ki, o dövrlərdə vəzifəni müvəqqəti icra edən adamlar özlərini burada daimi bilmədiklərinə görə bu işi apara bilməmişlər. Məsələn, o vaxtlar Rəhim Hüseynovu baş nazir təyin etsələr də, onun işinin çoxunu burada başqaları aparırdılar. Bunu siz də yaxşı bilirsiniz və uzaq olmağıma baxmayaraq, bu mənə də məlum idi. O, formal bir baş nazir idi. Ondan sonrakı dövrdə baş nazir Pənah Hüseynov oldu. Mən bilmirəm, iqtisadiyyatı bilməyən, iqtisadi sahədə işləməmiş Pənah Hüseynov kimi bir adam necə baş nazir ola bilərdi?

Şübhəsiz ki, siz Surət Hüseynovu da deyə bilərsiniz, belə ki, onu mən təqdim etmişdim və o mənim təqdimatımla baş nazir təsdiq olunmuşdu. Amma siz bunun hansı şəraitdə olduğunu da bilirsiniz. Bu gün mən tam səmimiyyətlə deyə bilərəm ki, o vaxtlar, o şəraitdə - Azərbaycanda artıq vətəndaş müharibəsi baş verdiyi bir zamanda, Azərbaycanı hərə bir tərəfdən parçalamağa cəhd göstərdiyi bir dövrdə mən bu addımı atmışdım və hesab edirəm ki, tamamilə düz iş görmüşdüm. Hərçənd ki, Surət Hüseynov həm biliyinə görə, həm savadına, həm iş təcrübəsinə, həm də başqa keyfiyyətlərinə görə bu vəzifəyə hazır deyildi, bəlkə də yaramırdı. Lakin bütün bunlarla yanaşı, mən həmişə insanlara çox inamla baxıram. Mən onu baş nazir təyin edərkən ona tam səmimiyyətlə yanaşırdım və çox istəyirdim ki, o, burada bir iş görsün, öyrənsin və bu vəzifəni apara bilsin.

Artıq olan olub, keçən keçib. Mən bunun üçün çox böyük cəhdlər, özü də səmimi cəhdlər göstərmişəm. Hərçənd mənə həddindən artıq irad tuturdular ki, necə ola bilər, belə bir adam baş nazir vəzifəsində olsun. Bəzən xaricdən gələn adamlar da deyirdilər ki, biz anlaya bilmirik, - nə cür olur ki, Heydər Əliyev kimi adamın yanında baş nazir vəzifəsində belə bir adam olsun. Amma bu işə mənim münasibətim məhz ondan ibarət idi ki, əgər hər bir adam müəyyən qədər potensiala malikdirsə və eyni zamanda onun işləmək, öyrənmək qabiliyyəti, bacarığı varsa, bu halda hər bir işin öhdəsindən gələ bilər. Buna görə də mən çox çalışdım ki, Surət Hüseynov işləsin, məsuliyyət hissi ilə işi öyrənsin və baş nazir kimi öz vəzifəsini yerinə yetirə bilsin.

Ancaq təəssüflər olsun ki, Surət Hüseynov bu yolla getmədi. Elə mən də görürdüm ki, bu yolla getmir. Mən onu dəfələrlə düz yola dəvət etdim. O isə öz xasiyyətini dəyişdirmir, keçmişdə gördüyü işlərdən əl çəkə bilmirdi. Ona görə də Nazirlər Kabinetini bazar döndərmişdi və böyük cinayətkarları gətirib buraya doldurmuşdu. Nəticədə də cinayətlər törədildi və bunlar da, nəhayət, oktyabr hadisələrinə gətirib çıxartdı, dövlət çevrilişinə cəhd göstərildi. Bu çevriliş cəhdini isə onlar birgə hazırlamışdılar. Bildiyiniz kimi, o vaxtlar mən bu cəhd iştirakçılarının bir hissəsini əfv etdim, bağışladım, amma sonralar onlar da özlərini göstərdilər və cavablarını da aldılar.

Odur ki, bir tərəfdən, bütün bu müddətdə Nazirlər Kabinetinin işini qeyri-qənaətbəxş hesab etməliyik, - şəxsən mən belə fikirdəyəm. İkinci tərəfdən də, Nazirlər Kabineti başıbəlalı bir orqan olubdur. Bütün bu müddətdə, xüsusən 1992-ci ilin əvvəlindən bəri burada sağlam bir rəhbərlik olmayıb ki, Nazirlər Kabineti Aparatının işçiləri, yaxud Nazirlər Kabinetinin tərkibinə daxil və onunla bağlı olan şəxslər bu sağlam rəhbərlik ətrafında birləşib, sağlam prinsiplər əsasında da işləsinlər. Bir daha qeyd edirəm ki, bunların hamısı respublikamızın həyatına, xüsusən onun sosial-iqtisadi vəziyyətinə çox mənfi təsir göstərmişdir, bunların nəticəsində biz böyük itkilərə məruz qalmışıq, böyük çətinliklərə düçar olmuşuq. İndi bunlar keçmişdə qalmışdır. Əlbəttə, bunların hamısını saf-çürük edərək, nəzərdən keçirərək qabağa baxmaq, irəliyə getmək, işləmək lazımdır. Bu məqsədlə də mən çox fikirləşəndən sonra bu vəzifəyə Fuad Quliyevi təyin etmək qərarına gəlmişəm. O, artıq bu vəzifəyə təyin olunmuşdur.

Güman edirəm ki, Fuad Quliyevi sizə təqdim etməyə elə böyük ehtiyac yoxdur, siz onu tanıyırsınız, bir yerdə işləyirsiniz. O, uzun müddət zavodda işləyib, təcrübəyə malikdir. Burada baş nazirin birinci müavini vəzifəsində çalışıb, təcrübəsi vardır. Lakin şübhəsiz ki, baş nazir olmaq üçün hələ əlavə çox tələblər də var və müəyyən keyfiyyətlər də olmalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, hamınız birlikdə səmimi bir mühit yaradaraq, burada əl-ələ verərək Nazirlər Kabinetinin işini lazımi səviyyədə aparacaqsınız. Həmçinin əmin olduğumu bildirmək istəyirəm ki, Fuad Quliyev də bu böyük etimadın əhəmiyyətini dərk edir və bunu qiymətləndirir. O çalışmalıdır ki, bu etimadı doğrultsun.

Mən keçmişi bir balaca xatırlatmaqla onu qeyd etmək istəyirəm ki, o dövrdə baş nazir olmuş adamların əksəriyyəti iş görüb respublikaya xeyir verməkdənsə, bu vəzifəni ancaq və ancaq öz şəxsi mənafelərini həyata keçirmək üçün tutmuşlar, yaxud tutmağa çalışmışlar. Onlardan bəziləri müəyyən səbəblərə görə bu vəzifəni tutmağa müvəffəq olmuşlar.

Güman edirəm ki, Nazirlər Kabinetinin daxilində indiyədək yaranmış bu mənfi ənənələr, mənfi meyl və hallar aradan qaldırılacaqdır. Belə hallar isə çoxdur. Çünki ötən müddət ərzində həm Nazirlər Kabineti, həm də onun aparatı xeyli zibillənmiş, - mən bu sözü tam cəsarətlə deyirəm, - çirklənmişdir. Odur ki, indi gərək yuxarıdan aşağıya qədər Nazirlər Kabinetinin bütün sistemi bu zibildən, bu çirkdən təmizlənsin, burada mənən sağlam mühit yaransın və işlər respublikamızın bugünkü mənafeyinə uyğun surətdə sağlam istiqamətdə aparılsın.

Ümumi işimiz naminə bir məsələni də qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu da keçmişdə respublikamızın həyatına çox zərər vurmuşdur. Prezident üsuli-idarəsi yaradıldıqdan sonra Nazirlər Kabineti, yaxud onun rəhbərliyi ilə, Aparatı ilə prezident və onun Aparatı arasında ziddiyyətlər əmələ gəlmişdir. Bunlar adamların subyektiv xüsusiyyətləri, bəzi iddiaları və hikkələri ilə bağlıdır. Çünki belə ziddiyyətlərin mövcud olmasına bizim dövlət quruluşu sisteminə görə heç bir əsas yoxdur. Axı Nazirlər Kabineti prezident üsuliidarəsində prezidentin icra orqanıdır, ali icra orqanının bir hissəsidir.

Buna görə də çox böyük təəccüb doğurur ki, keçmişdə Nazirlər Kabinetinin rəhbərliyi ilə prezident arasında, yaxud Prezident Aparatı ilə Nazirlər Kabinetinin Aparatı arasında ziddiyyətlər yaranmışdı və bu ziddiyyətlər bu işə böyük ziyan vurmuşdur. Bunun kökləri keçmişə gedib çıxır. Məsələn, vaxtilə burada Mütəllibov prezident, Həsən Həsənov baş nazir olublar. Münasibətlər çox gərgin olubdur. Şübhəsiz ki, indi mən burada Mütəllibova bir prezident kimi bəraət qazandıra bilmirəm, çünki onun gördüyü işlər və törətdiyi cinayətlər göz qabağındadır. Ancaq mən sadəcə olaraq, bu meyldən yaranmış ənənəni demək istəyirəm.

Sonrakı dövrü götürsək görərik ki, həmin ziddiyyətlər davam etmişdir. Əgər indi 92-ci ildən 93-cü ilədək olan dövrə nəzər salsanız görərsiniz ki, onda da bu ziddiyyətlər göz qabağında olmasa da, hər halda mövcud idi. Çünki o vaxt heç kəs başa düşə bilmirdi ki, prezident nə ilə məşğuldur, baş nazir nə iş görür. Ona görə ki, kim nə istəyirdi, onu da edirdi. Burada o qədər də aydınlıq yox idi. Lakin bir şey məlumdur. Bizim Prezident Aparatında bunu görənlər, bunun şahidi olanlar mənə danışırlar. Rəhim Hüseynov baş nazir, Pənah Hüseynov isə dövlət katibi idi. Rəhim Hüseynov burada oturub böyük fəaliyyət göstərə bilmirdi. Ona görə yox ki, o buna qadir deyildi.

Sadəcə olaraq ona imkan vermirdilər. Pənah Hüseynov isə dövlət katibi olduğu halda gedib bütün iqtisadi məsələləri, hətta Nazirlər Kabinetinə aid məsələləri həll edirdi, sonra da gedib bu qərarları prezident Əbülfəz Əliyevə imzaladır və bir kənara qoyur, nə istəyirdi, onu da edirdi. Bunu mənə bizim aparatda görənlər danışırlar. Yaxud sonrakı dövrü götürək. Biz Surət Hüseynovu baş nazir təyin etdik. Onun öz müşavirləri var idi. Ona Rəhim Qazıyev bir müşavirlik edirdi, digərləri başqa cür. Onun daha bir neçə müşaviri var idi. İndi onlar qaçıb aradan çıxmış, haradasa gizlənmişlər. Bu adamların adları sizə məlumdur. Əgər Surət Hüseynov mənfi bir iş görmək istəmirdisə, müşavirləri gəlib deyirdilər ki, yox, sən bunu etməlisən, onu etməlisən. Özü də daim səlahiyyət davası aparırdı. Səlahiyyət davası da bu idi ki, prezident nə etməli idi, baş nazir nə etməli idi. Halbuki baş nazir və Nazirlər Kabineti prezidentin icra orqanıdır, onun işinin davamıdır, prezidentin fərmanı, prezidentin imzaladığı qanunları həyata keçirən bir orqandır. Burada heç bir fərq yoxdur. Amma bunun əvəzinə Surət Hüseynov o vaxtlar səlahiyyət davası aparırdı. Bu sizing yadınızdadır. Əslində isə Nazirlər Kabinetinə bütün səlahiyyətlər verilmişdi, o səlahiyyətlərdən istifadə etmək lazım idı. Lakin onlara səlahiyyətlər deyil, bu lazım idi ki, bütün respublikaya hakim olsunlar.

Şübhəsiz ki, buna da heç bir prezident razı ola bilməz. Xüsusən də mən bir prezident kimi razı ola bilməzdim. Ona görə də həmin ziddiyyətlər davam etdi. Hətta yeni bir qəzet çıxarmağa, bu qəzetdə cürbəcür yaramaz məqalələr dərc etməyə, respublikanın vəziyyətini ağırlaşdırmağa, ziddiyyətləri artırmağa başladılar. Demə, bütün bunlar dövlət çevrilişinə hazırlıq imiş. Belə bir çox mənfi ənənə də yaranmışdı ki, guya Nazirlər Kabineti ilə prezident arasında, yaxud Prezident Aparatı arasında müəyyən bir rəqabət gedir, müəyyən bir ziddiyyət var. Bəzi adamlar da bu rəqabətdən, ziddiyyətdən öz mənafeləri naminə istifadə edirdilər. Bütün bunlar süni surətdə yaradılmışdı, yalnız və yalnız ayrı-ayrı adamların şəxsi iddialarına, şəxsi məqsədlərinə xidmət edirdi. Şübhəsiz, bu, dövlət mənafeyinə uyğun olmayan, dövlətçiliyimizə zidd olan hallardır.

Mən bu gün bunları ona görə xatırlatmıram ki, onlar xatırladılmağa layiq qiymətli hallardır. Əksinə, bunların hamısı mənfi hallardır, respublikamıza çox böyük zərər gətirmiş hallardır. Lakin istər müsbət, istərsə də mənfi olan hər bir təcrübə bizim bu gün quracağımız və aparacağımız iş üçün çox lazımlıdır. Mən bunları xatırlatmaqla xəbərdarlıq etmək istəyirəm ki, əgər kimsə keçmişin bu mənfi hallarını, yaranmış qeyri-sağlam ənənələri yenə də dirçəltmək, şəxsi iddialar mövqeyindən hərəkət etmək fikrinə düşsə, belə şeylərə, şübhəsiz, yol verilməyəcəkdir. Şəxsən mən bunlara qətiyyən yol verməyəcəyəm.

Eyni zamanda mən bu gün burada tam aydınlığı ilə elan edirəm ki, Nazirlər Kabinetinin yaxşı fəaliyyət göstərməsi üçün hər cür şərait yaranmış və bundan sonra da yaradılacaqdır. Sadəcə olaraq gərək hərə öz yerini bilsin, hərə öz səlahiyyəti çərçivəsində işləsin, hərə öz vəzifəsi çərçivəsində çalışsın və böyük iddialara düşməsin. Bununla bərabər, öz üzərinə düşən vəzifələri tamamilə yerinə yetirsin. Bax, əsas məsələ bundan ibarətdir: məhz tamamilə! Amma bəzi hallarda ayrı-ayrı vəzifəli şəxslər üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, özünün bütün potensialını buna yönəltmək əvəzinə, kənar işlərlə məşğul olur və öz vəzifələri bir tərəfdə qalır. Beləliklə, iş axsayır və cürbəcür ziddiyyətlər yaranır.

Güman edirəm ki, belə hallara bir daha yol verilməyəcəkdir, işlər sağlam prinsiplər əsasında qurulacaqdır və Nazirlər Kabineti çevik, operativ bir orqan kimi fəaliyyət göstərəcəkdir.

Nazirlər Kabinetinin və onun Aparatının operativliyindən çox şey asılıdır. Biz bir sıra məsələləri müzakirə etdik, müəyyən fikirlərə gəldik. Bunlar ayrı-ayrı sənədlərdə, mənim fərmanlarımda, imzaladığım qanunlarda da öz əksini tapmışdır. Gərək Nazirlər Kabineti bunları vaxtında yerinə yetirsin, bu işlərlə ciddi məşğul olsun, bu qərarların, bu qanunların yerinə yetirilməsinə ciddi nəzarət etsin, onların həyata keçirilməsinə nail olsun. Yenə deyirəm, nail olsun! Nazirlər Kabinetinin vəzifəsi bundan ibarətdir.

Nazirlər Kabineti həm də çox təşəbbüskar olmalıdır. Gərək oturub gözləməsin ki, fərman verilsin, yaxud qanun qəbul edilsin, o da onları yerinə yetirsin. Biz Nazirlər Kabinetindən təşəbbüslər gözləyirik. Özü də bu təşəbbüslər ümumi işimizin xeyrinə olmalıdır, daha ayrı-ayrı məqsədlərə, cürbəcür çirkin hallara yönəldilməməlidir. Təəssüflər olsun ki, bu son illərdə respublikamızda bütün sahələrdə, o cümlədən də iqtisadi sahədə ayrı-ayrı vəzifəli şəxslər öz vəzifələrindən sui-istifadə edir, cürbəcür çirkin yollara gedir, iqtisadiyyatımıza zərər vuraraq şəxsi mənafelərini təmin edirlər. Bunlar isə bütövlükdə ümumi işimizə zərər vurur. Üstəlik həm mühitimizi zəhərləyir, adamlarda hakimiyyətə qarşı narazılıq yaradır, həm də iqtisadi və mənəvi zərbə vurur. Belə çox çirkin hallar Nazirlər Kabinetinin rəhbərliyində də, onun Aparatının işində də olubdur və bəziləri bu gün də davam edir. Bizə belə siqnallar gəlib çatır. Bunlara son qoymaq lazımdır. Vəzifəsindən sui-istifadə etmək, rüşvətxorluq, müxtəlif iqtisadi əlaqələrdə - öz aralarında, yaxud xarici şirkətlərlə əlaqələrdə şəxsi mənafeləri hər şeydən üstün tutub işlərə zərər vurmaq kimi hallar mənəviyyatımıza, həyatımıza zidd olan hallardır və bunların hamısının qarşısı alınmalıdır.

Yenə də deyirəm, ümumiyyətlə bizim dövlət strukturlarında, o cümlədən də Nazirlər Kabinetinin tərkibində, onun Aparatının işçiləri arasında belə mənfi hallar bu gün də mövcuddur. Mən bunu tam qətiyyətlə deyirəm və tələb edirəm ki, Nazirlər Kabinetinin rəhbərliyi, nazirlər, komitə sədrləri, şirkət rəhbərləri, başqa vəzifəli şəxslər, icra hakimiyyətinin başçıları, - onlardan çox şey asılıdır, - bu məsələlərin həllində özləri birinci növbədə nümunə olmalıdırlar. Çünki bəzi vəzifəli şəxslərin özləri bu cinayətlərə qol qoyur, bu çirkin əməllərlə məşğul olur və çirkin yollara gedirlər. Bununla da həmçinin başqalarına şərait yaradır və onlar da bu şəraitdən istifadə edirlər. Odur ki, belə şeylərə son qoyulmalıdır.

Biz müstəqil dövlət quruculuğunda işlərimizi gərək elə quraq ki, müstəqil Azərbaycan Respublikasının dövlət strukturları keçmiş Sovet İttifaqındakı dövlət strukturlarından başqa keyfiyyətlərlə yanaşı, məhz bu mənəvi cəhətdən fərqlənsinlər. Çünki bu dövlət özümüzün, Azərbaycan xalqının doğma dövlətidir, doğma dövlət strukturlarıdır. Hər bir azərbaycanlı anlamalıdır ki, biz müstəqil Azərbaycan dövləti qururuq və qarşımızda böyük yolu var. Bu yolu keçmək üçün və ali məqsədlərə nail olmaq üçün indi gərək hər şeyi saf, təmiz mənəviyyat üzərində quraq. Biz üç ildir müstəqil bir dövlət kimi yaşayırıq və dövlət quruculuğu ilə məşğuluq, dövlət strukturları yaradırıq. Əgər indi bunların hamısını zəhərləməyə, çirkləndirməyə, bunları zibilləməyə başlasaq, onda gələcək nəsillərə bizdən elə bir irs qalacaqdır ki, onlar bizə \"sağ ol\" demək, rəhmət diləmək əvəzinə lənət oxuyacaqlar. Məsələ onda deyildir ki, onlar bizə ya təşəkkür etsinlər, ya da lənət yağdırsınlar. Məsələ burasındadır ki, biz cavabdehik, böyük məsuliyyət daşıyırıq. Hər bir insan gərək öz məsuliyyətini hiss etsin.

Bütün bunlar Nazirlər Kabinetinin həm səlahiyyətinə aid olan məsələlərdir, həm də onun üzərinə düşən vəzifələrdir, həm də onun məsuliyyətini təşkil edən amillərdir. Ona görə də hamı bütün bunları bilməli, işləri bu tələblərə müvafiq surətdə aparmalıdır. Nazirlər Kabinetinin işi əsasən iqtisadiyyatımızın ahəngdar fəaliyyət göstərməsi ilə, sosial sahənin normal səviyyədə olması və tam inkişafı ilə əlaqədardır. Burada vəzifələr çoxdur və onlar da məlumdur. Lakin bu vəzifələri həyata keçirmək üçün biz ümumiyyətlə respublikanın bütün hakimiyyət orqanlarında, o cümlədən Nazirlər Kabineti sistemində böyük struktur dəyişiklikləri aparmalıyıq. Bunu etiraf etmək lazımdır ki, indiyə qədər bizim hakimiyyət strukturlarının bir neçəsi istisna olmaqla qalanları keçmiş Sovet İttifaqından qalmış strukturlardır. Odur ki, böyük struktur dəyişiklikləri olmalıdır. Amma bu dəyişikliklər aparılmamışdır və bunun da öz səbəbləri var. Burada, Nazirlər Kabinetində hakimiyyət mübarizəsi, vəzifə mübarizəsi adamların başını qatıbdır.

Yenə də deyirəm, əgər 1991-ci ildən Azərbaycan müstəqil bir dövlətdirsə, müstəqillik haqqında Konstitusiya aktı qəbul edilibsə, ondan bəri dövlət quruculuğu ilə bağlı bütün bu tədbirlər gərək ardıcıl olaraq həyata keçiriləydi. Bu baxımdan dövlət strukturları, hökumət strukturları bugünkü tələblərə müvafiq surətdə uyğunlaşdırılmalı, dəyişdirilməlidir. Lakin bu işlərlə məşğul olmayıblar. Çünki, yenə də deyirəm, son vaxtlaradək burada adamlar ancaq bir şey ilə məşğul olublar ki, kimisə yıxsın, kimsə hansısa bir vəzifəni tutsun, kiminsə yerinə keçsin. Bu adamlar vəzifə mübarizəsi, hakimiyyət mübarizəsi ilə, müxtəlif hikkələr, cürbəcür iddialar ilə yaşayıblar. Mən bir tərəfdən Nazirlər Kabinetini tənqid edirəm, digər tərəfdən isə, əgər 92-ci ildən bəri Nazirlər Kabinetinin sədri vəzifəsində beş-altı adam dəyişibsə və hərəsi də öz istədiyi kimi işləyibsə, bundan nə gözləmək olar?!

Şübhəsiz ki, mən heç də keçmiş dövrə bəraət qazandırmaq istəmirəm, ancaq istəyirəm ki, hər şeyə real, obyektiv qiymət verək. İndi bunlar da keçmişdə qalmışdır. Ona görə də hesab edirəm ki, hakimiyyət strukturlarını təkmilləşdirmək, onları günün tələblərinə müvafiq surətdə qurmaq üçün tam imkanlarımız var. Biz bu sahədə ciddi iş görməliyik. Məsələn, Prezident Aparatının strukturu, məncə, normal deyildir. Sizə açıq deyə bilərəm ki, mən prezident vəzifəsinə gələn vaxtdan indiyədək aparatla məşğul olmağa vaxtım yoxdur. Bir tərəfdən, respublikanın müstəqilliyini təmin etmək, bu müharibə vəziyyətində Azərbaycanın problemlərini həll etmək, Ermənistanın təcavüzünün qarşısını almaq, beynəlxalq aləmdə lazımi işlər görmək gərəkdir. Digər tərəfdən isə mən gələn vaxtdan bəri bizim daxilimizdə orada kimsə hakimiyyət mübarizəsi aparır, burada hansısa bir siyasi partiya mübarizəyə başlayır. Bütün bunlara çox vaxt gedir, özü də həddindən çox.

Məsələn, mən o vaxtlar çalışırdım ki, biz islahatlar keçirək. Baxmayaraq ki, müharibə şəraitindəyik, bir milyon qaçqınımız var, min bir çətinliyimiz var. Bütün bunlarla yanaşı, iqtisadiyyatda islahatlar keçirmək istəyirdik. Lakin Surət Hüseynov kimi yaramaz bir adam bu işə başçılıq etdiyi halda biz islahatları necə keçirə bilərdik?

Biz yığışır, məsləhətləşirdik, o isə gəlib burada başqa bir bəyanat verirdi və bununla da hər şey pozulurdu. Yenə də deyirəm, bunların hamısı keçmişdə qalmışdır. Biz bu gün qarşımızda duran vəzifələrdən danışmalıyıq. Bu baxımdan Prezident Aparatının strukturunda da dəyişikliklər edilməlidir. Şəxsən mən özüm yaxın vaxtlarda bununla məşğul olacağam. Nazirlər Kabinetinin strukturunda dəyişikliklər aparılmalıdır. Ümumiyyətlə, iqtisadiyyatımızdakı mövcud strukturların necə olması, hansının olub-olmaması müəyyən edilməlidir. Bir daha qeyd edirəm ki, bizim iqtisadi strukturların tam əksəriyyəti, 99 faizi Sovet İttifaqının vaxtından qalan strukturlardır, sistemdir. Amma biz indi bu sistemlə işləyə bilmərik. Çünki biz islahatlara gedirik, iqtisadiyyatda ciddi dəyişikliklər aparırıq. Nazirlər Kabineti, icra orqanları, nazirliklər, şirkətlər, komitələr və digər təşkilatlar tamamilə başqa strukturda olmalıdır. Mən hesab edirəm ki, bu dəyişikliklər aparılarkən aparatda çalışanların sayı da nəzərə alınmalıdır.

Bildiyiniz kimi, indi iqtisadiyyatda çətinliklər var, böhran var. Mən iqtisadiyyat haqqında da bir neçə kəlmə deyəcəyəm. Götürək sənayeni, tikintini, yaxud nəqliyyatı. Nəqliyyat normal işləməsə də, hər halda öz imkanları daxilində işləyir. Sənaye müəssisələrinin gücündən tam istifadə edilmir. Sözlərim eləcə də tikinti müəssisələrinə aiddir. Başqa elə təşkilatlar da var ki, onlar bəlkə də ittifaq miqyasında lazım olduğuna görə yaradılmışdı. İndi onların hamısı təhlil edilməli, araşdırılmalı, bu günün tələblərinə, xüsusən gələcəyin tələblərinə uyğun olaraq qurulmalıdır. Ona görə də Nazirlər Kabinetinin əsas vəzifələrindən biri yaxın vaxtlarda icra orqanlarının, nazirliklərin, şirkətlərin, komitələrin, birliklərin strukturlarına baxmaq və bu barədə öz təkliflərini hazırlayıb mənə təqdim etməkdir. Biz bu sahədə dəyişikliklər aparmalıyıq. Qeyd etdiyim kimi, Prezident Aparatının strukturunda da ciddi dəyişikliklər olacaqdır. Bununla əlaqədar mən tapşırıq vermişəm. Müəyyən təkliflər hazırlanmış və təqdim ediləcəkdir. Biz onlara baxacağıq.

Beləliklə, qarşımızda duran ümumi vəzifə ondan ibarətdir ki, bizim hakimiyyət orqanının, icra orqanlarının strukturları bu günün və gələcəyin tələblərinə uyğun və çox çevik olsun, operativ hərəkət edə bilsin və eyni zamanda səmərəli fəaliyyət göstərsinlər. İqtisadiyyatımız, sosial sahəmiz böyük bir böhran içərisindədir. Bu, hamıya məlumdur. Biz bunu dəfələrlə demişik. Şübhəsiz ki, bu böhranın həm obyektiv, həm də subyektiv səbəbləri də məlumdur. Siz obyektiv səbəbləri bilirsiniz. Mən güman edirəm ki, subyektiv səbəblər Nazirlər Kabinetinin 1991-ci ildən indiyə qədər fəaliyyəti haqqında, onun rəhbərliyi haqqında söylədiyim sözlərdən aydın oldu. Buna görə də təkrara ehtiyac yoxdur. Buna baxmayaraq, biz belə vəziyyətlə razılaşa bilmərik. Şübhəsiz, ciddi tədbirlər görülməlidir ki, iqtisadiyyat bu böhran vəziyyətindən tədricən çıxsın. Əlbəttə, heç vaxt fantaziyaya uymaq lazım deyildir ki, bu gün biz bir addım atacağıq və sabah vəziyyət dəyişəcəkdir. Xeyr, belə ola bilməz. Çünki bu vəziyyət tək bizə deyil, ümumiyyətlə keçid dövrünə xas olan vəziyyətdir. Lakin hər şey bizim fəaliyyətimizdən asılıdır. Biz bir fəaliyyət göstərməyib, keçmişdəki kimi nöqsanlara, səhvlərə yol versək, özümüzü daha dərin quyuya salarıq. Amma lazımı tədbirlər görsək, bu çətinliklərin öhdəsindən tezliklə gələr, böhran vəziyyətindən sürətlə çıxarıq. Mən hesab edirəm ki, böhran vəziyyətindən sürətlə çıxmaq üçün biz məhz bu yol ilə getməliyik. Bu sahədə də yollar artıq müəyyən edilib, göstərilmişdir. Mən sizə yeni bir şey söyləmək fikrində deyiləm.

Yolumuz iqtisadiyyatımızı məhz bazar iqtisadiyyatı yoluna salmaqdan, iqtisadi islahatlar aparmaqdan və bu vasitə ilə iqtisadiyyatı canlandırmaqdan ibarətdir. Bu, bizim strateji yolumuzdur. Bu sahədə müəyyən işlər görülür, amma bunlar görməli olduğumuz işlərin yalnız başlanğıcıdır. Söz yox ki, bundan sonra çox işlər görülməlidir. Lakin gözümüzü yumub oturaq ki, biz islahatlar keçirəcəyik və bu islahatlar nəticəsində iqtisadiyyatımızda müsbət nəticələr əldə ediləcək, bunun da sayəsində həm iqtisadiyyatı canlandıracaq, həm də adamların rifahını yaxşılaşdıracağıq, - bu, səhv olardı. Bizim böyük iqtisadi potensialımız var - sənayedə də, kənd təsərrüfatında da, iqtisadiyyatın qalan bütün sahələrində də. Bu mövcud iqtisadi potensialdan, istehsal müəssisələrindən, istehsal imkanlarından biz səmərəli istifadə etməliyik, mülkiyyət formalarını dəyişdirməliyik. Amma bununla yanaşı, bu məqsədlərə nail olana qədər mövcud imkanlardan istifadə etməliyik, mövcud istehsal müəssisələrini tam gücü ilə işlətməliyik. Bunun üçün də imkanlar var. Əgər iqtisadi islahatların aparılması doğrudan da müəyyən təcrübə, bilik, yaxud da psixoloji dəyişiklik tələb edirsə, bu, labüddür, olmalıdır - sənayedə, kənd təsərrüfatında, nəqliyyatda və başqa sahələrdə istehsal müəssisələrini işlətmək, onların gücündən istifadə etmək böyük bilik tələb etmir. Biz həmin müəssisələri illər boyu işlətmişik. Ona görə də bu barədə ciddi tədbirlər görülməlidir.

Şübhəsiz ki, bunu da keçmiş idarə üsulu ilə, metodlarla etmək mümkün deyildir. Keçmişdə məlum idi: zavodlar, fabriklər, ümumiyyətlə, istehsal müəssisələri işləyirdi, onların planları var idi və bunları yerinə yetirməli idilər, planı yerinə yetirməyənlər cəzalandırılırdı və s. Müəssisələrin müəyyən göstəriciləri vardı, bunlar təmin olunmalı idi. İstehsal olunan mal Ümumittifaq miqyasda hara isə göndərilirdi, xammal haradan isə gəlirdi. Qiymət məsələsi də problem deyildi. Bütün bunlar elə bir fəaliyyət tələb etmirdi. İndi bir zavodu işlətmək üçün onun rəhbərləri, şübhəsiz ki, çox ciddi tədbirlər görməlidirlər. Həm də bir müəssisənin və başqa bir müəssisənin işini canlandırmaq üçün eyni tədbirlər görmək olmaz. Bunlar bir-birindən fərqli olmalıdır.

Yəni hər bir istehsal müəssisəsinə fərdi, onun xüsusiyyətinə aid, uyğun münasibət bəslənməlidir. Ona görə də belə hesab edirəm ki, sənayemizin movcud imkanlarından daha səmərəli istifadə etmək mümkündür, buna nail olmaq lazımdır. Bundan ötrü gərək hər bir nazir, komitə sədri, şirkət, müəssisə rəhbəri fikirləşib tədbirlər görsün və onları həyata keçirsin.

Bu işi təşkil etmək üçün tapşırıram ki, hər bir sahədə mövcud istehsal imkanlarını hərəkətə gətirməkdən, canlandırmaqdan, istehsalı artırmaqdan ötrü görülməli olan tədbirlər 15 gün ərzində müəyyənləşdirilsin. Nazirlər Kabineti gərək bunu nəzarətə götürsün. Zavod direktoru gərək bunu fikirləşsin, yazsın-pozsun, öz təkliflərini versin. Birlik, şirkət, nazirlik gərək təkliflərini versin. Bu məsələdə də hər bir müəssisəyə fərdi münasibət olmalıdır. Bir müəssisəni bir cür, digərini başqa cür canlandırmaq olar. Bunların yollarını axtarmaq lazımdır.

Bilirsiniz, məndə belə bir təsəvvür yaranıb ki, bizim çox təcrübəli təsərrüfatçılarımız, müəssisə rəhbərlərimiz, sənaye sahəsində çox böyük işlər görmüş adamlar indi bu çətinliklərlə qarşılaşaraq işdən soyumuşlar, ciddi axtarışa girişmirlər. Mənə belə gəlir ki, bu cür yaramaz, biz bununla razı, ola bilmərik, qətiyyən razı ola bilmərik. Doğrudur, çətindir. İndi, məsələn, Sumqayıtdakı metallurgiya zavodunu işlətmək çox çətindir, mən bunu bilirəm. Kimya müəssisəsini də işlətmək çətindir. Bizim böyük maşınqayırma zavodlarımız - neft maşınqayırma, neft-kimya maşınqayırma müəssisələrimiz var. Bunları da işlətmək çətindir, amma işlətmək lazımdır.

Bir vaxtlar iftixar hissi ilə deyirdik ki, Sovetlər İttifaqının neftçıxarma avadanlığının 70 faizi Azərbaycanda istehsal olunur. Bu rəqəmləri 1986-1987-ci illərdə də, ondan qabaq da iftixar hissi ilə deyirdik. Doğrudan da belə idi. Sizə məlumdur ki, 70-ci illərdə bizim neft maşınqayırma zavodlarımız - keçmiş leytenant Şmidt adına, indiki Səttarxan adına zavod, \"Bakı fəhləsi\" zavodu, Keşlə maşınqayırma zavodu və s. kökündən müasirləşdirildi, yenidən quruldu, modernləşdirildi. Onlar çox keyfiyyətli avadanlıq buraxırdı. Amma indi bu avadanlığı buraxmaq üçün bir tərəfdən metal lazımdır, ikinci tərəfdən əvvəllər həmin avadanlığı Sibirə, yaxud SSRİ-nin başqa regionlarına göndərirdik, lakin hazırda buna ehtiyac yoxdur, onlar özləri belə məhsul buraxırlar. Ancaq bu o demək deyil ki, həmin zavodların hamısı bağlanmalıdır, yox. Gərək hər bir zavodun direktoru oturub fikirləşsin ki, müəssisənin işini necə canlandıra bilər. Sahə üzrə də belə olmalıdır. Neft maşınqayırma sənayesini götürək. Bu, çox böyük sahədir, böyük bir birlikdir. Birliyə bir çox zavod daxildir. Bəlkə iki-üç zavodu başqalarının hesabına canlandırmaq, o birilərini, məsələn, konservləşdirmək lazımdır. Bəlkə belə yolla da getmək lazımdır. Məsələn, kimya sənayesi sahəsində çox böyük zavodlar var, böyük kimya sənayesi var. Amma bu gün hansını işlədib həm xammalla təmin edə, həm də əldə olunan məhsulu sata bilərik? Bunu təşkil etmək lazımdır. Yəni demək istəyirəm ki, indi biz keçmişdə olduğu qədər sənaye məhsulu əldə edə bilmərik. Sənayedə istehsal aşağı düşür. Dünən biz müzakirə aparırdıq, dedilər ki, birinci rübdə istehsal 25 faiz azalmışdır. Şübhəsiz ki, bu, bizim üçün çox zərərli, çox təhlükəli meyldir. Bunun qarşısı alınmalıdır. Amma keçmiş metodla - nəyin bahasına olursa-olsun sənaye istehsalını artırmaq metodu ilə yox. Yenə deyirəm, bəli, o vaxtlar bilirdik ki, maşınqayırma zavodlarının məhsuluna böyük ehtiyac var. Sadəcə olaraq təmin edilməli idi ki, metal gəlsin, zavodlar işləsin, məhsul buraxsın və bu, respublikadan kənara göndərilsin. Yaxud, biz o zaman Sumqayıtda nə qədər böyük kimya zavodları tikdik, necə çətinliklə onların avadanlığını gətirib quraşdırdıq. Bu, asan məsələ deyildi. Amma eyni zamanda məlum idi ki, istehsal olunan məhsulun hamısı göndəriləcək, onu harada, necə satacağımız bizi narahat etmirdi. Bu problemlərdən tamamilə azad idik. Amma indi belə deyil. İndi istehsalı sadəcə olaraq, ümumən artırmaq mümkün deyildir. Hər bir müəssisəyə, hər bir sahəyə fərdi yanaşmalı və aydınlaşdırmalıyıq ki, o, nə istehsal edə, hansı iqtisadi səmərə verə bilər, nəticədə iqtisadiyyatımız nə cür inkişaf edə, maliyyə vəziyyətimiz nə cür sağlamlaşa bilər.

Ona görə də bu işə ümumi münasibət, ümumi tələb ola bilməz ki, məsələn, sənaye istehsalı 25 faiz yüksəlib, bu səviyyədə saxlayaq, aşağı düşməsin. Əlbəttə, əgər tədbirləri həyata keçirə bilsək, son nəticədə sənaye istehsalı sabitləşəcək. Amma nəyin naminə? Onun naminə yox ki, nə istehsal edirsən et. Onun naminə ki, istehsal olunan məhsullar dünya bazarına çıxacaq, daxili bazarda özünə alıcı tapa biləcək və bunun nəticəsində pul dövriyyəsi olacaq, müəssisə öz-özünü yaşada biləcəkdir. Bu, təkcə sənaye ilə deyil, bütün istehsal sahələri ilə əlaqədar birinci dərəcəli məsələlərdir.

Bayaq dediyim kimi, göstəriş verirəm ki, 15 gün ərzində hər bir rəhbər işçi öz təkliflərini verməlidir. Təklif verməkdən qorxmaq lazım deyil. Əgər hansı müəssisəninsə gələcəkdə miiəyyən hissəsinin işləməsi səmərəli deyildirsə, bağlamaq lazımdırsa, bunu da qorxmadan, açıq demək gərəkdir. İndi çox cəsarətlə işləmək, hər şeyi açıq-aşkar demək lazımdır. Belə açıq-aşkar təhlildə vəziyyətimizi öyrənə bilərik. İndi burada nə baş nazir, nə mən, nə də baş nazirin müavinləri hansı sahədə hansı işi nə cür görmək lazım olduğunu bilə bilmərik. Ancaq şübhəsiz ki, Neft Maşınqayırma Birliyinin rəhbəri, baş mühəndisi, digər rəhbər işçiləri bunu bilirlər. Yaxud bir az da aşağıdan başlasaq, məsələn, \"Bakı fəhləsi\" zavodunun rəhbəri bilir ki, hansı işi görmək, nə etmək olar. O, sadəcə olaraq tədbirlər planı hazırlamalı və bizə müraciət etməlidir. Əgər biz onun irəli sürdüyü tələbləri ödəyə biliriksə, qoy getsin eləsin. Yox, ödəyə bilmiriksə, onda başqa bir yol tapsın. Amma oturub mövcud vəziyyətlə qane olsun, gözləsin ki, nə olacaq, necə olacaq - belə ola bilməz. Bir daha qeyd edirəm, əsas vəzifələrdən biri budur. Ümumiyyətlə, bu, iqtisadiyyatın bütün sahələrinə aiddir, mən detallaşdırmaq istəmirəm.

Ancaq bununla yanaşı, bundan da əsas, ümdə vəzifə iqtisadi islahatların həyata keçirilməsidir. Bu barədə çox ciddi iş görülməlidir. Bilirsiniz ki, aqrar bölmədə iqtisadi islahatların keçirilməsi üçün iki qanun qəbul etmişik. Komissiyalar işləyir. Deyəsən dünən axşam, ya bu gün səhər İrşad Əliyev komissiyanın necə, nə təhər işləməsi barədə televiziyada danışırdı. Bunlar hamısı yaxşıdır. Ancaq işlər sürətləndirilməlidir.

Məlumdur ki, aqrar bölmədə keçirilən islahatlar ən çətin islahatlardır. Kimsə belə hesab edirsə ki, bu, asandır, deməli, sahəni bilmir. Bu sahəyə həqiqətən bələd olan adamlar bilirlər, mən də bu sahəni bilən adam kimi deyirəm ki, aqrar bölmədə islahatların keçirilməsi gox çətindir. Mən Tofiq Əzizovu Türkmənistana, Qırğızıstana, Özbəkistana göndərmişdim ki, islahatların gedişini öyrənsin. Sonra Rusiyada - Sankt-Peterburqda da olmuşdur. Bu barədə məlumat verəcəkdir. Ancaq telefonda mənə verdiyi qısa məlumatdan hiss etdim ki, bu məsələ onlarda da nə qədər çətindir.

Məsələn, Rusiyanı götürək. İki gün bundan əvvəl Çernomırdin, ya kimsə televiziyada bu islahatlar haqqında danışırdı. Guya Rusiya aqrar bölmədə islahatlar aparılmasında hamıdan irəlidə gedir. Amma eyni zamanda ortada bir şey yoxdur.

Şübhəsiz ki, bu, bizə təskinlik verə bilməz, bununla özümüzə bəraət də qazandıra bilmərik, qətiyyən bilmərik. Mən bunu sadəcə olaraq problemin mürəkkəbliyini qeyd etmək üçün deyirəm. Heç kəs bu məsələyə səthi, çox yüngül yanaşmasın. Deyə bilərəm ki, Rusiyada aqrar islahatlar 1985-1986-cı illərdən gedir. Mən Moskvada işləyirdim, bu işlərin içində idim. Bilirdim ki, o vaxtlar haradasa bir nümunə tapır, fermer təsərrüfatı yaradırdılar. Gəlirdilər ki, nə bilim, Hollandiyada belədir, İsveçdə elədir, Amerikada belədir. Yəni bu proses Rusiyada o vaxtlardan başlanmışdır. Azərbaycanda isə başlanmamışdı. Əgər bu proses Rusiyada o vaxtdan başlamışsa və indi deyirlərsə ki, Rusiyada aqrar islahat keçirməmişik, hələ keçirməliyik, onda görün bu, nə qədər çətin işdir. Amma yenə də deyirəm, nə Rusiyaya bəraət qazandıra bilərəm ki, indiyədək islahat keçirməmişlər, nə də özümüzə təskinlik verə bilərəm ki, bəli, onlar edə bilməmişlər, biz də edə bilmirik. Sadəcə olaraq demək istəyirəm ki, onlar bu işə o vaxtlar başlamışlar, xüsusən 1991-ci ildən Rusiyada bu proseslər çox ciddi getmişdir. Amma bizdə, Azərbaycanda bu proseslər heç getməmişdir.

Azərbaycanda bu işi indi başlamışıq. Lakin bu o demək deyil ki, mən bizim komissiyalara şərait yaradıram ki, onlar bu vəziyyətlə razılaşsınlar. Yox, ona görə deyirəm ki, torpaqla bağlı olan məsələ çox mürəkkəbdir. Buna çox həssas yanaşmaq lazımdır, eyni zamanda qəbul etdiyimiz qanunları sürətlə həyata keçirməliyik.

Özəlləşdirmə proqramı barədə. Tofiq Əzizovu baş nazirin müavini - Əmlak Komitəsinin sədri təyin etdik. Ona bir müddət vaxt verdik, özəlləşdirmə proqramını hazırladıq. Həmin proqrama bir dəfə baxdıq, yaramadı, əlavə göstərişlər verdik. Proqramı yenidən hazırlamışdır. Bundan sonra mən ona tövsiyə etdim ki, getsin Orta Asiya respublikalarında bu işlə tanış olsun. Ötən ilin oktyabrında mən bir gün Türkmənistanda oldum. Orada söhbətlərim zamanı məndə belə bir təsəvvür əmələ gəldi ki, onlar hər şeyi ediblər. Pambıq istehsalı da, taxıl istehsalı da, - hər şey artmışdır. Məni çox təəccübləndirdi ki, axı, vaxtilə Türkmənistanda ildə təxminən 150 min ton taxıl istehsal oluna bilərdi. Çünki onlar belə hesab edirdilər ki, oranın torpağı ancaq pambıq üçün yararlıdır. Mənə isə dedilər ki, keçən il bir milyon tondan artıq taxıl istehsal etmişlər. Soruşdum ki, bu, necə olub, yeni torpaq sahələrimi tapmısınız, yeni işlərimi görmüsünüz? Dedilər ki, yox, islahatlar aparırıq, ona görədir.

Elə ona görə də Tofiq Əzizova dedim ki, oraya get, Özbəkistanda, Qırğızıstanda da vəziyyəti öyrən. Çünki onların şəraiti, xüsusən kənd təsərrüfatında bizimkinə uyğundur. Xalqlarımızın mentaliteti də birbirinə bir az yaxındır. Ona görə oraya göndərdim. Dedim ki, sən gedib məsələn, Baltikyanı ölkələrdən nə isə gətirsən, bu, bizdən ötrü bəlkə də o qədər uyğun olmasın. Ancaq bu respublikalar bizə yaxındır və keçmişdə də əlaqələrimiz olmuşdur. Lakin bayaq dediyim kimi, telefonla mənə verdiyi məlumatdan belə başa düşdüm ki, bu proseslər orada da çox çətin keçir.

Ancaq buna baxmayaraq, - mən yenə özəlləşdirmə proqramına qayıdıram - dünən Tofiq Əzizov məlumat verdi ki, proqram artıq hazırdır. Göstəriş verdim ki, proqramın layihəsini müəyyən vəzifəli şəxslərə paylasın və onlar 2-3 gün ərzində onunla tanış olsunlar. Sonra yığışıb proqramı müzakirə etməliyik. Tofiq Əzizovun dediyinə görə, guya bu proqram bütün başqa respublikalarda həyata keçirilmiş proqramlardan yaxşıdır. Hələ dəqiq bilmirəm, ona görə guya deyirəm. Allah eləsin ki, belə olsun. Ancaq belə olmasa da, şübhəsiz ki, biz özəlləşdirmə proqramını lazımi səviyyəyə gətirib çatdırmalı və özəlləşdirməni həyata keçirməliyik.

Bir sözlə, biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik. Mən bunu dəfələrlə demişəm, amma belə hesab edirəm ki, təkrardan heç kəs zərər çəkməmişdir. Çünki bizim insanların psixologiyası illərlə o qədər formalaşmışdır ki, bəziləri köhnə adət-ənənələrdən, köhnə quruluşdan bərk-bərk yapışmışlar. Ona görə də onları bundan qoparmaq, insanların psixologiyasında dəyişiklik, inqilabi dəyişiklik əmələ gətirmək üçün dəfələrlə deyirəm ki, başqa yol yoxdur, bu yolla gedəcəyik və getməliyik.

Ancaq islahatlar təkcə aqrar sahədə islahatlardan, özəlləşdirmədən ibarət deyildir. Məsələn, valyuta sahəsində gördüyümüz tədbirlər maliyyə sistemimizdə müəyyən sərbəstlik yaradacaqdır. Yaxud qiymətlərin, məsələn, çörəyin qiymətlərinin sərbəstləşdirilməsi, ixrac-idxal əməliyyatları ilə əlaqədar tədbirlərimiz - bunların hamısı respublika iqtisadiyyatının sərbəstləşdirilməsi prosesidir. Bilirsiniz ki, mən bu barədə bir neçə fərman vermişəm və bunlar artıq öz nəticələrini göstərir.

Məsələn, oktyabr-noyabr aylarını təsəvvürünüzə gətirin: taxıl, çörək təminatı ilə bağlı necə böhranlı vəziyyətdə idik. Xatirimdədir, Aşqabata getmişdim, mənə telefonla zəng etdilər ki, bir günlük un ehtiyatı qalmışdır, əgər un tapılmasa, bir gündən sonra Bakı çörəksiz qalacaq. Yadımdadır, o zaman biz nə qədər çətinliklə Türkiyədən, İrandan, başqa yerlərdən un, taxıl gətirdik. O vaxtlar elə bir çətin dövr yaşadıq ki, çörək bişirmək üçün iki günlük un ehtiyatı təmin edə bilirdik, üçüncü günə un qalmırdı. Ona görə də gecə-gündüz məşğul olurduq ki, necə edək, üçüncü gün də çörək olsun. Belə bir şəraitdə Bakıda gündə 900 ton çörək bişirilirdi. Dünən müşavirə keçirirdim. Kamil Məmmədov məlumat verdi ki, indi gündə 770 ton çörək bişirilir. Demək, 130 ton az bişirilir. Amma hamının da çörəyi var, növbə də yoxdur. İnsanlar çörəklə təmin olunmuşdur. Hətta mənə deyirlər ki, keyfiyyət də get-gedə yaxşılaşır.

Görürsünüz, dörd-beş ay əvvəl bunlar nə qədər ağır problemlər idi. Biz indi bundan çıxdıq. Bir tərəfdən, şübhəsiz ki, Avropa Birliyinin yardımı bizə kömək etdi. Amma ikinci tərəfdən, qiymətləri ki, sərbəstləşdirdik, şübhəsiz, bu, hər şeyi yerinə qoydu. İndi mən fikirləşirəm ki, artıq bişirilən həmin 130 ton çörək hara gedirdi. Demək, yəqin ki, o vaxtlar çörəyin qiyməti ucuz idi, ona görə bəziləri artıq alırdı, yarısını atırdı, bəziləri heyvana verirdi, indi bunu edə bilmir. Ona görə də 130 ton az çörək bişirilir.

Çörək problemi bizə məlumdur. Mən bunu burada işlədiyim vaxtlardan, 70-ci illərdən, lap əmin-amanlıq vaxtlarımızdan xatırlayıram. O vaxtlar da problem qalxırdı ki, bişirilən çörəyin yarısı atılır. Zibil yeşiklərində nə qədər çörək olurdu. Nə üçün? Çünki çörək o qədər ucuz idi ki, yüz-iki yüz qram lazım olanda gedib bir kiloqram alırdılar. Bir azını yeyir, qalanını da atırdılar. Mənim xatirimdədir, 1980-1981-ci illərdə, çörəyin kiloqramı 20 qəpiyə olanda məsələ qaldırıldı ki, qiymət iki dəfə artırılsın. Lakin qarşısı alındı ki, yox, bu, sosial problemdir, bunu etmək olmaz. O vaxtın öz problemləri var idi. Amma indi başqa şəraitdə yaşayırıq.

Demək istəyirəm ki, gördüyümüz tədbirlər istehsal ilə tələbatı müəyyən qədər tənzimləmişdir. Təkcə bu deyil, başqa təsirlər də var. Bu baxımdan şübhəsiz ki, son illərdə atdığımız addımların beynəlxalq təşkilatlar tərəfindən bəyənilməsi, qəbul olunması göstərir ki, onlar artıq bu qənaətə gəlmişlər ki, bəli, Azərbaycanda iqtisadiyyat həqiqətən sərbəstləşir, iqtisadi islahatlar həyata keçirilir. Məhz buna görə də Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkışaf Bankı və başqa beynəlxalq təşkilatlar artıq üzlərini Azərbaycana çevirmişlər.

Məsələn, Avropa Birliyini götürək. Biz bu yaxınlarda Brüsselə gedib Avropa İqtisadi Komissiyasının sədri Jak Santerlə və başqaları ilə görüşlər keçirdik. Siz bilirsiniz, bunlar bizə 300 min ton taxıl yardım etmişlər. Bunun hesabına biz çörək təminatını həll edə bildik. Bizə 68 milyon ekyü kredit vermişlər. Onun bir hissəsinə dərman və deyəsən, ət alınmışdır, qalan hissəsindən də istifadə olunacaqdır. Avropa Birliyi indi artıq Azərbaycanı tanıyır, ehtiyaclarımızı dərk edir. Məhz ona görə ki, bəli, qəbul edir ki, Azərbaycan artıq iqtisadi islahatlar yolu ilə gedir. Bu yolla getdiyimizə, iqtisadiyyatda sərbəstləşdirmə prosesini apardığımıza görə həmin bu beynəlxalq maliyyə orqanları, iqtisadiyyat orqanları Azərbaycana kömək edirlər.

Bu, onların köməyinin bir qismidir. Onlar hər bir ölkənin iqtisadiyyatını dirçəltmək üçün, - əgər bu ölkə doğrudan da, demokratik principlər əsasında yaşayırsa, iqtisadiyyatı da bu prinsiplər əsasında qurursa, - ona kömək edirlər. Birinə çox, birinə az kömək göstərirlər. Ancaq indiyədək Azərbaycana heç bir kömək olmamışdır.

Məsələn, mayın 29-da Parisdə Dünya Bankının böyük bir Toplantısı keçiriləcəkdir. Orada Azərbaycanın məsələlərinə də baxılacaq və biz böyük hazırlıq işləri görürük. Fuad Quliyev və bizim başqa vəzifəli şəxslər oraya gedəcəklər. Mən bu gün Vahid Axundovla söhbət etdim. O dedi ki, 1992-ci ildə də Dünya Bankında Azərbaycana kömək göstərilməsi məsələsinə baxılmışdı. Belə fikir var idi ki, Azərbaycana 400 milyon ABŞ dolları məbləğində kredit verilsin və ya kömək göstərilsin.

Vahid Axundov bunu mənə danışıb. Deyir ki, çıxış etdik, sübut etdik, onu etdik, bunu etdik, ancaq bu məsələnin dalınca getmədilər, nə taxıl gəldi, nə də kredit. Heç bir şey gəlmədi. Şübhəsiz ki, gələ də bilməzdi. Çünki o qədər qeyri-sabitlik olan, kimin kim olması, kimin hakim olması bilinməyən respublikaya kim kömək edəcəkdi?

Yəni son dövrdə Azərbaycan Respublikası beynəlxalq aləmdə özünü tanıtdığına görə, öz yerini tutduğuna görə, böyük dövlətlərlə ikitərəfli əlaqələr yaratdığına, beynəlxalq təşkilatların işində fəal iştirak etdiyinə görə, ölkənin iqtisadiyyatında sərbəstləşdirmə prosesi getdiyinə və bunların nəticəsi göz qabağında olduğuna görə həm Avropa Birliyində, həm Dünya Bankında, həm Beynəlxalq Valyuta Fondunda, həm də Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycana münasibət tamamilə dəyişmişdir. Məsələn, o köməyi ki, indi onlar bizə edirlər və etməlidirlər, bunu Ermənistana və Gürcüstana çoxdan etmişdilər. Amma bizə etməmişlər. Amerika Ermənistana birbaşa kömək göstərir, bizə isə yox. Çünki 907-ci maddə var. Klinton bu yaxınlarda, aprelin 24-dəki bəyanatında dedi ki, Amerika Ermənistana 425 milyon dollar yardım etmişdir. Bu, bilavasitə yardımdır. Ancaq beynəlxalq iqtisadi-maliyyə təşkilatları bütün ölkələrə, yəni bizim kimi ölkələrə yardım göstərirlər.

Azərbaycana isə indiyədək heç bir yardım olmamışdır. Bilirsiniz ki, Beynəlxalq Valyuta Fondu bizə 46 milyon dollar yardım ayırdı, onun ikinci hissəsi də olacaqdır. Dünya Bankı 70 milyon dollar ayıracaqdır. Neft şirkətinə 20 milyon dollar kredit ayrılmışdır. Energetika sahəsinə, Yenikənd Su Elektrik Stansiyasının tikilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı kredit ayırmışdır. Bakının su təchizatı məsələsi üçün də kredit ayrılmışdır. Bunlar hamısı məhz ona görədir ki, bir də deyirəm, Azərbaycanda gedən proseslər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilmişdir və respublikamızın bazar iqtisadiyyatı yolu ilə getməsi artıq heç kəsdə şəkk-şübhə doğurmur.

Bütün bu yardımlar, kreditlər respublikada məhz iqtisadiyyatda ciddi dəyişikliklər etmək üçün verilmişdir. Beynəlxalq maliyyə təşkilatlarının hamısı bilir ki, bu iqtisadi dəyişikliklər gedən, islahatlar aparılan ölkədə, şübhəsiz, maliyyə çatışmazlığı, iqtisadi çətinliklər olur. Bax, bu çətinliklərin qarşısını almaq üçün - həmin respublika, ölkə dirçələ bilsin, yeni iqtisadiyyat yolu ilə gedə bilsin deyə - bu kreditlər, yardımlar verilir. Bunlar müsbət hallardır və yüksək qiymətləndirilməlidir. Birincisi o mənada ki, Azərbaycanda iqtisadiyyat sahəsində gedən proseslər tanınır, qiymətləndirilir; ikincisi, ona görə ki, bu yardımlar, kreditlər, şübhəsiz, iqtisadiyyatımıza xeyli kömək edəcəkdir. Brüsselə səfərim zamanı mən indiyədək bizə olunan yardımlara görə təşəkkür etdim, ancaq eyni zamanda biz danışdıq ki, bu ilin ikinci yarısı və 1996-cı il üçün Avropa Yenidənqurma və İnkişaf Bankından hansı yardımlar ediləcəkdir. Mən bu barədə onlara müraciət etdim. Mayın 8-də onların nümayəndələri buraya gələcək və müəyyən işlər görüləcəkdir. Güman edirəm ki, bu ilin ikinci yarısında və 1996-cı ildə də Avropa Birliyinin yardımı davam edəcəkdir.

Bunları sizə deməkdə bir məqsədim var. O da bundan ibarətdir ki, hamı inanmalıdır, - biz iqtisadi islahatları keçirməliyik və bunun üçün beynəlxalq iqtisadi-maliyyə təşkilatları kömək edirlər və edəcəklər. Ancaq bu yardımları alıb, loru dillə desək, yeyərək islahatları aparmayacayıqsa, şübhəsiz, yardımı da kəsəcəklər və biz tamamilə quru yerdə qalacağıq. Bunu bilmək lazımdır. Ona görə də gərək hərə öz sahəsində təşəbbüskar olsun. Əlbəttə, qanunlar lazımdır, qəbul etdik. İndi aqrar sahədə komissiyalar işləyir. Tofiq Əzizov özəlləşdirmə proqramını hazırlamışdır, baxıb qəbul edəcəyik. Bunlar əsasdır, ümumi sənədlər lazımdır. Lakin iş təkcə bunlarda deyil. Hər bir sahədə təşəbbüskarlıqla da çox iş görmək olar.

Bilirsiniz, ümumiyyətlə, sərbəst iqtisadiyyatın, bazaar iqtisadiyyatının ən böyük xüsusiyyətləri ondan ibarətdir ki, insanlara sərbəstlik verilir, onlar təşəbbüs göstərərək çox iş görə bilir. Bizim müəssisə, idarə rəhbərləri bu sərbəstlikdən istifadə etməlidirlər. Amma iqtisadiyyatı qaldırmaq, ümumi işimizi irəli aparmaq üçün istifadə etməlidirlər. Təəssüflər olsun ki, - bunu sonradan unutmamaq üçün deyirəm, - bəzi yerlərdə müəssisə rəhbərləri, ayrı-ayrı iqtisadi orqanlara rəhbərlik edən adamlar bu sərbəstlikdən yalnız cinayət etmək, öz şəxsi məqsədləri üçün istifadə edirlər.

Məsələn, \"Metallurgiya\" şirkətinin prezidenti Həmidov böyük bir sahəyə rəhbərlik edirdi. Ona böyük etimad göstərilmişdi. Nə üçün o, gərək dağıdaydı, cinayət törədəydi? Bir neçə ay öncə Fuad Quliyev də, baş prokuror da mənə məlumat verdilər ki, bu adam cinayət edir, onu işdən çıxarmaq, həbs etmək lazımdır. Dedim ki, bir də baxın, görün, bəlkə o qədər də böyük cinayəti yoxdur. Yəni, mən bu adamın aqibətinə çox böyük dözüm və sayqı ilə yanaşdım. Ancaq iki-üç ay keçəndən sonra yeni hadisələr meydana çıxdı. Ona görə də onu işdən çıxarmağa məcbur oldum.

Şübhə etmirəm ki, yəqin, prokurorluq orqanları lazımi iş görürlər. Hətta onu həbs etdilər, lakin mən qoymadım, dedim ki, istintaqı həbssiz aparın. İndi prokuror deyir ki, istintaq qurtarıb, işi Ali Məhkəməyə verməlidirlər. Şübhəsiz, Ali Məhkəmə onun cəzasını verəcəkdir. Əlbəttə, ədalətlə.

Axı niyə gərək belə olsun, nə üçün? Ancaq belələri bizim sıramızda çoxdur. Mən bunu tam qətiyyətlə deyirəm və hamı da bilməlidir ki, heç kəs bağışlanmayacaqdır. Bizim dözümlülüyümüz, xüsusən, çox məsələlərə mənim dözümlü, qayğıkeş yanaşmağım heç kəsdə belə bir əhval-ruhiyyə yaratmasın ki, bunlar bağışlanacaqdır.

Mən sadəcə olaraq ona görə dözürəm ki, insanlara müəyyən qədər imkan verək, öz səhvlərini anlasınlar, başa düşsünlər, düz yola gəlsinlər. Bilin, mənim bir məqsədim də bundan ibarətdir.

Ancaq təəssüf ki, bəziləri özləri üçün nəticə çıxarmırlar. Bəzi nazirliklərdən və sairədən çox qeyri-sağlam siqnallar gəlir. Məsələn, Rabitə Nazirliyindən çox narahatedici siqnallar daxil olur. Bir faktı da demək istəyirəm. Biz iqtisadiyyatı sərbəstləşdirmişik və çox çalışırdıq ki, Azərbaycana xarici investisiyalar gəlsin, xarici firmalar gəlib burada işləsinlər. Ancaq bu firmaların bəzilərinin nümayəndələri ilə görüşərkən onlar mənə nə deyirdilər? Şübhəsiz ki, hamısı ilə görüşməyə imkanım yoxdur, lakin bəzi hallarda buna imkan tapıram. Görüşən kimi deyirlər ki, biz gəlirik, təklif edirik, ancaq sizin rəhbər vəzifəli adam bu məsələnin müzakirəsindən əvvəl soruşur ki, bundan mənə nə düşəcək? Bilirsiniz, bunu xarici ölkənin nümayəndəsindən, şirkət rəhbərindən eşidəndə, elə bil alnıma güllə vururlar. Belə də vicdansızlıq, belə də namussuzluq olarmı? Sən iş gör, əgər görəcəksənsə, sənin müəssisənə də, şirkətinə də, nazirliyinə də xeyir verəcəkdir. Yəqin ki, bu xeyirdən sənin kollektivin də, özün də götürərsən. Ancaq işə başlamadan deyəsən ki, bundan mənə nə çatacaq, əvvəl de görüm, nə götürəcəyəm, mənə bu qədər ver, - belə olmaz. Bir çoxları deyir ki, biz buraya gəlib yatırım, investisiya qoymaq istəyirik, amma bizdən rüşvət tələb edirlər. Rüşvət də odur ki, mənə nə qədər verirsən, vermirsənsə, çıx get.

Mən belələrinin bəzilərini bilirəm. Bu gün adlarını çəkmək istəmirəm, araşdırılır, onların hamısını cəzalandıracağam. Ancaq hərə özü üçün nəticə çıxarmalıdır. Bu xəstəlikdən xilas olmaq lazımdır. Bu xəstəlik 1990-cı ildən Azərbaycanda yayılmışdır. Azərbaycanda rüşvətxorluq çoxdan var, bu, şübhəsizdir. Mən bunu bir neçə dəfə demişəm. 1969-cu ilin iyul ayında mən Azərbaycanın rəhbərliyinə gələndə ilk addımlarımı rüşvətxorluqla mübarizədən başlamışam. Bu salonda oturan adamların bəziləri bunun şahididir. Yəni bu məsələyə mənim münasibətim otuz-qırx il əvvəl bildirilib və mövqeyim dəyişməmişdir. Əksinə, daha da kəskinləşmişdir. Ancaq rüşvətxorluq o vaxta nisbətən nə qədər artmışdır! Bir var ki, vəzifəyə adam qoyur, hansısa işi düzəldir, rüşvət alır. Bu da cinayətdir, dözülməzdir. Amma bir də var ki, xarici ölkənin şirkəti, nümayəndəsi gəlib burada iş görmək, Azərbaycanın iqtisadiyyatına bir balaca kömək etmək istəyir, müştərək işlə bizi bu iqtisadiyyata bağlamaq istəyir, lakin qarşısı alınır ki, yox, əgər mənə filan qədər verməsən bu iş baş tutmayacaqdır. Bundan dəhşətli nə ola bilər? Bax, belə adamlar bizim xalqımızı, millətimizi, müstəqil dövlətimizi ləkələyirlər.

Bunların hamısı ilə mübarizə aparmaq lazımdır. Güman edirəm, Nazirlər Kabineti bu işlərlə ciddi məşğul olacaqdır. Nazirlər Kabinetinin təkcə rəhbərliyi deyil, bütün tərkibi belə düşünməməlidir ki, bununla kimsə başqası məşğul olmalıdır. İndi bizim bütün həyatımız vəzifəsindən sui-istifadə etmək, ayrı-ayrı iqtisadi əlaqələrdən şəxsi mənfəət götürmək cəhdləri, rüşvətxorluq və cürbəcür başqa çirkin hallarla bağlanmışdır. Ona görə də hər addımda bunlarla ciddi mübarizə aparılmalıdır.

Yenə də qayıdıram əsas mövzuya. Bu da ondan ibarətdir ki, biz gərək iqtisadi islahatları həyata keçirək. Bir də təkrar edirəm, yardımlar da ona görə verilir ki, biz iqtisadi islahatları aparırıq. Həmin yardımlardan da istifadə etməliyik. Güman edirəm ki, Ermənistanın təcavüzü ilə əlaqədar indi Azərbaycanın daxili həyatı nə qədər çətin olsa da, bir milyondan artıq qaçqınımız olsa da, iqtisadi potensialımız da böyükdür. Bundan səmərəli istifadə etməliyik. İndi beynəlxalq təşkilatlarla apardığımız işlər, bizə həm ərzaq malları ilə göstərilən maddi yardım, həm maliyyə yardımı, həm birbaşa yardım, həm də verilən kreditlər istər maliyyə vəziyyətimizi yaxşılaşdırmağa imkan verir, istərsə də bunlardan istifadə edərək, islahatlar keçirərək istehsalı artırmağa şərait yaradır.

Bizə maliyyə yardımı göstərilir, bilirsiniz ki, neft müqaviləsindən müəyyən qədər bonus alırıq, ona görə də müəyyən valyuta ehtiyatımız var. Buna da tam sərbəstlik vermişik. Milli Bankın sərəncamındadır. Mən bizim dar çərçivədə keçirilən müşavirələrdə demişəm, burada da demək istəyirəm, - bəziləri elə düşünməsinlər ki, bütün bu kanallarla gələn valyuta adamların məvaciblərinin artırılmasına, yaxud büdcəni sağlamlaşdırmağa və sairəyə veriləcəkdir, yox. Bunun əksəriyyətindən məqsədli, yəni istehsalı artıraraq məhsul əldə etmək üçün istifadə olunacaqdır.

Belə olan halda, tutaq ki, bir yerə 10-20 milyon dollar xərc qoyub, əvəzində 40-50 milyon dollar götürəriksə, bu, səmərəli olacaq. Yoxsa ki, bu gün on milyon dolları ver, o vəziyyətini yaxşılaşdırsın, bu vəziyyətini yaxşılaşdırsın, - onda biz bunların hamısını itirərik və gələn ilə heç bir şey qalmaz. Ona görə də bu məsələyə də Nazirlər

Kabinetində çox ciddi baxılmalıdır və mən onlardan bu vəsaitdən istifadə edilməsi haqqında təkliflər gözləyirəm. Yenə də deyirəm, bu istifadə tam səmərəli olmalıdır. Tapşırıq verdim ki, hər bir müəssisə, birlik, şirkət, nazirlik öz təkliflərini hazırlasın. Bax, bunları hazırlayarkən nəzərdə tutmaq lazımdır ki, indi ayrı-ayrı müəssisələrin dirçəlməsi, inkişafı üçün, yeni məhsullar istehsal etməsi üçün valyuta vermək imkammız var. Şübhəsiz ki, bu işdə özbaşınalığa yol verə bilmərik, hər şey əsaslandırılmış olmalıdır. Demək istəyirəm ki, imkanlarımız var və bunlardan səmərəli istifadə etsək, bizə gələn yardımları qısa müddətdə öz istehsalımızla, gördüyümüz işlə iki-üç dəfə artıra bilərik. Bu da Nazirlər Kabinetinin vəzifələrindəndir.

Mənim deyəcəyim bu qədər. Güman edirəm ki, bu gün sizə çatdırdığım fikirlər lazımdır, vəziyyətimizi, imkanlarımızı, məqsədlərimizi bilməlisiniz. Belə hesab edirəm ki, Nazirlər Kabineti öz fəaliyyətini gücləndirəcək, xüsusən iqtisadiyyat sahəsində qarşımızda duran vəzifələrin yerinə yetirilməsində öz yerini tutacaq, rolunu oynayacaqdır. Sağ olun.