Azərbaycan Prezidenti Heydər Əliyevin Amerikanın \"Oyl ənd Qaz\" jurnalının xəbərlər redaksiyasının baş redaktoru Riçard Uitliyə müsahibəsi - Hyüston, 2 avqust 1997-ci il

Jurnalist: Cənab prezident, mənə vaxt ayırdığınıza görə təşəkkür edirəm və Sizinlə görüşümdən şərəf duyuram. Amerikaya ilk rəsmi səfəriniz münasibətilə Sizi təbrik edirəm və Sizə böyük uğurlar arzulayıram.

Heydər Əliyev: Səmimi sözlərə görə çox sağ olun. Bəli, mənim Amerikaya rəsmi səfərim uğurlu keçir.

Jurnalist: Cənab prezident, xahiş edirəm üstündə jurnalımızın adı həkk olunmuş bu hədiyyəni məndən qəbul edəsiniz. Mən jurnalımızın redaktoru cənab Kennedinin salamını Sizə çatdırıram.

Heydər Əliyev: Çox sağ olun.

Jurnalist: Cənab prezident, şəklinizi çəkməyə icazə verirsinizmi?

Heydər Əliyev: Buyurun, mən heç bir şeyə məhdudiyyət qoymuram. Mənim mətbuatla əlaqəm çox yaxşıdır.

Sual: Cənab prezident, Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunmasından əldə etdiyiniz tərəqqi barədə fikirlərinizi mənimlə bölüşərsinizmi?

Cavab: Bəli, bizim nailiyyətlərimiz vardır. 1994-cü ilin sentyabrında biz dünyanın nüfuzlu neft şirkətlərinin böyük bir qrupu ilə tarixi əhəmiyyətli bir müqavilə imzalamışıq. Bu müqaviləyə \"Əsrin müqaviləsi\" adı verilibdir. Doğrudan da bu, çox böyük bir müqavilədir.

Bu gün deyə bilərəm ki, həmin müqavilə artıq həyata keçirilir. Müqavilə üzrə birgə işlənən yataqlardan bu ilin sentyabr ayında neft hasil ediləcəkdir. Biz bu neftin dünya bazarına ixrac olunması üçün boru kəmərlərinin tikilməsi işinə başlamışıq. İlk neft kəməri tikilibdir. Digər boru kəməri də tikilir. Birinci boru kəməri Rusiyanın ərazisindən Qara dənizin Novorossiysk limanına, ikinci neft kəməri isə Qərb istiqamətində - Gürcüstan ərazisindən Qara dənizin Supsa limanına gedəcəkdir. Böyük neft kəmərinin tikilməsi üçün də hazırlıq işləri görülübdür. Hesab edirik bu neft kəməri Türkiyənin ərazisindən keçib Aralıq dənizindəki Ceyhan limanına getməlidir.

1994-cü ildə imzaladığımız müqavilədən sonra biz bir neçə müqavilələr də imzalamışıq. Mən Amerikaya rəsmi səfərə gələnədək biz altı müqavilə imzalamışdıq. Biz Vaşinqtonda \"Şevron\", \"Eksson\", \"Mobil\" şirkətləri ilə üç müqavilə imzaladıq. Bu müqavilələr Ağ evdə imzalandı. İndi doqquz böyük müqavilə vardır. Vaşinqtonda bu üç müqavilədən əlavə biz \"AMOKO\" şirkəti ilə bir neft yatağımızın birgə işlənməsi üçün onlara müstəsna hüquq verilməsi haqqında saziş imzaladıq. Yəqin ki, onuncu müqavilə də \"AMOKO\" şirkəti ilə imzalanacaqdır.

Sual: Cənab prezident, bu məsələ ilə bağlı bir sualım da var. \"Azəri\", \"Çıraq\" və \"Günəşli\" yataqları barədə həddindən çox yazılıbdır. Bu yataqların istismarı ilə bağlı çoxlu fikirlər irəli sürülübdür. Azərbaycanda digər neft yataqları, məsələn, Neft Daşları kimi köhnə yataqlar vardır. Bu yataqların istismar edilməsi üçün hansı addımlar atılır?

Cavab: Bilirsiniz, biz Neft Daşlarını 50 ildir istismar edirik və bundan sonra da edəcəyik. Amma sizin adını çəkdiyiniz yataqlar yeni yataqlardır. Məsələn, zəngin \"Günəşli\" yatağının bir hissəsindən biz çoxdan neft çıxarırıq. Onun suyun çox dərinliyində olan digər hissəsi isə \"Azəri\", \"Çıraq\" neft yataqları ilə bərabər ilk müqaviləyə daxil edilibdir. \"Azəri\", \"Çıraq\" , \"Günəşli\" yataqlarından sonra \"Qarabağ\" yatağı vardır. Biz ABŞ-ın \"Pennzoyl\" şirkəti və digər şirkətlər ilə o yatağın istismar olunması barədə müqavilə imzalamışıq. \"Şahdəniz\", \"Dan Ulduzu\", \"Əşrəfi\", \"Lənkəran-Dəniz\", \"Talış-Dəniz\", \"Yalama-Samur\" yataqları üzrə də bir sıra ölkələrin şirkətləri ilə müxtəlif müqavilələr imzalanıbdır.

Dünən Ağ evdə biz \"Abşeron\", \"Naxçıvan\", \"Oğuz\" yataqlarının birgə işlənməsi üçün \"Şevron\", \"Eksson\", \"Mobil\" şirkətləri ilə müqavilələr imzalamışıq. Müqavilə imzalayacağımız yataqların sayı gələcəkdə daha da artacaqdır.

Sual: Cənab prezident, \"Kəpəz\" yatağının istismarından \"Rosneft\" şirkətinin geri çəkilməsi nə ilə əlaqədardır?

Cavab: Bilirsiniz, \"Kəpəz\" yatağı Xəzərdə Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşir. Rusiyanın \"LUKoyl\", \"Rosneft\" şirkətləri bir neçə dəfə danışıqlar aparmışdılar. Biz bildirmişdik ki, bu yataq həm Azərbaycana, həm də Türkmənistana məxsusdur. Mən Rusiyada rəsmi səfərdə olarkən \"LUKoyl\", \"Rosneft\" şirkətləri və Rusiya hökuməti bizə təklif etdilər ki, bu yatağın işlənməsi ilə əlaqədar biz saziş imzalayaq. Yəni bu, müqavilə deyildir. O, sadəcə, bu yatağın birgə işlənməsi barədə bir protokoldur. Biz bunu imzaladıq. Amma sonra Türkmənistan bundan narazı oldu. Biz bildirdik ki, Türkmənistanın bu yataqdakı haqqını danmırıq. Yəni bu yataq sərhəddə yerləşir, - onun bir hissəsi Türkmənistan sektorunda, digər hissəsi Azərbaycan sektorundadır. Ona görə də biz nəzərdə tuturuq ki, orada müştərək iş görməliyik. Türkmənistan isə iddia edir ki, bu yataq onun sektorundadır.

Ümumiyyətlə, Türkmənistanın mövqeyini anlamaq mümkün deyildir. Türkmənistan bir tərəfdən Xəzərin sektorlara bölünməsi prinsipinin əleyhinədir. Biz isə Xəzərin sektorlara bölünməsi prinsipi əsasında işləyirik və bunu ədalətli hesab edirik.

Sual: Bəs kondominiuma necə baxırsınız?

Cavab: Türkmənistan kondominiumun tərəfdarıdır. Əgər kondominium olsa, Türkmənistanın haqqı yoxdur desin ki, biz \"Kəpəz\" neft yatağı üzrə nə üçün protokol imzalamışıq. \"Kəpəz\" neft yatağı Xəzər dənizinin düz ortasındadır. Kondominiuma görə orada iş görməyə bizim ixtiyarımız vardır. Türkmənistan da kondominium prinsipinə tərəfdardır. Amma biz \"Kəpəz\" yatağı üzrə sənəd imzalayandan sonra Türkmənistan sektor prinsipi əsasında deyir ki, bu yataq onların sektorunda yerləşir.

Biz hesab edirik ki, sektor prinsiplərinə görə \"Kəpəz\" sərhəddə yerləşir, onun yarısı Türkmənistanın, yarısı Azərbaycanındır. Kondominiuma görə isə \"Kəpəz\" yatağını vaxtilə Azərbaycan mütəxəssisləri açdığına və orada quyu qazdığına görə həmin yatağı tamamilə götürüb istifadə etməyə bizim ixtiyarımız vardır.

Sual: Siz Xəzərin dəniz olması barədə beynəlxalq prinsipin tərəfdarısınız, onun göl adlandırılmasının tərəfdarı deyilsiniz, doğrudur?

Cavab: Bilirsiniz, Xəzərin dəniz, ya göl olmasını gərək araşdıraq. Mən bu barədə indi bir söz demək istəmirəm. Biz bir şeyi əsas götürürük: Xəzər dənizində bütün neft yataqlarını Azərbaycan açıbdır. Sovet İttifaqının hakimiyyəti dövründə Xəzərdə bütün neft hasilatı işləri ilə Azərbaycan məşğul olurdu. Ona görə də Xəzərdəki bütün neft yataqlarında bizim haqqımız vardır. Bundan əlavə, 1970-ci ildə Sovet hökuməti Xəzər dənizinin sektorlara bölünməsi haqqında qərar qəbul edibdir. Biz Xəzər dənizində hasil olunan nefti həmişə o qərar əsasında bölmüşük. Sovet hakimiyyəti dövründə Xəzərdə neft istehsalı ilə Azərbaycanın neft idarəsinin məşğul olmasına baxmayaraq, sektorlar prinsipi əsasında Azərbaycan sektorunda hasil edilən neft Azərbaycanın hesabına gəlirdi, Türkmənistan sektorunda neft Azərbaycanın Neft İdarəsi tərəfindən çıxarılsa da, Türkmənistanın hesabına gedirdi. Biz bu prinsip əsasında işləyirdik.

Yeni prinsip yaratmaq üçün danışıqlar aparmaq lazımdır. Amma biz hesab edirik ki, bu, ədalətli prinsipdir.

Sual: Cənab prezident, Siz indicə \"danışıqlar\" sözünü işlətdiniz. Bilmək istərdim ki, Azərbaycanın Rusiya ilə münasibətləri sahəsində danışıqlar aparılırmı? Siz ümumiyyətlə, bu münasibətləri necə xarakterizə edirsiniz? Eyni zamanda, İranda yeni prezident seçilmiş Xatəminin hakimiyyətə gəlməsi ilə əlaqədar İran-Azərbaycan münasibətlərində hansı dəyişikliklər gözlənilir? Ümumiyyətlə, Rusiyanın Xəzəryanı dövlətlərə münasibətləri barədə nə deyə bilərsiniz və Azərbaycanın bu barədə mövqeyi nədən ibarətdir?

Cavab: Azərbaycanın Rusiya ilə əlaqələri normaldır. Rusiya Azərbaycanın qonşusudur və böyük bir ölkədir. Azərbaycan vaxtilə 200 il Rusiyanın tərkibində olubdur. Bizim ölkələrimizin iqtisadiyyatı bir-birinə çox bağlıdır. Biz bu iqtisadi əlaqələrimizi davam etdirmək və başqa sahələrdə də əməkdaşlıq etmək istəyirik.

Rusiyada çoxlu azərbaycanlılar, Azərbaycanda da ruslar yaşayırlar. Ona görə də biz istəyirik ki, sıx dostluq əlaqələrimizi daha da inkişaf etdirək.

Mən prezident Boris Yeltsinin dəvəti ilə bu il iyulun 3-4-də Rusiyada rəsmi səfərdə olmuşam. Azərbaycan prezidenti kimi bu, mənim Rusiyaya ilk rəsmi səfərim idi. Görürsünüz, bu qısa müddətdə mən həm Rusiyaya, həm də Amerikaya ilk rəsmi səfər etmişəm.

Mən Moskvada rəsmi səfərdə olarkən Boris Yeltsinlə və başqa şəxslərlə çox ətraflı danışıqlar aparmışam. Biz ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün bir neçə mühüm sənədlər imzalamışıq. Biz bu əlaqələri davam etdirmək istəyirik. Ancaq bu əlaqələr Azərbaycanın müstəqilliyinə toxunmamalıdır, bərabərhüquqlu əlaqələr, həm də Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə olmalıdır.

Biz Azərbaycanın müstəqilliyini çox qoruyuruq. Biz müstəqilliyimizə zidd olan heç bir şeyə yol vermirik.

Bilirsiniz ki, keçmiş Sovetlər İttifaqına mənsub olmuş, indi müstəqil dövlətlər olan ölkələrin bəzilərinin ərazisində Rusiyanın hərbi bazaları, qoşunları vardır. O cümlədən Ermənistanda Rusiyanın böyük hərbi bazası var. Ermənistanın İran və Türkiyə ilə olan sərhədlərini Rusiyanın sərhəd qoşunları qoruyurlar. Ancaq bizdə bunların heç birisi yoxdur. Biz buna heç vaxt imkan verməyəcəyik. Biz Rusiya ilə yaxşı əlaqələr saxlayırıq, ancaq öz suverenliyimizi, müstəqilliyimizi qorumaq və təmin etmək şərti ilə əlaqələrimizi inkişaf etdirmək istəyirik.

Sual: Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün Ter-Petrosyanla Sizin danışıqlarınızda bir tərəqqi əldə edilibmi?

Cavab: Siz imkan verin mən sizin əvvəlki sualınızın ikinci hissəsinə cavab verim. Siz İran haqqında soruşdunuz. İran Azərbaycanın cənubda yerləşən böyük qonşusudur. Biz İran ilə də dostluq əlaqələri saxlamaq istəyirik. İranda 30 milyon azərbaycanlı yaşayır. Bu, İranın əhalisinin təxminən yarısını təşkil edir. Ona görə də İranla normal əlaqələr saxlamaq istəyirik. Amma bizim dövlət quruluşlarımız bir-birindən fərqlənir. Biz onların daxili işlərinə qarışmırıq, onlar bizim daxili işlərimizə qarışmamalıdır. Biz bu prinsip əsasında əlaqələrimizi saxlayırıq.

İranda yeni seçilmiş prezident Xatəmi sabah öz fəaliyyətinə başlayacaqdır. Biz keçmiş prezidentlə də, yeni prezidentlə də normal əlaqələr saxlamaq istəyirik. Əgər yeni prezident İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində bir müsbət təşəbbüs irəli sürsə, biz onun tərəfdarı olacağıq.

Siz Ermənistan haqqında soruşdunuz. Bilirsiniz ki, Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişə mövcuddur. Bu münaqişə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində baş veribdir. Ermənistan Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini silah gücü ilə, müharibə ilə ələ keçirmək və Ermənistana bağlamaq niyyəti ilə bu münaqişəni başlayıbdır. Azərbaycan ərazisinin 20 faizi bəzi səbəblərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı zorla çıxarılıbdır. Onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar. Biz müharibə istəmirik. Ermənistan ilə Azərbaycan arasında üç il bundan əvvəl atəşkəs haqqında saziş imzalanıbdır. Biz bu sazişi qoruyub saxlayırıq. Amma biz daimi sülh əldə etmək istəyirik. Bunun üçün də danışıqlar aparırıq.

Biz bu danışıqları ATƏT-in Minsk qrupu vasitəsilə aparırıq. Bu ilin əvvəlindən Minsk qrupunun üç həmsədri təyin edilibdir. ABŞ həmsədr olmaq vəzifəsini öz üzərinə götürübdür. Onunla bərabər Fransa və Rusiya da Minsk qrupunun həmsədrləridir. Biz ümid edirik ki, bu üç böyük ölkə Minsk qrupuna rəhbərlik etdikləri dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nail olacaqlar.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilən zirvə görüşündə bu münaqişənin sülh yolu ilə həll olunması üçün əsas prinsiplər müəyyən edilibdir. Bu prinsiplər üç maddədən ibarətdir. Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikası tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin - azərbaycanlı və erməni əhalisinin təhlükəsizliyinin təmin olunması. Biz bu prinsipləri qəbul etmişik, Ermənistan isə bunu qəbul etmir. Ermənistan Dağlıq Qarabağa müstəqillik statusu almaq istəyir. Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar da bununla razı ola bilməz. Çünki bu iddia beynəlxalq hüquq normalarına ziddir. Çünki biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verə bilmərik.

Biz kompromislərə getmişik. Gərək Ermənistan da kompromislərə getsin. Mən Ermənistanın prezidenti ilə dəfələrlə görüşmüşəm və gələcəkdə də görüşəcəyəm.

Biz prezident cənab Bill Klintonla dünənki görüşümüzdə bu münaqişənin sülh yolu ilə həll olunması məsələsini geniş müzakirə etdik. Prezident Bill Klinton bəyan etdi ki, ABŞ və onun prezidenti bu münaqişənin sülh yolu ilə həll olunmasına çalışacaqlar və bu sahədə bu il nailiyyət əldə etmək nəzərdə tutulubdur.

Sual: Cənab prezident, Sizcə, 907-ci maddə ləğv ediləcəkmi?

Cavab: Mən çox istəyirəm ki, 907-ci maddə ləğv edilsin. ABŞ Konqresində, o cümlədən Nümayəndələr Palatasında və Senatda keçirdiyim görüşlərim zamanı mən bu barədə geniş danışıqlar apardım. Eyni zamanda, Konqresin spikeri cənab Qinqriçlə, Beynəlxalq Əlaqələr Komitəsinin sədri cənab Gilmanla və prezident Bill Klintonla görüşlərimdə bu məsələni geniş müzakirə etdik. Bu danışıqlarda mənə söz verdilər ki, 907-ci maddənin ləğv olunmasına çalışacaqlar və bunu təmin edəcəklər. Bu maddə mütləq ləğv olunmalıdır.

Bir halda ki, siz Ermənistan-Azərbaycan münaqişəsi ilə maraqlanırsınız, mən bir məsələyə də toxunmalıyam. Bilirsiniz ki, son vaxtlar aşkar edilibdir ki, Rusiya Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs davam etdiyi bir vaxtda Ermənistana bir milyard dollar dəyərində çoxlu silahlar vermişlər. Bu bizi çox ciddi narahat edir. Biz bu barədə etiraz vermişik. Mən Rusiyanın prezidenti ilə danışıqlar aparmışam. Biz tələb etmişik ki, onlar bu silahları geriyə qaytarsınlar, cinayət etmiş insanları cəzalandırsınlar. O silahların içərisində təhlükəli raketlər, hətta nüvə başlıqlı raketlər də vardır. Ona görə də bunlar çox təhlükəlidir.

Sual: Cənab prezident, bilirəm ki, vaxtınız azdır. Amma iki sualım qalıbdır. Birinci sualım belədir: Çeçenistandan keçən boru kəməri təhlükəsizdirmi?

Cavab: İndi təhlükəsizdir. Çünki keçən ay biz - Rusiya, Azərbaycan və Çeçenistan nümayəndələri bu neft kəməri barədə Bakıda saziş imzaladıq. Çeçenistanın prezidenti Aslan Məshədov Azərbaycana gəldi, mənə müraciət etdi. Onların xahişi ondan ibarət oldu ki, bu neft kəmərinin Çeçenistandan keçməsi üçün üçtərəfli saziş imzalansın. Mən buna razı oldum. Rusiyanın prezidenti Boris Yeltsin də buna razı oldu. Nəticədə iyulun 10-da Bakıda üçtərəfli saziş imzalandı. Hesab edirəm ki, indi bu məsələdə heç bir maneə yoxdur.

Sual: Cənab prezident, Bakı keçmiş Sovetlər İttifaqının elm və texnika mərkəzlərindən biri olubdur. Siz Azərbaycana rəhbərlik edərkən və sonra Sovetlər Birliyində yüksək vəzifədə çalışarkən həm Azərbaycan, həm keçmiş Sovetlər Birliyi elminin inkişafı üçün böyük xidmətlər göstərmisiniz. Sizcə Azərbaycan, Bakı yenidən elmi tədqiqat mərkəzinə çevriləcəkmi? Bakıda bu elmi işlərin gedişi necə olacaqdır?

Cavab: Bakı yenidən elm mərkəzinə çevrilir və çevriləcəkdir. İndi biz bunun üçün daha böyük, geniş imkanlar əldə etmişik. Çünki biz müstəqil dövlətik. O vaxtlar biz Sovetlər İttifaqının çərçivəsində hərəkət edə bilirdik. Amma indi görün, Amerika Birləşmiş Ştatlarının elm, tədqiqat mərkəzləri ilə Azərbaycanın elm, tədqiqat mərkəzləri arasında nə qədər böyük əlaqələr yaranıbdır. Bakıda beynəlxalq elmi simpoziumlar keçirilir, dünyanın bütün ölkələrindən oraya nümayəndələr gəlirlər. Artıq dördüncü ildir ki, Bakıda beynəlxalq \"Xəzərneftqaz\" sərgisi keçirilir. Bu sərgidə bu il dünyanın 60 ölkəsindən 250 şirkət iştirak edirdi.

Jurnalist: Cənab prezident, müsahibə üçün çox sağ olun. Vaxtınızı çox aldığıma görə üzr istəyirəm.

Heydər Əliyev: Mən sizdən xahiş edirəm ki, jurnalınızda Azərbaycanın haqqında daha geniş məlumatlar verəsiniz. Mən neft boru kəmərləri barədə bu xəritəni sizə verirəm. Azərbaycan haqqında olan bu kitabları da sizə bağışlayıram. Kitablarda neft haqqında da geniş məlumatlar vardır. Sağ olun.

Jurnalist: Cənab prezident, çox sağ olun.

\"Azərbaycan\" qəzeti, 5 avqust 1997-ci il