Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"En-Eyç-Key\" telekanalına müsahibəsi - 27 fevral 1998-ci il

Sual: Zati-aliləri, prezident Əliyev, Yaponiyaya ilk rəsmi səfəriniz zamanı Siz imperatorla, baş nazir Haşimoto, Yaponiyanın nazirləri və iqtisadi dairələrinin rəhbərləri ilə görüşdünüz. Sizcə, bu səfərin başlıca nəticəsi nədən ibarətdir?

Heydər Əliyev: Başlıca nəticə bundan ibarətdir ki, biz Yaponiya ilə Azərbaycan arasında gələcək hərtərəfli əməkdaşlığın yaxşı bünövrəsini qoyduq. Son illərdə ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etmişdir. Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan və 1992-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradıldıqdan sonra əlaqələrimiz inkişaf etmişdir. Lakin indi, Azərbaycan prezidentinin Yaponiyaya ilk rəsmi səfəri baş tutduqdan, səmərəli danışıqlar aparıldıqdan, söhbətlər, görüşlər keçirildikdən, mühüm sənədlər imzalandıqdan sonra hesab edirəm ki, biz gələcək inkişafımızın yaxşı bünövrəsini qoyduq və Yaponiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın yeni mərhələsini açdıq.

Sual: Dünən Siz dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat imzaladınız. Bu sənədin əhəmiyyəti nədən ibarətdir?

Heydər Əliyev: Hesab edirəm ki, Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında bəyanat tarixi əhəmiyyətə malikdir. Çünki bu bəyanatda gələcək əməkdaşlığımızın prinsipləri və istiqamətləri elan edilmişdir. Buna görə də çox vacibdir ki, bəyanatda Azərbaycan üçün çox əhəmiyyətli müddəalar - onun beynəlxalq vəziyyəti, iqtisadi problemləri ilə bağlı müddəalar təsbit olunmuşdu. Ermənistanla münaqişə vəziyyətinə məruz qalan, ərazisinin bir hissəsi işğal olunan, ərazi bütövlüyü pozulan Azərbaycan üçün çox mühümdür ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, güc işlədilməsi yolu ilə sərhədlərin dəyişdirilməsinin qeyri-mümkünlüyünü bəyan edir. Yaponiya bəyan edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması haqqında ATƏT-in Lissabon zirvə görüşünün prinsiplərini dəstəkləyir. Yaponiya təsdiq edir ki, ölkələr arasında qarşılıqlı münasibətlərin beynəlxalq hüquq normaları pozulmazdır. Bu, çox mühümdür. Yaponiya Ümumdünya Ticarət Təşkilatına daxil olmağımızı dəstəkləməyi öhdəsinə götürmüşdür. Biz Yaponiyanın BMT Təhlükəsizlik Şurasına daimi üzv seçilə bilməsi üçün onu dəstəkləməyi öhdəmizə götürmüşük. Odur ki, bu bəyanatda siyasi məsələlər də var, iqtisadi məsələlər də. O, çox böyük əhəmiyyətə malikdir.

Biz ikinci bir bəyanat - ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında bəyanat da imzaladıq. O da çox mühüm bəyanatdır və əməkdaşlığımızın prinsiplərini, Yaponiya tərəfindən Azərbaycana güzəştli kreditlər ayrılmasını nəzərdə tutur. Məsələn, 20 milyard iyena məbləğində bu cür bir kredit \"Şimal\" elektrik stansiyasının tikintisi üçün ayrılmışdır. 400 milyon iyena məbləğində qrant ayrılmışdır. Bu, Yaponiya Beynəlxalq Əməkdaşlıq Fondunun imkanlarından istifadə edə bilməyimiz üçün bizə yol açır. Hesab edirəm ki, bu fond Yaponiya üçün, Yaponiya ilə digər ölkələr arasında iqtisadi əlaqələr yaradılması üçün çox mühüm təşkilatdır.

Sual: Cənab prezident, Siz \"Böyük ipək yolu\"nun dirçəldiyini bilirdiniz, bizim baş nazir Haşimoto isə bu yolun Asiya ərazisi ilə çəkilməsi konsepsiyasını XXI əsrdə Yaponiya xarici siyasətinin strategiyası kimi bəyan etdi. Burada bizim ölkələrimiz ümumi dil, bu strategiyanın ümumi cəhətlərini tapa bilərlərmi?

Heydər Əliyev: Ən əvvəl deyim ki, mən baş nazir Haşimotonun \"Böyük ipək yolu\" barəsində doktrinasını, diplomatiyasını çox yüksək qiymətləndirirəm. Bu, Yaponiyanın baş naziri tərəfindən tarixi təşəbbüsüdür və mən buna böyük əhəmiyyət verirəm. Əvvəla, burada Yaponiya ilə Azərbaycanın baxışları və fikirləri tamamilə uyğun gəlir. Yaponiya \"İpək yolu\"nun ən ucqar Şərq hissəsində, Azərbaycan isə bu yolun mərkəzində yerləşir və burada çox mühüm strateji mövqe tutur. Təkcə ona görə yox ki, biz bu yolun mərkəzindəyik. Ona görə ki, biz Xəzər dənizinin sahilində yerləşirik. \"İpək yolu\" Yaponiya, Çin və Mərkəzi Asiyadan keçib Xəzərə çıxacaqdır. Xəzərin şərq və qərb sahilləri arasında isə keçid bərəsi var və bu bərə Azərbaycana məxsusdur. Bakı \"İpək yolu\"nun üstündə yeganə iri dəniz limanıdır. Buna görə də Azərbaycan burada çox mühüm yer tutur. Baş nazirin də, mənim də bu məsələyə eyni mövqedən yanaşmağımız bizi çox doğmalaşdırır, yaxınlaşdırır və səylərimizi birləşdirir.

Sual: Siz yeni \"İpək yolu\" dedikdə konkret olaraq nəyi nəzərdə tutursunuz?

Heydər Əliyev: Yeni \"İpək yolu\" köhnə \"İpək yolunun\" bərpa edilməsi deməkdir, amma müasir nəqliyyat vasitələrindən istifadə olunmaqla. Əvvəllər bu yol işləyərkən nəqliyyatın indiki növləri yox idi. Adamlar piyada gedib-gəlirdi və ya adi nəqliyyat vasitələrindən istifadə edirdilər. İndi isə dəmir yolu, avtomobil nəqliyyatı, dəniz gəmiləri var və bunlar \"İpək yolu\"nu min illər əvvəl olduğundan qat-qat səmərəli edir.

Sual: Necə bilirsiniz, Yaponiya \"İpək yolu\"nun dirçəldilməsində və inkişafında nə kimi rol oynayacaqdır?

Heydər Əliyev: Belə düşünürəm ki, Yaponiya kreditlər ayrılması baxımından böyük rol oynaya bilər. Çünki \"İpək yolu\" müasir infrastruktur yaradılmasını nəzərdə tutur. Buna görə də Yaponiya bu infrastrukturun yaradılmasına öz maliyyə imkanları ilə, əlbəttə, böyük töhfə verə bilər. Məsələn, Bakı dəniz limanını, Türkmənistan sahilindəki limanı - Türkmənbaşı limanını inkişaf etdirmək olar. Gürcüstanın Qara dəniz sahilindəki Poti limanını inkişaf etdirmək lazımdır. Başqa ehtiyaclar da var. Buna görə də Yaponiya \"İpək yolu\" üçün çox işlər görə bilər.

Sual: 1993-cü ildə Siz prezident vəzifəsinə başladıqdan sonra Azərbaycanda siyasi vəziyyət sabitləşməyə başladı. Ölkənizdə indiki vəziyyəti Siz özünüz necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Bu dörd il çox çətin və mürəkkəb illər olmuşdur. 1993-cü ilin iyununda Azərbaycanda atrıq vətəndaş müharibəsi gedirdi. Azərbaycan fəlakət həddində idi, əslində parçalanmışdı. Azərbaycan, bir tərəfdən, Ermənistanla müharibə aparırdı və Ermənistan silahlı qüvvələri çox əlverişsiz olan daxili siyasi vəziyyətdən istifadə edərək respublikamızın müxtəlif rayonlarını çətinlik çəkmədən qəsb etmişdilər. Digər tərəfdən, Azərbaycanın daxilində silahlı dəstələrə, qruplara malik olan müxtəlif siyasi qüvvələr hakimiyyət uğrunda öz aralarında mübarizə aparırdılar. Bundan istifadə edən və Azərbaycanı parçalamaq istəyən xarici xüsusi idarələr Azərbaycanın şimal hissəsini ondan qoparıb ayırmaq istəyirdilər və bunu artıq ölkəmizin cənubunda etmişdilər və orada \"Talış-Muğan Respublikası\" deyilən respublika yaradılmışdı.

Sual: Bunlar hansı xarici qüvvələrdir?

Heydər Əliyev: Böyük dövlətlər var və onlar adətən belə imkandan istifadə edirlər. Buna görə də vətəndaş müharibəsi və bu cür mürəkkəb daxili siyasi vəziyyət, təbii olaraq, Azərbaycan üçün böyük təhlükə törədirdi. Əlbəttə, bütün bunları, vətəndaş müharibəsini dayandırmaq və cinayətkar quldur dəstələrini, qrupları məhv etmək üçün tədricən şərait yaratmaq bizdən ötrü çox çətin idi. Mənim yolum çox ağırdır. Bir də ona görə ki, 1993-cü ildə mən vətəndaş müharibəsini dayandıra bilmişdim. Lakin 1994-cü ilin oktyabrında başqa silahlı qruplar mənə qarşı qiyam qaldırdılar, onlar dövlət çevrilişi etmək istəyirdilər. Siz yəqin eşitmisiniz, görmüsünüz, mən televiziya ilə xalqa müraciət etdim. Xalq toplaşıb məni müdafiə etdi. Mən dövlət çevrilişinin qarşısını ala bildim. Sonra 1995-ci ilin martında ayrı-ayrı silahlı qüvvələr, xüsusən Daxili İşlər Nazirliyinin tərkibində olmuş XTPD xarici dövlətlərin xüsusi idarələrinin iştirakı ilə yenidən dövlət çevrilişi etməyə çalışdılar. Artıq müəyyən olunmuşdur ki, bu işdə Türkiyənin, Rusiyanın xüsusi idarələri və Azərbaycanın müxtəlif siyasi qüvvələri iştirak edirdilər.

Sual: Sizə qarşı beynəlxalq konsorsium fəaliyyət göstərirmi?

Heydər Əliyev: Tamamilə doğrudur. Mən onda da bunun qarşısını ala bildim. Sonra mənə qarşı terror aktları cəhdləri oldu. Mənim təyyarəmi, mənimlə Ukrayna prezidenti cənab Kuçmanın keçib gedəcəyimiz körpünü partlatmaq istədilər. Bir sözlə, mən bütün bunların qarşısını aldım. İndi Azərbaycanda ictimai-siyasi vəziyyət normaldır, vəziyyəti sabitləşdirmək mümkün olmuşdur. Silahlı quldur dəstələrini, qrupları məhv etmək mümkün olmuşdur. Hərçənd bizdə müxalifətdə olan siyasi partiyalar var. Onlardan bəziləri öz köhnə əməllərindən, gücdən, terror aktlarından, təxribatlardan istifadə etmək niyyətlərindən hələlik əl çəkməmişlər. Amma indi dövlətimiz möhkəmdir, biz hər hansı bu cür cinayətkar əməlləri dəf edə bilərik.

Sual: Bütün bunları dəf etmək üçün Sizdə belə böyük qüvvələr haradandır?

Heydər Əliyev: Təcrübə var, nüfuz var. Belə çətin keçid dövrünü yaşayan bu cür mürəkkəb ölkələrdə liderlər nüfuza malik olmalıdırlar, xalqın etimadını qazanmalıdırlar. Mənim ən başlıca silahım xalqın etimadıdır, onun mənə olan münasibətidir.

Sual: Necə bilirsiniz, ölkəniz beynəlxalq birlikdə nə kimi rol oynayacaqdır?

Heydər Əliyev: Belə düşünürəm ki, XXI əsr Azərbaycan üçün daha böyük tərəqqi, sosial-iqtisadi inkişaf və dünya birliyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi bir dövlət kimi möhkəmlənməsi əsri olacaqdır. XXI əsr Qafqazda coğrafi-strateji mövqeyə malik olan bir ölkə kimi Azərbaycanın nüfuzunu, siyasi və iqtisadi əhəmiyyətini qaldıracaqdır. Mən bu perspektivi görürəm.

Sual: Azərbaycanın Rusiya ilə gələcək münasibətlərinin perspektivləri necədir?

Heydər Əliyev: Rusiya geniş iqtisadi imkanlara, çoxlu əhaliyə və inkişaf tarixinə malik böyük ölkədir. Buna görə də biz onunla mehriban qonşuluq, dostluq münasibətləri saxlamaq istəyirik. Xüsusən ona görə ki, iki əsrdir Azərbaycan Rusiya ilə bağlıdır. Azərbaycan iki yüz il ərzində Rusiyanın tərkibində olmuşdur. Əvvəlcə çar Rusiyasının tərkibində, sonra da Sovet İttifaqının tərkibində. Burada Rusiya hakim rol oynayırdı. Buna görə də biz bu ölkə ilə iqtisadi cəhətdən çox bağlıyıq, aramızda çox sıx mədəni, insani əlaqələr var. Rusiyada çoxlu azərbaycanlı yaşayır. Buna görə də biz onunla dostluq, mehriban qonşuluq münasibətlərinə malik olmaq istəyirik, amma nə \"böyük qardaş\"ın, nə də imperiya ovqatlarının olmaması üçün bərabərhüquqlu əsasda. İstəyirik ki, Rusiya demokratik ölkə olsun; elə bir ölkə ki, özünün bütün qonşularına, o cümlədən də Azərbaycana bərabər hüquqlarla yanaşsın.

Sual: Gələn ay Moskvada MDB ölkələri dövlət başçılarının çox mühüm görüşü keçiriləcəkdir. Siz və prezident Şevardnadze deyirsiniz ki, siyasi bir struktur kimi MDB hələlik qeyri-bərabər hüquqlu struktur olaraq qalır. Sizcə, buna nə mane olur? Nə kimi islahatlar aparmaq lazımdır ki, MDB gələcəkdə də mövcud ola bilsin?

Heydər Əliyev: Ötən ilin oktyabrında Kişinyovda MDB dövlət başçılarının görüşündə bir çox prezident, o cümlədən də mən MDB-nin fəaliyyətini çox kəskin şəkildə tənqid etdik, böyük narazılığımızı bildirdik. Prezident Yeltsin bütün bunlarla razılaşdı və MDB Hökumət Başçıları Şurasına təkliflər hazırlamaq barədə göstəriş verdi. Görək, nə kimi təkliflər hazırlanacaqdır. Hər halda bizim prinsiplərimiz qüvvədə qalır. MDB yalnız o halda səmərəli ola bilər ki, bərabərhüquqlu əməkdaşlığı təmin etsin. Bu birincisi. İkincisi, hesab edirəm ki, MDB-də bütün ölkələrlə münasibətlər eyni olmalıdır. Yol vermək olmaz ki, Rusiyanın Ermənistanla xüsusi münasibətləri olsun, Azərbaycanla daha az yaxın münasibətləri. Məsələn, Kişinyovda mən bunun əleyhinə çıxdım ki, Rusiya Ermənistanla hərbi ittifaqa malikdir, onun orada öz hərbi bazaları var. Rusiya Gürcüstanda da hərbi bazalara malikdir. Zənnimcə, buna lüzum yoxdur və mən bunu ayrıca tənqid etdim. Yaxud da, məsələn, ötən ilin əvvəllərində Rusiyanın rəsmi orqanları belə bir faktı yaydılar ki, üç il ərzində Rusiyanın Müdafiə Nazirliyi Ermənistana böyük miqdarda silahlı, özü də ağır silahları - bir milyard dollar məbləğində tanklar, raketlər, toplar, ağır texnika və sursatı qeyri-leqal, qanunsuz surətdə vermişdir. Halbuki Ermənistan və Azərbaycan hərbi münaqişə vəziyyətindədir, Rusiya Minsk qrupunun həmsədridir, Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə aradan qaldırılmasında vasitəçi rolu oynayır, amma Ermənistana qeyri-leqal surətdə bu qədər böyük miqdarda silah verir. Biz bundan çox narahatıq. Mən prezident Boris Yeltsinə məktub göndərdim.

Sual: Cavab aldınızmı?

Heydər Əliyev: Hələlik almamışam. Mən xahiş etmişdim ki, o, həmin faktı araşdırsın. Ən başlıcası isə bu qanunsuz silahların Rusiyaya qaytarılmasına nail olsun. Çünki Ermənistanda bu qədər böyük miqdarda silahlar olması regionumuz üçün təhlükə törədir. MDB-nin işini və fəaliyyətini bax belə faktlar çətinləşdirir. Onlar aradan qaldırılarsa, MDB səmərəli struktur ola bilər.

Sual: Ötən il Siz Amerika Birləşmiş Ştatlarına tarixi bir səfər etdiniz. Azərbaycanın bu ölkə ilə münasibətlərinin perspektivləri necədir?

Heydər Əliyev: Bəli, mənim ABŞ-a səfərim həqiqətən çox mühüm idi və tarixi əhəmiyyətə malikdir. Orada biz prezident cənab Bill Klinton ilə çox mühüm sənədlər imzaladıq. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əməkdaşlığı, qarşılıqlı münasibətləri daha da genişləndirmək üçün yaxşı perspektiv var. Xüsusən iqtisadi əməkdaşlıq sahəsində. Siz bilirsiniz ki, ABŞ-ın bir çox iri neft şirkətləri Xəzərdəki yataqların işlənməsində iştirak edir. Birləşmiş Ştatlar Azərbaycandan keçməli olan nəql kəmərlərinə böyük maraq göstərir. Bir sözlə, əməkdaşlığımızın perspektivləri genişdir və mən buna böyük əhəmiyyət verirəm.

Sual: Siz 907-ci düzəliş barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Təəssüf ki, ABŞ Konqresinin qəbul etdiyi bu düzəliş hələlik ləğv olunmamışdır. Biz onun ləğv edilməsinə çalışırıq. Prezident Klinton bizi əmin etdi ki, 907-ci düzəlişin aradan götürülməsi üçün var qüvvə ilə fəaliyyət göstərəcəkdir.

Sual: Cənab prezident, Siz Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığı hansı istiqamətdə inkişaf etdirmək istəyirsiniz? Qafqaz bölgəsində vəziyyətin sabitləşməsi üçün Yaponiyanın siyasi dairələrinə nə kimi ümidlər bəsləyirsiniz?

Heydər Əliyev: Zənnimcə, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq bütün sahələri əhatə etməlidir. Yəni biz hərtərəfli əməkdaşlıq olmasını istəyirik. Dünən cənab Haşimoto ilə biz Yaponiya-Azərbaycan müştərək komissiyası yaradılması barədə razılığa gəldik. Komissiya daim fəaliyyət göstərəcək və əməkdaşlığımızı təmin edəcəkdir. Əlbəttə, iqtisadiyyat sahəsində əməkdaşlıq xüsusi yer tutur. Buna biz də kömək edəcəyik. Bizim çox böyük imkanlarımız var və bu imkanlardan Yaponiya şirkətləri istifadə edirlər. Yaponiya texnologiyalarına, texnikasına, elmi ixtiralarına ehtiyacımız var. Odur ki, bu, böyük imkanlar yaradır.

İndi də bölgəmizdə vəziyyətin sabitləşməsində Yaponiyanın rolu barədə. Mənə belə gəlir ki, bölgəmizdə, Xəzər hövzəsində, Qafqazda Yaponiyanın iqtisadi cəhətdən iştirak etməsi bölgəmizdə vəziyyətin sabitləşməsində onun müəyyən rolunu, şübhəsiz, təmin edəcəkdir.

Müxbir: Sağ olun.

Heydər Əliyev: Siz də sağ olun. Sizin televiziyanız vasitəsilə bütün Yaponiya vətəndaşlarına ən xoş arzularımı çatdırıram. Onlara səadət, firavanlıq, əmin-amanlıq və uğurlar diləyirəm.

Müxbir: Sağ olun.