Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin \"Saman yolu\" televiziya kanalının müxbiri Məlih Meriçə verdiyi müsahibə - Ankara, Azərbaycan prezidentinin iqamətgahı - Camlı köşk, 15 mart 2001-ci il

Jurnalist: Hörmətli Cümhur başqanım, əvvəlcə həm Türkiyəni, həm də Azərbaycanı narahat edən bir məsələ barədə soruşmaq istəyirəm. Ermənilər öncə Azərbaycanın mühüm torpaqlarını işğal etmişlər, sonra soyqırımı haqqında uydurma iddiaları ilə dünyanı ayağa qaldırdılar, indi də Qars anlaşmasını ittiham edən sözlər söyləməyə başladılar. Bu həm Türkiyədə, həm də Azərbaycanda çox ciddi narahatlıq doğurur. Sizcə, ermənilər nə etmək istəyirlər, bütün bunların arxasındakı niyyət nədən ibarətdir?

Cavab: Ermənilər uzun illər, əsrlər \"böyük Ermənistan\" iddiası ilə yaşayırlar. Onlar həmişə təcavüzkar olublar, indi də təcavüzkardırlar. XX əsrin sonunda onların ən böyük təcavüzü Azərbaycan torpaqlarına olubdur. Azərbaycanın qədim və ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağı Ermənistana bağlamaq iddiasındadırlar. Bunun da nəticəsində, bilirsiniz ki, böyük münaqişə başlayıbdır və 12 ildir davam edir. Baxmayaraq ki, bu illərdə Azərbaycan öz səsini hər yerdə – Birləşmiş Millətlər Təşkilatında, ATƏT-in zirvə görüşlərində, İslam Konfransı Təşkilatında, böyük dövlətlər ilə danışıqlarda qaldırıb, amma ermənilər buna tabe olmurlar.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, Ermənistan işğal   olunmuş torpaqlardan öz silahlı qüvvələrini qeyd-şərtsiz çıxarmalıdır. Amma Ermənistan bunu etmir. Eyni zamanda dünyada beynəlxalq hüquq normaları var. Bu hüquq normaları 1975-ci ildə Finlandiyada ATƏT yaranarkən onun sənədində bir daha öz əksini tapıbdır. Bu ondan ibarətdir ki, heç bir ölkənin torpaq bütövlüyü pozula bilməz, onun sərhədləri pozula bilməz. Bunların pozulması, təbiidir ki, beynəlxalq hüquq normalarının pozulması deməkdir. Bütün dövlətlərin, həm Birləşmiş Millətlər Təşkilatına daxil olan dövlətlərin, həm də ATƏT-ə daxil olan dövlətlərin gözü qarşısında Ermənistan beynəlxalq hüquq normalarını pozur. Heç kəs də Ermənistanı qınamır. Əksinə, bizi dəvət edirlər ki, siz çalışın Ermənistanla bir dil tapın, məsələləri həll edin. Biz də məsələləri həll etmək istəyirik. Ona görə də 1994-cü ilin may ayında biz atəşkəs haqqında saziş imzaladıq. O vaxtdan döyüşlər yoxdur. Amma eyni zamanda sülh də yoxdur. Azərbaycanın torpaqlarının iyirmi faizi Ermənistanın işğalı altındadır. Bu torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır. Bilirsiniz ki, indi çadırlarda yaşayırlar. Sizin televiziya bir neçə dəfə həmin o çadır şəhərciklərində olubdur, oradakı vəziyyəti bilirsiniz. Bunu həm Türkiyəyə, həm də digər ölkələrə, hansılara ki, sizin televiziyanın verilişləri yayımlanır, göstərmisiniz.

Ermənistan özü gücsüz bir dövlətdir. İqtisadi cəhətdən çətin bir dövr yaşayır. Onun iqtisadiyyatı inkişaf etmir. Əksinə, geriyə gedir. İnsanların çoxu Ermənistanı buraxıb Rusiyaya, Amerikaya, Fransaya, başqa ölkələrə gedirlər. Ermənistanın əhalisi hər ay azalır. Amma buna baxmayaraq, ermənilərin dünyada böyük diasporu vardır. Məsələn, Amerikada, Fransada, bütün ölkələrdə var.

Sual: Hörmətli Prezident, bu barədə Türkiyədə də çox danışılır. Bu diaspor Ermənistandakı ermənilərin xeyrinədir, yoxsa zərərinədir?

Cavab: Onlar hesab edirlər ki, faydasınadır. Ermənistan da hesab edir ki, faydasınadır. Onlar böyük dövlətlərə təsir edirlər. Məsələn, Fransaya təsir etdilər, Fransanın parlamenti \"soyqırımı\" haqqında qərar çıxardı. İndi bu işi Amerikada aparırlar. Keçmişdən də aparırdılar, indi də aparırlar. Belə bir qərar Rusiya parlamentinə də çıxarıldı, amma Rusiya bunu qəbul etmədi. Bu diaspor indi \"böyük Ermənistan haqqında düşünür. Ermənistanın bu diaspor ilə birlikdə \"soyqırımı\" məsələsini qaldırması nə deməkdir? Birincisi, o deməkdir ki, onlar Türkiyənin doğu hissəsində olan torpaqlara iddia edirlər ki, bunlar Ermənistanındır. İkincisi, guya 1915-ci ildə türklər erməniləri qırıblar. İndi onlara pul, təzminat vermək lazımdır. Yəni bunlardan ötrü edirlər. Mən Böyük Millət Məclisində dedim. Bu qərarların heç biri Türkiyə üçün problem yarada bilməz. Türkiyə böyük dövlətdir, müstəqil dövlətdir, Türkiyənin daxili işinə heç kim qarışa bilməz. Tarixdə nə olubdur, nə olmayıbdır, qoy onu tarixçilər araşdırsınlar.

Sual: Hörmətli Cümhur başqanım, bu problemin həlli üçün beynəlxalq prinsiplər var. Erməni diasporu deyir ki, onlar sülh istəyirlər. Amma Ermənistan, bir tərəfdən, Azərbaycanın tarixi torpağını işğal etmişdir, digər tərəfdən isə, Qars anlaşmasına qarşı çıxaraq başqa bir torpağa gözünü dikmişdir. Görünür, onların beynəlxalq dəstəyi vardır. Ermənilərin Azərbaycan və Türkiyə torpaqlarında gözü vardır. Yaxın gələcəkdə sülhə olan ümid doğrulacaqmı?

Cavab: Ermənilər bu işləri edirlər. Düşünmürəm ki, onlar bu işlərə nail ola bilərlər. Ermənilər heç vaxt Türkiyənin torpaqlarının bir metrini də özlərinə ala bilməzlər. Mən Qars anlaşması haqqında Böyük Millət Məclisində söylədim. Orada bu məsələni daşnaklar qaldırırlar. Bu gün oxudum ki, Ermənistanın prezidenti bəyanat verib ki, bu, Ermənistan dövlətinin mövqeyi deyildir. Ancaq Qars anlaşması var və bunu heç kəs poza bilməz. Bunu Rusiya imzalayıbdır, Türkiyə imzalayıbdır, Azərbaycan imzalayıbdır... Bunu heç kəs poza bilməz.

Sual: Cənab Prezident, Amerika Qarabağ probleminin həllinə dair səylərini artırır. Bu, səmərəli olacaqmı?

Cavab: Mən 7 ildən artıqdır ki, Azərbaycanın Cümhur başqanıyam. Bu müddətdə Amerika ilə daim müzakirə aparıram. Amerikanın keçmiş prezidenti Klinton ilə bir çox görüşlər keçirmişəm. Xanım Olbrayt ilə görüşlər keçirmişəm. Amerika Rusiya ilə, Fransa ilə bərabər ATƏT-in Minsk qrupunun həmsədridir. Onların nümayəndələri Ermənistana, Azərbaycana gəliblər. Bilirsiniz, onlar bizim haqlı olduğumuzu etiraf edirlər. Amma eyni zamanda deyirlər ki, biz Ermənistanı məcbur edə bilmirik. Amma məcbur etməyə imkanları var. Çünki Amerika Azərbaycana yardım üçün embarqo qoyubdur, Ermənistana yardım edir. Hələ Ermənistana başqa kanallardan da yardım olunur. Ermənistana Rusiya yardım edir. Orada Rusiyanın böyük əsgəri bazası, qoşunu var. Onlar orada otururlar və ermənilər də orada özlərinə iş alırlar, işləyirlər. Belədir.

Sual: Hörmətli Prezident, Ermənistandan kənarda yaşayan insanlar çalışırlar, güclüdürlər. Amma ən mühüm olan Türkiyənin və Azərbaycanın güclü və qüdrətli olmasıdır. Hazırda Türkiyə iqtisadi sıxıntılar keçirir. Bunun Azərbaycana təsiri oldumu?

Cavab: Biz bunu hiss etmədik. Yəni bunun bizə mənfi təsirini görmədik. Amma bilirəm ki, bu, Türkiyədə problemlər yaradıbdır. Ancaq düşünürəm ki, Türkiyə elə bir ölkədir, elə bir dövlətdir, hökumətdir ki, bunların hamısının öhdəsindən gələcəkdir. Bu böhran keçib gedəcəkdir. Mən dünən dinləyirdim. Dövlət naziri televiziyada danışırdı. O dedi ki, bu məsələni 2-3 aya çözəcəyik. Güman edirəm, çözəcəklər.

Sual: Cənab Prezident, 9-cu Cümhur başqanı Süleyman Dəmirəl ilə çox yaxşı münasibətləriniz var idi. Hər zaman söylənilirdi ki, əgər Süleyman Dəmirəl Cümhur başqanlığından gedərsə, bu münasibətlər necə olacaq. İndi həmin dövr keçdi, yəni cümhur başqanı Əhməd Necdət Sezərdir və sizin onunla müzakirələriniz oldu. Əlaqələrinizdə hər hansı bir problem varmı və Türkiyə–Azərbaycan əlaqələri irəliyə doğru gedirmi?

Cavab: Hesab edirəm ki, Türkiyə–Azərbaycan əlaqələri yolundadır. Bu, şəxslərdən o qədər də asılı deyildir. Təbiidir ki, Süleyman Dəmirəl Azərbaycan öz müstəqilliyini elan edəndən Türkiyənin başında olan bir şəxsdir. O zaman, Azərbaycanın ağır dövrlərində o həm Türkiyənin Baş naziri kimi, həm də sonra Türkiyənin Cümhur başqanı kimi, Azərbaycan ilə çox əlaqəli, bağlı olubdur. Bu təkcə mənə görə deyildir. Mənimlə Süleyman Dəmirəlin dostluğunun 30 ildən çox tarixi vardır. Ona görə də Süleyman Dəmirəl Türkiyənin Cümhur başqanı kimi, Azərbaycana daim qayğı göstərdiyinə görə, diqqət göstərdiyinə görə Azərbaycanda sevilibdir, bu gün də sevilir. Mənimlə şəxsi dostluğu təbiidir ki, bu əlaqələri daha da yüksəklərə qaldırıbdır. Amma Türkiyənin Konstitusiyası var. Konstitusiyaya görə 7 ildən sonra Cümhur başqanı dəyişir. Yeni Cümhur başqanı seçildi. Hörmətli Əhməd Necdət Sezər çox yaxşı bir insandır. Mən və xalqımız çox yüksək qiymətləndiririk ki, o, Cümhur başqanı seçiləndən sonra xarici ölkəyə ilk səfərini Azərbaycana etdi. Yəni Azərbaycanın Türkiyə üçün nə qədər önəmli olduğunu dünyaya göstərdi və məni Türkiyəyə dəvət etdi. Mən gəldim, burada çox gözəl görüşlər keçirdik, bütün məsələlər haqqında çox səmimi danışdıq. Yəni mən hiss etmirəm ki, Cümhur başqanı dəyişəndən sonra Azərbaycan–Türkiyə münasibətlərində bir dəyişiklik olsun. Mən dünən axşam hörmətli Süleyman Dəmirəl ilə görüşdüm. Oturduq, çox söhbət etdik. Onun da arzusudur, deyir ki, gərək Türkiyə ilə Azərbaycan arasında əlaqələr bundan sonra daha da isti olsun, daha da yaxın olsun, ölkələrimiz daha da dost olsun. Onun arzusu belədir. Çünki o, 40 ildən çoxdur Türkiyənin siyasi həyatında böyük rol oynamış adamdır. Cümhur başqanıdır, yaxud Cümhur başqanı deyil – onun üçün Türkiyənin mənfəəti və Azərbaycanın mənfəəti çox önəmlidir. Amma məni sevindirən odur ki, bəzən insanlar qısqanır, filan edir. Yox, Süleyman Dəmirəl bu barədə yüksəkdə duran insandır.

Sual: Hörmətli Cümhur başqanım, iki xalq olaraq bizim tarixi birliyimiz vardır. Hər şeyimiz birdir. Amma bunlar yetmir. Dövlətlərin bir-biri ilə səmimi əlaqələr qurması üçün xalqların strateji əməkdaşlıq qurmaları lazımdır. Siz Türkiyə–Azərbaycan münasibətlərini sağlam strateji dostluğa çevirmək üçün və bu yolda irəliyə aparmaq üçün Türkiyə hökumətinin hansı addımlar atmasını gözləyirsiniz?

Cavab: Bilirsiniz, biz 1997-ci ildə böyük bir anlaşma imzalamışıq. Orada yazılıbdır ki, Türkiyə– Azərbaycan əlaqələri dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələridir. Bu, çox yüksək bir şeydir. Biz Azərbaycanda çalışırıq ki, əlaqələr belə olsun. Türkiyə də bunu edir. Ancaq indi sənə söyləyim ki, mən Türkiyədən daha nələri istəyirəm. Mən bunu Türkiyənin cümhur başqanına da deyirəm.

Sual: Cənab Prezident, türk xalqına, türkiyəli iş adamlarına nə söyləmək, arzulamaq istərdiniz?

Cavab: Türk xalqına söyləmək istəyirəm ki, Türkiyənin hər bir vətəndaşını Azərbaycanda qardaş kimi sevirlər. Mən də Türkiyəni sevirəm. Ona görə də Türkiyənin daha da güclü olmasını, iqtisadi cəhətdən daha da inkişaf etməsini hər birimiz arzu edirik. Çünki Türkiyə nə qədər güclü olsa, Türkiyənin iqtisadiyyatı nə qədər yüksək olsa, bu, Azərbaycan üçün də önəmlidir. Mən bu fürsətdən istifadə edib, türk xalqına bu arzularımı bildirmək istəyirəm və hesab edirəm ki, bu arzuları həm türk xalqı istəyir, həm də Azərbaycan xalqı istəyir. İstəyirəm ki, Türkiyənin iş adamları Azərbaycana sərmayə gətirsinlər. Bilirsiniz, Azərbaycan müstəqillik əldə edəndən sonra ilk dövrlər bizim əlaqələrimizdə ticarət əlaqələri çox önəmli idi. Bu gün də önəmlidir. Buradan bunu gətirdin, oradan onu gətirdin, satdın – belə şeylər. Amma indi Azərbaycanda islahatlar həyata keçirilir. Ticarət özəlləşibdir, torpaq özəlləşib, inşaat özəlləşib – hər şey özəlləşibdir. Ancaq hələ Azərbaycanda özəlləşdirilmək üçün böyük fabriklər, zavodlar var. Kiçik iş adamları öz işlərini görürlər. Gərək böyük iş adamları gətirib Azərbaycana sərmayə qoysunlar. Həm özləri mənfəət götürsünlər, həm də Azərbaycanda istehsalı qaldırsınlar. Yəni indi bizim qarşımızda duran məsələ Azərbaycanda istehsalı qaldırmaqdır ki, istehsal artsın və məhsulu ixrac etsin. Məsələn, keçən il bizim ixracımız idxalımızdan çox olubdur. Bu, ilk dəfədir.

Sual: Bu çox ciddi məsələdir.

Cavab: Bəli, bu belədir. \"Türk petrolları\" şirkətini Azərbaycana cəlb etdik. Bizim birinci müqavilədə onların 1,75 faiz payları var idi. Sonra qardaş olaraq Azərbaycanın payından onlara 5 faiz verdim, 6,75 faiz oldu. İndi həmin o paydan 160 milyon dollar gəlir götürüblər. Amma sonrakı müqavilələrə də mən Türkiyəni qatdım. Məsələn, \"Şahdəniz\" müqaviləsinə. Azərbaycanın neft müqavilələrində Türkiyənin 35 faiz payı var. Təxminən 430 və ya 450 milyon dollara qədər sərmayə gətiriblər. Amma lazımdır ki, başqa sahələrə də sərmayə gətirsinlər. Mən türkiyəli iş adamlarına bunları arzu edirəm.

Sual: Hörmətli Prezident, Siz təbii qaz məsələsi barədə, sanki, bir az da şikayət etdiniz, fərqli danışdınız. Türkiyə təbii qaz sahəsində digər alternativ layihələr həyata keçirməklə əsas etibarilə nəyi itirir?

Cavab: Onu itirir ki, Türkiyədə bəzi bürokratlar qazı dost, qardaş ölkədən almağı əngəlləyirdilər. Amma başqa ölkədən alır. Türkiyənin qaza ehtiyacı çoxdur. Türkiyə hər yerdən qaz ala bilər. Ancaq birinci növbədə Azərbaycandan qaz almalıdır. Ona görə də şikayətlər etdim. Ancaq bu şikayətlər lazım imiş. Artıq biz qazın Türkiyəyə satılması üçün hökumətlərarası anlaşma imzaladıq.

Sual: Hörmətli Cümhur başqanım, son sualımı verməmişdən öncə bildirirəm ki, Sizin də dediyiniz kimi, Süleyman Dəmirəl Azərbaycanda necə sevilirsə, Türkiyədə də insanlar, xalq Sizə çox böyük hörmətlə yanaşır. Mən çox məmnunam ki, Sizinlə müsahibə aparıram. Siz Türkiyədə müayinədən keçdiniz. Sizin sağlamlığınız necədir?

Cavab: Sağlamlığım yaxşıdır.

Sual: Həkimləriniz nə deyirlər?

Cavab: Həkimim türk həkimidir. Sağlamlığım yaxşıdır. Hər şey də yaxşıdır. Mən martın 4-5-6-da Parisdə oldum. Martın 12-dən buradayam. Aprelin 1-də də Amerikaya gedirəm. Baxın, bir ay içərisində bu işləri kim görə bilər?

Jurnalist: Hörmətli Cümhur başqanım, çox sağ olun. Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm.