\"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Diplomatik Kompleksin bünövrəsinin qoyulması mərasimində çıxışı\" (Bakı, 29 iyul 1994-cü il) sənədinə tarixi arayış

29 iyul 1994-cü ildə Bakıda Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə müasir standartlara cavab verən yeni Diplomatik Kompleksin bünövrəsinin qoyulması mərasimi olub. Türkiyə Xarici İşlər Nazirliyinin ayırdığı kredit əsasında inşa edilib və iş icrası da bu sahədə qabaqcıl təcrübəyə malik nüfuzlu türk şirkətinə həvalə edilib. Qeyd edək ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Bakıda xarici səfirlik və diplomatik qurumların fəaliyyətini yüksək səviyyədə təmin edə bilən tikililər azlıq təşkil edirdi. Bunu nəzərə alan Azərbaycan Prezidenti bu sahədə boşluğu doldurmaq üçün müasir tipli otel, mehmanxana və biznes mərkəzlərinin tikintisi üçün ölkəyə xarici investorların cəlb edilməsinə nail oldu. Bu illərdə bir-birinin ardınca \"Hyatt Park\", \"Qrand Hotel Europe\", \"İSR Plaza\" kimi müasir standartlara cavab verən iri mərkəzlər tikilib istifadəyə verildi. Bu müasir tikililər ilk olaraq Azərbaycanla diplomatik və işgüzar əlaqələr qurmaq istəyən şəxslərin ehtiyaclarını ödəyirdi. (http://www.azeri.az/)

Diplomatik mərkəz binasının həm eksteryeri, həm də interyeri Azərbaycan memarlıq sənətinin ənənələrinə uyğun tikilib. Hazırda \"Qrand Hotel Europe\" adlanan bu binada Bakıya gələn turistlər üçün ən yüksək səviyyədə xidmət göstərilir. (http://www.tourizm.az/)

Hazırda Azərbaycanda 262 mehmanxana və ona bərabər tutulan obyekt mövcuddur. Onlardan 33-ü müasir dünya standartlarına cavab verən və \"ulduz\" alan otellərdir. Bunlar arasında sertifikatlaşdırma nəticəsində \"Exselsior\" 5+, \"Hyatt Regency\", \"Hyatt Park\", \"Qrand Hotel Europe\", \"İSR Plaza\" 5 ulduz alıb. Qalan otellərə 4, 3, 3+ və 2 ulduz verilib. Bütün bu göstəricilər isə öz növbəsində Azərbaycanda iqtisadi inkişafı, beynəlxalq münasibətlərin genişlənməsi və turizmin inkişafı ilə sıx bağlıdır. (http://www.525.az/)

Tikilinin bünövrəsi qoyularkən zaman kapsulunu qoyan Azərbaycan Prezidenti Heydər Əliyev deyib: \"Keçmiş vaxtlarda belə böyük binaların bünövrəsinə xatirə müraciəti qoyulmasına o qədər də fikir verməmişdik. Belə hesab edirdik ki, əgər bir bina tikiriksə, bunun xalq üçün xeyirli olması hamıya aydındır, ancaq əvvəllər tikilən bəzi binaların bünövrəsinə belə yaddaş qoymuşuq. Bunu ona görə etməmişdik ki, o binalar nə vaxtsa dağılacaq və o daşlar yerin təkindən üzə çıxacaq. Yox. Ona görə ki, bütün bunlar tarixə həkk olsun\".

Tarixi arayış 13 fevral 2008-ci ildə tərtib edilib.