Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amеrikа Birləşmiş Ştаtlаrının Azərbаycаn Rеspublikаsındаkı fövqəlаdə və səlаhiyyətli səfiri Rоss Uilsоn ilə görüşü - Prеzidеnt sаrаyı,15 nоyаbr 2002-ci il

Аzərbаycаn Prеzidеnti Heydər Əliyev səfiri səmimiyyətlə salamlayaraq, hal-əhval tutdu.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Ross Uilson dedi ki, cənab Prezident, hər şey yaxşıdır, Siz də çox gümrah görünürsünüz. Xeyli vaxtdır ki, Sizinlə təklikdə görüşmürük. Səfərə gələnlərin müzakirə etdiyi məsələlərdən əlavə, müəyyən mövzular var ki, onları Sizinlə təklikdə müzakirə etmək lazımdır. Cənab Prezident, bu imkana görə çox sağ olun, NATO-nun gələn həftə Praqada keçiriləcək sammiti ərəfəsində Sizinlə görüşmək istəyirdim. Bu çox vacib sammit olacaqdır. Orada həm NATO-nun genişlənməsi, həm də yeni münasibətlərin qurulması, xüsusilə tərəfdaş ölkələrlə, yəni Azərbaycan kimi ölkələrlə yeni münasibətlərin qurulması məsələləri müzakirə ediləcəkdir.

NATO Azərbaycanla əlaqələrini dərinləşdirmək istəyir. Zənnimcə, bu sammit Azərbaycan üçün də yaxşı imkanlar verəcək ki, NATO ilə birlikdə işləmək əzmində olduğunu bir daha nümayiş etdirə bilsin.

Səfir daha sonra vurğuladı ki, müasir dövrdə Azərbaycanın dünyada rolu dəyişmək üzrədir. Dünən parlamentdə gedən müzakirələr də bunu göstərir. Mən Azərbaycan əsgərlərinin Əfqanıstana göndərilməsini nəzərdə tuturam.

Bu həddindən artıq vacib bir qərar və olduqca zəruri addımdır. Elə bilirəm ki, bu hamının diqqət mərkəzində olacaqdır. Biz bu məqsədlə Azərbaycanın Müdafiə Nazirliyinə 1 milyon dollar əlavə yardım etmək əzmindəyik. Sizə məlum olduğu kimi, artıq 4,4 milyon dollar yardım edilmişdir. Biz Azərbaycanın bu yeni rolunu və Sizin qərarınızı tam dəstəkləyirik.

Azərbaycan Prezidenti Heydər Əliyev səfirin fikirləri ilə razı olduğunu bildirərək dedi ki, NATO-nun bu sammiti, həqiqətən, çox böyük əhəmiyyət kəsb edir. Madriddə, Vaşinqtonda da NATO-nun sammitlərində iştirak etmişəm. Ona görə artıq müəyyən təcrübəmiz də var və bizim əlaqələrimizin müəyyən tarixi də var. Ancaq buna baxmayaraq, Praqa sammiti, həqiqətən, indiki çox mürəkkəb bir dövrdə keçirilir və NATO-nun fəaliyyətinin təkmilləşməsi üçün də yəqin ki, çox mühüm qərarlar qəbul edəcəkdir. Ona görə də mən böyük maraqla bu sammitə getməyə hazırlaşıram.

Biz son illər, xüsusən son dövrdə NATO ilə əlaqələrimizin inkişaf etdirilməsində xeyli işlər görmüşük. Ona görə də bu sammitdə bizim olmağımıza tamamilə əsas var. Biz gələcəkdə də NATO ilə əlaqələri inkişaf etdirəcəyik. Mən şadam ki, NATO bizim ölkəmizə maraq göstərir. Güman edirəm ki, bu işlərimiz uğurlu olacaqdır.

Dövlətimizin başçısı Azərbaycan əsgərlərinin Türkiyə hərbi hissələri tərkibində Əfqanıstanda iştirakını yüksək qiymətləndirdiyinə görə səfirə təşəkkür edərək dedi ki, mən bu barədə bir neçə ay bundan öncə qərar qəbul etmişdim. Ancaq bunu Türkiyə Silahlı Qüvvələri ilə razılaşdırmaq prosesi gedirdi. Onların hamısı həll olundu. Mən Milli Məclisə məktub göndərdim ki, onlar bu barədə qərar qəbul edib razılıq versinlər. Təbiidir ki, bu da təmin olunacaqdır. Onlar gərək ki, ayın 18-də buradan yola düşəcəklər. Güman edirəm, Kosovoda olduğu kimi, burada da onlar çox uğurla xidmət edəcəklər. Bilirsiniz ki, bizim əsgərlər Türkiyə hissələri tərkibində Kosovoda özlərini çox yaxşı göstərdilər. Bunlar bizim NATO ilə əməkdaşlığımızı nümayiş etdirən konkret faktlardır. 

AzərTAc