Xanış Şahıyev: Möhtərəm Prezident, mən Sizi ötən Qurban və indiki Novruz bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Mən bunu bir dəfə demişəm, icazə verin, ikinci dəfə də deyim. Mən bütün sahədə zirək adamam. Ancaq iki şeyin – bir mərifətin, bir də paxıllığın qarşısında acizəm. Mən paxıl adam deyiləm.
Heydər Əliyev: Bəli, bilirəm.
Xanış Şahıyev: Birincisi, onu demək istəyirəm ki, Allah Sənin səfərini, qədəmlərini, şan-şöhrətini, hörmətini bu əziz bayram günündə balalarınla, nəvələrinlə, Səni istəyən adamlarla, Azərbaycan xalqı ilə bir yerdə mübarək eləsin.
Heydər Əliyev: Çox sağ ol.
Xanış Şahıyev: İkinci sözüm ondan ibarətdir ki, Allahtəala Səni bir gün yox, bir dəqiqə də olsun Azərbaycan xalqının başı üstündən əskik eləməsin. Məni Allah eşidir. Əllərimi görürsən?!
Heydər Əliyev: Görürəm.
Xanış Şahıyev: Əllərimə baxıb ağlayıram, sevinirəm, gülürəm. Ancaq Allah bu əlləri görür. Mən bu əlləri Sənin üçün qaldırmışam və heç nədən narazı deyiləm.
Heydər Əliyev: Çox sağ ol.
Xanış Şahıyev: Jurnalistlər mənə çox sual edirlər ki, sən nəyə görə prezident ilə dostsan və prezident səninlə nəyə görə dostdur? Deyirəm ki, möhtərəm prezidentlə mən ona görə dostam ki, ürəyimdə üç dənə dağ var, iki bala dağı, ata dağı, iki gözümün dağı. Əgər hörmətli prezident müharibəni dayandırmasaydı, minlərlə insan, millət şəhid olacaqdı. Mənim də iki oğlum gedib şəhid olubdur.
Heydər Əliyev: Elədir.
Xanış Şahıyev: Əgər o, müharibənin qarşısını almasaydı, dayandırmasaydı – müharibə kimliyə baxmır – xalqın övladları, o cümlədən mənim də 14-15 oğlum gedərdi. Buna görə Heydər Əliyevi istəyirəm. Heydər Əliyev məni nəyə görə istəyir? Heydər Əliyevi bütün Azərbaycan xalqı istəyir. Amma Heydər Əliyev adamları həm də hər kəsin zəhmətinə görə istəyir. Heydər Əliyev məni ona görə istəyir ki, atam 1941-ci ildə müharibədə həlak olub, iki oğlum xalq yolunda özünü qurban verib, ikinci qrup əliləm. Bunlara görə, zəhmətimə görə məni istəyir.
Hörmətli Prezident, söz düz, yerində olmasa, heç danışmağa dəyməz. Özün üçün yalan danışmaq olar, amma prezidentə yalan danışmaq olmaz. Mənim Sizə yalan sözüm yoxdur. Mən bura nəyə görəsə, kiminsə malı ilə gəlməmişəm. Öz əlimin qabarı ilə gəlmişəm, öz sözümlə gəlmişəm. Anamın da, mənim də dediyimiz sözlərə yenidən qayıtmaq istəyirəm.
Hörmətli Prezident, necə ki, İranda imam Xomeyni deyirlər, Lerikdə də imam Heydər Əliyev deyirlər. Mən demişəm: Hörmətli Prezident, Sənin haqqında sözü bir dəfə də, yüz dəfə də, min dəfə də danışanda adam doymur. Elə bil ki, heç danışmamışam, ya da birinci dəfədir danışıram. Sənin haqqında nə qədər danışırsansa, sözlər Sənə yaraşır, Sən də sözə yaraşırsan. Mən demişəm: Heydər Əliyev, Sənin başmaqların hər adamın ayağına olar, amma Sənin yerişini yeriyə bilməzlər. Mən demişəm: Bu qala daşlı qala, tikmədim özüm qalam, tikdim ki, izim qala. Mən demişəm: Hörmətli Prezident, bütün dünyadа nə qədər prezidentlər var, onların hamısının vəzifəyə ehtiyacı var. Amma Heydər Əliyevin vəzifəyə yox, vəzifənin Heydər Əliyevə ehtiyacı var. Sən balaca vəzifələri də prezident səviyyəsində aparmısan. Sənin duruşunda da, yerişində də, danışığında da prezidentlik səviyyəsi mövcuddur.
Vəzifə olsa da, olmasa da, Sən prezidentsən. Nə demək istəyirəm?! Atalar çox yaxşı demişdir: Hər qoyunun balası qurban ola bilməz, hər atanın da oğlu oğul ola bilməz.
Heydər Əliyev: Yaxşı sözdür.
Xanış Şahıyev: Bu sözün mənası odur ki, bütün xarici dövlətlərə Azərbaycanı tanıtdıran İlhamın başına dolanım.
Bu atalar misalı elə belə şeylərə görə deyilibdir. İlham Əliyev bunu Azərbaycan xalqına, Prezident Heydər Əliyevə sübut elədi. Bəli, hörmətli Prezident, sovetlər dövründə getdin Siyasi Büronun üzvü seçildin. Nazirlər Soveti sədrinin birinci müavini oldun. Mən çox fəxr edirəm ki, Allah o yolu İlhama da qismət elədi. Bəli, getdi, Avropa Şurasında yüksək vəzifəyə seçildi. Necə ki, Heydər Əliyev Azərbaycanı dünyada tanıdıb, İlham da eləcə Azərbaycanı dünyaya tanıtdırdı, bəli, belə atanın belə oğlu olar və var. Sən gedən yolu Allah İlhama da qismət elədi. İdman sahəsində də nə qədər böyük uğurlarımız var. Onu da deyim ki, – bu ifadəmə görə üzr istəyirəm – Sən xaricə gedəndə özünlə tərcüməçi aparırsan, amma İlhamın başına dolanım, o, tərcüməçiliyi də özü edir.
Mən yuxuda görmüşəm. Bu əlləri yenə də açıram. Görürsən, bu əlləri Allah görür. Mən yuxuda görmüşəm ki, gec-tez, bir də görəcəyik ki, hansısa bir ölkədə prezidentliyə onun namizədliyini irəli sürüblər. Mən buna inanıram. Bu əllərimə inanıram. Zəhmətimə inanıram. Mən yenə də deyirəm ki, Sənin nə qədər ömrün var, Sən prezidentsən. Buna inanıram.
Mən boş sözlər danışmıram. Boş sözlə meydanda gəzmək olmaz. Bu sözləri deməyə haqqım var. İki oğlum, atam, əmilərim xalq yolunda gediblər. İki oğlum şəhid olub, 15 oğlum da mənim yanımdadır. Bu gün Ali Baş Komandan, hörmətli Prezident Heydər Əliyev hansı sahədə əmr etsə, mən başda olmaqla, hamımız hazırıq. Nə demək istəyirəm? Demək istəyirəm ki, bizə prezident seçkiləri lazım deyil. Nə qədər ömrün var, o qədər də prezidentsən və buna haqqın var.
Mən bunları görmüşəm. Ona görə yox ki, mən bu gün prezidenti tərifləyirəm, o məni təriflədi. Yox. Mən ona görə deyirəm ki, əgər əlimin qabarını görürəmsə, başqasının beyninin, gözünün, ürəyinin qabarını görürəm. Bax, bu beş barmağın beşi də mənimdir. Təbii, biri digərindən fərqlidir. Əgər fərq olmasa, həyat ola bilməz.
Atalar çox yaxşı deyib: Arsız-arsız oynayıb-gülməyə, boş söz danışmağa nə var, mərdin gülləsi ilə ölməyə nə var, namərdin daşı dəyməsin.
Allahın köməyi ilə hər şey yaxşı olacaq. Mən söz üçün gəzən adam deyiləm. Bayaq dediyim kimi, mərifətin qarşısında acizəm. Allahdan başqa, Sənə imam desəm, Sənə yaraşır. Peyğəmbər desəm, Sənə yaraşır. Düzdür, həyatda çox gözəl ad daşıyanlar var. Çox əməli olan adamlar var. Amma ondan gözəli nədir? Ondan gözəli odur ki, xarici ölkələrdə gözəlliyi yaşadasan. Bu gözəl adı daşıyan kimdir? Bu adı daşıyan məhz Heydər Əliyevdir. Heydər və bir də Əli, Həzrət Əli.
Biri dedi ki, ya Əli, mən səni çox istəyirəm. Həzrət Əli dedi, bəli, mən də səni istəyirəm. Bir nəfər də o tərəfdən dedi ki, ya Əli, mən də səni çox istəyirəm. Həzrət Əli dedi ki, mən istəmirəm. O dedi, nə üçün? Həzrət Əli cavab verdi ki, əgər sən istəsəydin, mən də istəyərdim. Səni bu gözəl adınla yaşayasan.
İlham adı nədir? Yəni hər şeyə ilham verən deməkdir. Yenə deyirəm, dost çoxdur. Hər şey – ata da, ana da, bacı da, el də gözəldir. Amma bunların başında duran gözəllik dostluqdur.
Əgər Allah ilə dost olmasan, Allah səni istəyərmi?! Ata-ana ilə dost olmasan, Allah səni istəyərmi?! Yaxud əksinə, dost olmasan heç oğul da atasını istəməz. Amma böyük fəxrlə bildirirəm ki, Sənin şərəfinə və İlhamın şərəfinə kəsilən qurbanları gətirmişəm. Sözüm çoxdur, amma vaxtınızı almaq istəmirəm.
Heydər Əliyev: Çox sağ ol. Təşəkkür edirəm, çox dəyərli sözlər deyirsən. Xanış kişi, mən həmişə səninlə söhbət edəndə çox təəccüb edirəm ki, sən nə qədər müdrik xalq sözü, atalar sözü bilirsən və sənin nitq imkanların nə qədər böyükdür. O qədər gözəl danışırsan ki, bir dənə söz o birini təkrar etmir.
Sən kənd adamısan, dağda yaşayırsan. Ancaq bəzən görürsən ki, bizim ayrı-ayrı ziyalılardan sənin danışığın daha yüksək səviyyədədir. Doğrudur, sən mənim haqqımda həddindən artıq xoş sözlər dedin. Buna görə təşəkkür edirəm. Ancaq başa düşürəm, bəzi sözləri də, əlbəttə, məni çox istədiyindən deyirsən. Mən adi bir adamam, Prezidentəm, xalq məni seçibdir. Mən xalqın etimadı ilə də bu vəzifəni aparıram.
Bu il də yenidən prezident seçkiləri olacaqdır. Mən də öz namizədliyimi irəli sürəcəyəm. Hesab edirəm ki, xalq məni yenə də dəstəkləyəcək, seçəcəkdir. Çünki biz demokratiya yolu ilə gedirik. Bu demokratiyanı poza bilmərəm. Qətiyyən. Nəinki poza bilmərəm, mənim daxili mənəviyyatım buna yol verməz. Ona görə də demokratiya bizim ölkədə hökm sürür, hər şey demokratiya əsasında gedir, hər şey hər bir insanın hüquqlarının qorunması əsasında gedir. Bununla əlaqədar prezident seçkiləri açıq, sərbəst keçiriləcək, hər kəs bu seçkilərdə iştirak edə bilər. Mən də iştirak edəcəyəm. Güman edirəm ki, xalq yenə də mənə etimad göstərəcəkdir.
Mənim haqqımda dediyin əlavə sözlər, təbii ki, sənin mənə qarşı olan daxili hissiyyatların ilə bağlıdır. Ona görə sənə çox təşəkkür edirəm. Çox sağ ol, çox məmnunam. Amma yenə də, hər dəfə olduğu kimi, mən sənin nə qədər böyük söz ehtiyatına malik olduğundan heyranam. Həm də ki, sənin xalq sözlərini və atalar sözlərini nə qədər düzgün, dəqiq yadında saxlamağın və hər bir sözü yerində işlətməyin məni həm təəccübləndirir, həm də sevindirir.
Xanış kişi, çox sağ ol, təşəkkür edirəm. Sənə, bütün övladlarına cansağlığı arzu edirəm. Ümidvaram ki, sən hələ bundan sonra uzun illər yaşayacaqsan. Hər şeyi öz əllərinlə, zəhmətinlə qazanmısan, öz əllərin ilə də hər şeyi qazanacaqsan. Çox sağ ol.
Xanış Şahıyev: Möhtərəm Prezident, Allah Səni var eləsin, Allah Səni xoşbəxt eləsin.