Səhiyyə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 22 dekabr 2000-ci il

Türkiyə Cümhuriyyətindən Azərbaycana gəlmiş hörmətli qonaqlarımız, dostlarımız!

Hörmətli dövlət naziri!

Hörmətli nazir!

Hörmətli dostlarımız!

Hörmətli xanımlar və cənablar!

Bu gün XX əsrin son günlərini yaşayaraq, biz qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanda ildən ilə quruculuq, yaradıcılıq işləri həyata keçirilir və onlar həm bu gün, həm də gələcəkdə Azərbaycan vətəndaşlarına xidmət edəcəklər. Bugünkü hadisə bir tərəfdən, bəlkə də, adi görünə bilər, amma digər tərəfdən isə, adi hadisə deyildir.

Azərbaycan XX əsrdə 70 ildən çox Sovetlər İttifaqının tərkibində olarkən, ölkəmizdə səhiyyə çox sürətlə inkişaf edibdir. Çoxsaylı həkimlər, tibb işçiləri hazırlanıbdır. Tibb sahəsində Azərbaycanın çox dəyərli alimlərinin, professorlarının bir neçə nəsli ölkəmizdə fəaliyyət göstəribdir və bu gün də göstərir.

Bu yaxınlarda 70 illiyini qeyd etdiyimiz Azərbaycan Tibb Universiteti ölkəmizin kifayət qədər tibb kadrları ilə təmin olunmasında çox böyük xidmətlər göstəribdir. Respublikamızda əhalinin tibbi yardıma olan ehtiyacını təmin etmək üçün çoxsaylı xəstəxanalar, ambulatoriyalar, elmi-tədqiqat tibb institutları və başqa bu kimi müəssisələr yaranıbdır. Bunlar bu gün də Azərbaycan xalqına xidmət edirlər. Bunu heç vaxt inkar etmək olmaz - ölkəmizin tarixində həmin illərdə görülən işlər yüksək qiymətə layiqdir və ölkəmizdə tarixi nöqteyi-nəzərdən belə bir qısa müddətdə heç vaxt bu qədər çox iş görülməmişdir.

Tarixi vərəqləyərkən görürsən ki, əsrin əvvəlində Azərbaycanda həkimləri barmaqla göstərmək olardı. Onlar da ya Rusiyada, yaxud da Avropa ölkələrində təhsil almış tək-tək adamlar idilər. Hətta xatirimdədir ki, gənc vaxtımda Naxçıvanda yaşayarkən bütün şəhərin, təkcə şəhərin yox, Muxtar Respublikanın cəmi 4-5 həkimi var idi. Mən 1930-cu illəri deyirəm. Ona görə də həkimə ehtiyac duyulurdu. Mən Azərbaycanın bu bölgəsini götürürəm, çünki bunları gözümlə görmüşəm, öz həyatımda hiss etmişəm. Ancaq Azərbaycanın elə bölgələri vardı ki, orada heç bu da yox idi.

Təbiidir, əsrin əvvəlində Bakının özündə də bəzi tibb ocaqları yaranmışdı. Ancaq onlar əhalinin ehtiyacını təmin edə bilmirdi. Ona görə də 20-ci illərdən başlayaraq, Azərbaycanda səhiyyə sahəsində sürətlə görülən işlər Azərbaycanda səhiyyənin çox güclü maddi-texniki bazasını, çox güclü kadr potensialını, yüksək səviyyəli alimlər dəstəsi yaradıbdır.

Bunlar Azərbaycanın yaxın keçmişinə aid olan məlumatlardır. Əgər bunları bu gün biz unutmuş olsaydıq, öz tariximizi unutmuş olardıq. Ancaq tarixi heç vaxt unutmaq olmaz. Hər bugünkü gün bizim keçən günlərimizin, illərimizin davamıdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra biz bir çox maddi çətinliklərlə rastlaşacaqdıq. Təkcə maddi çətinliklərlə yox, biz yeni, dünyada artıq sınaqdan keçmiş və inkişaf etmiş ölkələr tərəfindən qəbul olunmuş iqtisadi sistemin prinsipləri əsasında Azərbaycanın iqtisadiyyatını, sosial həyatını qurmağa başladıq. Təbiidir ki, bu, bir çox çətinliklər yaratdı. Azərbaycanda səhiyyənin, yəni xəstəxanaların, ambulatoriyaların və başqa tibb ocaqlarının çox olmasına baxmayaraq, vəsait çatışmazlığınin, yaranmış obyektiv çətinliklər üzündən onların xalqa xidmət etmək imkanları get-gedə azaldı və dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə çox aşağı səviyyədə oldu. Təbiidir ki, bu, bizi narahat edirdi. Ona görə də biz həyatımızın bir çox sahələrində olduğu kimi, səhiyyə sahəsində də genişmiqyaslı islahatlar aparmaq qərarını qəbul etdik. İslahatlar proqramı tərtib olundu. İndi onlar həyata keçirilir. Ancaq bundan ötrü həm zaman, həm vəsait gərəkdir, həm də Azərbaycanın səhiyyəsində hər şeyi - səhiyyə ocaqlarını, burada fəaliyyət göstərən həkimləri, yaxud da ki, şəfqət bacılarını və başqalarını müasir səviyyəyə qaldırmaq lazımdır. Bu problem Azərbaycanda bizi çox narahat edibdir və bu gün də narahat edir.

Son illər belə bir halı müşahidə etməyə başladıq ki, Azərbaycanda bir çox xəstəliklərin müalicəsi mümkün deyildir. Hətta təkcə xəstəliklərin yox, bəzi xəstəliklərə aid müayinənin aparılması da mümkün deyildir. Çünki müasir səhiyyə elmi əsaslarla, dünyada əldə olunmuş təcrübə əsasında və bir də səhiyyə sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur. Əgər 15-20 il, 30 il bundan öncə həkim təkcə trubkanı qulağına qoyub insanın xəstə olub-olmadığını deyirdisə, yaxud da ki, kiçik bir analiz apararaq xəstəliyi müəyyən edirdisə, qısa zamanda dünyada səhiyyə sahəsində elə yeni alətlər, cihazlar yarandı ki, bunlar insan orqanizminin hər bir hissəsini, onun vəziyyətini dəqiq müəyyən etməyə, eyni zamanda hər bir xəstənin diaqnozunu doğru-düzgün qoymaq imkanı yaradır.

Mən həkim deyiləm. Ancaq bir şey, təkcə mənə yox, çoxlarına məlumdur ki, xəstəni düzgün müalicə etmək üçün xəstəliyin səbəbini, diaqnozunu müəyyənləşdirmək, ondan sonra müalicəni təyin etmək lazımdır. Müasir dövrdə müalicə vasitəsi iki amildən asılıdır. Birincisi, o xəstəliyi müalicə etmək üçün lazımi tibb cihazlarından, alətlərindən, ikincisi, müasir dərmanlardan istifadə edilməlidir. Bu sahədə Azərbaycan çox geri qalmışdır. Ona görə də bu, son illər bizi narahat edirdi.

Yollar axtarırdıq. Amma bu yolların tapılması da asan deyildir. Bir tərəfdən buna vəsait, ikinci tərəfdən təcrübəli insanlar, üçüncü tərəfdən də müasir maddi-texniki baza lazımdır. Bunun üçün biz, birinci növbədə dost, qardaş Türkiyə Cümhuriyyəti ilə əməkdaşlıq etməyi çox vacib bildik. Çünki biz hamımız bilirik ki, Türkiyə Cümhuriyyətində, xüsusən, İkinci dünya müharibəsindən sonra iqtisadiyyat sürətlə inkişaf edibdir, sosial həyatda çox böyük dəyişikliklər əmələ gəlibdir. Səhiyyə, tibb elmi də çox inkişaf edibdir. Ona görə də Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, qardaş Türkiyə ilə Azərbaycan arasında olan sədlər götürüləndən sonra azərbaycanlıların, bizim vətəndaşlarımızın çoxu kiçik, ya böyük xəstəlik olanda Türkiyəyə gedir, bu ölkənin xəstəxanalarında həkimlərin köməyi ilə müalicə olunmağa başlayırdılar.

Doğrudur, indi Avropa ölkələrinə, ABŞ-a gedənlər də vardır. Ancaq bunlar azlıq təşkil edir. Çünki uzağa getdikcə xərc artır. Həm də bunu bizim həkimlər yaxşı bilirlər, - məsələn, Türkiyədə müəyyən bir xəstəliyin müalicəsi hansı qiymətədirsə, Avropada ondan üç dəfə, ABŞ -da isə 5 dəfə bahadır. Həmin ölkələrdə hər şey pulludur, yəni pulsuz heç bir xəstəlik müalicə olunmur. Ona görə də bizim Türkiyə ilə əməkdaşlıq etməyimiz, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əsasında yaranıbdır. Çünki biz bütün sahələrdə əməkdaşlıq edirik. İkincisi isə, Türkiyə bizə daha da yaxındır və bu ölkədə tibb sahəsində bütün imkanlar dünya səviyyəsindədir. Bax, bütün bunları nəzərə alaraq, biz qərar qəbul etmək məcburiyyətində olduq.

Xatirimdədir, bunu mənim dostum və Azərbaycan xalqının böyük dostu, Türkiyə Cümhuriyyətinin 9-cu cümhur başqanı hörmətli Süleyman Dəmirəllə bir neçə dəfə görüşlərimizdə, Azərbaycanda da, Türkiyədə də, - müzakirə etmişik. Sonra bu xəstəxananın yaradılması haqqında qərar qəbul etdik. Qərar da ondan ibarət oldu ki, bunu yaratmaq üçün Azərbaycan vəsait tapmalı, Türkiyə Cümhuriyyəti isə bu sahədə ixtisaslaşmış tikinti şirkəti, təkcə tikinti deyil, həm də xəstəxananı tam müasir texnika və texnologiya ilə təchiz etmək imkanına malik bir şirkət tapmalıdır. Bu yeni, müasir tibb texnikasından, cihazlarından, alətlərindən istifadə etmək üçün o səviyyədə olan həkimlər, başqa tibb heyəti hazırlanmalı idi. Biz belə bir kompleks tədbirin görülməsini qərara aldıq və onu həyata keçirməyə başladıq.

Sizə açıq deyim ki, bizim üçün ən çətini bunun pulunu tapmaq idi. Çünki bilirsiniz ki, indi Azərbaycanın iqtisadi vəziyyəti çətindir, ehtiyaclarımız çoxdur. Ümumi ehtiyaclarımızın olması, keçirilən iqtisadi islahatlar nəticəsində sənayemizin bir hissəsinin işləməməsi, Ermənistanın təcavüzü ilə əlaqədar 20 faizdən çox işğal olunmuş torpaqlarımızdan insanların zorla çıxarılması, onların çadırlarda yaşaması, işsiz olması - bunların hamısı Azərbaycan hökumətindən, dövlətindən vəsait tələb edir. Ona görə də, - burada deyildi ki, xəstəxana 30 milyon dollara başa gəlib, - bu vəsaiti tapmaq, onu əldə etmək asan bir məsələ deyildi. \"Baş sındırmağa\" məcbur olduq. Bəlkə də başqa sahələrdə biz bu yolu seçə bilməzdik. Ancaq bu sahədə biz bunu etdik.

1994-cü ildə biz dünyanın böyük neft şirkətləri ilə ilk neft müqaviləsini, - \"Əsrin müqaviləsi\" adlandırılan həmin müqaviləni imzalayanda, - onlar müqaviləyə görə öz bonuslarını vermişdilər. Bundan əlavə, o müqavilənin imzalanması şərəfinə həmin şirkətlər birlikdə Azərbaycan prezidentinə 5 milyon dollar verdilər, hədiyyə etdilər. Amma bir şərtlə ki, Azərbaycan prezidenti bunu yalnız səhiyyə üçün istifadə etsin. Mən də o vaxt fikirləşirdim ki, 5 milyon dollara nə etmək olar? Xəstəxana, ambulatoriya tikmək olmaz, gedib bu pula 2-3 cihaz alsaq, bundan da bir nəticə çıxmayacaqdır. Ona görə də mən bizim Milli Banka dedim ki, siz bu pulu saxlayın, lazım olar.

O vaxtdan, 1994-cü ildən indiyə qədər həmin vəsait bankda qaldı. Siz bilirsiniz ki, xarici banklara qoyulan pulun üzərinə faiz gəlir. Soruşdum ki, indi həmin pul nə qədərdir? Dedilər ki, 6 milyon 360 min dollar olubdur. Dedim ki, xəstəxana tikintisi üçün pulun bir hissəsini tapdıq. Bir hissəsini də oradan kredit götürdük. Digər bir hissəsini isə Almaniyanın \"Simens\" şirkətindən kredit götürdük. Yəni bu vəsaiti tapmaq asan deyildi. Bax, bütün bu imkanlardan istifadə edərək, 30 milyon dollar məbləğində vəsaiti topladıq. Tender keçirdilər, \"Ahsel holdinq\" şirkəti tenderin qalibi oldu və beləliklə, bu tikintiyə başladı.

Doğrusu, mən inanmırdım ki, qısa müddətdə bunu həyata keçirmək mümkün olacaqdır. Ancaq dedilər ki, edəcəyik. Söz verdilər və yerinə də yetirdilər.

İndi yəqin ki, biz xəstəxananın içərisində bəzi şeylərə baxacağıq. Amma hamısına da baxa bilmərik. Mən bilirəm ki, buraya gətirilən avadanlıq dünyada ən yüksək səviyyəli tibb avadanlığı, cihazlardır. Həmin avadanlıq bu tibb ocağında çox işlər görmək, müalicə və əməliyyatlar aparmaq üçün imkan yaradır.

Bu xəstəxana nə üçün tikilibdir? Bilirsiniz ki, bu bina 60-cı illərin əvvəllərində tikilmişdir və o vaxtdan da istifadə olunurdu. Təbiidir ki, o vaxtın tələblərinə görə bu xəstəxana Azərbaycanda digərlərinə nisbətən yaxşı hesab edilirdi. Ancaq sonra bu binanın bir hissəsi uçmuşdu, istifadə olunmurdu. Qalan hissəsi də köhnəlmişdi, dağılmışdı. Bir sözlə, bu bina istifadəsiz qalmışdı. Ancaq bu şərait şəhərimizdə hər yerə baxdıqdan sonra buranı seçmişdi. Söz vermişdilər ki, burada bəzi şeyləri bərpa edəcək, digərlərini isə özləri tikəcəklər. Vaxtilə bu binanı burada tikən insanlar da ağıllı iş görüblər. Çünki bura şəhərin gözəl bir yeridir. Xəstə üçün, əlbəttə ki, pəncərədən dənizə baxmağın, yaxud da Bakının müxtəlif mənzərələrini görməyin özü də onun müalicəsinə kömək edə bilər. Ona görə də mən çox sıxılırdım ki, vaxtilə Azərbaycana xidmət göstərmiş bu bina indi istifadəsiz qalmışdır.

Bu binanın ətrafı da xəstələrin istirahət etməsi üçün çox yaxşıdır. Ona görə də hesab edirəm ki, hər şey düzgün təyin olunub seçilibdir. Bina hazırdır və biz də gəlmişik sizinlə birlikdə xəstəxananın açılış mərasimində iştirak edək. Ancaq mən dedim, burada görülən işlərin hamısı yüksək səviyyədədir - həm inşaat işləri, həm də xəstəxananın bütün tibb cihazları ilə təmin olunması. Buna mənim şübhəm yoxdur. Müəyyən qədər kadrlar hazırlanıbdır. Amma onlar yetərli deyildir.

Əli İnsanov: Cənab prezident, kadr hazırlığı davam etdirilir.

Heydər Əliyev: Davam etdirirsinizsə, bunu tez etmək lazımdır, hələlik yetərli deyildir. Çünki bu gözəl binanı və ən yüksək səviyyəli, kompüterlərlə işləyən tibb cihazlarını bu işi yaxşı bilməyən adamların əlinə verdinsə, - qəsdən yox, sadəcə, bu işi bilmədiyinə görə, - bunların səmərəli işləməsini təmin edə bilməyəcəklər. Bu gün xəstəxananın açılışının ilk günüdür. Xəstəxananın səmərəli işləməsi bizim Səhiyyə Nazirliyinin əsas vəzifəsidir. Burada da əməkdaşlıq yenə Azərbaycan Səhiyyə Nazirliyi ilə Türkiyənin Sağlıq Nazirliyinin birgə işidir. Ona görə də sizin işiniz hələ qurtarmayıbdır.

Osman Durmuş: Cənab prezident, biz təcrübəli mütəxəssislər də gətirmişik.

Heydər Əliyev: Təcrübəli mütəxəssislər gətirmisiniz, çox sağ olun. Amma başqaları da lazımdır. Burada sizin işiniz qurtarmayıbdır. Əli İnsanovla sizin işiniz indi başlayıbdır. Ümid edirəm ki, siz bunu da edəcəksiniz.

Mənə verilən məlumata görə, bu xəstəxana Azərbaycanda indiyə qədər olan tibb ocaqlarından fərqlidir. Yəni bu xəstəxananın dünya standartlarına uyğun olması təkcə ondan ibarət deyil ki, burada hər şey qabaqcıl ölkələrdəki xəstəxanalardakı kimidir. Yox. Mənə verilən məlumata görə, bu binanın bir qismi xəstəxana olacaq, amma böyük bir hissəsində isə diaqnostika işi aparılacaqdır. Başqa sözlə desək, ambulator xidməti göstərəcəkdir. Buradakı cihazlar vasitəsilə xəstələrə düzgün diaqnoz qoyulacaq, dərmanları təyin edildikdən sonra xəstə gedib evində müalicə olunacaqdır.

Mən sizə deyim ki, Azərbaycanda, həm təkcə ölkəmizdə deyil, keçmiş Sovetlər Birliyi məkanında xəstəxanaların bir \"xəstəliyi\" də vardı. O da ondan ibarət idi ki, xəstəxanaya müraciət edənlər gəlirdilər, 5 gün həkim xəstənin o tərəf bu tərəfinə keçirdi, guya onu müayinə edirdi. Ondan sonra xəstənin müalicəsi başlayırdı. Müalicə də bir ay çəkirdi. Daha bir ay da orada yatırdı. Bir də görürdün ki, xəstə iki aydır ki, yataqdadır.

Elə bu xəstəxanadan da vaxtilə bizim Azərbaycanın rəhbər işçiləri, vəzifəli şəxslər istifadə edirdilər. Eşidirdim ki, biri qayınanasını gətirib buraya qoyub. 4 ay burada yatır. Dövlətin hesabına yeyir-içir, çıxıb gəzir. Amma ona lazım olan müalicəni bir həftədə etmək mümkündür. Başa düşürsünüzmü? Burada olanların hamısı bunu yaxşı bilir. Xüsusən, bu xəstəxanadan istifadə edənlər bunu yaxşı bilirlər. İndi bunlar artıq qurtardı. Bu xəstəxanada müalicə müddəti çox qısa olmalıdır və bu tibb ocağının ən böyük vəzifəsi buraya müraciət edən vətəndaşların xəstəliyinin diaqnozunu düzgün təyin etmək, onlara müalicə üçün lazım olan dərmanlar və məsləhətlər verməkdir: əməliyyat keçirməkmi, xəstəxanada yatmaqmı, yaxud da ki, verilən həkim məsləhəti əsasında gedib evdə müalicə olunmaqmı lazımdır. Görürsünüzmü, dedim ki, mən həkim deyiləm, amma bu sahəni bir az öyrənmişəm.

Mən buraya 30 milyon dollar pul vermişəm. Ona görə də maraqlanmışam, soruşmuşam ki, burada nə olacaqdır? Əgər 6 aydan sonra yenə də qayınanalarınızı gətirib buraya dolduracaqsınızsa, onda mən belə xəstəxanaya pul verə bilmərəm. Ona görə də burada diaqnostika mərkəzi, yəni xəstəxananın diaqnostika hissəsi, ambulatoriyası, bəlkə də, xəstələr yatan hissəsindən daha əhəmiyyətli və vacibdir.

Beləliklə, biz gözəl bir tibb müəssisəsi yaratmışıq. Mən inanıram ki, bu xəstəxanadan səmərəli istifadə edəcəyik. Bu tibb ocağının yaranması və bugünkü toplantı, xüsusən Türkiyə Cümhuriyyətindən bizim hörmətli qonaqlarımızın burada iştirak etməsi bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı səmərəlidir, bu dostluq genişlənir, inkişaf edir və bu ağır dövrdə ölkəmizin iqtisadiyyatının, sosial həyatının, səhiyyəsinin və başqa sahələrin inkişafında Azərbaycana çox yardım edəcəkdir. Ona görə də mən bugünkü görüşümüzü Türkiyə-Azərbaycan dostluq və qardaşlıq görüşü kimi qiymətləndirirəm. Bir halda ki, Türkiyədən bizim çox hörmətli qonaqlarımız gəliblər - dövlət naziri, nazir və başqa həkimlər, professorlar buraya gəliblər, burada bir yerdəyik, deməli, biz öz dostluğumuzu, qardaşlığımızı bütün dünyaya bir daha nümayiş etdiririk. Nümayiş etdiririk ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı gündən-günə inkişaf edir və inkişaf edəcəkdir. Mənim dəfələrlə dediyim kimi, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədidir, dönməzdir, sona qədərdir.

Mən burada, bu gözəl xəstəxananın yaranmasında çalışmış insanların hamısına, birincisi, Əhməd bəyə, onun mütəxəssislərinə, inşaatçıların hamısına təşəkkür edirəm. Türkiyənin səhiyyə nazirinə, dövlət nazirinə təşəkkür edirəm. Biz vaxtilə hörmətli Süleyman Dəmirəllə bu məsələ barədə qərar qəbul edəndən sonra bu işdə Azərbaycana Türkiyənin baş nazirinin müavini Dövlət Bağçalı da diqqət yetiribdir, o da çox maraq göstəribdir. Onların hamısına təşəkkür edirəm. Türkiyə Cümhuriyyətinə sülh, əmin-amanlıq və uğurlar arzulayıram.

Türkiyə Cümhuriyyətinin başçısı hörmətli Əhməd Necdət Sezər prezident seçiləndən sonra xarici ölkələrə ilk səfərini Azərbaycana etdi. Biz bunu çox yüksək qiymətləndiririk. Eyni zamanda bu, bildirir ki, bir daha Türkiyə-Azərbaycan dostluğu bütün başqa ölkələrlə dostluqdan üstündür.

Mən Türkiyə Cümhuriyyətinin həm prezidenti ilə, həm hökumət başçıları ilə, hörmətli baş nazir Bülənd Ecevitlə və digər şəxslərlə daim təmasdayam. Biz bir-birimizlə əlaqə saxlayırıq. Bu yaxın zamanlarda bizdə zəlzələ olanda onlar tez maraq göstərdilər, bizə yardım etmək haqqında öz təkliflərini verdilər.

Bilirsiniz ki, vaxtilə Türkiyədə zəlzələ olanda Azərbaycan da öz yardımını göstərmişdir. Sonra mən xüsusi olaraq Türkiyəyə getdim, zəlzələdən zərər çəkmiş yerlərdə oldum, insanlarla görüşdüm. Yəni biz indi dövlət olaraq ayrıyıq, amma hər şeydə birik.

Mən bu hadisə münasibətilə sizi bir daha təbrik edirəm, cansağlığı arzu edirəm. Türk xalqına hörmət və ehtiramımızı və qardaşlıq salamımızı yetirirəm. Türkiyədən gəlmiş bizim dostlarımıza, qardaşlarımıza bir daha təşəkkür edirəm. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 23 dekabr 2000-ci il.